İlk baxışdan elə görünür ki, bu münaqişənin həllini istəməyən beynəlxalq təşkilat yoxdur. Çünki bütün beynəlxalq təşkilatlar açıq şəkildə bəyan ediblər ki, Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Üstəlik də, əlavə edirlər ki, münaqişənin sülh yolundan başqa həlli yoxdur. Yəni biz işğalçı dövlətlə bir masa ətrafında əyləşərək sülh danışıqları aparmalıyıq. Milli- mənəvi dəyərlərimiz baxımından cəllad, qaniçən, uşaq öldürən, şəhər yandıran, separatçı, oğru, terrorçu, narkoman, ən başlıcası, işğalçı insanla bir masa ətrafında əyləşmək qəbuledilməz sayılsa da, biz beynəlxalq ictimaiyyətə və vasitəçi dövlətlərə hörmət əlaməti olaraq ermənilərlə sülh danışıqlarını məqbul sayır və bu prosesə sədaqət nümayiş etdiririk. Ancaq ermənilər 20 ildir ki, bu danışıqlardan qaçırlar.
Azərbaycan ictimaiyyətinin nümayəndələri işğalçı dövlətin həmin destruktiv mövqeyini qınayır və beynəlxalq təşkilatlardan tələb edir ki, Ermənistana sanksiyalar tətbiq olunsun. Azərbaycan Gənc Vətənpərvərlər Birliyinin sədri Müqamət Əliyevin bu barədə dediklərini oxuculara təqdim edirik:
– Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun dediyi kimi, Ermənistan tərəfi prezidentlərin görüşünün baş tutmaması üçün təxribat törədir. Bu isə ermənilərin ənənəvi xəstəliyidir. Onlar 20 ildən artıqdır ki, ya danışıqlardan qaçır, ya razılığa gəlinmiş məsələləri bir neçə aydan sonra yenidən gündəliyə gətirməklə destruktiv mövqe nümayiş etdirir, ya da bax bu şəkildə təxribat əməllərinə əl atırlar. Ancaq çox təəssüf ki, işğalçı dövlətin bu hoqqalarının hamısı dünya ictimaiyyətinin gözləri qarşısında baş verir. Səlahiyyətli beynəlxalq təşkilatların heç biri Ermənistana hansısa sanksiyanın tətbiq olunması təklifi ilə çıxış etmir. Halbuki, dünya təşkilatlarının hamısı Xəzərin karbohidrogen ehtiyatlarına görə Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Dağlıq Qarabağ münaqişəsinin həllinə gəlincə isə həmin qurumların heç biri kəsərli addım atmaq istəmir.
Doğrudur, bütün beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıyan qərar və qətnamələr qəbul etməsi müsbət haldır. Ancaq regiondakı status-kvonu saxlamağa çalışan Ermənistana “gözün üstdə qaşın var” deyənin tapılmaması dünya ictimaiyyətinin o qədər də doğru yolda olmadığının təsdiqi kimi qiymətləndirilə bilər. Nəticədə Ermənistan tərəfi bu təxribatçı addımlarla cəbhə xətti boyunca gərginliyin artırılmasına, ardınca isə müzakirələrin əngəllənməsinə çalışır. Bu isə çox sayda insan tələfatına, sərhəddə yaşayan dinc əhalinin ciddi narahatlığına səbəb olur və insanların təhlükəsizliyini şübhə altına alır.
İrəvan rəhbərliyinin müzakirələrdən boyun qaçırmasının bir neçə səbəbi olsa da, əsas səbəb Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinin 20 faizini işğal etməsi, Ermənistanda və işğal altında olan ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirməsi, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün düşməsidir. İrəvanda yaxşı bilirlər ki, bu münaqişə ilə bağlı aparılan istənilən müzakirədə Azərbaycanın səsləndirdiyi faktları təkzib edə bilməyəcəklər. Ona görə də İrəvan danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirir, status-kvonun qorunub saxlanmasına çalışır, danışıqları pozur. Danışıqları isə daha çox bu şəkildə olan təxribatlarla pozurlar.
Hansısa havadarlarının köməyinə arxayın olan işğalçılar BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasını əngəlləyir, bütün nüfuzlu beynəlxalq qurumların qərar və qətnamələrini qulaqardına vururlar. Təəssüf ki, bu həyasızlıq dünyanın bütün siyasətçilərinin gözü qabağında baş versə də, konkret söz deyə biləcək ünvanların heç birindən reaksiya yoxdur. Nə məsələdir? İşğalçı, seperatçı, regional inkişafın qarşısında ciddi maneəyə çevrilmiş Ermənistana niyə sanksiyalar tətbiq olunmur? Axı, Ukraynada baş verən hadisələrlə bağlı Rusiyaya dərhal sanksiyalar tətbiq edildi.
Biz - Azərbaycan gəncliyinin böyük bir ordusunu özündə birləşdirən Gənc Vətənpərvərlər Birliyi dünya ictimaiyyətinə xatırladırıq ki, Azərbaycan regionda və dünyada hamı üçün vacib olan bir ölkədir. Bunu unutmasınlar. Ermənistan isə ən mənfi imiclərin daşıyıcısına çevrilmiş nüfuzsuz bir ölkədir. Həqiqəti söyləyə bilmirsinizsə, onda öz xalqlarınızın və dövlətlərinizin mənafeyinə hörmət edin. Dağlıq Qarabağ münaqişəsinin həllini istəyən bütün beynəlxalq təşkilatlar Ermənistana qarşı sanksiyalar tətbiq etməlidir. Ya bu sanksiyalara qol qoyun, ya da etiraf edin ki, ikili standartlardan əl çəkə bilmirsiniz. Ancaq unutmayın ki, Azərbaycan sizinlə bütün əməkdaşlıq sahələrində maksimum səmimidir. Bir az da sizdən səmimiyyət gözləyir.
Qələmə aldı:
İ. MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.