Ermənistanın vəziyyəti fəlakət dərəcəsindədir

 

Son vaxtlar Ermənistanın paytaxtı Yerevanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi  ilə bağlı baş verən hadisələr və prezident Serj Sarkisyanın həyata keçirdiyi uğursuz siyasətə qarşı izdihamlı aksiyaların keçirilməsinə başlanılmışdır.

Bu barədə Ermənistanın tert.am saytının yaydığı  məlumatda bildirilir ki,  əllərində Ermənistanın və Avropa Birliyinin bayraqlarını dalğalandıran narazı vətəndaşlar “Serjə yox deyək!”, “Bu, bizim deyil, rejimin müharibəsidir”, “Silahlardan əl çəkin!”, “Rejimin siyasəti ölkəni boşaldır” kimi şüarlar səsləndirirlər.

Yerevanda aksiyaların keçirilməsinə əhalinin gündən-günə ağırlaşan sosial şəraiti də öz təsirini göstərir. Ermənistan Milli Statistika Xidmətinin son məlumatında deyilir ki, iyun-iyul aylarında elektrik mallarının qiyməti 0,1 faiz, tikinti materialları 0,1 faiz, mebel 0,2 faiz, dərman pereparatları 0,2 faiz, tekstil malları 0,3 faiz, yanacaq 0,4 faiz, dəftərxana məhsulları 1,3 faiz, geyim 1,5 faiz, ayaqqabı 0,6 faiz bahalaşmışdır. Bahalaşma ölkənin bütün regionlarında müşahidə edilmişdir.   Ötən ilin iyul ayı ilə müqayisədə ölkədə çörək və un məmulatlarının qiymətləri də artmışdır. Yüksək sort çörək 30,4 faiz, lavaş 0,4 faiz, buğda yarması 0,5 faiz, mannı 0,7 faiz, makaron məmulatları 0,7 faiz, peçenye 1,1 faiz, düyü 1,7 faiz, uşaq yeməyi 3,1 faiz bahalaşmışdır.

Ermənistan Milli Statistika Xidmətinin məlumatında o da vurğulanır ki, ərzaq məhsullarının artımı bütün iri rayon və şəhərlərdə müşahidə edilmişdir. Yalnız bir şəhərdə çörəyin qiyməti  0,3 faiz aşağı düşmüşdür.  Ermənistan paytaxtında isə çörək və un məmulatlarının qiyməti isə 0,4 faiz artmışdır.

Ermənistandakı ağır sosial vəziyyət insanların təkcə gündəlik həyatında deyil, bütün sahələrdə özünü göstərir. Nəticədə  “Böyük Ermənistan” indi artıq kənd-kənd boşalır. Ermənistan milli konqresinin nümayəndəsi Vahan Xaçaturyan jurnalistlərlə görüşündə iqtisadi şəraitin dözülməzliyi barədə  demişdir ki, bu ölkənin  iqtisadiyyatında hər hansı müsbət irəliləyişdən belə söhbət gedə bilməz. Onun sözlərinə görə, vəziyyət gələcəkdə daha da pis olacaq. İqtisadiyyatın fəaliyyəti üçün labüd olan mexanizmlərin artıq işləməməsi bu fikri söyləməyə əsas yaradır.

Həyata keçirdiyi işğalçılıq siyasəti üzündən hazırda regional təcrid vəziyyətinə düşən Ermənistanda şərait getdikcə daha gərgin mərhələyə qədəm qoyur. Xüsusən də sürətlə davam edən bahalaşma insanların sosial durumunun daha acınacaqlı hal almasına rəvac verir. Bu fonda qabarıq müşahidə edilən odur ki, iqtisadiyyatı ildən-ilə tənəzzülə uğrayan Ermənistanda inflyasiya sürətlə dərinləşməkdədir. Məsələn, bu ölkədə konkret ərzaq məhsullarının qiyməti son bir ildə  9,9 faiz, qeyri-ərzaq məhsullarının qiyməti isə 4,3 faiz bahalaşmışdır. Həmçinin əhaliyə göstərilən xidmətlərin qiymətlərində də bahalaşma qeydə alınmışdır. Vəziyyətdən çıxış yolunu isə ermənilər  müxtəlif xarici ölkələrə qaçmaqda görürlər.

Bu gün  Avropanın Ermənistana investisiya  qoyuluşunu azaltması vəziyyəti daha da ağırlaşdırır. “Johovurd” qəzetinin verdiyi məlumata görə, ötən il Ermənistan iqtisadiyyatının real sektorunda investisiyaların həcmi 62,1 faiz azalaraq 155,1 milyon dollar təşkil etmişdir. Bu ölkənin  strateji tərəfdaşı olan Rusiya investisiyalarını 20,7 faiz, ABŞ 37,2 faiz, Fransa 81,6 faiz azaltmışdır.

Ermənistan parlamentinin sabiq spikeri Karapet Rubinyan da vəziyyətin təhlükəli həddə çatdığını bildirir, ölkənin ağır-sosial iqtisadi böhrana yuvarlanmasının kökündə  hakimiyyətin yanlış siyasətinin və məmurların biznes maraqlarının durduğunu vurğulayır. Bu kontekstdə o, Ermənistan Konstitusiyasına zidd olaraq deputatların bizneslə məşğul olmasına diqqət çəkir.   Sabiq spiker bildirir ki, əgər hakimiyyət xalq tərəfindən özünə qarşı etimad görmək istəyirsə, korrupsiya hallarına qarşı mübarizə aparmalıdır: “Lakin belə mübarizənin indiki hakimiyyət dövründə heç vaxt olmayacağı şübhəsizdir. Çünki qanunazidd olaraq deputatların bizneslə, inhisarçılıqla məşğul olmasına Serj Sarkisyan iqtidarı özü şərait yaradır. Elə hakimiyyətin digər qollarındakı məmurlar da iri biznesin əsas təmsilçiləridir. Buna görə də Sarkisyan kimi prezidentin və onun quldurlarının belə hallara qarşı hansısa addımlar atacağını düşünmək sadəlövhlük olardı. İndi xalq ya bu cinayətkar rejimdən xilas olmalıdır, ya da onun öz qanunsuz əməllərinin miqyasını necə genişləndirməsinə şahidlik etməlidir”.

Ermənistanda yaşanan qanunsuzluqlar, ağır sosial-iqtisadi vəziyyət beynəlxalq miqyasda da izlənilir. Məsələn, Britaniyanın nüfuzlu mətbu orqanlarından sayılan “Guardian” qəzeti yazır ki, Ermənistan bütün 15 postsovet respublikası arasında işsizlikdən ən çox əziyyət çəkir və ölkədə demokratik islahatlar aparılmır. Bütün bunlar Ermənistanın böyük tənəzzül yaşadığını bir daha aydın surətdə göstərir və bu ölkənin tarixin arxivinə qovuşacağını istisna etmir.  İqtisadçı ekspert Vüqar Bayramov bizimlə söhbətində bildirdi ki, rəsmi Yerevan daha  Qarabağ kartından istifadə edərək əhalinin diqqətini daxili problemlərdən yayındıra bilmir. Ermənistanın xarıcı borcu artıq 6 milyard dollara çatmışdır. Bu isə ümumi daxili məhsulun (ÜDM) 56 faizi deməkdir.

Vüqar Bayramovun sözlərinə görə, ötən il sözügedən ölkədə xarici borc 5 faizdən çox artmışdır. Ermənistanın xarici borcunun 85,2 faizi dövlət borcudur ki, bu da düşmən ölkənin xarici asılılığının daha da dərinləşməsinə gətirib çıxarır.

İqtisadçı ekspert deyir ki, Ermənistanın digər ciddi problemlərindən biri yoxsulluğun getdikcə dərinləşməsidir. Ermənistan Mərkəzi Bankının hesablamalarına görə, təqaüdçülərin 60 faizindən çoxu yoxsulluq həddində yaşayır. Rəsmi statistikada ölkə əhalisinin 23,4 faizinin yoxsulluq həddində yaşadığı öz əksini tapsa da, BMT-nin İnkişaf Proqramının hesabatına bu göstərici 48 faizə bərabərdir. Hətta rəsmi statistika belə Ermənistanda hər dörd nəfərdən birinin yoxsulluq  həddində yaşadığını göstərir. Digər tərəfdən, burada söhbət Dünya Bankının qiymətləndirmələrinə əsasən, gündəlik gəliri 2 dollardan az olan insanlardan gedir. Əslində BMT-nin son metodologiyası Ermənistan əhalisinin yarıdan çoxunun yoxsulluq həddində yaşadığından xəbər verir.

Vüqar Bayramov vurğulayır ki, Ermənistan Dövlət Statistika Komitəsi ölkədə işsizlik səviyyəsinin 15,9 faiz olduğunu bildirir. Ancaq beynəlxalq hesabatlarda bu, 36 faizə yaxın göstərilir. Beynəlxalq hesabatlar diqqəti sözügedən ölkədə işsizliyin əsas sosial problemlərdən olduğuna yönəldir. Bu  problem, eyni zamanda, Ermənistanda ölkəni tərk edənlərin sayındakı artımda da özünü büruzə verir. 

İqtisadçı ekspertin fikrincə, xarici borc asılılığının artması, yoxulluğun dərinləşməsi, insanların  iş tapa bilməməsi, bir sözlə,  Ermənistan hakimiyyətinin yaratdığı acınacaqlı vəziyyət bu ölkədə tezliklə xaosun, hərc-mərcliyin, son nəticədə isə xalq üsyanının başlanacağından xəbər verir. Rəsmi Yerevan isə hakimiyyətinin ömrünü təmas xəttində atılan güllələr hesabına uzatmağa çalışır.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında