Beynəlxalq Münasibətlərin Araşdırılması
Mərkəzinin rəhbəri Rufiz Qonaqov bu qənaətdədir
İşğalçı Ermənistan ordusu uzun müddətdir ki, atəşkəs rejimini pozaraq mülku əhalini, azyaşlı uşaqları, dinc əhalini qətlə yetirir, Azərbaycan Ordusunun mövqelərinə basqın edirlər. Beynəlxaq qurumların və dünya birliyinin ikili standartının nəticəsində son günlər işğalçı Ermənistan ordüsü daha da azğınlaşmış və düşmən ölkənin kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini bir neçə dəfə keçməyə cəhd göstərmişlər. Təəssüf ki, dünya birliyi bu ədalətsizliyə göz yumur, Ermənistana sanksiyalar təbiq etmirlər.
Ermənistan tərəfinin təxribatçı addımları cəbhə boyunca gərginliyi xeyli artırmış, çoxlu sayda insan tələfatına, sərhəddə yaşayan dinc əhalinin ciddi narahatçılığına səbəb olmuşdur. Son günlər cəbhə bölgəsində baş vermiş acınacaqlı hadisələr ictimaiyyətin ciddi narazılığına səbəb olmuşdur.
Əməkdaşımız Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqova müraciət edərək bu məsələyə münasibət bildirməsini xahiş etmişdir.
R.Qonaqov dedi:
– İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələrnin son günlər ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin mövqelərinə bir neçə dəfə basqın etməsi və kəşfiyyat-təxribat qruplarının cəbhə boyunca qoşunların təmas xəttini bir neçə dəfə keçməyə cəhd göstərməsi barədə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi tərəfindən bəyanat qəbul olunmuşdur.
Diqqətə çatdırım ki, Ermənistan tərəfinin bu təxribatçı addımları cəbhə xətti boyunca gərginliyin xeyli artmasına və çoxlu sayda insan tələfatına səbəb olub. Yaranmış təhlükəli vəziyyətin bütün məsuliyyəti bu cür təxribatçı addımların atılmasına göstəriş verən rəsmi İrəvanın və ona bu azğınlığı etməyə imkan verən beynəlxalq təşkilatların, 20 ildən artıq işğala və beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulmasına göz yuman BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyi kimi nüfuzlu beynəlxalq və regional qurumların, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya Federasiyası və Fransa kimi böyük dövlətlərin üzərinə düşür. Bu vaxta qədər aparılan bütün danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirən, status-kvonun qorunub saxlanmasında maraqlı olan və həmçinin Madrid sülh planından boyun qaçıran işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməməsi, qanlı etnik təmizləmə siyasəti həyata keçirməsi, 1 milyondan artıq insanı öz ata-baba ocağından qovması və sonda sülh prosesinə xələl gətirən bu cür təxribatçı addımlar atması bu ölkəyə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas verdiyi halda, bütün bunlara rəğmən, Azərbaycan dövlətinə qarşı ikili standartlar yeridən müvafiq təşkilatlar nədənsə susmaqda davam edirlər.
R.Qonaqov dedi ki, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan və Azərbaycan prezidentlərinə müraciət edərək, gərginliyin azaldılması üçün təcili tədbirlər görməyə və atəşkəs sazişinə hörmətlə yanaşmağa çağırılıblar. Ancaq nədənsə 22 ildir təsis edilən bu qurumun həmsədrlərinin regiona səfərləri tamamilə səmərəsiz və boş bəyanatlar verməkdən ibarət olmuşdur. Həmsədrlər verdikləri bəyanatda bildirirlər ki, “zorakılığın davam etdirilməsi davamlı sülhün əldə olunmasını çətinləşdirəcək”. Lakin heç bir qəti nəticəyə nail olmayan həmsədrlər unudurlar ki, sülh prosesinə ən böyük təhlükə elə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində olması və beynəlxalq birliyinin bununla bağlı qəti addımlar atmamasıdır. Buna görə də, ilk növbədə Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir, həmsədr ölkələrdə bu məsələdə işğalçı dövlətə təzyiqlər göstərməlidirlər.
BMAM -nin rəhbəri ABŞ Dövlət Departamentinin rəsmisi Marie Harfın yaydığı bəyanatda da bu məsələyə münasibət bildirilmişdir. Guya Dövlət Departamentinin rəsmisi bu məsələdən narahat olduğunu bildirmiş, tərəfləri təcili olaraq gərginliyi azaltmağa və atəşkəsə riayət etməyə çağrmışdır. Vəssalam. Bununla da Dövlət Departamenti öz vəzifəsini bitmiş hesab etmişdir. R.Qonaqov demişdir ki, Azərbaycanla bağlı hər zaman qərəzli mövqe sərgiləyən ABŞ Dövlət Departament müharibə alovları qızışan bir anda bildirir ki, “münaqişənin hərbi yolla həlli mümkünsüzdür, qisasçılıq və zorakılıq münaqişənin dinc yolla həllini yalnız çətinləşdirir”.
Dövlət Departamentinə xatırlatmaq lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər zaman vurğuladığı kimi, torpaqlarımızı hərb yolu ilə azad etmək hüququnu biz hər zaman özümüzdə saxlayırıq, bu, bizim suveren hüququmuzdur. Əgər ABŞ Dövlət Departamenti burada “qisasçılıq” deyərkən, Azərbaycan Ordusunun bitməmiş müharibə zəminində öz torpaqlarını azad etmək və mövqelərimizə xəbis diversiya əməliyyatları cəhdi edən düşmənə sərt cavab verməyi nəzərdə tutursa, o zaman Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi olaraq, biz hər zaman Azərbaycan dövlətini insan hüquqları və demokratiya məsələsində qaralamağa çalışan ABŞ Dövlət Departamentinə xatırladırıq ki, 1 milyondan artıq azərbaycanlının yaşayış və mülkiyyət hüququ 20 ildən çoxdur ki Ermənistan dövləti tərəfindən pozulmaqda davam edir. Həlak olmuş minlərlə vətəndaşımız, iqtisadiyyat, sənaye, ekologiya, təbiət və mədəniyyətimizə dəyən milyardlarla manat zərərin cavabdehi də işğalçı dövlətlə yanaşı, vəziyyət kritikləşən kimi Ermənistanı deyil, Azərbaycan Respublikasını sülhə çağırmaqda təkid edən ABŞ Dövlət Departamenti və onun kimi ikili standatrlar nümayiş etdirən qurumlardır.
Mən və rəhbərlik etdiyim mərkəzin üzvləri bir daha beynəlxalq qurumlardan 20 faiz ərazisi işğala məruz qalan Azərbaycan Respublikasına münasibətdə ədalətli və qəti mövqeyə malik olmalarını, işğalçı Ermənistanın təcili şəkildə cəzalandırılmasını və ona qarşı beynəlxalq sanksiyalar tətbiq olunmasını tələb edirik.
Qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.