Azərbaycan-İran əlaqələri yüksələn xətlə inkişaf edir

 

 

Avqustun 4-dən 7-dək İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olacaq.

Səfər çərçivəsində bir sıra tədbirlərin – Dövlət Komissiyasının 9-cu iclasının, Azərbaycan-İran biznes forumunun və bir sıra rəsmi görüşlərin keçirilməsi nəzərdə tutulur. İran nümayəndə heyətinin ölkəmizə səfəri, Azərbaycan-İran əlaqələri barədə AzərTAc-ın suallarını iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev cavablandırır.

– Cənab nazir, komissiyanın həmsədri kimi Azərbaycanın İranla əlaqələrinin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

– Qeyd edim ki, qonşu ölkələr olan Azərbaycan ilə İran arasında əməkdaşlıq bərabərhüquqlu və faydalı tərəfdaşlıq prinsiplərinə əsaslanır. Siyasi, iqtisadi və sosial-humanitar sahələrdə əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Əsrlər boyu bir yerdə yaşamış, yaratmış xalqlarımız üçün bizim tarixi irsimiz və mədəniyyətimiz çox qiymətlidir. Xalqlarımızı dərin tarixi və mədəni köklər bağlayır və İran-Azərbaycan əlaqələri bu gün bu möhkəm zəmin üzərində qurulur”.

Vurğulamaq istərdim ki, Azərbaycan-İran münasibətlərində qarşılıqlı etimadın yaradılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ümumilikdə, dövlət başçılarının son 20 il ərzində 16 rəsmi və işgüzar səfəri, eləcə də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində çoxsaylı görüşləri, əldə edilmiş razılaşmalar və imzalanmış sənədlər bu münasibətlərin daha da dərinləşməsində böyük rol oynayıb. 2014-cü ilin əvvəlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə Davosdakı görüşü, eləcə də dövlətimizin başçısının bu ilin aprelində Tehrana rəsmi səfəri zamanı keçirilmiş yüksək səviyyəli görüşlər, müxtəlif sahələrdə imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli töhfə verib,  əməkdaşlığın inkişafında yeni mərhələnin əsasını qoyub.

– Siyasi münasibətlərin yüksək səviyyədə olması yəqin ki, iqtisadi əlaqələrin inkişafına da əlverişli şərait yaradır...

– Tamamilə doğrudur. Siyasi əlaqələrimizin yüksək səviyyəsi və geniş müqavilə-hüquq bazası öz növbəsində iqtisadi müstəvidə münasibətlərin inkişafına geniş imkanlar açır. Azərbaycan və İran iqtisadi sahədə də uğurla əməkdaşlıq edirlər. İqtisadi əməkdaşlığın əsas istiqamətlərindən olan ikitərəfli ticarət əlaqələrimiz ildən-ilə genişlənir. 2013-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 7 faiz artıb. Ticarət əlaqələrimizin strukturu çoxşaxəlidir və neft-qaz, sənaye, tikinti, kənd təsərrüfatı və digər sahələri əhatə edir.

Azərbaycanda tikinti, ticarət, kənd təsərrüfatı, bank sektorları üzrə İran investisiyalı 441 şirkət fəaliyyət göstərir və xarici ölkələr arasında şirkətlərin sayına görə İran 4-cü yeri tutur. İran tərəfindən Azərbaycanda əsas kapitala 382 milyon ABŞ dolları məbləğində, qeyri-neft sektoruna isə 105 milyon dollar həcmində birbaşa investisiya yatırılıb. Təkcə 2013-cü il ərzində İranın Azərbaycanda əsas kapitala sərmayəsinin həcmi 158 milyon dollar təşkil edib.

Energetika sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir. 330 kV-luq “Ərdəbil-İmişli” və “İmişli-Cənub” istilik elektrik stansiyaları (İES), 220 kV-luq “Cənub İES-Salyan-Masallı-Astara (İran)” elektrik verilişi xətlərinin tikintisi tam başa çatdırılıb. Prezident İlham Əliyevin İran İslam Respublikasına son rəsmi səfəri zamanı imzalanmış “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi və istismarı haqqında Saziş" bu sahədə əlaqələrimizi daha da genişləndirəcək.

Nəqliyyat sahəsində həyata keçirilən layihələr də Azərbaycan-İran əlaqələrində mühüm yer tutur. Naxçıvan Muxtar Respublikası ilə İranın Şərqi Azərbaycan vilayəti arasında Culfa-Culfa (İran) yeni avtomobil yolu körpüsünün istifadəyə verilməsi nəqliyyat əlaqələrinin genişlənməsi, beynəlxalq tranzit yüklərin daşınması, vətəndaşların rahatlığının təmin olunması baxımından müstəsna əhəmiyyətə malikdir. Azərbaycan və İran arasında müqavilə-hüquqi bazanın genişləndirilməsi, rabitə və yüksək texnologiyalar, kənd təsərrüfatı, turizm, təhsil, səhiyyə, meliorasiya və mədəniyyət sahələrində də əlaqələr uğurla davam etdirilir.

Bununla belə, iki dövlət arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən neft-qaz, yüksək texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları, ticarət, investisiya və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Tehrana səfəri zamanı İranla əməkdaşlığın inkişafına böyük önəm verdiyini vurğulayaraq deyib: “Biz istəyirik ki, əlaqələrimiz bütün sahələrdə uğurla inkişaf etsin və buna nail olmaq üçün indi çox gözəl imkanlar vardır”.

– Azərbaycan və İranın regionun inkişafındakı rolu barədə nə deyərdiniz?

– Ölkələrimizin əlverişli coğrafi-iqtisadi mövqeyi, təbii resurslar və xammal ehtiyatları ilə zənginliyi, şimal-cənub və şərq-qərb istiqamətlərində geniş tranzit potensialı, iqtisadi imkanlarının ilbəil genişlənməsi və digər iqtisadi amillər həm Azərbaycanın, həm də İranın regional əhəmiyyətini artırmaqdadır. Hər iki ölkənin böyük iqtisadi resursları və sənaye potensialı bütövlükdə regionun inkişafına təkan verir.

Regionda konkret olaraq Azərbaycanın mövqeyinə gəlincə isə, qeyd etməliyəm ki, hazırda Cənubi Qafqaz iqtisadiyyatının 75 faizi ölkəmizin payına düşür. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri regionun tranzit potensialını artırır, Bakı Beynəlxalq Dəniz Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, müasir gəmiqayırma zavodu, beynəlxalq hava limanları, magistral avtomobil yolları şəbəkəsi ölkəmizin geniş mənada Asiya və Avropa qitələrini birləşdirən infrastruktur marşrutu olaraq qəbul edilməsini şərtləndirir.

Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz Boru Kəməri, TANAP, TAP kimi dünya miqyaslı karbohidrogen tranziti layihələri isə Xəzər dənizinin təbii ehtiyatlarının nəqlinə şərait yaradır, yeni enerji dəhlizini formalaşdırır.

Regionda yalnız bir ölkə – Azərbaycan ərazisinin 20 faizini işğal etmiş və 1 milyondan artıq soydaşımızın yurd-yuvasından qaçqın və məcburi köçkün düşməsinə səbəb olmuş, 473 tarixi abidəni, 53 məscid və ibadətgahı, qəbiristanlıqları dağıtmış təcavüzkar Ermənistan regional layihələrdən kənarda qalır. Ermənilər tərəfindən xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. XX əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Bu amansız soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, bir sıra qonşu ölkələrə torpaq iddiaları, işğalçılıq siyasəti regional əməkdaşlığın, xüsusilə iqtisadi əlaqələrin inkişafına ciddi maneələr törədir, iqtisadi potensialın tam reallaşmasını məhdudlaşdırır. Bu siyasət nəticəsində digər region ölkələrinin inkişafı fonunda təcavüzkar dövlətdə sosial-iqtisadi ressesiya yaşanır, ölkə regional layihələrdən kənarda qalır, demoqrafik uçuruma yuvarlanır. Bu münaqişə, eyni zamanda Naxçıvanın blokadaya alınması ilə nəticələnib. Blokada vəziyyətində yaşayan Naxçıvanın problemlərinin həll edilməsində İranın dost və qonşu münasibəti bizim üçün əhəmiyyətlidir. Ümumilikdə, ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistanın təcavüzkar və işğalçı addımlarının qarşısının alınması, eləcə də tarixi ədalətin bərpa edilməsi istiqamətində İranın davamlı dəstəyi, Ermənistana təzyiqin gücləndirilməsi çox önəmlidir.

– İran nümayəndə heyətinin Azərbaycana bu səfərindən  nə gözləyirsiniz?

– İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyətinə dövlət rəsmiləri ilə yanaşı, tikinti, sənaye, logistika, nəqliyyat, qida, informasiya kommunikasiya texnologiyaları, xidmət və digər sahələri təmsil edən İran şirkətlərinin 50-dən çox nümayəndəsi daxildir.

Səfər çərçivəsində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 9-cu iclası keçiriləcək. Qeyd edim ki, komissiyanın əvvəlki iclaslarından ötən dövr ərzində ölkələrimiz arasında hüquq-müqavilə bazasının genişləndirilməsi, iqtisadi, sənaye, energetika, nəqliyyat, rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, eləcə də humanitar sahələrdə əməkdaşlığın inkişafı istiqamətində əhəmiyyətli işlər görülüb. Komissiyanın növbəti iclasında əlaqələrimizin hazırkı vəziyyəti və əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə ediləcək. Əminliklə demək olar ki, komissiyanın iclası məhsuldar keçəcək və ölkələrimiz arasında iqtisadi əlaqələrin gələcək inkişafına öz müsbət təsirini göstərəcək.

İran nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan-İran biznes forumu da təşkil olunacaq. Qeyd etdiyim kimi, İran tərəfindən 50-dən çox iş adamının qatılacağı biznes forumda Azərbaycanın analoji sahələrdə fəaliyyət göstərən 100-ə yaxın sahibkarı iştirak edəcək. Biznes forumda Azərbaycan və İran iqtisadiyyatına dair müxtəlif təqdimatlar, iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək, əməkdaşlığa dair sənəd imzalanacaq. Forum çərçivəsində müzakirə edilən məsələlər və aparılan ikitərəfli danışıqlar iki dost ölkə arasında iqtisadi-ticarət əlaqələrinin daha da inkişafına yol açacaq, iş adamları arasında əlaqələrin genişlənməsinə əlavə imkanlar yaradacaq.

İran nümayəndə heyətinin Bakıya səfəri zamanı bir sıra ikitərəfli görüşlərin keçirilməsi və əməkdaşlığın inkişafı perspektivlərinin müzakirəsi nəzərdə tutulur. İranlı qonaqlar səfər çərçivəsində ölkəmizdə fəaliyyət göstərən müəssisələrlə də tanış olacaqlar. Ümumiyyətlə, İran nümayəndə heyətinin ölkəmizə növbəti səfərinin proqramı çox əhatəlidir və hesab edirik ki, aparılan danışıqlar və müzakirələr Azərbaycan-İran əməkdaşlığının inkişafına öz töhfəsini verəcək.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında