Trans-Adriatik boru kəməri Azərbaycan və İtaliyanı bir-birinə daha sıx tellərlə bağlayacaq

 

 

İtaliyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Giulia Gullotti

AzərTAc-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Xanım  Giulia Gullotti , TAP layihəsinin reallaşmasının İtaliya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrə hansı  müsbət təsirləri ola  bilər?

- İtaliya ilə Azərbaycan arasında səmərəli siyasi və iqtisadi dialoqa, xüsusilə enerji sahəsində əməkdaşlığa əsaslanan yaxşı münasibətlər var. Hazırda ikitərəfli ticarət dövriyyəsinin şaxələndirilməsi üzərində çalışsaq da, bizim iqtisadi tərəfdaşlığımızın təməlində enerji sahəsi  dayanır. Bu tərəfdaşlıq Xəzər dənizindən təbii qazın İtaliyaya və Avropaya çatdırılması üçün Trans-Adriatik boru kəmərinin seçilməsi barədə 2013-cü ildə Şahdəniz Konsorsiumu ilə imzalanmış müqavilə vasitəsilə daha da güclənib. İtaliya hökuməti TAP və TANAP boru kəməri layihələri daxil olmaqla, Azərbaycan qazını ixrac edəcək “Cənub dəhlizi”ni dəstəkləyir. Trans-Adriatik boru kəməri vasitəsilə Azərbaycan İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasında fundamental rol oynayacaq. Orta əsrlərdə Azərbaycandan keçən İpək Yolu İtaliyanı Şərqin zəngin ehtiyatları ilə təmin etdiyi kimi, TAP boru kəməri layihəsi də gələcəkdə ölkəmizə  vacib enerji resursları çatdıracaq.

- Ölkələrimiz arasında mədəniyyət və turizm sahələrində ikitərəfli əməkdaşlığı necə dəyərləndirirsiniz?

- İtaliya ilə Azərbaycanın uzunmüddətli mədəni əlaqələri  var. Bu əlaqələrin tarixi qədim zamanlardan - florensiyalı və venesiyalı tacirlərin “İpək Yolu” kimi tanınan Azərbaycan ərazisinə qədəm qoyduğu vaxtlardan başlayır. Bu gün bizim əsas hədəfimiz Azərbaycan dəyərlərini İtaliyada, İtaliya mədəniyyətini isə ölkənizdə tanıtmaqdır. Səfirlik bu məqsədlə, eləcə də ölkələrimiz arasında mədəni əlaqələri genişləndirmək üçün müxtəlif tədbirlər həyata keçirir. Dünyada italyan dili həftəsi, Avropa film festivalı, sərgilər, film çəkilişləri və konsertlər bu qəbildəndir.

2014-cü ildə səfirlik Kapri Fondu və Heydər Əliyev Fondu ilə birgə əməkdaşlıq çərçivəsində Kapri sərgisini, Beynəlxalq Muğam Mərkəzində İtaliyanın tanınmış musiqiçilərinin ifasında “O Sole mio” konsertini və “ADA” Universitetində Friuli-Venetsiya-Culiya regionunun Friuli notlarına köklənmiş italyan musiqisi gecəsini təşkil edib. Bundan əlavə, oktyabr ayında Bakı kinoteatrlarının birində “Oskar” mükafatına layiq görülmüş məşhur italyan kinofilmlərindən ibarət film festivalı da keçiriləcək.

İtaliyanın turizm sektorunda böyük təcrübəsi var və biz Azərbaycana bu sahəni inkişaf etdirməkdə kömək göstərməyə hazırıq. Qədim tarixi və gözəl təbiəti olan Azərbaycan böyük turizm potensialına malikdir. Avropa İttifaqı ilə viza sadələşdirilməsi üzrə saziş turizmin inkişafını sürətləndirəcək və  yaxın gələcəkdə biz  yəqin ki, bunun müsbət nəticələrini görəcəyik. Turist axınına gəldikdə demək olar ki, alınan vizaların sayı artır. 2013-cü ildə 8 mindən çox viza alınıb.

Azərbaycan cəmiyyətinin italyan mədəniyyətinə verdiyi yüksək dəyərin bariz nümunələrindən biri də son bir neçə ayda dünya şöhrətli italyan mədəniyyət xadimlərinin iştirakı ilə ölkənizdə keçirilən tədbirlərdir. Buna misal olaraq “Kristal holl”da  Ornella Mutinin aparıcılığı, məşhur bəstəkar Ennio Morrikone və tenor Alessandro Safinanın iştirakı ilə keçirilən “San Remo ulduzları” adlı konserti  göstərmək olar. Məşhur italiyalı aktrisa Klaudia Kardinale də Bakıda olub,  modelyer-dizayner Ermanno Şervino isə  öz geyim kolleksiyalarını nümayiş etdirib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında