Məlum olduğu kimi, qondarma Sülh və Demokratiya institutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus və onun əri Arif Yunus barəsində dövlətə xəyanətdə şübhəli qismində həbs qətimkan tədbiri seçilmişdir.
Bəs Leyla Yunus kimdir? 1988-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda xalq hərakatı başlananda hamı ölkəmizin ərazi bütövlüyünü dəstəkləyirdi. Özlərini xalqın “sədaqətli” və “vəfalı” oğul və qızları hesab edən indiki müxalifət nümayəndələri xalqın etimadından istifadə edərək o vaxt Azərbaycan Xalq Cəbhəsi (AXC) adlı qurumu yaratdılar. Sonra fikir ayrılığına görə, AXC müxtəlif partiyalara parçalandı: Müsavat Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Sosial-Demokrat Partiyası və s. Leyla Yunus və əri Arif Yunus Sosial-Demokrat Partiyasının üzvü idilər. Onlar dəfələrlə erməniləri müdafiə edən məqalələr dərc etdirmişdilər. Leyla Yunus və Arzu Abdullayeva israrla bəyan edirdilər ki, ermənilər Bakıda olarkən şəhər daha yaxşı idi. Onların bu bəyanatı isə şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və veteranlarının dərin nifrətinə səbəb olmuşdu. Ona görə də sosial-demokratların qərargahı dəfələrlə hücuma məruz qalmışdı. Buna bais olan Leyla Yunus, Arif Yunus və başqaları xalqdan və müharibə əlil və veteranlarından qaçıb gizlənirdilər.
1992-ci ildə AXC-Müsavat hakimiyyəti çevriliş edərək hakimiyyətə gələndə hərb işindən qətiyyən başı çıxmayan, cəbhəçilərin tələbi ilə müdafiə naziri təyin olunan Rəhim Qazıyev ermənipərəst, hərb işində tamamilə naşı olan Leyla Yunusu nazirliyin çox məsul bir qurumunun rəhbəri təyin etdi. Bu sərəncamdan ruhlanan AXC-Müsavat cütlüyü Leyla Yunusun əri, ermənipərəst Arif Yunusu Prezident Aparatına şöbə müdiri vəzifəsinə gətirdi.
Bundan sonra isə Azərbaycanın, demək olar ki, döyüş cəbhəsində “qara günləri” başlandı. Ordumuzun yerləşdiyi mövqelər erməni qəsbkarları tərəfindən intensiv atəşə tutulmağa başlandı. Leyla Yunusun “fədakarlığı” sayəsində ermənilər ordumuzun yerləşdiyi əraziləri və mövqeləri atəşə tuturdular. AXC-Müsavat hakimiyyəti isə bu işlərə göz yumurdu. Orduda vəziyyət olduqca acınacaqlı idi. Pərakəndəlik hökm sürürdü. Silahlı qüvvələrə ayrı-ayrı qruplar, savadsız və dilefant zabitlər rəhbərlik edirdilər.
Yalnız xalqın tələb və təkidi ilə yenidən hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev ordunu bu xaosdan qurtardı. Təcrübəsiz və savadsız zabitlər, qanunsuz silahlı dəstələr ordudan uzaqlaşdırıldı. Ölkədə həqiqi ordu quruculuğuna başlandı. Müdafiə Nazirliyinə savadlı, hərb işindən başı çıxan adamlar,peşəkar zabitlər yerləşdirildi. Leyla Yunus Müdafiə Nazirliyindən, əri Arif Yunus isə Prezident Aparatındakı vəzifələrindən çıxarıldılar.
Boş-bekar qalmış Leyla Yunus özünü hüquq müdafiəçisi elan etdi. Qondarma Sülh və Demokratiya İnstitutu yaradaraq indiki iqtidarın əleyhinə çalışmağa başladı. Hər yerdə, hər bir tədbirdə Azərbaycanın nüfuzunu aşağı salmaq istəyən Leyla Yunus erməni lobbisinin və təcavüzkar Ermənistanı dəstəkləyən beynəlxalq təşkilatların verdiyi qrantlar hesabına xarici ölkələri gəzir, Azərbaycanın əleyhinə işlər görürdü. Leyla Yunus elə bilirdi ki, bu işləri heç kim bilməyəcək. Lakin onun bütün hərəkətləri Milli Təhlükəsizlik Nazirliyinin nəzarəti altında idi. “Ayna” və “Zerkalo” qəzetinin müxbiri Rauf Mirqədirov kimi xəyanətə meyilli maymaqlar isə erməni lobbisinin üzvü olan Leyla Yunusun buyruq qulu olub onun tapşırıqlarını can-başla yerinə yetirirdilər. Rauf Mirqədirov Gürcüstana gedib oradan Ermənistana keçərək Leyla Yunusun tapşırığına əsasən ölkəmizin strateji əhəmiyyətli obyektlərinin xəritəsini və digər mühüm sənədləri ermənilərə ötürürdü.
Özünü hüquq müdafiəçisi adlandıran Leyla Yunus kimlərin hüquqlarını müdafiə edirdi? Əlbəttə, ilk növbədə, Azərbaycan dövlətinin əleyhinə çıxanların, dövlətin imicinə ziyan vuranların, dövlət malını mənimsəyənlərin, ciddi nöqsanlarına görə vəzifədən uzaqlaşdırılanların, Azərbaycan əleyhinə sui-qəsddə, terrorçuluqda iştirak edənlərin və ölkəmizə hərbi təcavüz edən daşnakların, ölkəmizdə qarışıqlıq, qeyri-sabitlik yaratmaq istəyən yerli və xarici vətəndaşların, siyasi riyakarların. Azərbaycanın hər bir uğuru, hər bir müvəffəqiyyəti Leyla Yunusa və onun kimilərə sevinc yox, kədər gətirirdi.
Leyla Yunusun həbsi xalqı sevindirsə də, radikal müxalifət yasa batıb. AXCP sədri Əli Kərimli erməni lobbisinə və Ermənistan xüsusi xidmət orqanlarına işləyən Leyla Yunusun həbsindən kədərləndiyini bildirib. Eyni zamanda, Müsavat Partiyası, “Yeni Müsavat” qəzeti Leyla Yunusun həbs olunmasını dərin hüznlə qarşılayıb. Qeyd edək ki, hələ 2003-cü ildə AXCP üzvü Ruslan Bəşirli Tbilisidə erməni İsparyanla əlaqə yaradaraq dövlətə xəyanət etmişdi. Görünür, Əli Kərimli və digər müxalifətçiləri xalq, Vətən yox, başqa məsələlər maraqlandırır. Sual olunur: Əli Kərimlinin İsa Qəmbərin və digər müxalifətçilərin uşaqları Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşublarmı? Onların uşaqları xaricdə təhsil alır. Bu pulları onlara kim verir? Yəqin ki, erməni lobbisi. Əgər belə olmasaydı onlar Leyla Yunusu müdafiə etməzdilər.
Nəhayət, Leyla Yunusun rəfiqəsi və ermənipərəst Mətanət Əzizova Azərbaycandan qaçıb. O, beynəlxalq axtarışa verilib. Əri və oğlu ölkəni tərk edərkən hüquq-mühafizə orqanları tərəfindən yaxalanıblar. Xalqımız əmindir ki, Mətanət Əzizova kimi dövlət xainləri də tezliklə həbs ediləcəklər.
Qəzənfər QASIMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.