Prezident İlham ƏLİYEV: Biz beynəlxalq ictimaiyyətin
tam əksəriyyəti ilə çox konstruktiv münasibətlər qurmuşuq
Azərbaycan bir Şərq ölkəsi olaraq əsrlərdən bəri formalaşmış bütün dəyərlərini qoruyub saxlayır. Eyni zamanda biz Avropa və Qərb dəyərlərini, xüsusən, demokratiya və insan hüquqları sahəsində mövcud olan dünya təcrübəsini qəbul edərək sivil, hüquqi, dünyəvi dövlət qururuq. Böyük dövlət xadimi olan ulu öndər Heydər Əliyevin fikrincə müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemindəki yeri Avropa ölkələri, yeni müstəqil respublikalar, türkdilli dövlətlər, müsəlman dünyası və nüfuzlu beynəlxalq təşkilatların sırası olmalıdır. Ulu öndər buna nail olmaq üçün ölkəmizin xarici aləmlə əlaqələrinin yaxın dövr üçün prioritetlərini müəyyənləşdirdi. Bundan başqa, həmin dövrdə coğrafi cəhətdən ölkəmizə yaxın olan dövlətlərlə münasibətləri qaydaya salmaq, əlaqələri bərpa etmək kimi mühüm vəzifə də uğurla reallaşdırıldı.
1993-2003-cü illərdə ölkəmiz bütün dövlətlərə münasibətdə onların hərbi gücü və iqtisadi potensialından asılı olmayaraq, suveren, bərabərlik prinsipinə əsaslanan xarici siyasət həyata keçirmək təcrübəsini qazandı. Ölkəmizin BMT, NATO, ATƏT, Avropa İttifaqı, Avropa Şurası, MDB, İslam Əməkdaşlıq Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlər Şurası, UNESCO, UNİSEF, Beynəlxalq Valyuta Fondu, “Qoşulmama hərəkatı” , “Böyük İyirmiliklər” , bütün beynəlxalq idman federasiyaları və bir çox beynəlxalq təşkilatlarla sıx əməkdaşlığının təməlində bilavasitə ulu öndərin siyasi uzaqgörənliklə işləyib hazırladığı tezis və prinsiplər dayanır. Fəxrlə deyə bilərik ki, Azərbaycan həmin təşkilatların hamısında söz sahibidir. Bundan başqa respublikamızın bütün dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələr yaratması, regionda və dünyada sülh içində birgəyaşama və mehriban qonşuluq münasibətləri qurması Heydər Əliyev xarici siyasətinin əsas xüsusiyyətləri olub və bu tendensiya indi də davam etdirilir. Bugünkü çoxsaylı uğurlarımızın hamısının təməlində məhz həmin tendensiya dayanır.
Müasir dünyanın aparıcı politoloq və siyasətçiləri açıq şəkildə etiraf edirlər ki, son on ildə Azərbaycanın bölgədə siyasi sabitliyin, təhlükəsizliyin, iqtisadi inkişafın təmin edilməsi üçün təşəbbüskarlığı və digər dövlətlərə örnək olması Prezident İlham Əliyevin adı ilə bağlıdır. Dövlət başçımızın özü isə bu məsələ ilə bağlı demişdir: “Azərbaycanın mövqeyi birmənalıdır. Biz bütün ölkələrlə ikitərəfli formatda qarşılıqlı maraq, qarşılıqlı hörmət, bir-birimizin işinə qarışmamaq prinsiplərini üstün tuturuq və görürük ki, hətta bəzi hallarda bir-birilə o qədər də yaxın münasibəti olmayan ölkələrlə də Azərbaycanın münasibətləri yaxşıdır”.
Azərbaycanın inkişaf etmiş ölkələr sırasına doğru sürətlə irəliləməsini təmin etmiş Prezident İlham Əliyev respublikamızı dünyanın bütün ölkələri üçün strateji tərəfdaşa, qarşılıqlı əməkdaşlıq üçün əhəmiyyətli bir dövlətə çevirib. Bu uğurlu siyasət ildən-ilə daha dərin xarakter alır və bütünlüklə dünya miqyasında hamı belə qənaətə gəlir ki, Azərbaycan faydalı əməkdaşlıq üçün kifayət qədər açıq ölkədir. Respublikamızın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsində 155 ölkənin məhz Bakının mövqeyini dəstəkləməsi dostlarımızı sevindirdiyi kimi bədxahlarımızı da xeyli məyus eləmişdi. Uzun müddət Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik etmiş İlham Əliyevin diplomat kimi fəaliyyəti ölkəmiz haqqında həqiqətlərin dünyada tanınmasını yüksək səviyyədə təmin edir. Bilavasitə onun siyasi fəaliyyəti dünyada Dağlıq Qarabağ münaqişəsinə münasibətin kökündən dəyişməsinə səbəb olub. Dünyanın aparıcı beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrin məzmununa diqqət yetirəndə görürük ki, artıq Azərbaycanın ədalətli mövqeyi bütün dünya tərəfindən dəstəklənir.
XXI əsrin dünya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən qüvvələr gördülər ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasında sədrlik dövründə “Terrorizmlə mübarizə sahəsində öhdəliklərin yerinə yetirilməsi ilə bağlı beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilmiş yüksək səviyyəli görüşdə özünəməxsus qətiyyət nümayiş etdirdi. Həmin qətiyyət hamı tərəfindən yüksək qiymətləndirildi. Hamı bilir ki, müasir dünyada terrorizmdən ən çox əziyyət çəkmiş ölkələrdən biri məhz Azərbaycandır. İstənilən beynəlxalq təşkilatın tribunasından çıxış edən rəsmilərimiz erməni terrorçularının xalqımızı məruz qoyduğu fəlakət və faciələr barədə əhatəli söz açırlar. BMT-nin Baş katibi və Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərin yüksək vəzifəli şəxslərinin iştirak etdiyi tədbirdə dövlətimizin başçısı Azərbaycanın xaricdən dəstəklənən terrora məruz qaldığını bildirmiş, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq və terror siyasəti barədə ətraflı məlumat vermiş, işğal altındakı ərazilərimizin terrorçuluq, separatçılıq, ekstremizm və mütəşəkkil cinayətkarlığın müxtəlif formaları baxımından ciddi narahatlıq mənbəyi olduğunu vurğulamışdı. Azərbaycan Prezidenti təkidlə israr etmişdi ki, Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn ümumi qəbul edilmiş normaları və prinsipləri çərçivəsində, xüsusilə, dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmazlığı şərti əsasında həll olunmalıdır. Ulu öndər Heydər Əliyev kimi Prezident İlham Əliyev də dünya ictimaiyyətindən bir daha tələb edirdi ki, dövlətlərə öz əraziləri üzərində suverenliyinin bərpa edilməsinə yardım göstərilməlidir. Bu isə o demək idi ki, Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verərkən tamamilə doğru yol tutmuşdur. Təbii ki, respublikamızın ən genişmiqyaslı və hərtərəfli əməkdaşlıq etdiyi siyasi məkan məhz Avropadır. Avropa qurumları Azərbaycanla əməkdaşlıq edərkən əsasən ölkəmizin karbohidrogen ehtiyatları ilə zənginliyini diqqət mərkəzində saxlayırlar. Yəni Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin qorunmasında xüsusi rol oynaması Avropanı birmənalı şəkildə məmnun edir. Rəsmi Bakı isə bu əməkdaşlıq zamanı təkcə özünün istehsal etdiyi məhsulu satmaq üçün bazar əldə etməklə kifayətlənmir, eyni zamanda ölkəmizin yeganə problemi olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll olunması istiqamətində mühüm addımlar atılmasını da gözləyir. Artıq heç kəsə sirr deyil ki, Avropanın bütün qurumları bu məsələdə Azərbaycanın mövqelərini dəstəkləyən qərar və ya qətnamə ilə çıxış etmişlər. İndi artıq Avropada hamı yaxşı bilir ki, Azərbaycan enerji sahəsində postsovet məkanında Qərb ilə əməkdaşlıq edən ən nüfuzlu dövlətdir. Avropanın bütün kluarlarında danışılır ki, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri və Cənubi Qafqaz qaz kəməri kimi regional layihələrin uğurla reallaşdırılması dünyada Cənubi Qafqaz regionunun əhəmiyyətini artırıb, Azərbaycan qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir.
Xüsusilə qeyd edilməli məqamlardan biri də odur ki, Avropa ilə mövcud olan bu əməkdaşlıq fonunda Azərbaycanın dünyanın bütün ölkələri ilə əməkdaşlığı da gündən-günə genişlənir.Prezident İlham Əliyevin xarici dövlətlərə səfərləri, eləcə də Azərbaycanın və tərəfdaş ölkələrin müxtəlif səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri bu işə güclü təkan verir. Ölkəmizin beynəlxalq əlaqələrinin coğrafiyası ildən-ilə genişlənir. Respublikamız təkcə Avropa və Asiya ölkələri ilə deyil, həm də Latın Amerikası, Mərkəzi Amerika və Afrika dövlətlərilə ikitərəfli əməkdaşlığa diqqət yetirir. İndiyədək Latın Amerikasının bir neçə ölkəsinin rəsmi nümayəndə heyəti Bakıda səfərdə olub, eləcə də Azərbaycanın rəsmi şəxsləri həmin ölkələrdə görüşlər keçiriblər. Kolumbiya və Meksika parlamentləri tərəfindən Xocalı soyqırımının tanınması haqqında qərar qəbul edilməsi məhz ikitərəfli əməkdaşlığa mühüm önəm verilməsinin bariz ifadəsidir.
O da bir faktdır ki, rəsmi Bakı istənilən ölkə və ya beynəlxalq təşkilatlarla əməkdaşlıq zamanı öncə xalqımızın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həllinə veriləcək töhfələri hədəfləyir. Ölkəmizin xarici siyasət strategiyasında nəzərə çarpan məqamların ən əsası da ayrı-ayrı ölkələrin, beynəlxalq təşkilatların nəzərinin Ermənistanın işğalçılıq siyasətinə yönəldilməsi, eyni zamanda, bu siyasətin beynəlxalq və regional sülhə təhlükə törətməsini diqqətə çatdırmaqdır. Bu məqamda da beynəlxalq təşkilatlarla əməkdaşlığımız öz sözünü deyir. Son illər NATO, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair rəsmi sənədlər qəbul edilərək ölkəmizin ərazi bütövlüyü, suverenliyi müdafiə olunub və sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşılmanın vacibliyi vurğulanıb. Həmçinin münaqişənin məhz bu əsasda həllinin əhəmiyyəti xatırladılıb. Artıq dünya ictimaiyyətində belə bir fikir formalaşıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılması, məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması ilə başlanmalı, bunun ardınca isə münaqişə tərəfləri arasında əməkdaşlıq və etimad mühitinin formalaşmasına xidmət edən qarşılıqlı addımlarla işğalın ağır nəticələri aradan qaldırılmalıdır.
Ancaq bu məntiq onu sübut etmir ki, Azərbaycan digər məsələlərin, xüsusən, qlobal xarakterli problemlərin müzakirəsini və həllini ikinci dərəcəli məsələlər kimi qəbul edir. Qətiyyən belə deyil. Rəsmi Bakı dünyada terrorizmə qarşı mübarizədə də fəal iştirak edir. 2002-ci ildən etibarən Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (İSAF) ilk qoşulan ölkələrdən biri olan respublikamız tərəfdaşlarının ehtiyaclarına həssaslıqla yanaşaraq, mürəkkəb daşıma əməliyyatlarına yardım göstərib və Əfqanıstan hərbçiləri üçün bir sıra mina təmizləmə və digər təlim kursları təşkil edib.
Yazının əvvəlindəki sitatda qeyd edildiyi kimi Azərbaycan İslam dünyasının ayrılmaz hissəsidir və xalqımız Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsindən və 2018-ci ildə digər qədim şəhərimiz olan Naxçıvanın bu şərəfli adı öz üzərinə götürəcəyindən qürur duyur. Beynəlxalq təşkilatlarla əməkdaşlığımızın nəticəsi olan başqa bir məqama diqqət yetirək. Ölkəmiz 2015-ci ildə ilk dəfə Avropa Oyunlarına, 2017-ci ildə isə İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Gənc müstəqil dövlət üçün çox böyük nailiyyətlərdir. Bu mötəbər tədbirə hazırlıq istiqamətində həyata keçirilən tədbirlər bütün aidiyyətli qurumlar tərəfindən yüksək qiymətləndirilir.
Yəni, əvvəlki yazılarda da qeyd etdiyimiz kimi Heydər Əliyev siyasi kursu ilə irəliləyən Azərbaycan dövləti beynəlxalq təşkilatlarla əməkdaşlıqdan yüksək səviyyədə bəhrələnərək öz xalqının firavan həyatını təmin edir. Ancaq bununla yanaşı, rəsmi Bakı beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasına da layiqli töhfələrini verir. Azərbaycan haqqında söz açan politoloq və ekspertlər proqnoz verirlər ki, yaxın illərdə bu töhfələrin sayı daha da çox olacaq.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.