Respublikamızın siyasi, sosial-iqtisadi və mədəni inkişaf xüsusiyyətlərindən, məqsədli dövlət proqramları vasitəsilə yeni yüksəliş mərhələlərinə keçidin zərurətindən, nəhayət, gələcəyin strateji hədəflərinin müəyyənləşdirilməsindən irəli gələn “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası dövlətimizin davamlı inkişafının təmin olunmasında, geosiyasi və geoiqtisadi əhəmiyyətinin artırılmasında, Avropa məkanına inteqrasiya prosesinin sürətləndirilməsində, əhalinin sosial rifahının yüksəldilməsində, cəmiyyətin bütün istiqamətlərdə tərəqqiyə nail olunmasında, keyfiyyətcə mükəmməl inkişaf modelinin formalaşdırılmasında müstəsna rol oynayır. Bu konsepsiya çoxşaxəli olmaqla yanaşı, qarşıdakı illər üçün yeni prioritetləri, hədəfləri əhatə edir.
Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində 2020-ci ilədək ölkədə adambaşına düşən ÜDM-in həcminin iki dəfədən çox artırılaraq 13 min ABŞ dollarına çatdırılacağı gözlənilir. Həmin dövrədək Azərbaycanın Dünya Bankının adambaşına düşən ümumi milli gəlir təsnifatına görə “yuxarı orta gəlirli ölkələr”, habelə BMT İnkişaf Proqramının insan inkişafı ilə bağlı təsnifatına görə “yüksək insan inkişafı ölkələri” qrupunda üstün mövqeyə yüksəlməsi qarşıya mühüm vəzifə kimi qoyulur.
Respublikanın beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabət qabiliyyətinə malik ölkəyə çevrilməsi də əsas məqsədlərdən biridir. Bunun üçün konsepsiyada Azərbaycanın regionun ticarət mərkəzinə çevrilməsi, qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcminin 1000 ABŞ dollarına çatdırılması proqnozlaşdırılır. 2020-ci ilədək inflyasiyanın məqbul səviyyədə saxlanılması, daha çevik məzənnə rejiminə keçidin təmin olunması, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi tədbirlərinin həyata keçirilməsi də nəzərdə tutulur.
“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında neft-qaz sektorunun, neft-kimya sənayesinin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsi, aqrar sektorun inkişafı, ərzaq təhlükəsizliyinin təmini, xarici ticarətin, investisiyaların strukturunun təkmilləşdirilməsi prioritet istiqamətlər kimi göstərilmişdir. Konsepsiyanın əhatə etdiyi dövr ərzində qeyri-neft sektoru üzrə ÜDM-in orta illik artım tempinin 7 faizdən yüksək olması da mühüm vəzifələrdən biridir.
Azərbaycan Prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilən sözügedən konsepsiyanın icrasına başlanılan vaxtdan ötən müddətdə qarşıya qoyulan vəzifələr uğurla həyata keçirilir. Artıq sosial-iqtisadi sahələrdə bir sıra müsbət göstəricilər əldə edilmişdir. Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev demişdir: “Bizim uğurlarımızın təməlində düşünülmüş siyasət, sabitlik dayanır. İqtisadi sahədə aparılan islahatlar da mühüm yer tutur. Çünki bu islahatlar sayəsində Azərbaycanın dayanıqlı inkişafı mümkün olmuşdur. Vaxtilə bizim uğurlarımızı bəziləri ancaq neft amili ilə bağlayırdılar. Belə bir fikir irəli sürülürdü ki, Azərbaycanın nefti var və buna görə ölkə iqtisadiyyatı inkişaf edir. Əlbəttə, son illərdə bu amil öz rolunu oynamışdır. Ancaq bizim uğurlu siyasətimizin nəticəsində bu gün neftdən asılılıq böyük dərəcədə aşağı düşmüşdür və ümumi daxili məhsulumuzun böyük hissəsi qeyri-neft sektorunda yaranır. Bu, düşünülmüş siyasətin nəticəsidir və bizim islahatlarımız mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir...”.
Dövlət başçısı çıxışında həmçinin bildirmişdir ki, mötəbər beynəlxalq maliyyə qurumları öz proqnozlarında Azərbaycanın bundan sonra da uzun illər ərzində uğurla inkişaf edəcəyini vurğulayırlar. Dünyanın aparıcı reytinq agentlikləri ölkəmizin kredit reytinqlərini artırırlar. Davos Dünya İqtisadi Forumu tərəfindən Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyi yüksək qiymətləndirilərək 39-cu yerdə qərarlaşdırılmışdır. Bu, gənc müstəqil ölkə üçün çox böyük göstəricidir.
Dünyanın aparıcı “Fitch”, “Moody’s” və “Standard & Poor’s” reytinq agentlikləri də əksər inkişaf etmiş ölkələrin kredit reytinqini aşağı saldıqları halda, ölkəmizin reytinqini artırmışlar. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, “Qoldman Saks” təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsi, habelə digər qurumların hesabatlarında iqtisadiyyatın sürətli inkişafı ilə bağlı mühüm uğurlar, o cümlədən Azərbaycanda investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi məsələləri əksini tapmışdır.
Azərbaycan BMT-nin İnkişaf Proqramının insan inkişafı ilə bağlı hesabatına əsasən, “yüksək insan inkişafı” ölkələri qrupuna yüksəlmişdir. “Doing Business, 2013" hesabatında da Azərbaycanın mövqeyi yaxşılaşmışdır.
“Dünya Rəqabətlilik Hesabatı”nda Azərbaycan hazırda makroiqtisadi mühit göstəricisinə görə 148 ölkə arasında 8-ci, əmək bazarının effektivliyi göstəricinə görə 30-cu, texnoloji hazırlıq səviyyəsinə görə 50-ci və innovasiyalara görə 50-ci yerdə qərar tutmuşdur. Makroiqtisadi sabitliyin ayrı-ayrı komponentləri üzrə ölkəmizin mövqeləri həmin hesabatda daha güclüdür.
Azərbaycan hazırda inflyasiya dərəcəsinin aşağı səviyyəsinə görə dünyada 148 ölkə arasında 1-ci yerdədir, habelə ümumi yığımın ÜDM-dəki payına əsasən 10-cu, dövlət borcunun ÜDM-dəki xüsusi çəkisinə görə 13-cü və icmal büdcənin balansının ÜDM-ə faiz nisbətinə görə 15-ci yerdədir. Burada digər bir məqama diqqət yetirək. Makroiqtisadi göstəriciləri yaxşılaşdıran ilk növbədə inflyasiyanın aşağı olmasıdır ki, Azərbaycan bu göstəriciyə görə də birinci yerdədir. Digər tərəfdən, Avropa ölkələrinin əksəriyyətində dövlət borclanması, büdcə kəsirinin həcminin böyük olduğu halda, respublikamız icmal büdcə balansının artıqlığına görə dünyada 15-ci yerdə qərarlaşmışdır.
“Dünya Rəqabətlilik Hesabatı”nda Azərbaycanın məcmu dövlət borcunun ÜDM-ə faiz nisbəti kifayət qədər aşağıdır və bu göstəriciyə görə respublikamız 13-cü yerdədir.
“The Heritage Foundation” təşkilatı isə bir müddət bundan əvvəl dünya ölkələrində iqtisadi azadlıq səviyyəsini xarakterizə edən ənənəvi illik “İqtisadi Azadlıq İndeksi - 2014" hesabatını (“2014 Index of Economic Freedom") açıqlamışdır. Həmin hesabata əsasən, Azərbaycan iqtisadi azadlıq səviyyəsinə görə 178 ölkə arasında 81-ci yerdə qərarlaşmışdır.
İqtisadi Azadlıq İndeksi müxtəlif göstəricilər əsasında hesablanır. Adı çəkilən hesabata əsasən, Azərbaycan iqtisadi azadlıq səviyyəsinə görə 100 ballıq qiymətləndirmə sistemi ilə 61,3 bala malikdir. Son bir ildə respublikamızın göstəricisi 1,6 bal artmışdır.
Nəticədə Azərbaycan ilk dəfə olaraq “Orta azad” (Moderately Free) ölkələr qrupuna daxil edilmişdir ki, bu da hesabat müəlliflərinin fikrincə, ölkədə həyata keçirilən əhəmiyyətli iqtisadi islahatların məntiqi nəticəsidir.
Ekspertlərin fikrincə, indeksin hazırlanma metodologiyası qanunun aliliyi (mülkiyyət haqları və korrupsiyadan azadolma səviyyəsi), hökumətin ölçüsü (fiskal azadlıq, hökumət xərcləri), tənzimləmənin səmərəliliyi (biznes azadlığı, əmək azadlığı, monetar azadlıq) və açıq bazar (ticarətin azadlığı, sərmayənin azadlığı, maliyyə azadlığı) üzrə qiymətləndirmələrin aparılmasından ibarətdir. Hər bir istiqamət üzrə konkret hesablamalar aparılır. MDB-dən heç bir ölkə azad və ya əsasən azad ölkələr qrupuna daxil edilməmişdir.
Hesabatda qeyd edilir ki, son illər respublikamızda iqtisadi azadlıqlar kifayət qədər genişlənmişdir. Ardıcıl şəkildə həyata keçirilən silsilə xarakterli islahatlar nəticəsində Azərbaycan orta azad ölkələr sırasına daxil olmuşdur. Əgər reytinqdə 10 xallıq irəliləmə 9 ölkədən 10-u üçün yaxşı nəticə hesab oluna bilərsə, Azərbaycan ümumi iqtisadi azadlıq səviyyəsinin yaxşılaşmasında 31,3 xal toplayaraq hər bir ölkə üçün ən yaxşı göstərici sayıla biləcək nəticə nümayiş etdirmişdir.
Bu və digər hesabatlar bir daha təsdiqləyir ki, Azərbaycan iqtisadi cəhətdən azad ölkədir. Azərbaycanda əlverişli biznes, investisiya mühiti mövcuddur. Əvvəlki illərdə olduğu kimi, cari ilin birinci yarısında da ölkəmizin sosial-iqtisadi inkişafı davam etmiş, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sənaye potensialının gücləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli işlər görülmüş, nəticədə əhalinin rifahının yüksəlməsi davam etmişdir. Bu davamlı inkişaf, ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının 10 ildən artıq bir müddət ərzində, Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilməsi sayəsində mümkün olmuşdur.
Cari ilin 6 ayında ümumi daxili məhsulun artımı 2,1 faiz, qeyri-neft sektorunun real artım tempi 7 faiz, inflyasiya 1,6 faiz təşkil etmişdir. Qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 56,3 faizə çatmışdır. Dövlət büdcəsinin gəlirləri 9,3 milyard manat və ya 101,6 faiz yerinə yetirilmiş, xərcləri isə 8,7 milyard manat olmuşdur. Vergilər Nazirliyi tərəfindən proqnoza 103,6 faiz əməl edilmiş, qeyri-neft sektorundan büdcəyə daxil olmuş vəsait isə ötən ilin eyni dövrünə nisbətən 14,5 faiz artmaqla ümumi daxilolmalarda payı 56,9 faizə çatmışdır. Dövlət Gömrük Komitəsi tərəfindən isə proqnoza 100,2 faiz əməl edilmiş, daxil olmuş vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artmışdır.
İlk 6 ayda iqtisadiyyatın və sosial sahələrin inkişafı məqsədilə bütün maliyyə mənbələri hesabına əsas kapitala 7,6 milyard manat investisiya yönəldilmiş və bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artmışdır. Əsas kapitala qoyulmuş vəsaitin 70,7 faizini daxili investisiyalar təşkil etmişdir.
Əhalinin gəlirlərinin artması davam etmiş və ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz, hər nəfərə düşən gəlirlər isə 3,3 faiz artmışdır. Yanvar-may ayları ərzində orta aylıq əməkhaqqı 6,5 faiz artaraq 438,1 manata yüksəlmişdir. Bu il iyunun 1-dək əhalinin banklardakı əmanətləri keçən ilin eyni dövrünə nisbətən 12,8 faiz artaraq 6,6 milyard manata çatmışdır.
Bütün bu uğurlar liberal iqtisadi islahatların, düşünülmüş, elmi əsaslara malik inkişaf konsepsiyasının həyata keçirilməsi, siyasi iradə nəticəsində mümkün olmuşdur və Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən xəbər verir.
Respublikamız artıq bu gün dinamik inkişaf nəticəsində “aşağı gəlirli ölkələr”dən “orta gəlirli ölkələr” sırasına qəbul olunmuşdur. Qarşıda duran əsas hədəflərdən biri isə “orta gəlirli ölkələr” sırasının ardınca “yüksək gəlirli ölkələr” cərgəsinə keçməkdir. “Orta gəlirli ölkələr” qrupunun daha yüksək sırası adambaşına düşən milli məhsulun 17-18 min ABŞ dollarına çatdırılmasıdır. Azərbaycan iqtisadiyyatının ildə təxminən 7-8 faiz artmasının təmin olunması reallığa kifayət qədər yaxın olduğundan və bundan əvvəl əldə etdilən nəticələr də bunu təsdiqlədiyindən yaxın vaxtlarda respublikamızın “orta gəlirli ölkələr” sırasında yer alacağı şübhə doğurmur.
BMT yanında İnkişaf və Artım Komissiyasının son məruzəsində vurğulanmışdır ki, 1950-ci ildən sonra belə bir inkişafa 13 ölkə nail olmuşdur. Hazırda Azərbaycanın tam imkanı vardır ki, 14-cü dövlət qismində çıxış etsin.
İnsan inkişafı indeksi baxımından Azərbaycan yüksək uğurların müəllifi kimi çıxış edir. Belə ki, ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət sayəsində inkişafın mühüm bazası və göstəricisi olan insan kapitalının formalaşdırılmasına hər zaman xüsusi diqqət yetirilir. BMT İnkişaf Proqramının insan inkişafı hesabatlarından da aydın görünür ki, Azərbaycan bu istiqamətdə hətta dünya üzrə qabaqcıl sayılan iki dövləti – Çin və Hindistanı da arxada qoymuşdur.
Yuxarıda deyilənlər Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın bütün sahələrdə dinamik inkişaf etdiyini bir daha təsdiqləyir. Bu dövrdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, qeyri-neft sektorunun nəzərəçarpacaq dərəcədə artması, inflyasiyanın optimal həddə saxlanılması hökumətin həyata keçirdiyi inkişaf kursunun səmərəliliyinin əyani göstəricisidir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.