“Standard & Poor’s” (S&P) kredit reytinqləri xidməti Azərbaycanın uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini “VVV-/A-3” səviyyəsində reytinq üzrə “Sabit” proqnozla təsdiqləmişdir.
S&P reytinq agentliyinin məlumatında vurğulanır ki, ölkədə neft hasilatı ilə bağlı gəlirlərin tədricən azalmasına baxmayaraq, hökumətin genişləndirilmiş təmiz aktivlərinin göstəriciləri, habelə onun xarici kreditor mövqeyi kifayət qədər güclü olaraq qalır.
S&P hesabatında həmçinin bildirilir ki, Azərbaycanın büdcə göstəriciləri yaxın iki ildə də yüksək olaraq qalacaqdır.
Hesabat müəlliflərinin fikrincə, dövlət büdcəsindən əsaslı xərclərin ixtisarı iqtisadi artım templərinə təsir edəcəkdir. Bununla belə, proqnoza görə, ÜDM-in artması, yeni neft-qaz yataqlarına investisiya qoyuluşu sosial sahədə maaşların və digər sosial xərclərin artımını şərtləndirəcəkdir. Uzunmüddətli perspektivdə ÜDM-in adambaşına artımı təxminən üç faiz təşkil edəcək ki, bu da bütovlükdə müqayisə edilə bilən ölkələrin göstəricilərinə uyğundur. Bu hal, ümumiyyətlə, əhalinin həyat səviyyəsinə öz müsbət təsirini göstərəcəkdir.
S&P hesab edir ki, neftin qiymətlərinin aşağı düşməsi ilə şərtlənən konsentrasiya riskləri Azərbaycan hökumətinin əhəmiyyətli likvid aktivləri ilə kompensasiya olunur. Bu aktivlər Dövlət Neft Fonduna məxsus xaricdə investisiya olunan büdcə ehtiyat fondunda yığılır. Ötən il həmin fondun aktivləri 2 milyard dollar artaraq 36 milyard dollara çatmışdır. Bu isə ÜDM-in 48 faizi deməkdir.
Hesabat müəlliflərinin qənaətincə, ölkənin xalis xarici aktivlərinin artması reytinqlərə müsbət təsir edə bilər. Xalis xarici aktivləri makroiqtisadi mühitin xeyli yaxşılaşması, eləcə də aparılan struktur islahatlarının sürətlənməsi şərtləndirir.
S&P-nin apardığı qiymətləndirmədə diqqət mərkəzində saxlanılan bir sıra məqamlara da nəzər salaq. Bu ilin ötən ayları ərzində Azərbaycan iqtisadiyyatının dinamik inkişafı davam etmiş, valyuta balansının profisiti əhəmiyyətli artmış və ölkənin xarici dövlətlərlə münasibətdə kreditor mövqeyi daha da güclənmişdir. Belə şəraitdə bank sistemi xarici böhranın təsirindən etibarlı qorunmuş, sabit qalmışdır. Bunlarla yanaşı,
Azərbaycanın əlverişli xarici mövqeyi qorunmuş, qeyri-xammal ixracının genişlənməsi davam etmiş, ölkəyə investisiya axını sürətlənmiş və valyuta ehtiyatları artmışdır.
Onu da deyək ki, bu il ərzində respublikamızın tədiyə balansında profisitin qalacağı bildirilir. Mərkəzi Bankın proqnozlarına görə, cari ildə tədiyə balansının əməliyyatlar hesabında əhəmiyyətli profisitin olacağı (ÜDM-in 15 faizi qədər) və valyuta ehtiyatlarının artmaqda davam edəcəyi gözlənilir.
Proqnozlara görə, 2014-cü ildə Azərbaycanda iqtisadi artım tempi (5,2 faiz) dünya və MDB üzrə orta artım tempini 2-2,5 faiz bəndi üstələyəcəkdir. Növbəti ildə də qeyri-neft sektorunda ikirəqəmli artım gözlənilir. Daxili investisiya fəallığının formalaşmasında dövlət investisiyaları mühüm rol oynayacaqdır. Məşğulluğun yüksəlməsi, əhalinin real gəlirlərinin artması və istehlak kreditləri istehlak tələbinin müsbət dinamikasını dəstəkləyəcəkdir.
Daxili tələbin tədricən xarici tələblə əvəzlənməsi, ixracın şaxələndirilməsi strateji vəzifələrdəndir. Qeyri-neft sektorunda ixracyönümlü iqtisadi artımın təmin olması və bu artımın əsasən özəl daxili və xarici investisiyalarla dəstəklənməsi son nəticədə dövlət büdcəsinin və tədiyə balansının dayanıqlığının artırılmasına xidmət edir. İxracyönümlü inkişaf modeli ticari sektorun iqtisadi artım və məşğulluqda yüksək xüsusi çəkisinin formalaşmasını nəzərdə tutur. Bunun ən vacib şərtlərindən biri makroiqtisadi dayanıqlıq və sabitlikdir. Bu baxımdan 2014-cü il üçün dövlət büdcəsi xərclərinin stabilləşdirilməsi, neft gəlirlərinin büdcə məqsədləri üçün istifadə olunan məbləğinin optimallaşdırılması yeni strateji çağırışlara tam adekvatdır. Neftin dünya qiymətlərinin dəyişkənliyi şəraitində bu, dünya bazarlarının ölkə iqtisadiyyatına konyunktur təsirlərini mərhələlərlə optimallaşdırmağa imkan verir.
S&P-nin apardığı qiymətləndirmədə Azərbaycan Respublikasının xarici dövlət borcu da əsas amil kimi götürülmüşdür. Yeri gəlmişkən, respublikamızın xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 8,2 faiz təşkil edərək, bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri bu sahədə qabaqlamışdır. Kredit vəsaitlərinin 8,1 faizi 10 ilə qədər, 43,6 faizi 10 ildən 20 ilə qədər, 48,3 faizi isə 20 ildən artıq olan müddətə cəlb edilmişdir. Əsasən Dünya Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə elektrik stansiyalarının tikintisi və bərpası, yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, aviasiya və dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və energetika və s. sahəhələrə sərf olunmuşdur.
Düşünülmüş proqramlara əsaslanan məqsədyönlü fəaliyyət nəticəsində son 10 ildə milli iqtisadiyyata 170 milyard ABŞ dollarından artıq sərmayə yatırılmışdır. Bu cür sürətli inkişaf insanların rifahının yüksəlməsinə səbəb olmuşdur. Sözügedən dövrdə əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əmək haqqı isə 5,5 dəfə artmışdır.Yoxsulluğun 49 faizdən 5,3 faizə, işsizliyin isə 5 faizə düşməsi də mühüm nailiyyətlər sırasına daxildir.
Respublikamız öz tərəfdaşları ilə mühüm transmilli enerji və kommunikasiya layihələrini uğurla reallaşdırmaqla regionun və Avropanın iqtisadi xəritəsini dəyişdirməkdə, onu zənginləşdirməkdə davam edir. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının təxminən 80 faizi Azərbaycanın payına düşür. Öz enerji təhlükəsizliyini təmin etmiş ölkəmiz Avropanın enerji bazarında mühüm amilə çevrilir, həm də onun təhlükəsizliyinə öz töhfələrini verir. Hesablamalara görə, hazırda bir sıra Avropa ölkələrinin enerji bazarında Azərbaycanın payı 30-40 faiz təşkil edir.
“Güclü dövlət, yüksək rifah” prinsipinə əsaslanan, uğurları dünyada yüksək qiymətləndirilən Azərbaycan dövlətinin düşünülmüş və uzaqgörən siyasəti gələcəkdə də ölkəmizin davamlı inkişafını təmin edəcəkdir. Şübhəsiz ki, əvvəlki illərdə olduğu kimi, bu siyasətin ana xətti yenə də insanların həyat səviyyəsinin daha da yüksəldilməsi olacaqdır. Bütün bunlar isə ölkənin gələcək sosial-iqtisadi inkişafına yeni yanaşma tələb edir. Bu baxımdan Azərbaycanın perspektiv inkişafının hədəf və istiqamətlərini müəyyənləşdirən “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası müstəsna əhəmiyyət kəsb edir. Konsepsiyada nəzərdə tutulmuş hədəflər bir daha göstərir ki, bütün sahələri əhatə edən irimiqyaslı tədbirlərin həyata keçirilməsi bundan sonra da ölkəmizin davamlı inkişafını, onun dünyada mövqeyinin daha da möhkəmlənməsini və xalqımızın rifahının yaxşılaşmasını təmin edəcək və 2014-cü il də əvvəlki illər kimi, milli inkişaf strategiyasının ən uğurlu dövrlərindən olacaqdır. Bir sözlə, bu gün inkişafın yeni mərhələsinin əsas hədəfi milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivdə Azərbaycanda dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.