Ermənistanın 20 ildən çoxdur ki, Azərbaycanın ərazisinin iyirmi faizini işğal altında saxlaması, etnik təmizləmə siyasəti həyata keçirməsi və bunun nəticəsində bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə indiyə qədər beynəlxalq hüquqi qiymət verilməməsi ictimaiyyətin ciddi narazılığına səbəb olub.
Beynəlxalq qurumların terrorçu Ermənistan dövlətinin cinayətkar əməllərinə göz yumması, bu vaxta qədər heç bir sanksiya tətbiq olunmaması işğalçını daha da şirnikləşdirib. Son günlər Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin mütəmadi olaraq pozulması, günahsız insanların qətlə yetirilməsi və düşmən dövlətin kəşfiyyat-təxribat qruplarının cəbhə boyunca qoşunların təmas xəttini keçməyə cəhd etmələri də beynəlxalq birliyin bu məsələyə münasibət bildirməməsinin nəticəsidir.
Azərbaycan ictimaiyyətinin nümayəndələri beynəlxalq birliyin bu ədalətsizliyə göz yummasını və Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini ayaq altına atmasına etiraz edərək bildirirlər ki, qeyd olunan laqeyd münasibətlər cəmiyyətdə həmin qurumlara olan inamı heçə endirib.
Milli Məclisin sosial siyasət komitəsi sədrinin müavini Musa Quliyev dünyada mövcud olan ikili standartlara münasibət bildirərkən dedi:
— Ermənistana bu vaxta qədər sanksiyaların tətbiq olunmaması və işğalçı dövlətin beynəlxalq hüququn norma və prinsiplərini açıq şəkildə saymaması xalqımızı narahat edən məsələdir. Cənab Prezident İlham Əliyev də təəssüflə bildirib ki, dünyada ikili standartlar var və həmin ikili standartlar imkan vermir ki, işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə həyata keçirilsin, yaxud da ATƏT bununla bağlı konstruktiv, doğru bir qərar qəbul etsin. Ermənistana sanksiyalar, hərbi güc tətbiq olunmalı, işğalçı dövlətin azğınlığının qarşısı alınmalıdır. Qəribədir ki, bu gün bir sıra beynəlxalq qurumlar, xüsusilə Avropa Şurası və Avropa İttifaqı özlərini dünyada insan hüquq və azadlıqlarının müdafiəçisi kimi göstərir. Görəsən, bu qurumlar bir milyondan artıq azərbaycanlının hüquqlarının kobud şəkildə pozulmasını görmürlərmi? Axı, hər dəfə bu qurumun nümayəndələri ölkəmizə gələndə öz doğma ata-baba ocaqlarından didərgin salınmış qaçqın və məcburi köçkünlərlə görüşür, onların yaşayış tərzləri ilə yaxından tanış olurlar.
Söz yox, Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu strategiya nəticəsində qaçqın və məcburi köçkünlər üçün müasir infrastruktura cavab verən qəsəbələr salınıb, hər cür şəraiti olan mənzillər tikilib. Ancaq doğma ocaqlarından didərgin salınan soydaşlarımız hər dəfə beynəlxalq təşkilatların nümayəndələri ilə görüşərkən öz ata-baba torpaqlarına qayıtmaq istədiklərini bildirirlər. Həmin təşkilatların nümayəndələri də söz verirlər ki, bu barədə beynəlxalq aləmdə obyektiv məsələ qaldıracaqlar. Ancaq onlar Azərbaycandan ayrılan kimi yenə də öz əvvəlki amplualarına qayıdır, ayrı-seçkiliyi, ikili standartları davam etdirir, bu ədalətsizliyə və beynəlxalq hüququn Ermənistan tərəfindən kobud şəkildə pozulmasına göz yumurlar. Belə riyakar siyasət, təbii ki, xalqımızı hiddətləndirməyə bilməz.
İyirmi ildən çoxdur ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi adi kağız parçası olaraq qalmaqdadır. Belə bir mötəbər qurum fəaliyyətsizliyinə görə nüfuzdan, hörmətdən düşür və beynəlxalq aləmdə ona göstərilən etimadı itirir. Yəni, doğrudanmı BMT rəhbərliyi bu barədə düşünmür? Təəssüf ki, ATƏT-in Minsk qrupu da bu işi öz öhdəsinə götürməsinə baxmayaraq, bir dəfə də kimin işğalçı, kimin işğala məruz qaldığını bəyan etməyib. Dünyanın böyük dövlətlərinin həmsədrlik etdiyi bu qurumun 20 ildən artıqdır ki, fəaliyyətsizliyi, üzərinə götürdüyü missiyanı yerinə yetirə bilməməsi təəccüb doğurur. Hesab edirəm ki, bütün bunlar ikili standartların bariz nümunəsidir. Artıq buna son qoymağın vaxtı çatıb!
Qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.