Azərbaycan dövləti güclü milli-mənəvi dəyərlər üzərində qurulubdur

 

Hər dəfə milli-mənəvi dəyərlərdən söz düşəndə nədənsə gözlərim önünə müharibə dövrünün uşaqlarından bəhs edən “Şərikli çörək” filmi gəlir. Bu ekran əsərində qırçı Məhəmmədi çoxları tanıyır. Onun balaca Vaqiflə dostluğu tamaşaçılar tərəfindən alqışlarla qarşılanır. Vaqif son ana kimi öz dostuna sadiq olur. Məhəmməd iş vaxtı zədə alıb xəstəxanaya düşdüyü zaman Vaqif ona baş çəkməyə gedir. Bu sadə qırçının kədər dolu gözlərinə baxanda hiss olunur ki, o, həyatı boyunca çox çətinliklər görmüş, çox hadisələrlə üzləşmiş və sanki ömrünün belə uzandığından bezmişdir. Müharibənin bu ağır illərində qırçı öz balaca dostunu qəlbindəki işığın hərarəti ilə isitməyə çalışır.

Balaca Vaqif də bu hərarətdən qızınır, qırçının çörəyinə şərik olur. Şərikli çörək uşağın bu vaxtacan yediyi və bundan belə yeyəcəyi çörəklərin bəlkə də ən dadlısı, ən ləzzətlisidir.

Filmin estetik ideyası ondan ibarətdir ki, müharibə insanlara nə qədər əzab, əziyyət gətirsə də onların mənliyini şikəst edə bilmir, dar gündə bir-birinə arxa duranlar tamaşaçı gözündə yüksəlirlər, belələrinə qarşı hörmət, məhəbbət hissi daha da güclənir. Bu ekran əsərini təsadüfən xatırlamadım. “Şərikli çörək” filmi kimi əsərlərdə xalqımızın milli-mənəvi dəyərləri təbliğ olunur. Filmdə insani dəyərlər - xeyirxahlıq, dostluqda sədaqət, mübarizlik, zəhmətsevərlik, səxavətlilik, insanlara sevgi, qayğıkeşlik və s. nəcib xüsusiyyətlər qabarıq şəkildə verilir, nəsildən-nəslə ötürülür.

Milli-mənəvi dəyərlərimiz xalqımızın simasında zaman-zaman yaşamışdır. Bizi başqa xalqlardan, millətlərdən fərqləndirən də elə bir çox məqamda milli-mənəvi dəyərlərimiz, mədəniyyətimiz, mənəviyyatımızdır. Bu mənada Azərbaycan ailəsi də başqa millətlərin ailələrindən fərqlənir. Ailələrimizdə böyüyə hörmət, ata-anaya sevgi, ehtiram, kiçiklərə qayğı, diqqət əsas göstəricilərdəndir. Bizim gələcək nəsillərə örnək olan əxlaq, tərbiyə simvolu, məhəbbət etalonu kimi daim hörmətlə anılan nümunəvi ailələrimiz çoxdur. Bu ailələr Azərbaycan xalqına, sözün həqiqi mənasında, böyük şəxsiyyətlər, dahilər bəxş etmişdir.

Dahi şairimiz Mirzə Ələkbər Sabirin qardaşı oğlu Zeynalabdin Tahirzadənin xatirələrində maraqlı bir məqam var. Zeynalabdin Tahirzadə yazır:

– “Əmim 1911-ci ilin yazında müalicə üçün Tiflisə, sonra isə Bakıya getmişdi. Müalicə yaxşı nəticə vermədiyi üçün vəziyyəti ağır bir halda Şamaxıya qayıdıb gəlmişdi. Şamaxıda keçirdiyi son günlərdə mən həmişə onun çarpayısının yanında olardım. O, üzü küçəyə baxan eyvanda yatırdı. Vəziyyəti nə qədər ağır olsa da, təmkinini itirmir, ev adamlarını, dostlarını narahat etmirdi.

Bir gün şəhərin hörmətli tacirlərindən Hacı Əbdürrəhim Səmədov əmimin yanına gəldi, ona üç yüz manat pul və ağzı bağlı bir paket verdi. Əmim paketi açıb, məktubu oxudu. Məktub “Molla Nəsrəddin” jurnalının redaktoru Mirzə Cəlildən idi. Məzmununu xatırlamadığım məktubda təxminən bu sözlər yazılmışdı: “Sabir, adamın yaxşı dostu xəstə olanda onu yoluxmağa gedir, özü də əliboş getmir, gücü çatan bir töhfə də aparır. Təəssüf ki, Şamaxıya gəlib, səni şəxsən yoluxmağa imkanım yoxdur. Bu üç yüz manatı bir töhfə kimi məndən qəbul et”.

Xalqımızın tarixində buna bənzər əhvalatlar çox olub. Xeyir iş görmək, insanların xoşbəxtliyinə çalışmaq, onlara yardım etmək, çətin gündə köməyini əsirgəməmək azərbaycanlıların canından-qanından gələn mənəvi dəyərlərimizdəndir.

Bakı Dövlət Universitetinin tarix fakültəsinin etnoqrafiya kafedrasının müdiri, tarix elmləri doktoru, professor Qüdrət İsmayılzadənin bu barədə fikirləri belədir: “Bizim milli-mənəvi dəyərimizin tarixi Azıx mağarasına kimi uzanır. Daş dövrünün özünün də mənəvi dəyərləri vardır. Daş texnologiyası, daş alətlərin hazırlanması, onların istifadədə rolunun artırılması və s. özü də mənəvi dəyərlərdir. Sonra erkən əkinçilik mədəniyyəti gəlir. Azərbaycan ərazisində 7 min il hakim olan milli-mənəvi dəyərlər bu gün də qalmaqdadır. Qazıntılar zamanı kiçik ölçülü qadın heykəlləri tapırıq. Bütün bunlar hələ o dövrlərdə qadına, anaya, ağbirçəyə hörmətin yüksəkdə dayandığının göstəricisidir. Ana-torpaq eyniləşdirilir. Bu, təsadüf deyil. Bəzən qəbirlərdə bükülü vəziyyətdə dəfn olunmuş insanlara rast gəlinir. O zaman belə düşünürdülər ki, insan öldükdən sonra yenidən ana bətninə qayıdır.

Xalqımız əsrlər boyu milli dövlətçilik ənənələri ilə tanınmışdır. Hələ Azərbaycan ərazisində mövcud olmuş ilk siyasi qurumlar – tayfa ittifaqları dediklərimizdən soraq verir.

Azərbaycan dövlətçilik ənənələri tarixində mühüm yeri olan “Oğuznamə” (Nəsihətnamə) və Səlcuq sultanı Alp Arslan Məlikşahın dövründə yazılmış “Dövlət idarəetmə kitabı” (Siyasətnamə) bu sahədə qiymətli sənədlərdir. Bu əsərlərdə göstərilir ki, “ədalətli cəmiyyət qurmaq üçün irili-xırdalı bütün işləri əli, dili, qələmi, əməli, qəlbi düz olan ağıllı, elmli insanlara tapşırmaq lazımdır. Ölkədə qayda-qanun möhkəm olsa, qanunlar düzgün yerinə yetirilsə, işlər ədalətlə gedər”.

Milli-mənəvi dəyərlərimizin qoruyucusu ulu öndər Heydər Əliyev əvəzsiz şəxsiyyət, təcrübəli dövlət başçısı olmaqla yanaşı, eyni zamanda tarixçi idi. Onun xalqa “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında” adlı müraciəti tarix elminin inkişafına təkan verən konseptual sənəddir.

Niyə məhz bu dövr ulu öndərin diqqətini cəlb etmişdir? Tarixə nəzər salsaq görərik ki, Heydər Əliyevin bu dövrə xüsusi əhəmiyyət verməsi əbəs deyil. Azərbaycanın bütün coğrafi istiqamətlərdən, xüsusilə Şərqdən və Qərbdən daha çox siyasi və mədəni təsirlərə məruz qalması bu dövrə təsadüf etmişdir. Məhz bu zaman kəsiyində dövlətimiz Şərq və Qərb sivilizasiyalarının qarşılaşıb qovuşduğu məkana çevrilir, təkallahlı dinlərin ilkin formalaşdığı və yayıldığı ərazilərdən biri kimi diqqəti cəlb edir. Xalqımızın, dövlətçiliyimizin, elmi-mədəni irsimizin, ictimai-siyasi baxışlarımızın formalaşmasında çox mühüm bir hadisə baş verir. İslam dininin yayılması, xüsusilə bu dinin birləşdirici rolu sayəsində ən qədim sivilizasiya ocaqlarından biri olan Azərbaycan ərazisində dünyanın ən qədim və özünəməxsus mədəniyyətlərindən birinin daşıyıcılarından olan Azərbaycan xalqı formalaşır.

İslamın qəbulundan sonra geniş İslam-türk dünyasına qovuşan Azərbaycan xalqı eramızın ikinci minilliyində daha da tərəqqi etdi, özünün qabaqcıl mədəniyyətini həm Şərqə, həm də Qərbə yaydı. Xalqımız çox geniş Avrasiya coğrafi məkanında mədəniləşdirici rol oynadı.

Tarixin dərslərinə diqqətlə yanaşan, keçən əsrin 70-ci illərindən başlayaraq xalqımızda milli mənlik şüurunun oyanışında misilsiz xidmətləri olan Heydər Əliyev həmişə maddi və mənəvi mədəniyyətimizin inkişafına xüsusi qayğı, himayə göstərmişdir. Nadir şəxsiyyətlərimizin şərəfinə ucaldılmış abidələr, onların yubileylərinin dövlət səviyyəsində, beynəlxalq miqyasda qeyd olunması, zorakı deportasiyalar, soyqırımları barəsində sərəncam və fərmanları bu nurlu zəka sahibinin Azərbaycan mədəniyyətinə, mənəvi dəyərlərimizə qayğısının bariz nümunəsidir. “Kitabi Dədə-Qorqud” dastanlarının xalqımıza məxsus olduğunu təsdiqləyən tarixi fərman və bunun 1300 illiyinin dünya miqyaslı bayram təntənəsinin məhz Azərbaycanda keçirilməsi Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətlərindən biridir. Ulu öndər “2000-ci ildə 1300 illik yubileyini təntənə ilə qeyd etdiyimiz “Kitabi Dədə-Qorqud” kimi möhtəşəm bir abidəyə malik olmağımız onu göstərir ki, bu torpaqda hələ bizim eramıza qədərki dövrdə böyük bir mədəniyyət mövcud olmuşdur” –  deməklə bütün tarix elminin tədqiqatçılarının diqqətini məhz həmin dövrə yönəltmişdir.

Ümummilli liderimiz xalqın qədim milli-mənəvi dəyərlərini müasirliklə bağlayaraq deyirdi: “Həyatda uğurla yaşamaq üçün xalqımızın, millətimizin milli-mənəvi dəyərlərinə sadiq olmaq lazımdır, bu milli-mənəvi dəyərləri ümumbəşəri dəyərlərlə birləşdirib müasir həyat tərzi keçirmək lazımdır”.

Fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilovun fikrincə, bu gün mədəni-mənəvi köklərimizə qayıdış istiqamətində, milli mənsubiyyətin təkcə formal surətdə deyil, həm də məzmun baxımından təsbit olunması uğrunda aparılan mübarizə elmi-nəzəri əsaslara malik olmalıdır. Xüsusən televiziyanın, mətbuatın milli mənəviyyata yad elementlərlə dolduğu bir vaxtda mənəvi mühitin qorunması problemi çox aktualdır.  Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının keçirilməsi bir daha təsdiqlədi ki, ulu öndərin layiqli davamçısı, dövlətimizin başçısı Prezident İlham Əliyev maddi-mənəvi dəyərlərimizin keşiyində ayıq-sayıq dayanmışdır. “Çoxmillətli dünyada sülh şəraitində birgə yaşama” devizi altında işə başlayan II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edən Prezident İlham Əliyev demişdir: “Müstəqil Azərbaycan dövləti güclü milli-mənəvi dəyərlər üzərində qurulubdur. Eyni zamanda, Azərbaycana da müxtəlif dövrlərdə, xüsusilə XIX əsrdən başlayaraq Avropa təsiri də kifayət qədər güclü olmuşdur.  Azərbaycan müsəlman aləminin bir parçası olaraq İslam Əməkdaşlıq Təşkilatında çox fəal iş aparır. Böyük qürur hissi ilə deyə bilərəm ki, Bakı şəhəri 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilmişdir. Bizim digər qədim şəhərimiz Naxçıvan isə 2008-ci ildə bu şərəfli ada layiq görülmüşdür. Bununla bərabər keçən il Bakıda ən mötəbər musiqi yarışı – “Evrovision” keçirilmişdir. 2015-ci ildə birinci Avropa Oyunları Azərbaycanda keçiriləcəkdir. Yəni, bax bu məsələlər özlüyündə göstərir ki, Azərbaycanda mədəniyyətlərarası dialoqun aparılması üçün nəinki çox gözəl zəmin və əsas vardır, eyni zamanda, biz öz təşəbbüslərimizlə, öz xarici siyasətimizlə və sivilizasiyalararası dialoqa verdiyimiz töhfələrlə bu əməkdaşlığı daha da genişləndiririk...”

Milli-mənəvi dəyərlərimizin qorunmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi çoxşaxəli layihələr də diqqətçəkəndir. Fond Azərbaycanın muğam sənətinin, eləcə də çoxəsrlik abidələrinin qorunması, mədəniyyətimizin ölkə hüdudlarından kənarda təbliğinə böyük qayğı göstərir. Təsadüfi deyildir ki, fondun təşəbbüsü ilə “Bakı” jurnalının və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə layihəsi çərçivəsində Vyananın Tarix Muzeyində “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisinin açılışı olmuşdur. Bütün bu tədbirlərin əsasında isə mütləq milli-mənəvi dəyərlər sistemi dayanır.

Azərbaycanın Qobustan Milli Tarixi-Bədii Qoruğunun “Avropada ilin muzeyi” müsabiqəsinin qalibi olması isə hər bir azərbaycanlıda qürur hissi doğurur. Daha bir Azərbaycan mədəniyyət gecəsi isə Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Bavariya Federal Torpağının paytaxtı Münhenin məşhur “Rezidens” Mədəniyyət Sarayında keçirilmişdir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində keçirilən tədbirlərin siyahısını bir az da uzatmaq olar. Amma, necə deyərlər, “görünən dağa nə bələdçi”. Bir azərbaycanlı kimi milli-mənəvi dəyərlərimiz barəsində düşünərkən sevinir, qürurlanırıq. Milli-mənəvi dəyərlərimiz həqiqətən bizim qürur mənbəyimizdir.

Telman ƏLİYEV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında