Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir neçə gün qabaq Ağdamda söylədiyi nitq ölkə ictimaiyyətinin hamısı kimi mənim də ürəyimcə oldu. Cənab Prezident həmin nitqi ilə son günlər daha da quduzlaşan erməni siyasətçilərinə çox kəsərli xəbərdarlıq etdi və ermənilərə himayədarlıq edənlərə də başa saldı ki, bizim səbrimiz sonsuzluğa qədər davam edə bilməyəcək.
Biz öz torpaqlarımızı düşmən tapdağından azad etmək üçün istənilən variantı məqbul sayacaq və işğalçını Vətənimizdən qovacağıq. Eyni zamanda, dövlət başçımızın həmin səfəri və əsgərlərlə görüşdəki nitqi döyüşən ordunun mənəvi əhval-ruhiyyəsinin yüksəlməsinə də öz müsbət nəticəsini göstərdi.
Cənab Prezidentin bədxahlarımıza ünvanladığı əsas tezislərdən biri də o idi ki, ey beynəlxalq ictimaiyyətin fəal üzvləri, BMT üzvü olan bir ölkə o biri ölkənin ərazisinin 20 faizini işğal edib, şəhərləri, kəndləri viran qoyub, siz isə ikili standartlardan əl çəkə bilmirsiniz. Münaqişənin həllinin 20 ildən artıq bir müddətdə mümkün olmadığını söyləyən dövlət başçımız soruşur ki, nəyə görə belədir və özü də cavab verir. Çünki beynəlxalq ictimaiyyət bu məsələ ilə məşğul olmur. Vasitəçilər, sadəcə olaraq, nə hərb, nə sülh vəziyyətini saxlamaq istəyirlər. Bizə deyirlər ki, müharibə etməyin, problemi sülh yolu ilə həll edin. Çağırışlar edilir. Böyük dövlətlərin başçıları açıq bəyanatlar verirlər ki, müharibə olmasın. Yaxşı, biz də müharibə istəmirik. Amma gəlin, bunu həll edin. Bu, sizin imkanınızdadır. Ermənistan asılı bir dövlətdir. Ermənistan öz hesabına yaşaya bilməz. Bu asılı dövlətə deyilə bilər ki, çəkil özgə torpaqlarından. Bu, nahaq işdir, sən beynəlxalq hüququ, ədaləti pozursan. Amma deyilmir. Deyilir ki, gedin, dil tapın, razılaşın.
Bəs onda, sual olunur: biz ermənilərlə necə razılaşaq ki, onlar torpaqlardan çıxmaq istəmirlər? Ona görə bircə yol qalır: hərb yolu.
Bəli, göründüyü kimi danışıqlar nəticə vermir. Lakin hələ müəyyən ümidlər var və yaxın vaxtlarda bəzi görüşlər nəzərdə tutulur. Baxarıq, görərik vəziyyət necədir. Ancaq ermənilər bilməlidirlər ki, bu məsələ belə davam edə bilməz. Azərbaycan xalqının səbri artıq tükənib. Bizim imkanımız, bizim güclü ordumuz var. Cəmiyyətdə çox gözəl ab-hava, vətənpərvərlik ruhu vardır. Mən deyirəm, yüz minlərlə gənc indi cəbhə bölgəsində əməliyyatlarda könüllü kimi gedib iştirak etmək istəyir. Hələ ki, buna ehtiyac yoxdur. Ordumuz vardır və öz vəzifə borcunu layiqincə yerinə yetirir. Prezidentin cəbhədəki son hadisələrə münasibəti də hər bir vətəndaş üçün gözlənilən idi. Ona görə də dövlət başçısından həmin münasibəti eşitdik: “Son hadisələr zamanı biz itki vermişik. Hər bir vətəndaşın, əsgərin itkisi bizim üçün çox böyük faciədir. Amma qarşı tərəf daha böyük itkilər verib. Bununla bərabər, beynəlxalq aləm də gördü ki, bu, dondurulmuş münaqişə deyil. Çünki bir çoxları bunu dondurulmuş münaqişə kimi qələmə verirlər: bəli, getsinlər Ermənistan və Azərbaycanla danışsınlar. Danışsalar yaxşı olar, danışmasalar da pis olmaz. Budur beynəlxalq təşkilatların əsas mövqeyi. Ancaq bu hadisə göstərir ki, bu, dondurulmuş münaqişə deyil və Ermənistanın havadarları — onlara ən çox dəstək verən dairələr, xarici ölkələrin dairələri, o cümlədən erməni diasporu – onlar başa düşməlidirlər ki, bu gün Ermənistan üçün çox böyük problemlər yarana bilər. Əgər o, öz öhdəliyini yerinə yetirməsə, əgər beynəlxalq təşkilatların qərarlarını icra etməsə, torpaqlarımızı boşaltmasa, onların axırı çox ağır ola bilər. Çünki bu gün artıq bizim qabağımızda tab gətirə bilmirlər.
Mən bir azərbaycanlı ziyalı kimi cənab dövlət başçımızın bu qətiyyətini, məntiqini və kəsərli xəbərdarlıqlarını eşitməkdən çox məmnun oldum. Tam qətiyyətlə inanıram ki, Azərbaycan dövlətinin siyasəti ermənilərin həqiqəti başa düşməsinə gətirib çıxaracaq və bizim torpaqlarımız işğaldan azad olunacaq.
Tofiq BAKIXANOV,
Respublikanın xalq artisti, Bakı Musiqi Akademiyasının professoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.