Ermənistan beynəlxalq birliyin iradəsinə tabe etdirilməlidir

 

 

 

Bunun üçün BMT Nizamnaməsinə əsaslanmaq kifayətdir

 

 

Ermənistan-Azərbaycan, Dağlıq  Qarabağ münaqişəsi zonasında qoşunların təmas xəttində yaranmış vəziyyət indi bütün Azərbaycan xalqını narahat edir. Xüsusilə son günlər erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərmişlər. Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınmışdır. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilmişlər. Təəssüflər olsun ki, Silahlı Qüvvələrimizin bölmələri də itki vermişlər.

Bu hadisələrdən sonra ABŞ Dövlət Departamenti, Rusiya XİN, Avropa İttifaqı və digər səlahiyyətli qurumların  bəyanatlarında  həlak olanların və yaralananların ailələrinə başsağlığı verilmiş, tərəfləri gərginliyin azaldılması üçün təcili tədbirlər görməyə və atəşkəs rejiminə hörmət etməyə çağırış öz əksini tapmışdır. Bununla yanaşı, bəyanatda qeyd edilir ki, qisasçılıq aktları və zorakılığın davam etdirilməsi münaqişənin dinc yolla tənzimlənməsini  mürəkkəbləşdirər. Təəssüf ki, bu bəyanatlarda Ermənistan silahlı qüvvələrinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrinə məhəl qoymadan, suveren Azərbaycanın ərazisinin 20 faizini, o cümlədən Dağlıq Qarabağ regionunu hələ də işğal altında saxladığı qeyd edilmir, münaqişənin danışıqlar yolu ilə həll edilməsinə üstünlük verilir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində aparılan danışıqların tarixinə nəzər salsaq, qeyd edə bilərik ki, 1992-ci ildən ATƏT-in Minsk qrupunun, beynəlxalq təşkilatların və  böyük dövlətlərin vasitəçilik səyləri ilə yanaşı,  1999-cu ilin aprelindən başlayaraq yeni formada da addımlar atılmışdır. Bu, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoqunun aparılması olmuşdur. Həmin vaxtdan indiyə qədər iki respublikanın prezidentləri Moskvada, Vaşinqtonda, Cenevrədə, Yaltada, İstanbulda, Davosda, Nyu-Yorkda, Minskdə, Parisdə, Ki-Uestdə, Soçidə, Kişinyovda, Praqada, Strasburqda, Varşavada, Astanada, Kazanda, Rambuyedə, Buxarestdə, Sankt-Peterburqda, Sürixdə, Münhendə, Həştərxanda və  habelə Sədərəkdə 45-dən çox görüş keçirmişlər.

Ancaq çox ağır və çətin keçən danışıqlar zamanı Azərbaycan tərəfi öz haqlı mövqeyini müdafiə edərkən bir sıra çətinliklərlə qarşılaşır.  Çünki münaqişə başlanandan keçən dövr ərzində aparılan danışıqlarda təcavüzkar Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətindən əl çəkmir. Digər tərəfdən isə, dünya birliyinin “ikili standartlar” prinsipindən çıxış etməsi, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrini həyata keçirmək üçün konkret fəaliyyət göstərməməsi danışıqlar prosesində irəliləyişin əldə olunmasına maneə törədir.

Buna baxmayaraq, Azərbaycan dövləti beynəlxalq təşkilatların, xüsusilə də münaqişəni dinc vasitələrlə nizama salmaq üçün fəaliyyət göstərən ATƏT-in sülhyaratma təkliflərinə hörmətlə yanaşaraq, onun işində müntəzəm və əməli şəkildə iştirak edir. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev keçən dövr ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə 70-dən çox görüş keçirmiş və bu da münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda Azərbaycanın ilk növbədə sülh variantına üstünlük verdiyinə sübutdur.

Çox təəssüf ki, yarandığı vaxtdan etibarən ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu olunan nəticəni verməmişdir. Buna səbəb, bir tərəfdən Ermənistan  Respublikasının       qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətini davam etdirməsi, digər tərəfdən beynəlxalq təşkilatların, xüsusilə, münaqişənin dinc vasitələrlə nizama salınması üçün əsas rol oynayan ATƏT-in Minsk qrupunun qarşılıqlı güzəşt prinsipini üstün tutaraq təcavüzkarla təcavüzə məruz qalanı eyniləşdirməsidir. Bundan istifadə edən Ermənistan Respublikası ərazi ələ keçirmək məqsədilə başladığı təcavüz üçün daşıdığı məsuliyyətdən qaçmağa can atır, Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi tanınmasını bütün vasitələrlə Azərbaycana qəbul etdirməyə çalışır. Daha doğrusu, təcavüzkar dövlət mövcud status-kvonu mümkün qədər uzatmağa cəhd edir .

Bununla yanaşı, keçən dövr ərzində ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupa həmsədrlik edən ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlər münaqişənin ədalətli həll olunmasında məsuliyyət daşımamış və təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmamışlar. Bundan əlavə, münaqişədə Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, işğal etdiyi ərazilərdən çıxmasını tələb etmədən və qəbul edilən sənədlərdə  bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Eyni zamanda, təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirmişdir.

Bundan başqa, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının  822, 853, 874  və 884 saylı qətnamələri, eləcə də Təhlükəsizlik Şurası sədrinin qəbul etdiyi 7 bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin işğal etdikləri  Azərbaycan ərazilərindən dərhal çıxması qeyd olunsa da, bu sənədlər qəbul edilərkən Şuranın üzvü olan böyük dövlətlər, xüsusilə də ABŞ, Rusiya, Fransa nümayəndələri Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına  razılıq verməyərək, münaqişənin atəşkəs və danışıqlar yolu ilə həll olunmasını məsləhət bildilər.

Beləliklə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə aradan qaldırılması sahəsində BMT və dünya birliyinin göstərdiyi səylər Ermənistan Respublikasının açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından təsirli nəticələr verməmişdir. BMT-nin regionda sülhpərvərlik fəaliyyətinin uğursuzluqlarının başlıca səbəbi məhz Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının birbaşa təcavüzü faktının etiraf olunmaması ilə bağlıdır.

Ermənistan Respublikasının BMT Nizamnaməsinin 1-ci və 2-ci maddələrində və ATƏT-in Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobud şəkildə pozmasına baxmayaraq, adı çəkilən nüfuzlu beynəlxalq təşkilatların faktlar toplamaq sahəsində çoxsaylı missiyaları öz nəticələrini çıxararkən Ermənistan silahlı qüvvələrinin münaqişədə bilavasitə iştirakını etiraf etməkdən çəkinir və ya bunu etmək istəmirlər. Halbuki, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Təhlükəsizlik Şurası sədrinin bəyanatlarında və digər beynəlxalq təşkilatların məlum sənədlərində Ermənistan Respublikasının münaqişədə bu və ya başqa formada iştirakı etiraf olunmuş, təcavüz faktları öz əksini tapmışdır. Bu isə beynəlxalq cinayətdir və BMT Baş Məclisinin 1974-cü ildə keçirilən 29-cu sessiyasında təcavüzün istənilən forması (birbaşa, yaxud dolayısı ilə) hərbi cinayət elan edilmişdir.

Ermənistanın Azərbaycana qarşı açıq-aşkar təcavüzü bütün beynəlxalq hüquq norma və prinsiplərinə ziddir. Belə ki, dünyada sülhün və təhlükəsizliyin təminatçısı olan BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndində təşkilatın əsas vəzifəsi kimi “beynəlxalq sülhü qorumaq və bu məqsədlə təcavüz hərəkətlərinə və ya sülhün pozulmasına yönəlmiş digər pozuntulara qarşı təsirli kollektiv tədbirlər həyata keçirmək” nəzərdə tutulur. Nizamnamə nəinki təcavüzü, həm də dövlətlərarası münasibətlərdə qüvvə və ya hədə tətbiq etməni də qadağan edir (2-ci maddənin 2-ci bəndi), dövlətlər arasında baş verə biləcək hər cür mübahisələrin ancaq dinc vasitələrlə həllini tələb edir (2-ci maddənin 3-cü bəndi).

Təcavüz aktının baş verməsilə təcavüzə məruz qalmış dövlət BMT Nizamnaməsinin 39-cu maddəsinə uyğun olaraq BMT Təhlükəsizlik Şurası qarşısında təcavüzkar dövlətin məsuliyyəti məsələsini qoyur. Təcavüz anlayışının müddəalarının birində göstərilən faktın olması kifayət edir ki, Təhlükəsizlik Şurası təcavüzkara qarşı Nizamnamənin VI-VII fəsillərinə uyğun olaraq məcburiyyət tədbirləri görsün. BMT  Baş Məclisinin 1967-ci il 18 dekabr tarixli 2330 (XXII) saylı qətnamə layihəsində təcavüz hərəkətlərinin qarşısını almaq və BMT Nizamnaməsinə uyğun olaraq beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq, eləcə də təsirli tədbirlər həyata keçirmək üçün təcavüz anlayışının mahiyyəti öz əksini tapmışdır.

1974-cü il dekabrın 14-də BMT Baş Məclisinin XXIX sessiyasının 3314 (XXIX) saylı qətnaməsində ilk dəfə olaraq təcavüz anlayışının mahiyyəti və məzmunu açıqlandı və ona beynəlxalq hüquqi qiymət verildi. Səkkiz maddədən ibarət olan qətnamədə təcavüzün nədən ibarət olması müəyyənləşdirildi.

1-ci maddədə göstərilir ki, bir dövlət tərəfindən digər dövlətin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı silahlı qüvvə tətbiq edilməsi BMT Nizamnaməsinə ziddir və təcavüzkarlıq hesab olunur.

2-ci maddədə deyilir ki, dövlətin BMT Nizamnaməsini pozaraq birinci olaraq silahlı qüvvə tətbiq etməsi təcavüz aktına sübutdur.

3-cü maddədə: a) bir dövlətin silahlı qüvvələrinin digər dövlətin ərazisinə müdaxilə və ya hücum etməsi, yaxud müvəqqəti xarakter daşımasından asılı olmayaraq hər hansı bir hərbi işğal və ya müdaxilə nəticəsində ərazinin ilhaqı; b) bir dövlətin silahlı qüvvələri tərəfindən digər dövlətin ərazisinin bombardman edilməsi; c) bir dövlət tərəfindən və ya onun adından, silahlı qüvvələrin, qeyri-nizami dəstələrin və ya muzdluların göndərilməsi və s. təcavüz aktı kimi qiymətləndirilir.

Qətnamənin 5-ci maddəsində göstərilir ki, heç bir siyasi, iqtisadi, hərbi və ya başqa mülahizələr təcavüzə haqq qazandıra bilməz; təcavüz beynəlxalq sülhə, əmin-amanlığa  qarşı cinayətdir və bu cinayəti törədənlər beynəlxalq məsuliyyət daşımalıdırlar; təcavüz nəticəsində ərazi əldə edilməsi və yaxud hər hansı mənfəət qazanılması qeyri-qanunidir. Ermənistan Respublikası tərəfindən qətnamədəki hər hansı bir bəndin, ümumiyyətlə əksər maddələrin pozulması belə bir nəticəyə gəlməyə imkan verir ki, bu, əsl təcavüz hərəkətləridir.

Ermənistanın bu təcavüzkarlığı BMT Nizamnaməsində nəzərdə tutulan öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsi deyil, Nizamnamənin 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə pozulması—başqa dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zor işlədilməsi deməkdir. Bunu belə bir fakt da təsdiq edir ki, Ermənistan parlamenti  bütün  beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, hələ 1989-cu ildə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi, yəni qonşu dövlətin ərazisinin bir hissəsinin ilhaq olunması haqqında qeyri-qanuni qərar qəbul etmiş və bu qərarın indi də qüvvədə qalması Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində ərazi iddiasında olmasına sübutdur.

 Ümumiyyətlə, Ermənistan Respublikası bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin     I və II maddələrində, 1970-ci il  24 oktyabr tarixli beynəlxalq hüququn prinsipləri haqqında bəyannamədə, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM-in Helsinki Yekun Aktında  ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozmuşdur. Bununla yanaşı, Ermənistan başqa dövlətlərin ərazisində yaşayan erməni icmalarının hüquqlarını müstəqil xalqların əsas kütləsinin hüquqları ilə qəsdən qarışdırır və müstəqil dövlətlərin ərazi bütövlüyünə münasibətdə erməni etnik qruplarının hüquqlarına əsassız üstünlük verir. Beynəlxalq hüquq normalarının bu cür ermənisayaq təfsiri dövlətlərin ərazi bütövlüyü və sərhədlərin pozulmasının qeyri-mümkünlüyü haqqında     1990-cı il noyabrın 21-də qəbul edilmiş yeni Avropa üçün Paris Xartiyasına da tamamilə ziddir və qəbuledilməzdir.

Bundan əlavə, beynəlxalq hüquqa görə, soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1961-ci ildən qüvvəyə minən “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur.

Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq olunmuşdur. Bu işğalçı dövlətin yürütdüyü təcavüzkar siyasət 20 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir.

Bununla yanaşı, münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər də Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Bu baxımdan, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, ATƏT, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının qərarları da əhəmiyyətlidir və Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır. Son zamanlar isə Avropa Parlamenti və NATO-nun zirvə toplantılarında qəbul olunan qərarlarda birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğala son qoyulması bildirilir.

Ona görə də böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almaq istəyirlərsə, BMT Nizamnaməsinin VII  fəslinə müvafiq surətdə, qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.

Bu faktı da qeyd etmək vacibdir ki, etnik təmizləmə nəticəsində hazırda Ermənistan mono-etnik, yəni milli azlıqların yaşamadığı dövlətə çevrilmişdir. Bununla yanaşı, bu gün özünü təcrid vəziyyətinə salmış Ermənistan əhalisinin sayı durmadan azalır. BMT İnkişaf  Proqramının himayəsi altında çap olunmuş İnsan Potensialının İnkişafı haqqında məruzədə göstərilir ki, hər il Ermənistanı 23-27 min adam tərk edir. XX əsrin  80-ci illərinin sonunda 3,7 milyon əhalinin yaşadığı Ermənistanda əhalinin 1,5  milyondan çoxu (ümumi əhalinin 40 faizi) müstəqillik dövründə aclıq, işsizlik, səfalət ucbatından xarici ölkələrə mühacirət etmiş və bu proses indi də davam etməkdədir.

Hazırda münaqişənin nizama salınması prosesi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Aparılan danışıqların gedişi konfidensial səciyyə daşısa da, Azərbaycan Prezidenti İlham Əliyev bu gün danışıqlar masası üzərinə bütün işğal edilmiş Azərbaycan torpaqlarının qaytarılması və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı məsələlərinin qoyulduğunu bildirmişdir. Bununla yanaşı, Ermənistanın danışıqlar prosesini süni şəkildə uzatdığını və bu taktikanın heç bir perspektivinin olmadığını söyləyən dövlət başçısı İlham Əliyev nə bu gün, nə on il, nə də yüz il sonra Dağlıq Qarabağın müstəqil olmayacağını vurğulamışdır. 

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək. Dağlıq Qarabağa yalnız Azərbaycanın tərkibində hər hansı bir status verilə bilər. Lakin bu, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Bu prinsipdən kənarda heç bir məsələnin həll oluna bilməyəcəyini bildirən dövlət başçısı Azərbaycanın bununla əlaqədar öz prinsipial mövqeyindən geri çəkilməyəcəyini bəyan etmişdir.

Elçin ƏHMƏDOV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti,“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin müdiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında