Ermənistanın 20 ildən artıqdır ki, işğalçılıq siyasətindən əl çəkməməsi, bir milyondan artıq soydaşımızı öz doğma ocaqlarından didərgin salması və hər gün atəşkəs rejimini pozması, hərbçiləri, günahsız insanları və uşaqları qətlə yetirməsi dünya ictimaiyyətinin gözləri qarşısında baş verir.
Daha da azğınlaşmış işğalçı Ermənistan ordusu son günlər təmas xəttinin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın edir, sərhədə yaxın kəndlərdə yaşayan əhalini qorxu altında saxlayır. Təəssüf ki, beynəlxalq birliyin əsas “oyunçu”larının ikili standartlar siyasəti 20 ildən çoxdur davam edən bu münaqişənin ədalətli həlli yollarının tapılmasına hələ də imkan vermir.
Bir tərəfdən beynəlxalq hüququn ərazi bütövlüyü prinsipini önə çəkən beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, həmçinin, ABŞ və Rusiya kimi dövlətlər eyni “əzmkarlıqla” bu xalqların öz müqəddəratını təyinetmə hüququnu müdafiə etməklə hüquqi anlaşılmazlıq mühitinin formalaşmasına rəvac vermiş olurlar.
Müasir beynəlxalq hüququn norma və prinsiplərinə görə, öz müqəddəratını təyinetmə prinsipi bir qanun tələbi kimi azlıq təşkil edən əhaliyə yox, bütöv xalqa, dövlətə şamil edilir. ATƏT-in 1995-ci il iyulun 4-dən 8-dək Vyanada keçirilmiş sessiyasında qəbul edilmiş sənədlərdə də göstərilir ki, hər bir xalqın öz müqəddəratını təyinetmə hüququ başqa xalqların hüquqları ilə tarazlaşdırılmalıdır və bu prosesdə zorakılıq yolverilməzdir. Beynəlxalq sənədlərə görə, milli azlıq öz müqəddəratını təyin edə bilər, amma müstəqillik formasında yox. Digər tərəfdən, müstəmləkə altında olmuş və torpaqları işğal edilmiş xalqlar müstəqillik elan edə bilərlər. Müstəqil dövlətin ərazisində yaşayan xalqların isə belə hüququ yoxdur.
Həm beynəlxalq birlik, həm də Ermənistanın dövlət rəsmiləri çox yaxşı bilirlər ki, Dağlıq Qarabağ tarixən Azərbaycanın ayrılmaz tərkib hissəsi, tarixi ərazisi olmuşdur. Ona görə də bu bölgədə yaşayan azlıqların öz müqəddəratını təyinetmə prinsipi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində baş verməlidir. Beynəlxalq hüquqi sənədlərin hamısı bir daha sübut edir ki, Ermənistanın ölkəmizə qarşı “Millətlərin hüquq bərabərliyi və öz müqəddəratının təyin edilməsi hüququ pərdəsi altında irəli sürdüyü ərazi iddiaları qeyri-qanunidir, öz işğalçılıq hərəkətlərinə ”demokratik don” geyindirmək cəhdindən başqa bir şey deyildir.
Çox təəssüf ki, beynəlxalq birlik Ermənistanın təcavüzkar siyasətinə hələ də göz yumur, işğalçı ilə işğala məruz qalan tərəf arasında bərabərlik işarəsi qoymaqda davam edir.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət artıq bütün dünyaya məlumdur. Dövlətimizin başçısı da dəfələrlə ölkəmizə qarşı aparılan ikili standartları kəskin pisləmiş, Ermənistana qarşı sanksiya tətbiq olunmamasını da beynəlxalq birliyin ikili standartı ilə əlaqələndirmişdir. Azərbaycan Prezidenti bəyan etmişdir ki, “Biz sülhsevər hər bir ölkə, təşkilatla əməkdaşlıq etməyə hazırıq, amma Azərbaycana qarşı ikili standartlar tətbiq olunmamalıdır”.
Azərbaycan Prezidenti İlham Əliyev Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunmuş sammitdə çıxış edərkən bütün Avropa qarşısında belə bir sual qoyub: Niyə Ermənistana sanksiyalar tətbiq olunmur? Dövlət başçısı bildirib ki, niyə Avropa Şurasındakı Ermənistan nümayəndə heyəti səsvermə və söz hüququndan məhrum edilmir?: “Onlar digər bir ölkənin ərazilərini işğal ediblər, beynəlxalq hüquq normalarını pozurlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini kobud şəkildə pozurlar və heç bir sanksiya tətbiq edilmir, heç bir cəza verilmir. Qanunsuz, kriminal Dağlıq Qarabağ rejiminin qondarma nümayəndələri Avropa paytaxtlarına vizalar alırlar. Bu dözülməzdir və buna son qoyulmalıdır”.
Çox təəssüf, dünyada ikili standartlar hələ də mövcuddur və bəzi ölkələrə, xüsusilə, Ermənistana beynəlxalq hüququn norma və prinsiplərinə zidd, xüsusi maraqlara uyğun münasibət göstərilir. Bu səbəbdən də işğalçı dövlətə sanksiyalar tətbiq olunmur. Bundan istifadə edən Ermənistan silahlı qüvvələri öz vəhşiliklərini davam etdirir, günahsız insanları qətlə yetirirlər.
Beynəlxalq birliyin bu vaxta qədər Ermənistana sanksiyalar tətbiq etməməsi Azərbaycan xalqını haqlı olaraq narahat edən ciddi bir məsələdir. Həmin ikili standartlar imkan vermir ki, BMT-nin Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan 4 qətnaməsi icra olunsun, yaxud da ATƏT konstruktiv, doğru bir qərar qəbul etsin. Baxmayaraq ki, bununla bağlı digər beynəlxalq təşkilatların da müvafiq qətnamələri var, lakin bunlar 20 ildən çoxdur ki, icra olunmur. Bunun da başlıca səbəbi odur ki, bəzi dövlətlərin regionda konfliktin davam etməsində marağı var. Yəni, burada maraqlar toqquşur və buna görə də bütün qərarlar kağız üzərində qalmaqdan başqa bir işə yaramır. Əslində, Ermənistana sanksiyalar, hərbi güc tətbiq olunmalı, Ermənistan işğalçı dövlət kimi öz yerində oturdulmalıdır.
Bu gün az qala bütün dünyaya demokratiya dərsi keçən ABŞ, özünü dünyada insan hüquq və azadlıqlarının beşiyi hesab edən Avropa Birliyi və digər beynəlxalq qurumlar Ukrayna hadisələrində dərhal etiraz səslərini qaldırdılar və Rusiyaya sanksiyalar tətbiq olundu. Fakt üçün deyək ki, bu ilin aprelində Ukrayna-ABŞ-Avropa Birliyi-Rusiya danışıqlarında əldə olunmuş razılaşmaya əsasən Rusiya Ukraynadakı vəziyyətin tənzimlənməsi ilə bağlı öhdəlik götürməsinə baxmayaraq, ölkənin cənub-şərq əyalətlərində vəziyyət gərgin olaraq qalmaqdadır. Vəziyyətin gərginləşməsində Rusiyanın əli olduğunu bildirən ABŞ və Avropa Birliyi bu ölkəyə qarşı sanksiyalar tətbiq olunmasına qərar verdilər. Hətta, yaxın gələcəkdə bu sanksiyaların daha da sərtləşdiriləcəyi bildirildi.
ABŞ Prezidenti Barak Obama bunu əsas gətirərək, Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq olunacağını da bəyan edib.Yeni sanksiyalara əsasən Rusiyanın 17 iri şirkətinə qarşı qadağalar tətbiq olunacaq. Eyni zamanda, Rusiya Prezidentinin yaxın ətrafından olan 7 vəzifəli şəxs ABŞ-ın “qara siyahısına” düşüb.
Amerika Prezidentinin son səfərləri və bəyanatları onu deməyə əsas verir ki, Rusiyaya qarşı pressinq bununla bitməyəcək və Vaşinqton məsələyə daha geniş miqyasda kompleks yanaşmanın tərəfdarıdır. Obama Rusiyaya qarşı Avropa ölkələri ilə yanaşı, Şərqin Yaponiya, Cənubi Koreya, Filippin və Malayziya kimi dövlətlərini də qatmaqla vahid cəbhədən çıxış etməyi və birgə razılaşdırılmış qərarların qəbul olunmasını istəyir. Asiya səfəri çərçivəsində Filippinin paytaxtı Manilada mətbuat konfransı keçirən Obama Avropa dövlətlərinin Rusiyaya qarşı vahid cəbhədən çıxış etməsinin vacibliyindən danışıb və yaranmış böhranın Rusiya-Amerika qarşıdurması kimi görünməsini istəmədiyini deyib.
Bu məlumatları geniş şəkildə verməyimiz təsadüfi deyil. Çünki məqamdan istifadə edərək ABŞ Prezidentindən soruşmaq istəyirik: Məgər Siz Ermənistanın işğalçılıq siyasətini hələ də davam etdirməsini, 20 ildən artıqdır ki, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlamasını, bu işğal nəticəsində 1 milyondan artıq azərbaycanlının hüquqlarının kobud şəkildə pozulduğunu, onların doğma ocaqlarından, ata-baba torpaqlarından didərgin salınmasını görmürsünüzmü? Ermənistanın etnik təmizləmə siyasəti apardığını bütün dünya bildiyi halda, sizin bundan doğrudanmı xəbəriniz yoxdur? Bilirsinizsə, niyə Ermənistana sanksiya tətbiq olunması barədə düşünmürsünüz? ABŞ-ın Ermənistana maliyyə yardımı etməsi işğalçı dövlətə terror aktlarını davam etdirməyə, günahsız azərbaycanlıları qətlə yetirməyə rəvac vermək deyilmi?
Ümid edirik ki, bu suallara Avropa İttifaqı, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar da cavab tapa bilməyəcəklər. Çünki Ermənistan dövlətinin 20 illik işğalçılıq siyasəti terror aktları və günahsız insanları vəhşicəsinə qətlə yetirmələri bu qurumların nümayəndələrinin də gözləri qarşısında baş veirir.
Nüfuzlu təşkilatların işğalçı Ermənistana hələ də sanksiyalar tətbiq etməməsi və bu məsələdə ikili standartlara yol vermələri bu gün beynəlxalq münasibətlər sistemində ciddi böhran yaradıb. Zamanında təcavüzkar Ermənistana qarşı lazımi sanksiyalar tətbiq edilsəydi, digər bu cür hərəkətlərə yol verən ölkələrə də bunu tətbiq etmək olardı. Lakin, Dağlıq Qarabağda separatçılığa rəvac verən, quldurluq və terrorla məşğul olan, azərbaycanlılara qarşı soyqırımında iştirak edən şəxslər hələ də xarici ölkələrdən dəvətlər alır, onlara viza verilir. Əgər bu gün Rusiyaya və rusiyalı iş adamlarına sanksiyalar tətbiq olunursa, niyə bu sanksiyalar Ermənistanın siyasi liderlərinə və rəhbərlərinə də tətbiq olunmamalıdır? Halbuki, Ermənistan keçmiş SSRİ ölkələri arasında ilk işğalçı hərəkətlərə, terror aktlarına yol verən ölkədir. İşğalçı dövlətin qəddarlığına və günahsız insanları qətlə yetirmələrinə göz yumulduğu üçün onlar daha da azğınlaşmışlar və bu gün MDB məkanında ərazi iddiaları hələ də qalmaqdadır.
Ermənistanın qeyri-konstruktiv fəaliyyəti, işğalçılıq siyasətinə son qoymaması, status-kvonun qorunub saxlanmasında maraqlı olması, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməməsi, qanlı etnik təmizləmə siyasəti həyata keçirməsi və son günlər Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərindən atəşə tutulması, günahsız insanları qətlə yetirməsi və uşaqlara qarşı amansız olması işğalçı ölkəyə qarşı ciddi sanksiyaların tətbiq olunmasına tam əsas yaradır.
Bundan əlavə, bir milyondan artıq insanı öz yurdundan qovması və sülh prosesinə xələl gətirən bu cür təxribatçı addımlar atması bu ölkəyə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi sanksiyaların tətbiqini zəruri edir.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.