Nağdsız ödəmələrin kütləviləşdirilməsi ölkəmizə siyasi, iqtisadi, hüquqi və sosial səmərə gətirəcək

 

 

Azərbaycan dövlətinin,  Mərkəzi Bankın, Vergilər Nazirliyinin və digər dövlət orqanlarının xüsusi diqqət ayıraraq  ölkəmizdə kütləviləşdirmək istədiyi nağdsız ödəmələr məsələsi, əslində, dövlətin və cəmiyyətin ən uğurlu göstəricilərindən biri kimi qiymətləndirilməlidir. Bir çox ölkələrdə bu, məhz belədir. Hətta, nağdsız ödəmələrin dövlətin və ayrı-ayrı fərdlərin müasirlik səviyyəsi kimi qiymətləndirildiyi ölkələr də var.

Hərdən xarici səfərlərdə görürük,   hansısa alış-verişə və ya xidmətə görə nağd ödəniş etmək istəyən adamlar ötəri gülüşlə qarşılanır və az qala, açıq şəkildə qınağa tuş gəlirlər. Sivil cəmiyyətdə yaşayan insanlar demək istəyirlər ki,  siz hələ də bu ödəniş vasitəsindən əl çəkməmisiniz? Çox təəssüf ki, əl çəkə bilməmişik. Bunun bir neçə səbəbi olsa da, birinci səbəb özümüzün müasirləşmək həvəsində olmamağımızdır.

Əgər biz ölkəmizdə nağdsız ödəmələr şəbəkəsini kütləviləşdirə bilsək - əlbəttə, bu, dövlət qurumları ilə birlikdə bizim hər birimizdən asılıdır - yuxarıda qeyd etdiyimiz kimi,   bir neçə cəhətdən qazana biləcəyik.

BİRİNCİ, respublikamız, xüsusən, paytaxt Bakı ildə bir neçə dəfə dünya və ya Avropa miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi edir. 2015-ci və 2016-cı illərdə ölkəmizdə keçiriləcək beynəlxalq idman tədbirləri sübut edir ki, növbəti illərdə paytaxtımızda  daha möhtəşəm tədbirlər keçirilə bilər. Yəni, ölkəmizə hər il turistlərdən başqa minlərlə rəsmi qonaq gəlir. Həmin qonaqların hər biri  isə Bakıdan geri dönəndə beynəlxalq aləmdə Azərbaycan haqqında rəy formalaşdıra biləcək  müəyyən təəssüratla qayıdacaqlar. Qonaqların  təəssüratları arasında  kifayət qədər fərq olacaq. Ticarət və xidmət sahələrimizdəki müasir Avropa standartlarına uyğun - yəni nağdsız ödəmələrn şahidi olanlarla Avropanın bir neçə on il əvvəl imtina etdiyi nağd ödəmələrin  şahidi olanların təəssüratları  necə eyni ola bilər?  Bu, bizim siyasi qazancımız.

İKİNCİ, nağdsız ödəmələrdə istifadə olunan  plastik kartlar etibarlıdır,  istehlakçının hüquqlarının qorunması baxımından əhəmiyyətlidir. Bu  kartlardan istifadə zamanı ölkədəki maliyyə əməliyyatlarının dəqiq uçotunu aparmaq mümkün  olur.  Həmçinin nağdsız ödənişlərin  artırılması vergitutma bazasının ciddi şəkildə genişlənməsi üçün mühüm əhəmiyyət kəsb edir. Nağdsız hesablaşmalar zamanı vergi ödəyiciləri tərəfindən maliyyə -təsərrüfat fəaliyyətinin uçotunun düzgün aparılması, vergiyə cəlb olunan gəlirlərin düzgün hesablanması və başqa  məsələlər asanlaşır. Bundan başqa, alıcının və ya hansısa xidmətdən istifadə edən müştərinin vaxtına qənaət edilir,  fərdin üzərində böyük məbləğdə nağd pul daşımaq məcburiyyətinin qarşısı alınır, bankın   rəqabət qabiliyyəti və nüfuzu artır,  kağız-pul kütləsinin hazırlanma, uçot və emal xərcləri azalır  və sairə. Üstəlik, mütəxəssislərin fikrincə, kağız puldan az istifadə  edilməsi  ekoloji tarazlığın qorunmasına  xeyir vermək  kimi qəbul edilir.  Yaxud, başqa bir fakt.  Aparıcı ölkələrin tibbi ekspertləri hesab edirlər ki, hər il yüz minlərlə insan kağız pulların bir əldən digər ələ keçməsi zamanı mikroblara yoluxur.  Müasir dünyadakı iti sürətlə yayılan xəstəliklər barədə  ayrıca söhbət etməyə isə ehtiyac yoxdur.  Amma, ağır xəstəliklərə mübtəla olan bir nəfərin müalicəsinə xərclənən vəsaitin yada salınmasına ehtiyac var. Yəni nağd ödəmələrin iqtisadi ziyanları göz qabağındadır—deyənlər tamamilə haqlıdırlar.  Ən əsası isə Prezident İlham Əliyevin dediyi kimi: “Elə etməliyik ki, ticarət, məişət, iaşə obyektlərində nağd şəkildə ödəmələr minimuma endirilsin. ...Belə olan halda, əlbəttə ki, vergilər bazası heç səy göstərilmədən, avtomatik olaraq genişlənəcəkdir”.  Bundan başqa, dünyanın maliyyə mütəxəssislərinin fikrincə,  ABŞ və Avropa ölkələrində alqı-satqı əməliyyatlarının təxminən  80-90 faizi plastik kartlar vasitəsilə həyata keçirilir. Bu əməliyyatlar nəticəsində həmin ölkələrdə inflyasiyanın qarşısının alınmasında pul kütləsinin rolu minimuma endirilib və büdcə xərcləri xeyli azaldılıb. Bu da nağdsız ödəmələrin bizə verəcəyi iqtisadi səmərə.

ÜÇÜNCÜ, Azərbaycan dövləti və şəxsən cənab Prezident İlham Əliyev ölkədə korrupsiya, rüşvətxorluq və digər neqativ hallara qarşı kəskin mübarizə aparır.  Əldə olan çoxsaylı faktların böyük əksəriyyəti sübut edir ki,  nağdsız ödəmələr bu qəbildən olan mənfi halların aradan qaldırılmasına kömək edir. Təsadüfi deyil ki, cənab  Prezident İlham Əliyev Nazirlər Kabinetinin illik və ya yarımillik hesabat yığıncaqlarındakı yekun nitqlərində həmişə açıq şəkildə söyləyir ki,  ölkədə nağdsız ödəmələrin genişləndirilməsi korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsini stimullaşdırır. Məhz ona görə də bu məsələnin aktuallığını daim diqqət mərkəzində saxlayan  Prezident İlham Əliyev   bu sahədə təxirəsalınmaz tədbirlərin görülməsi, ölkədə nağdsız hesablaşmaların həcminin artırılması və elektron ödəniş xidmətlərindən istifadənin əhatə dairəsinin genişləndirilməsi üçün konkret  tapşırıqlar vermişdir.

DÖRDÜNCÜ, nağdsız ödəmələrin kütləviləşdirilməsi bizə sosial səmərə verəcək- deyənlər nəyi nəzərdə tuturlar? Təbii ki, bu proses kütləviləşərsə, yəni, hamının nağdsız ödəmə kartı olarsa, o zaman hər kəsin  alış-veriş etmək, gündəlik tələbatını ödəmək imkanı olacaq. Gəlin, fikrimizi bir az da açıq şəkildə ifadə edək. Bu gün hansısa təqaüdçü və ya azmaaşlı adam əlindəki nağd vəsaiti qurtarıbsa,  gözləməlidir ki, mağzadan  və ya aptekdən almalı olduğu məhsulun dalınca  təqaüdünü alandan sonra getsin. Ancaq inkişaf etmiş ölkələrdə belə deyil. Nağdsız ödəmə kartı olan adamın təqaüdü geciksə belə, o, həmin kart vasitəsilə bazarlıq edə bilir və təqaüdü hesabına köçürüləndə avtomatik olaraq balans tarazlaşdırılır. Yəni,  nağdsız ödəmələr sistemi “mən hələ maaşımı ala bilməmişəm”, “mənim təqaüdüm gecikir” - deyə dükan - bazardan imtina etməli olan insanlar üçün yeni bir imkan açır. Bundan başqa, biz hər gün Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsindən, kosmosa rabitə peyki çıxarmasından danışır və fəxr edirik. Ancaq onun fərqində deyilik ki, dünyanın bir çox inkişaf etmiş ölkələrində nağd puldan imtina edildiyi halda biz hələ də “əllilikləri”, “yüzlükləri” ayrı-ayrı yığırıq. Bu isə bizə heç də üz ağlığı gətirmir. Mütəxəssislərin hesablamaları göstərir ki, ölkəmizdə nağd vəsaitin   miqyası digər ölkələrlə müqayisədə yüksəkdir. Bu göstərici 2012-ci ildə Gürcüstanda 19,6, Polşada 15,5, Qazaxıstanda 13,2, Türkiyədə 7 faiz olduğu halda, Azərbaycanda 55,2 faiz olmuşdur.

Nağdsız ödəmələrin səmərəliliyi barədə fikrimizi əsaslandırmaq üçün daha bir neçə fakta istinad edək. Məsələn, hələ 1661-ci ildən etibarən nağdsız ödəmələrdən istifadə edən (nağd pulu veksel, çek və başqa qiymətli kağızlarla əvəz etmişdilər)  İsveçin  lap yaxın vaxtlarda kağız puldan tamamilə imtina edəcəyi gözlənilir.  Yeri gəlmişkən, dünyada kağız pulla vidalaşma prosesi çox sürətlə gedir. Maliyyə ekspertləri yazırlar ki, hazırda nağd pul İsveçdəki maliyyə dövriyyəsinin cəmi 3 faizini təşkil edir. Avropa Birliyində bu göstərici 9 faizdir. Qeyd olunur ki, kağız pulların sayının azalması ilə ölkədə cinayətkarlığın sayı da azalır.  Mətbuat yazır ki, 2008-ci ildə İsveçdə 110 dəfə bank yarmağa cəhd olunmuşdusa, dörd il sonra  bu rəqəm cəmi 16-ya düşüb.  Elə küçə soyğunçuluğunun sayı da azalıb. Ona görə də bir sıra Avropa  ölkələrində yüksək məbləğdə alış-veriş həyata keçirən tərəflərin maliyyə əməliyyatlarını nağdsız həyata keçirməsi tələb olunur. Əks-təqdirdə hər iki tərəfi sanksiya gözləyir.  Azərbaycana gəldikdə isə qeyd etməliyik ki,  respublikamızda nağdsız ödənişlərin genişləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin əsas məqsədi ölkədə iqtisadiyyatın inkişafının keyfiyyətcə yeni mərhələyə keçməsindən, iqtisadi sistemin subyektləri arasında şəffaflığa nail olunmasından, müşahidə oluna bilməyən iqtisadiyyatın (gizli iqtisadiyyat) həcminin azaldılmasından, vergilərdən yayınma hallarının minimuma endirilməsindən ibarətdir. Hazırda nəzarətdən kənar qalan iqtisadi əməliyyatlar, bir tərəfdən dövlət büdcəsinə  vergi daxilolmalarının azalmasına, digər tərəfdən isə  dövlət tərəfindən iqtisadi tənzimləmə üsullarının effektivliyinin aşağı düşməsinə səbəb olur. Maliyyə mütəxəssisləri xəbərdarlıq edirlər ki,  nağd pul dövriyyəsinin miqyasının böyük olması  iqtisadiyyatı iri həcmdə investisiya-kredit resurslarından məhrum edir, bank sisteminin maliyyə vasitəçiliyini məhdudlaşdırır. Eyni zamanda, nağd pul dövriyyəsinin üstünlük təşkil etməsi bir sıra struktur problemlərin, o cümlədən maliyyə intizamının pozulması, şəffaflığın aşağı olması, qeyri-mütəşəkkil pərakəndə ticarətin üstünlük təşkil etməsi və s. kimi problemlərin yaranmasına gətirib çıxarır.  Məlumat üçün bildirək ki,  Azərbaycanda nağdsız ödənişlər müxtəlif formalarda (banklar, POS-terminallar, bankomatlar, internet vasitəsilə və digər) həyata keçirilir. Statistikaya görə hazırda Azərbaycanda qeyri-nağd pul kütləsinin ÜDM-dəki payı 8,4 faiz təşkil edir. Rusiyada bu göstərici 32, Baltikyanı ölkələrdə isə 40-45 faizdir.  İndi ölkə vətəndaşlarının paytaxtda və bütün şəhər və rayonlarımızda  rastlaşdığı milli ödəniş sisteminin inkişafı yeni xidmət sahəsinin formalaşmasına səbəb olmuşdur. Belə ki, POS-terminalların tətbiqi bu sahəyə xidmət göstərən bank qurumlarının əlavə gəlir mənbələridir. Banklar POS-terminaldan istifadəyə görə və POS-terminal vasitəsilə həyata keçirilən əməliyyatlara görə təsərrüfat subyektlərindən müvafiq xidmət haqları alırlar. Bu isə bankların maliyyə vəziyyətinin sabitləşməsində az da olsa rol oynayır.

Fakt ondan ibarətdir ki, bu gün Azərbaycanda nağdsız ödənişlərin aparılması ilə bağlı texniki vasitələr və infrastruktur yaradılmışdır. Respublikamızda nağd əməliyyatların məhdudlaşdırılması və nağdsız ödənişlərin stimullaşdırma tədbirləri üç əsas istiqamət üzrə aparılır. Bunlar istehlakçıların maraqlarının nəzərə alınması, istehsalçıların və sahibkarlıq subyektlərinin maraqlarının nəzərə alınması, bank və kredit sektorunun maraqlarının nəzərə alınmasıdır. Ancaq reallıq  və perspektiv Prezident İlham Əliyevin dediyi kimidir: “Hesab edirəm ki, biz nağdsız ödəmələrin səviyyəsini, həcmini artıra, eyni zamanda, vergilərin yığımında daha da böyük uğurlara nail ola, xoşagəlməz halların qarşısını daha da sürətlə ala bilərik”.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

 

Məqalə Azərbaycan Respublikasının  Mərkəzi Bankının elan etdiyi “Nağdsız ödənişlərin sürətli inkişaf meyilləri: reallıq və perspektivlər” adlı müsabiqəyə təqdim olunur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında