Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi müasir reallıqlar kontekstində

 

 

 

Şərqlə Qərbin, Avropa ilə Asiyanın birləşdiyi, İslam və xristian sivilizasiyaları arasında, mühüm nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişmə nöqtəsində, geosiyasi cəhətdən əhəmiyyətli zonada yerləşən və zəngin karbohidrogen resursları olan, Qafqazın ən böyük potensiala malik ölkəsi – Azərbaycan bu üstünlükləri ilə daim diqqət mərkəzində olub. Nəinki yalnız qonşu ölkələr, hətta dünyanın böyük dövlətləri də Azərbaycanın yerləşdiyi bu regionda öz mövqelərini möhkəmlətməyə çalışmışdır və hal - hazırda da bu proses davam edir.

Məhz buna görə də bu gün Azərbaycan xarici siyasi strategiyasında iki başlıca məsələ ön plana çəkilir:

1. Regionun enerji resursları ilə zəngin dövləti olan Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsi;

2. Cənubi Qafqaz regionunda böhrana səbəb olan və ölkəmizin üzləşdiyi ən böyük problem - Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli.

Bunlar, qeyd etdiyimiz kimi, Azərbaycanın strateji əhəmiyyətindən yaranan əsas məsələlərdir.

Tarixi faktlar göstərir ki, xüsusən Rusiya bu regionda öz mövqeyini möhkəmlətməyə can atan əsas dövlət olmuşdur və XIX əsrin əvvəllərindən etibarən bu mövqeyin zəifləməsi təhlükəsi ilə üz - üzə qalması onu regionda özünə dayaq yaratmaq üçün erməni əhalisindən istifadə etməyə məcbur etmişdir.

Məhz Rusiyanın o zamankı köçürmə siyasəti əsasında erməni əhalisinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilməsi bugünkü Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ probleminin yaranmasının tarixi kökü hesab olunur. Bu ərazilərdə müxtəlif etnik qrupların məskunlaşmasını təmin edən Rusiya sonrakı mərhələdə lazım gəldikdə bu etnik qruplar arasında münaqişə yaradaraq onları özündən asılı vəziyyətdə saxlamağa müvəffəq olmuşdur.

Sonrakı mərhələdə isə Rusiyadan dəstək alan ermənilərin Azərbaycanın strateji baxımdan böyük əhəmiyyətə malik olan Qarabağ bölgəsinə tarixən iddiaları bu torpaqlar hesabına öz dövlətinin yaradılması və getdikcə ərazisinin genişləndirilməsi, nəticə olaraq “Böyük Ermənistan” xülyasının gerçəkləşdirilməsi məqsədi daşımışdır. Bu məqsədlə erməni separatçılarının 1988-ci ildən başlayan və bu günə qədər davam edən Azərbaycan və Türkiyəyə qarşı “xaç yürüşü” qanlı terror aktları ilə reallaşdırılmışdır. Daha sonra SSRİ-nin süqutu və dövlətlərin müstəqillik qazanmasından sonra intensivləşən erməni hücumu nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuşdur.

1994 - cü ildə iki ölkə arasında imzalanan atəşkəsə baxmayaraq, bu günə qədər Azərbaycan öz torpaqlarını geri qaytarmağa, təəssüf ki, müvəffəq olmamışdır və münaqişə dondurulmuş şəkildə davam edir. Hətta ermənilərin dəfələrlə atəşkəsi pozması Qafqazı ciddi böhran zonalarından birinə çevirmişdir.

Bu günə qədər öz həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda təhlükə mənbəyi olmaqla yanaşı, həmçinin beynəlxalq aləmi də maraqlandıran məsələlərdən biri olmuşdur. Lakin bununla belə, Azərbaycan Respublikasının apardığı fəal xarici siyasət nəticəsində bir sıra beynəlxalq təşkilatların münaqişənin həllinə cəlb olunması gözlənilən nəticəni verməmişdir.

Məlum olduğu kimi, münaqişənin həlli ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupu münaqişə ilə bağlı ən fəal aktor hesab olunur. Lakin bu istiqamətdə ATƏT-in fəaliyyətinə qısa nəzər yetirsək görərik ki, istər Budapeşt sammitində (5-6 dekabr 1994-cü il), istərsə də Lissabon sammitində (2-3 dekabr 1996-cı il) qəbul olunan qərarlar yerinə yetirilməmişdir. Bununla yanaşı, ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəli sürdüyü təkliflər də (“Step by Step”, “Package Deal”, “Commonwealth”) etibarsız olmuşdur.

2004 - cü ildən etibarən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Praqada baş tutmuş görüşü ilə münaqişənin həllində yeni mərhələ başlanmışdır. ATƏT-ə görə, Praqa prosesləri nəticəsində iki əsas irəliləyiş əldə olunmuşdur:

1. Hər iki tərəfin fikir və mövqeyinin açıq şəkildə bəyan edilməsi;

2. Məsələnin həllinin mərhələli olaraq təyin olunması və müqavilədə hər iki tərəf üçün vacib olan şərtlərin müəyyənləşdirilməsi.

Praqa prosesləri nəticəsində 2007 - ci ildə qəbul edilən üç səhifədən və 14-15 bənddən ibarət “Təməl prinsiplər haqqında sənəd”in ( Madrid prinsipləri ) məxfi olmasına baxmayaraq, onun əsas məqamları aşağıdakılardır:

1) Erməni qoşunlarının altı rayondan bütövlüklə və bir rayondan qismən çıxarılması, o cümlədən Kəlbəcər rayonundan qoşunların mərhələ-mərhələ çıxarılması, Laçın rayonu ilə bağlı xüsusi planın tətbiq edilməsi;

2) 10 min nəfərlik beynəlxalq sülhməramlı qüvvələrin Dağlıq Qarabağla işğal edilmiş rayonların arasında, xüsusilə də Kəlbəcər rayonunda yerləşdirilməsi;

3)  Dağlıq Qarabağa “müvəqqəti beynəlxalq statusun” verilməsi. Bu status Dağlıq Qarabağın seçilmiş rəsmilərinə daha geniş legitimlik verməlidir, vətəndaşlarına isə dünyaya çıxışı təmin etməlidir, lakin Dağlıq Qarabağın beynəlxalq səviyyədə tanınmasını nəzərdə tutmur;

4)  Dağlıq Qarabağın gələcəyini müəyyən etmək üçün gələcəkdə qeyri-müəyyən tarixdə (təfsilatları hələ dəqiqləşdirilməmiş qalan) referendumun keçirilməsi.

Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis olan britaniyalı jurnalist Tomas de Vaal bildirir ki, sənəddə erməni tərəfi narazı salan əsas məqam Ermənistanı Dağlıq Qarabağla şose yolu ilə birləşdirən Laçın rayonunun statusudur, ermənilər bu rayona iki ərazini bir-birinə bağlayan “həyati əhəmiyyətli xətt” kimi baxırlar. Daha geniş mənada, erməni tərəfi onun Dağlıq Qarabağı müdafiə etmək imkanlarını zəiflədəcək beynəlxalq “təhlükəsizlik zəmanətlərinə” ehtiyatla yanaşır. Azərbaycan tərəfini narahat edən əsas məsələ isə Dağlıq Qarabağın statusu haqqında gələcəkdə keçiriləcək referendumun məğzidir.

Təəssüf ki, sənədin qəbulundan sonra da xarici işlər nazirləri, ölkə prezidentləri dəfələrlə görüşlər keçirsələr də münaqişənin həllində yekun razılıq əldə olunmamışdır.

Münaqişənin həlli istiqamətində, təbii ki, Azərbaycan bununla kifayətlənməyərək digər əhəmiyyətli beynəlxalq təşkilatlar olan BMT, Avropa Şurası, NATO, Avropa İttifaqı və başqa qurumların diqqətini münaqişənin həllinə yönəltməyi bacarmışdır. Lakin həmin təşkilatlar çərçivəsində də bu günə kimi problemin həlli mümkün olmamışdır. Hətta BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamədə ( 822, 853, 874 və 884-cü qətnamələr) ermənilərin təcavüzkar siyasəti pislənilsə də və erməni hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaları birmənalı şəkildə tələb olunsa da, Ermənistan tərəfi buna məhəl qoymamışdır.

 Dağlıq Qarabağ probleminin müasir reallıqlar kontekstində araşdırılması nəticəsində məlum olur ki, artıq bu problem regionallıqdan çıxaraq qlobal mahiyyət kəsb etməyə başlamışdır. Çünki, yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan Respublikasının siyasi strategiyasının ən ümdə məsələlərindən biri enerji təhlükəsizliyidir. Bu gün Qərbə  inteqrasiya siyasəti çərçivəsində reallaşdırılan neft və qaz layihələri ilə Avropanın enerji təhlükəsizliyi aktorlarından birinə çevrilmiş respublikamızın üzləşdiyi bu problem həm də onun enerji təhlükəsizliyinə, dolayısı ilə Avropa ölkələrinin enerji resursları ilə təminatına təsir göstərir. Bununla yanaşı, Azərbaycanın bölgədə ən inkişaf etmiş ölkə olması və regionun  ən mühüm strateji hissəsində yer alması münaqişənin həllində müxtəlif maraqlarla çıxış edən aktorların sayını artırır.

Bu baxımdan Dağlıq Qarabağ münaqişəsində tərəflərdən əlavə 5 əsas aktor özünü göstərir: ABŞ, Rusiya, Avropa Birliyi, İran, Türkiyə. Məhz bu aktorlar öz mənfəətləri və bu istiqamətdəki manevrləri ilə Dağlıq Qarabağ problemi ilə bağlı fərqli həll yolları axtarışındadırlar.

Məlum olduğu kimi, Dağlıq Qarabağ probleminin ən fəal və başlıca aktorlarından biri Rusiyadır. Münaqişənin yaranmasının tarixi səbəbkarı olan Rusiya bu gün onun həlli istiqamətində fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun həmsədridir. Xüsusən müstəqillik qazandıqdan sonra Azərbaycan Respublikasının Xəzər dənizindəki ehtiyatlarını Avropaya açması Rusiyanın regionla bağlı məsələlərdə fəallıq göstərməsinə səbəb olmuşdur.

1) Rusiyanın problemin həllində fəal rol oynaması heç də onun münaqişənin həllinə maraqlı olması ilə əlaqədar deyil. Sadəcə olaraq, Rusiya münaqişə həll ediləcəyi tədqirdə məhz onun liderliyi əsasında həll edilməsini istəyir.

Məsələnin həlli ilə bağlı digər mühüm aktor ATƏT-in həmsədrlərindən biri, hazırda dünyada superdövlət səviyyəsinə yüksəlmiş Amerika Birləşmiş Ştatlarıdır. ABŞ-ın Dağlıq Qarabağ məsələsinə münasibəti hər zaman Rusiya ilə münasibətlərinə uzlaşdırılmış şəkildə cərəyan edir. Xüsusilə Xəzər dənizi ehtiyatlarının dünya bazarına çıxarılması istiqamətində Rusiya ilə daim rəqabətdə olan ABŞ üçün əsas əngəl Dağlıq Qarabağ məsələsi hesab olunur. Regionda enerji qaynaqlarının işlənməsində birinciliyi əldə saxlamaq naminə ABŞ regional, eləcə də digər aktorların təsirini azaltmağa çalışır. Burada da əsas hədəf təbii ki, Rusiyadır. Digər tərəfdən, Bill Klinton dövründə bölgədə yaranan etnik münaqişələrə qarışmayan ABŞ 2001 - ci il 11 Sentyabr hadisəsindən sonra münaqişənin həlli istiqamətində aparıcı aktorlardan birinə çevrilmişdir. Bu da respublikamızın rəhbərliyi tərəfindən düşünülmüş diplomatik addımların atılması və beynəlxalq terrorizmlə mübarizəyə dəstək olması nəticəsində mümkün olmuşdur.

Ümumilikdə ABŞ - ın Dağlıq Qarabağla əlaqədar mövqeyi aşağıdakı kimi xarakterizə olunur:

– Problemin mərhələli həllinin dəstəklənməsi;

–  problemin həllində çoxtərəflilik prinsipi;

Bu gün Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları ilə münasibətlərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlsə də, ABŞ-ın Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ciddi addımlar atmamağının da bir sıra səbəbləri var:

– ABŞ dünyanın digər güclü dövləti olan Rusiyanı bölgədən mümkün qədər uzaq tutmağa çalışsa da, bu məsələdə onunla kəskin qarşıdurma yaratmağa meyilli deyil. Çünki Dağlıq Qarabağ məsələsi hələ ki, ABŞ-ın həyati maraqları səviyyəsinə yüksəlməmişdir;

– Amerikadakı erməni lobbisi Dağlıq Qarabağ məsələsində ABŞ siyasətinə təsir göstərəcək səviyyədədir;

– Digər bir səbəb, ABŞ-ın əldə iki qapız tutmaq istəməsidir. Belə ki, bir tərəfdən erməni lobbisinin təsiri ilə Ermənistanla əməkdaşlığı inkişaf etdirən ABŞ, digər tərəfdən Azərbaycan neftinin çıxarılması və daşınmasında söz və pay sahibi olmağa can atır.

 

Son dövrlərdə ABŞ-ın bu məsələdə Azərbaycanı dəstəklədiyi göz qabağındadır. Lakin erməni lobbisinin təsirinin güclü olduğu həmsədr dövlətlərin münaqişə ilə bağlı cəhdlərinin uğursuzluqla nəticələnməsi göstərir ki, Azərbaycan diplomatiyası bununla əlaqədar daha fəal iş görməlidir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə tərəfdar olan digər aktor İran İslam Respublikasıdır. İran öz təhlükəsizliyi və ictimai sabitliyinin qorunması üçün digər aktorların iştirakı ilə də olsa, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır. Çünki Şimalda baş verən hər hansı bir müharibə İrana təsirsiz ötüşə bilməz. İranı da Rusiya kimi qıcıqlandıran məsələ olan Azərbaycanın enerji siyasəti nəticəsində Qərbə yönəlməsi Avropa ölkələri və ABŞ-ın burada mövqelərinin daha da möhkəmlənəcəyi anlamına gəlir.

Münaqişənin həllində Azərbaycana daim tərəf duran yeganə aktor Türkiyə Respublikasıdır. Azərbaycanla etnik, mədəni və dil yaxınlığı olan Türkiyəyə görə, Azərbaycan Orta Asiyaya çıxış üçün mühüm strateji məkan olmaqla yanaşı, həmçinin enerji təminatçısı rolunu da oynayır. Bu baxımdan da Dağlıq Qarabağın işğal olunması Türkiyə üçün Qafqazla bağlı planlarında əngəl yaradır.

Türkiyə münaqişənin sülh yolu ilə həllinə tərəfdar çıxmaqla Azərbaycanın ərazi bötövlüyünün qorunmasını dəstəkləmiş, hətta işğalçılıq prosesinə görə Ermənistanla sərhədlərini də bağlamışdır.

Beləliklə, müasir reallıqlar göstərir ki, Dağlıq Qarabağ münaqişəsi iki ölkə arasında mövcud olan qarşıdurma olmaqdan çıxaraq, böyük dövlətlərin də müdaxilə etdiyi bir problemə çevrilmişdir. Əslində, münaqişənin dondurulmuş şəkildə uzadılmasının da əsas səbəbi üçüncü dövlətlərin burada öz maraqlarını təmin etmək istəyidir. Bir tərəfdən, erməni lobbisi, digər tərəfdən isə enerji təhlükəsizliyi ilə bağlı maraqlar həmin dövlətləri bu maraqların ziddinə gedib münaqişə tərəflərinə təzyiq göstərə bilməməsinə səbəb olur.

Həmçinin mütəxəssislər hesab edirlər ki, münaqişənin beynəlxalq ictimaiyyət üçün əhəmiyyəti hələ də aşağıdır. Əksər beynəlxalq iştirakçılar Dağlıq Qarabağ sülh prosesini dəstəkləsələr də, belə bir fikir də geniş yayılıb ki, münaqişə çox təhlükəli deyil və onun çözülməsi üçün yeni resursların ayrılmasına ehtiyac yoxdur.

Göründüyü kimi, digər dövlətlərin prosesə qoşulması münaqişənin həllinə töhfə verməkdən çox, onların öz maraqlarına uyğun hərəkət etmələri problemin həllində qarışıqlıq yaradır.

Lakin Azərbaycan Prezidenti dəfələrlə beynəlxalq tribunalardan istifadə edərək bildirmişdir ki, münaqişənin sülh yolu ilə həllinin mümkün olmayacağı təqdirdə respublikamızın güclü hərbi potensialı hesabına torpaqlarımızı müharibə yolu ilə qaytarmağa Azərbaycan Respublikasının kifayət qədər gücü var.

Ləman XƏLİLOVA,

“Azerbaijan Realities” analitik təhlil qrupunun üzvü

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında