Bütün sivil ölkələrdə, inkişaf etmiş dövlətlərdə Vətənə, dövlətə, xalqa xəyanət edənlər həm iqtidarın, həm də müxalifətin qınaq obyektinə çevrilir. Üstəlik, həmin xəyanətkarlara ən ağır cəza verilir. Ancaq təəssüf ki, Azərbaycanda belə vətən xainlərinə qahmar çıxanlar da tapılır.
Dövlətə xəyanət etmiş Leyla Yunus, əri Arif Yunus və onların buyruq qulu olanların həbsi radikal müxalifəti təşvişə salıb. AXCP, Müsavat və digər partiyalar xəyanətkarları müdafiə edir, onlara haqq qazandırmağa çalışırlar. “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin yazdıqlarına görə, “Amnesty İnternational” beynəlxalq hüquq-müdafiə təşkilatı da dövlətə xəyanətdə ittiham edilən ermənipərəst Leyla Yunus və Arif Yunusun həbsindən bərk narahatdır. Təşkilatın bildirdiyinə görə, Leyla Yunus şəkər xəstəliyindən və böyrək çatışmazlığından əziyyət çəkir. Arif Yunusun isə guya ürəyi xəstə imiş. AXCP, Müsavat və digər müxalifət partiyaları səs-küy salıblar ki, guya Azərbaycanda repressiya gedir. Vətənin “mərd” oğul və qızları həbs edilir və sair və ilaxır.
Sual olunur: Azərbaycana, dövlətə, iqtidara qarşı təhqir, böhtan yağdıran “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid məgər tutulmamalıydı? Və yaxud Tbilisidə erməni İsparyanla əlaqə qurub Vətənə xəyanət edən Ruslan Bəşirli həbs edilməyəydi? Qəribə məntiqdir. Demək olar ki, hər gün iqtidara, hakimiyyətin ünvanına böhtan, qərəz yazan “Azadlıq”, “Yeni Müsavat” və digər mətbuat orqanlarına gözün üstə qaşın var deyən yoxdur. Ancaq müxalifətin bu qələm qoçuları, demək olar ki, hər gün vay-şivən qoparırlar ki, ölkədə söz, fikir və mətbuat azadlığı yoxdur. Bu ağ yalanlar nə vaxta qədər davam edəcək? Əgər ölkədə söz və mətbuat azadlığı olmasaydı, onlar öz qəzetlərini necə çıxarardılar, belə hədyanları harada yazardılar? Halbuki, nəşriyyata olan borclarına görə, bu müxalifət orqanlarının nəşri dayandırılarkən istər ümummilli lider Heydər Əliyev, istərsə də möhtərəm Prezidentimiz İlham Əliyev dəfələrlə buna imkan verməyiblər. Onlar ayrı-ayrı məmurları qərəzlə tənqid edəndə də bu böhtançıları bağışlayıblar. Lakin az vaxt keçməmiş onlar yenidən öz köhnə ənənələrini davam etdiriblər.
İndi də müxalifət sevinə-sevinə bəyan edir ki, “Amnesty İnternational” təşkilatı ermənipərəst Leyla Yunusun və əri Arif Yunusun azadlığa çıxmasına çalışır, onların hüquqlarını müdafiə edir. Belə olan halda, bu beynəlxalq təşkilat öz ölkəsində qaçqına və məcburi köçkünə çevrilmiş bir milyon 200 min nəfərdən artıq soydaşlarımızın hüququnu niyə müdafiə etmir? Xocalıda qətlə yetirilmiş vətəndaşlarımızın qatili olan erməni daşnaklarına qarşı niyə cinayət işi qaldırılmır? BMT Təhlükəsizlik Şurasının işğal olunmuş torpaqların qeyd-şərtsiz qaytarılması üçün qəbul etdiyi qətnamələrin icrasına niyə
çalışmır?
Bundan əlavə, ermənipərəst kinodramaturq Rüstəm İbrahimbəyovun yaratdığı Milli Şura da Leyla Yunusun müdafiəsinə qalxıb. Özünü vətənpərvər adlandıran professor Cəmil Həsənli kimi müdafiə etdiyinin fərqinə varırmı ? Əslən Füzuli rayonundan olan, erməni işğalçıları tərəfindən 20 ildən çox öz dədə-baba torpağına gedə bilməyən, heç getmək də istəməyən Müsavat Partiyasının başqanı İsa Qəmbər məgər bilmirmi ki, Leyla Yunus və onun əri kimdir?
Əlbəttə, Cəmil Həsənli də, İsa Qəmbər də, Əli Kərimli də çox gözəl bilirlər ki, Leyla Yunus, Arif Yunus, Rauf Mirqədirov, İntiqam Əliyev, Rəsul Cəfərov və başqaları kimlərdir və kimə xidmət etdikləri də bəllidir. Ancaq öz şəxsi mənafelərini hər şeydən üstün tutan bu müxalifət “başbilənləri” məhz özləri üçün çalışdıqlarına görə, onları Vətən, xalq, torpaq maraqlandırmır. Görkəmli şairimiz Abbas Səhhət belə adamlar haqqında gözəl deyib: “Vətəni sevməyən insan olmaz, olsa da, ol şəxsdə vicdan olmaz.”
Lakin bu adamlar unudurlar ki, Azərbaycan müstəqil, suveren və regionda ən güclü dövlətdir. Heç bir xarici dövlət, heç bir beynəlxalq təşkilat ölkəmizin daxili işlərinə qarışa bilməz. Əgər Leyla Yunus və Arif Yunus günahkar deyildilərsə, niyə gizlincə ölkədən qaçmaq istəyirdilər?
Nəhayət, Azərbaycanın hər uğuru, hər bir müvəffəqiyyəti, gələcəyə doğru atdığı uğurlu addımı niyə Milli Şura üzvlərinin, AXCP, Müsavat və digər müxalifətçilərin təşvişinə və kədərinə səbəb olur?
Nəyə görə ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti müxalifəti həmişə şoka salır? Qərbin və Şərqin Azərbaycana meyili daha da artır. Bütün ölkələr Azərbaycanla siyasi və iqtisadi əlaqələri genişləndirmək istəyir, respublikamızdakı siyasi sabitliyə, iqtisadi inkişafa heyran olduqlarını bildirirlər. Lakin bu da bir faktdır ki, AXC-Müsavat hakimiyyəti dövründə həm Qərb, həm də Şərq dövlətlərinin əksəriyyətinin Azərbaycanla əlaqəsi yox idi. Yalnız xalqın tələb və təkidi ilə yenidən hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev AXC-Müsavat hakimiyyətinin bütün səhvlərini qısa müddət ərzində aradan qaldırdı. Azərbaycan geridə qalmış bir ölkədən inkişaf etmiş dövlətlər sırasına daxil oldu. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə isə ölkəmizdə həyatın bütün sahələrində, o cümlədən iqtisadi inkişaf daha da sürətlənir. Daxili və xarici bədxahlarımız isə məhz həmin uğurlardan çəkinir və təşvişə düşürlər.
Qəzənfər QASIMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.