Ermənistan rəhbərlərinin bütün cəhdlərinə baxmayaraq itkiləri gizlətmək mümkün olmadı

 

 

 

 

Son günlərdə düşmənin 47 hərbiçisi öldürülüb, 100-dən çoxu  isə yaralanıb

Azərbaycanın səbr və təmkin nümayiş etdirməsinin daimi olacağını güman edən Ermənistan rəhbərliyi bu dəfə də öz əməllərinin bəlasını çəkməli oldu.  İndiyədək mütəmadi olaraq Azərbaycan diplomatiyasına məğlub olan İrəvan rəsmiləri indi Milli Ordumuzun qarşısında da aciz qaldıqlarını gizlədə bilmədilər.

Doğrudur, Sarkisyan hökuməti bu məğlubiyyəti öz xalqından, xüsusən, döyüşən ordudan gizlətmək üçün çoxsaylı fitnə-fəsadlara əl atdı. Ancaq  sonda gördülər ki,  həqiqətən cidanı çuvalda, öldürülmüş muzdlu erməniləri isə Dağlıq Qarabağın ərazisində gizlətmək olmur.  İndi hamı – yəni  Ermənistan ordusunda döyüşən muzdluların ailələri də bilir ki, cəbhə xəttindəki   son gərginlik zamanı 47 erməni hərbçisi məhv edilib.  Regionun kütləvi informasiya vasitələri Rusiyadakı diplomatik mənbələrdən  daxil olan məlumat əsasında xəbər verirlər ki,  Ermənistan-Azərbaycan dövlət sərhədi və qoşunların təmas xəttində Ermənistanın kəşfiyyat-təxribat qruplarının Azərbaycan Silahlı Qüvvələrinin mövqeyinə basqını zamanı 47 erməni hərbçisi məhv edilib, 100-dən çoxu isə yaralanıb. Məlumatın  maraqlı olan bir məqamı da var. Belə ki, xəbər verildiyi kimi, ölənlərdən 17-si Ermənistan ordusunun Dağlıq Qarabağda dislokasiya olunmuş hərbi hissələrinin əsgəri, 30-u isə Dağlıq Qarabağdakı separatçı rejimin nəzarətində olan muzdlu hərbi qulluqçudur. Mənbə bildirib ki, Ermənistan ordusunun məhv edilmiş əsgərlərinin adları tədricən açıqlansa da, öldürülmüş muzdlu hərbçilər barədə informasiya qapalı saxlanılır.

Burada maraqlı olan nədir? Birinci, Ermənistanın  başqa ölkələrdə təlim keçmiş muzdluları yeniyetmə Azərbaycan əsgərinin qarşısında tab gətirə bilməyib. Bu, bir tərəfdən bizim ordumuzun mükəmməl şəkildə təchiz olunmasının, digər tərəfdən isə əsgərlərimizin Vətənə—Dağlıq Qarabağa sevgisinin, sədaqətinin göstəricisidir.  Xaricdən gəlmiş ermənidə Qarabağa nə sevgi olacaq?  Ermənistan ordusunda muzdluların çox olmasının və həm də çox ölməsinin ikinci səbəbi isə odur ki, Sarkisyan iqtidarının ölkədə yaratdığı aclıq və səfalət üzündən xaricə getmək istəyən minlərlə insan yoldan qaytarılaraq muzdlu adı ilə orduya cəlb edilir ki, yüksək maaş alacaqsınız. Sonra məlum olur ki, maaş da yoxdur, üstəlik ... can da.

Xatırladaq ki,  Azərbaycan  Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də avqustun 6-da Ağdam rayonuna səfəri zamanı onlarla erməni hərbçisinin məhv edildiyini bildirmişdi. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti və nazirliyin rəsmi şəxsləri də ermənilərin dəfələrlə çox itki verdiyi barədə məlumat yaymışdılar. Ancaq Rusiyadakı diplomatik mənbələr  hücuma keçib, Azərbaycan əsgərinin qarşısında  geri qaçmağa məcbur  olan ermənilərin verdiyi itkilər barədə daha müfəssəl məlumat yaydılar.

Əminik ki, Azərbaycan Ordusunun bu cavabı Ermənistan rəhbərliyini bir qədər  dərindən düşünməyə  vadar  edəcək. Düşünə bilsələr, daşı ətəklərindən tökəcəklər. Düşünə bilməsələr isə, daş da ortadadır, baş da.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında