Azərbaycanda son illər həyata keçirilmiş məqsədyönlü iqtisadi siyasət hesabına
yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı mühüm
uğurlar əldə olunmuşdur.
Kənd təsərrüfatında məhsul istehsalının stimullaşdırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər regionların iqtisadi mənzərəsinin dəyişməsində əhəmiyyətli rol oynamış, valyuta ehtiyatlarının səmərəli idarə edilməsi və milli valyutanın sabitliyi təmin olunmuş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, biznes mühiti daha da yaxşılaşmışdır. Bütün bunlar əsası ümummilli liderimiz tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük inamla həyata keçirdiyi uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir.
XXI əsrin əvvəllərindən başlayaraq yüksək inkişaf sürəti götürmüş Azərbaycan iqtisadiyyatı bu gün yeni strateji vəzifələri uğurla həyata keçirir. Ölkə makroiqtisadi dayanıqlıq göstəricilərinə görə dünyada ilk onluqda qərarlaşır. Milli iqtisadiyyat yüksək məşğulluq həddində fəaliyyət göstərir. Azərbaycanda yeni iş yerləri açılır, regionların sosial-iqtisadi inkişafı getdikcə sürətlənir.
Ölkədə dinamik artan valyuta gəlirlərinin bir hissəsinin sosial-iqtisadi inkişaf məqsədləri üçün istifadə olunması şəraitində manatın daha yüksək templə bahalaşmasına yol verilmir. Məzənnənin sabitliyi makroiqtisadi və maliyyə sabitliyinə, habelə iqtisadiyyatın rəqabət qabiliyyətinə təsir edən mühüm amillərdən biri kimi diqqət mərkəzində saxlanılır. Öz sabitliyini qoruyan Azərbaycan manatı hazırda regionun ən etibarlı valyutasıdır və sərhədyanı ticarətdə fəal istifadə edilir.
Proqnozlara görə, Azərbaycanda bu il iqtisadi artım tempi (5,2 faiz) dünya və MDB üzrə orta artım tempini 2-2,5 faiz bəndi üstələyəcəkdir. Daxili investisiya fəallığının formalaşmasında dövlət investisiyaları mühüm rol oynayacaqdır. Məşğulluğun yüksəlməsi, əhalinin real gəlirlərinin artması və istehlak kreditləri istehlak tələbinin müsbət dinamikasını dəstəkləyəcəkdir.
Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Ölkəmizin maliyyə vəziyyəti çox sabitdir. Mən dəfələrlə demişəm, bizim iqtisadi və maliyyə vəziyyətimiz müstəqilliyimizi şərtləndirən əsas amillərdən biridir. Azərbaycanın böyük maliyyə resursları xalqımızın istedadı və düşünülmüş siyasət nəticəsində əldə edilmişdir. Bu gün dünya miqyasında adambaşına düşən valyuta ehtiyatlarına görə, hesab edirəm ki, Azərbaycan aparıcı, yəni, ən qabaqcıl yerlərdədir. Bizim 54 milyarddan çox valyuta ehtiyatlarımız vardır. Bu da bizə inam, əminlik verir, imkan verir ki, bundan sonra da böyük infrastruktur və sosial layihələrimizi icra edək”.
Azərbaycanın maliyyə qüdrətinin güclənməsi, təbii ki, sosial məsələlərin həllinə də öz müsbət təsirini göstərmişdir. Ölkə rəhbəri bununla bağlı sözügedən iclasda bir sıra rəqəmləri diqqətə çatdırmışdır. Dövlətimizin başçısı orta əməkhaqqının hazırda 440 manat və ya 560 dollar təşkil eməsini, hesabat dövründə sosial infrastruktur layihələrinin uğurla reallaşdırılmasını, 80-dən çox təhsil müəssisəsinin, 40-dan çox səhiyyə ocağının təmir olunmasını vurğulamışdır.
Ölkə rəhbəri nitqində demişdir: “Cari ilin 6 ayında ümumi daxili məhsulun artımı 2,1 faiz, qeyri-neft sektorunun real artım tempi 7 faiz, inflyasiya 1,6 faiz təşkil etmişdir. Qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 56,3 faizə çatmışdır. Dövlət büdcəsinin gəlirləri 9,3 milyard manat və ya 101,6 faiz yerinə yetirilmiş, xərcləri isə 8,7 milyard manat olmuşdur... İlk 6 ayda iqtisadiyyatın və sosial sahələrin inkişafı məqsədilə bütün maliyyə mənbələri hesabına əsas kapitala 7,6 milyard manat investisiya yönəldilmiş və bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artmışdır. Əsas kapitala qoyulmuş vəsaitin 70,7 faizini daxili investisiyalar təşkil etmişdir.
Əhalinin gəlirlərinin artması davam etmiş və ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz, hər nəfərə düşən gəlirlər isə 3,3 faiz artmışdır. Yanvar-may ayları ərzində orta aylıq əməkhaqqı 6,5 faiz artaraq 438,1 manata yüksəlmişdir. Bu il iyunun 1-dək əhalinin banklardakı əmanətləri keçən ilin eyni dövrünə nisbətən 12,8 faiz artaraq 6,6 milyard manata çatmışdır...”.
Qeyri-neft sektorunun prioritet sahələrinə maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2600-dən çox sahibkara 129 milyon manat güzəştli kredit verilmiş və bu kreditlər hesabına 6 minədək yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 27,4 faiz artmışdır ki, onların da 98 faizi kiçik kreditlərin payına düşür.
Verilmiş kreditlərin 79 faizi regionların, 21 faizi Bakı qəsəbələrinin payına düşməklə, 84 faizi aqrar sahənin, 16 faizi isə sənaye və digər sahələrin inkişafına yönəldilmişdir. Maliyyələşdirilmiş 20 istehsal, emal və infrastruktur müəssisələri artıq istifadəyə verilmişdir və ilin sonunadək 60 belə müəssisənin işə salınması planlaşdırılır. İl ərzində sahibkarlara ümumilikdə 280 milyon manat güzəştli kreditlərin verilməsi nəzərdə tutulur.
Son illər ərzində müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən yüzlərlə müəssisənin fəaliyyətə başlaması da məhz Azərbaycanın maliyyə qüdrətinin güclənməsinin nəticəsidir.
Bu isə ölkəmizin xarici ticarətinin coğrafiyasının genişlənməsinə, onun əmtəə strukturunun təkmilləşməsinə öz müsbət təsirini göstərmişdir. Xatırladaq ki, son 10 ildə ölkəmizin xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, o cümlədən qeyri-neft ixracı 4,7 dəfə, idxal isə 4,1 dəfə artmışdır.
Azərbaycanın maliyyə imkanları genişləndikcə xarici investisiyaların, qabaqcıl texnologiyaların, idarəetmə təcrübəsinin cəlb olunması da geniş vüsət alır. Ölkədə bərqərar olmuş siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevirmişdir. Bu günədək Azərbaycan Respublikası hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında 46 saziş imzalanmışdır. Məhz bunun nəticəsidir ki, təkcə ötən il ölkə iqtisadiyyatına 10,5 milyard dollar məbləğində xarici investisiya qoyulmuşdur. Bu investisiyaların yarıdan çoxu qeyri-neft sektoruna yönəlmişdir.
Azərbaycan hazırda investisiya cəlb edən ölkədən investisiya yatıran və xüsusilə, strateji əhəmiyyətli layihələrdə nümunə göstərən regional gücə çevrilmişdir. Son illərdə ölkəmiz öz təbii ehtiyatlarından, coğrafi mövqeyindən uğurla faydalanmış və dünya iqtisadiyyatının fəal iştirakçısına çevrilmişdir.Qarşıdakı aylarda və illərdə uğurlarımız daha böyük olacaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan yenə də özünü dünyaya yenidən müasir, dinamik inkişaf edən, güclü dövlət kimi təqdim edəcəkdir.
Yeri gəlmişkən, 1995-ci ildən bu ilin əvvəlinədək Azərbaycan iqtisadiyyatına 83,8 milyard dollar xarici investisiya qoyulmuş və bu vəsaitdən 35 milyard dollar qeyri-neft sektorunun payına düşmüşdür.
Qeyri-neft sektoruna birbaşa xarici sərmayələr üzrə ən böyük investorlar 26 faizlik payla Türkiyə, 16 faizlik payla Böyük Britaniya və 12 faizlik payla ABŞ olmuşdur. Azərbaycanda əsas kapitala xarici investisiya qismində isə Böyük Britaniyadan 18 milyard, ABŞ-dan 7 milyard, Yaponiyadan 4 milyard dollar vəsait yatırılmışdır.
Hazırda ölkədə 6857 xarici investisiyalı müəssisə fəaliyyət göstərir. Bu şirkətlərin 36 faizi, yəni, 2464-ü Türkiyə, 8,3 faizi, yəni, 570-i Rusiya, 7,8 faizi, yəni, 541-i Böyük Britaniya mənşəli investisiyalar hesabına yaradılmışdır.
Xarici şirkətlər, eyni zamanda, Azərbaycanda dövlət əsaslı vəsait hesabına həyata keçirilən infrastruktur və digər layihələrdə podratçı və subpodratçı qismində fəal iştirak edirlər. Məsələn, Türkiyənin şirkətləri müqavilə dəyəri 10,4 milyard ABŞ dolları təşkil edən 153 layihəyə, Çexiyanın şirkətləri müqavilə dəyəri 2 milyard dollar olan 6 layihəyə, Fransa şirkətləri müqavilə dəyəri 1,8 milyard dollar olan 22 layihəyə cəlb olunmuşdur.
Davamlı iqtisadi inkişaf, maliyyə imkanlarının artması, özəl sektorun inkişafı Azərbaycanı, eyni zamanda, investisiya ixracatçısına çevirmiş, Türkiyə, Gürcüstan, Rusiya, Monteneqro, Serbiya, İsveçrə və digər ölkələrə əhəmiyyətli həcmlərdə investisiya yatırılmışdır. Azərbaycan şirkətlərinin potensialı və peşəkarlığı xeyli artmış, bir sıra ölkələrdə, o cümlədən Avropada mühüm infrastruktur layihələrinin icrasında özəl şirkətlərimiz aktiv fəaliyyət göstərməyə başlamışdır.
Ölkəmizin beynəlxalq arenada formalaşmış müsbət imicinin digər göstəricisi də son dövrlər xarici dövlətlərin özəlləşdirmə və investisiya layihələrində Azərbaycanın iştirakına dair dəvətlərin, eləcə də xarici dövlətlər tərəfindən respublikamıza bu məqsədlə həyata keçirilən səfərlərin sayının artmasıdır.
Əldə edilən bu uğurlarla kifayətlənməyən Azərbaycan hökuməti ölkəmizdə xarici investisiyaların qoyuluşunun daha da artırılması məqsədilə bir sıra tədbirlər reallaşdırmağı nəzərdə tutur. Belə ki, hökumət ölkənin qeyri-neft sektoruna xarici investisiyaların qoyuluşunu daha da artırmaq məqsədilə xarici investorlar üçün stimullaşdırıcı mexanizmlər üzrə təkliflər hazırlamağı nəzərdə tutur. Bu, Nazirlər Kabineti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2014-2015-ci illər üçün imzalanan Baş Kollektiv Sazişdə öz ifadəsini tapmışdır.
Sənəddə həmçinin bildirilir ki, xarici bazarlarda ölkənin yerli istehsalçılarının mənafelərini müdafiə edən, istehsal olunmuş hazır məhsulun dünya bazarlarına ixracını stimullaşdıran tədbirlər sistemi gücləndirilməlidir.
Azərbaycan Prezidenti İlham Əliyev bu il iyunun 28-də Bakıda ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında iyirmi üçüncü illik sessiyasının plenar iclasının açılış mərasimində ölkəmizin sosial-iqtisadi uğurları barədə ətraflı bəhs etmişdir. Dövlət başçımız demişdir ki, Ermənistan-Azərbaycan münaqişəsinə baxmayaraq, Azərbaycan sürətli iqtisadi inkişaf nümayiş etdirir. Son 10 il ərzində ölkəmiz dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malik olmuşdur. Bu dövrdə iqtisadiyyat 3 dəfədən çox artmışdır. Bu, dünyada ən sürətli inkişaf göstəricisidir. Eyni zamanda, yoxsulluq demək olar ki, 10 dəfə azalmışdır. Hazırda yoxsulluq 5 faiz səviyyəsindədir. Çox sabit maliyyə sistemi mövcuddur. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun yalnız 8 faizini təşkil edir. Bu, dünyada ən yaxşı göstəricilərdən biridir. Valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 70 faizdən çoxunu təşkil edir. Bunun sayəsində Azərbaycanın sərmayə qoymaq və beynəlxalq bazarlarda kredit götürmək imkanı vardır. Ölkəmizin kredit reytinqi “S&P”, “Moody’s” və “Fitch” kimi əsas reytinq agentlikləri tərəfindən yaxşılaşdırılmışdır. Azərbaycan xarici sərmayələri lazımi qaydada qoruyan ölkə kimi yaxşı nüfuza malikdir. Ötən 10 ildə Azərbaycana 170 milyard dollar məbləğində sərmayə yatırılmışdır. Keçən il bu göstərici 28 milyard dollar olmuşdur. Bu rəqəmin 70 faizi yerli, 30 faizi isə xarici sərmayədir. Gələcək üçün iqtisadi perspektivlər çox müsbətdir.
Azərbaycan beynəlxalq aləmdə həm də etibarlı tərəfdaş kimi nüfuz qazanmışdır. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri vasitəsilə Xəzər dənizinin enerji resursları region ölkələrinə və Avropaya nəql edilir. Transanadolu və Transadriatik qaz kəmərləri isə enerji əməkdaşlığımızı genişləndirərək Azərbaycanı Avropanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcəkdir.
Diqqətçəkən başqa bir fakt. Bu gün Azərbaycan regionda əlverişli mövqeyə malik olan mühüm tranzit mərkəzidir ki, bu da ölkənin cəlbediciliyini daha da artırır. Son 10 ildə respublikamızda 6 beynəlxalq hava limanı istifadəyə verilmiş, TRASEKA və Şimal-Cənub dəhlizləri çərçivəsində magistral yollar yenidən qurulmuşdur.
Hazırda tikinti işləri respublikamızın bütün bölgələrini əhatə etməklə yanaşı, regional xarakter almışdır. Belə ki, mühüm nəqliyyat və kommunikasiya xarakterli inşaat layihələri Azərbaycanla bərabər, digər qonşu dövlətlərin də ərazisini əhatə edir ki, bu da bölgədə çox nəhəng infrastruktur şəbəkəsinin yaradılması deməkdir. Qədim İpək Yolunun modernləşdirilməsi, Rusiya və İran istiqamətində tranzit marşrutlarının dünya səviyyəsində yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinin sürətləndirilməsi çoxşaxəli regional infrastruktur sisteminin yaradılmasının əyani təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Bizim düşünülmüş siyasətimiz, eyni zamanda, planlı addımlarımız məhz ona hesablanıb ki, bütün infrastruktur layihələri uğurla başa çatsın. Bu layihələrin icra edilməsi nəticəsində biz bütün infrastrukturumuzu yeniləşdirəcəyik. Çünki bizim infrastruktur layihələrimizin yaradılması sovet dövründən başlamışdır. Onların bir hissəsi köhnəlmiş, bir hissəsi sıradan çıxmışdır. Həyat yerində durmur, indi yeni texnologiyalar vardır, yeni ixtiralar üzə çıxıbdır. Biz elə etməliyik ki, bizim infrastruktur sahəsində heç bir çatışmazlıq olmasın...”.
Prezident İlham Əliyev qeyd etmişdir ki, bu cür layihələr həm ölkəmizin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırır, həm insanların daha rahat infrastrukturla təmin olunmasına səbəb olur, həm də Azərbaycanın regionda gücünü artırır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.