Dünyanın bütün ölkələrində yaşayan soydaşlarımız avqustun əvvəllərindən bəri cəbhə xəttində yaşanan hadisələrdən ciddi narahatlıq keçirir, beynəlxalq təşkilatların bu məsələyə ədalətli münasibətini tələb edirlər.
Etirazlarda soruşulur ki, son günlər daha da quduzlaşan işğalçı Ermənistanın qaniçən ordusunun təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq, Azərbaycan Ordusunun mövqelərinə hücuma keçməsi nə üçün beynəlxalq təşkilatlar tərəfindən qınanılmır? Üstəlik, həmin basqınlar bir və ya iki dəfə deyil, müntəzəm olaraq davam etdirilir. Düşmən ölkənin kəşfiyyat-təxribat qrupları cəbhə boyunca qoşunların təmas xəttini bir neçə dəfə keçməyə cəhd göstəriblər. Xatırladaq ki, həmin ərazilər ölkələrarası sərhəd xətləri deyil, bilavasitə Azərbaycanın BMT və bütün beynəlxalq təşkilatlar tərəfindən tanınmış əraziləridir. Yəni, erməni silahlıları Azərbaycan əsgərinin təzyiqinə və təpkisinə bilavasitə Azərbaycan ərazisində məruz qalırlar.
Burada xüsusilə qeyd edilməli məqamlardan biri də odur ki, əksər beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıyan qərar və qətnamələr qəbul etməsi regiondakı status-kvonu saxlamağa çalışan Ermənistana sərf etmir. Ona görə də Ermənistan tərəfi bu təxribatçı addımlarla cəbhə xətti boyunca gərginliyin artırılmasına, nəticədə konkret müzakirələrin əngəllənməsinə çalışır. Bu isə çox sayda insan tələfatına, sərhəd kəndlərində yaşayan dinc əhalinin itkisinə və ciddi narahatlığına səbəb olur, insanların təhlükəsizliyini şübhə altına alır.
İrəvan rəhbərliyi müzakirələrdən ona görə qaçır ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın 20 faiz ərazisini işğal edib, Ermənistanda və işğal altında olan ərazilərimizdə etnik təmizləmə siyasəti həyata keçirilib, nəticədə 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. İrəvan rəsmiləri yaxşı bilirlər ki, bu münaqişə ilə bağlı aparılan istənilən müzakirədə Azərbaycan ortaya təkzib edilməsi mümkün olmayan faktlar və sübutlar qoyacaq. Anlayırlar ki, nəinki Ermənistanın quldur rəhbərləri, ümumiyyətlə, heç bir erməni həmin faktları təkzib edə bilməyəcək. Ona görə də Ermənistan danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirir, mövcud status-kvonun qorunub saxlanmasına çalışır, danışıqları pozur. Danışıqları pozmağın yolu isə mütləq təxribatlardan keçir. O təxribatlardan ki, erməni ordusu son bir həftədə artıq on dəfələrlə reallaşdırıb.
Həyasızlıq o yerə çatıb ki, İrəvan rəhbərləri BMT Təhlükəsizlik Şurasının son 20 ildə dünyanın az qala bütün siyasətçilərinin əzbər bildiyi qətnamələrinin icrasını əngəlləyir, bütün nüfuzlu beynəlxalq qurumların qərar və qətnamələrini qulaqardına vururlar. Müxtəlif beynəlxalq qüvvələrin əlində çoxişlədilən alətə çevrilmiş Ermənistan ATƏT-in bilavasitə bu münaqişənin həlli məqsədi ilə yaratdığı Minsk qrupu həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərini də saymır. Qəribədir, bu sayğısızlıq dünyanın bütün siyasətçilərinin gözü qabağında baş versə də, konkret söz deyə biləcək ünvanların hamısı susur və ya ikili standartların əsirinə çevrilir.
Ancaq dünyada münaqişələrin həlli ilə bağlı təcrübə və beynəlxalq hüquq normaları mövcuddur. Həmin təcrübə və normalar baxımından isə Ermənistanın son addımları ona qarşı ciddi sanksiyaların tətbiq olunmasına tam əsas verir. Odur ki, dünya azərbaycanlıları beynəlxalq ictimaiyyətin qarşısında haqlı və ədalətli məsələ qaldırır: nəyə görə dünya bu haqsızlığa göz yumur? İşğalçı, seperatçı, regional inkişafın qarşısında ciddi maneəyə çevrilmiş Ermənistana niyə sanksiyalar tətbiq olunmur? Axı, qeyd etdiyimiz kimi, beynəlxalq aləmdə bu sanksiyaların tətbiqi mexanizmi vardır və dövri olaraq həmin sanksiyaların tətbiqi ilə rastlaşırıq. Sanksiyaların tətbiqinin Asiyada və ya Afrikadakı nümunələrini yada salmadan bilavasitə öz regionumuzdakı məqamları qeyd etmək kifayətdir. Axı Ukraynada baş verən hadisələrlə bağlı Rusiyaya ciddi sanksiyalar tətbiq edildi. Belə olan halda Ermənistan barədə niyə müvafiq ölçü götürülmür?
Məhz bu suallara cavab tapmaq istəyən dünya azərbaycanlıları və xüsusən, respublikamızın ictimaiyyəti Ermənistanın cəzalandırılmasını və ədalətlin bərqərar olunmasını tələb edir. Dünya birliyi unutmamalıdır ki, Ermənistan dövləti istənilən müttəfiqinə yükdən başqa bir şey deyil. Azərbaycan isə nəinki regionun inkişafında xüsusi rol oynayır, hətta, Avropanın və bütünlükdə dünyanın əksər ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşdır. Azərbaycan dünyada demokratiyanın, birgəyaşayış qaydalarının və multikulturalizmin əsas nümunələrindən birini yaratmış ölkədir. Ermənistan isə müasir tarixin Xocalı soyqırımını törətmiş terrorçu dövlət, narkoticarətçilərin, uşaq qatillərinin rəhbərlik etdiyi, heç bir təməli və perspektivi olmayan ölkədir. Dünya ictimaiyyəti bunu bilməlidir və yaxşı bilir. Bəs elə isə bizim haqlı suallarımız nə üçün cavabsız qalır?
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.