İndi onun halına acıyanların arasında ən çox canfəşanlıq edənlər ermənilərdir
İnsanlar bir-biri ilə, toplumlar toplumla, partiyalar partiya ilə münasibətlərində çox məsələlərdə güzəştə gedə bilirlər və qarşılıqlı kompromislər tapılır. Hətta ən kəskin rəqabətdə olan iqtisadi maraq sahibləri də əksər məqamlarda bağışlamağı, nəyisə güzəştə getməyi bacarırlar.
Lakin bağışlanılmayan yeganə məsələ Vətənə xəyanətdir. Özünə hörmət edən heç bir xalq Vətənə xəyanəti bağışlamaz. Əgər bu xəyanəti vaxtilə dövlətin ən mühüm qurumlarından birində - Müdafiə Nazirliyində çalışmış insan edirsə - o, bir çox Şərq ölkələrində daş-qalaq edilər, Qərbdə isə qanunun ən sərt üzü ilə rastlaşmalı olar. Bu qəbildən olan insanlar cəmiyyətdə özlərinə qarşı ikrah hissi yaratmaqla yanaşı, kiminsə göstərəcəyi humanist addımdan da məhrum olurlar. Söhbətin bədnam Leyla Yunusdan getdiyi hamıya məlum olduğuna görə mən əvvəlcə bir neçə məqam barədə söz açmaq istəyirəm.
Birinci məqam. Ağzına, sözünə və özünə gücü çatmayan bir Müsavat “siyasətçi”si təxminən iki il qabaq mötəbər məclislərdən birində beş-altı adamın arasında bu sətirlərin müəllifinə dedi ki, nə yapışmısınız AXC- Müsavat iqtidarından? Onların nəyi sizdən əskikdir ki, yaxalarından əl çəkmirsiniz? O zaman həmin şəxs layiq olduğu cavabı almışdı. İndi isə tale həmin vələdüzzinaya verilməli ən dəqiq cavabı yetişdirib: - AXC- Müsavat iqtidarını ona görə tənqid edirik ki, bax bu qəbildən olan Vətən xainlərinə vəzifə vermiş, Leyla Yunus kimi satqını Müdafiə Nazirliyinin analitik informasiya şöbəsinin rəhbəri təyin etmişdi. O da nazirliyin bütün planlarını uf demədən İrəvana ötürürdü. Nəticədə, bütün hərbi planlarımız uğursuz alınırdı. Heç kəsin yadından çıxmayıb. Leyla həmin vəzifədən kənarlaşdırılandan sonra ermənilər Azərbaycan Ordusunun bütün hücumları qarşısında aciz qalmışdılar. İndi AXC - Müsavat iqtidarını nə üçün tənqid edirsiniz? – deyənlər həmin faktları unutmuş olmazlar.
İkinci məqam. Leyla Yunus ifşa ediləndən, daha doğrusu, iki əcnəbi diplomatın onu Azərbaycandan qaçırmaq cəhdi uğursuz alınandan sonra AXCP sədrinin ən yaxın silahdaşı demişdi ki, indi başlayacaqlar yıxılanı baltalamağa. Əvvəla, söhbət hansısa baltadan gedirsə, o balta uzun illər Leylanın əlində idi və ermənilərə xidmət etmək üçün yorulmadan, usanmadan Azərbaycanın kökünü baltalamaqla məşğul idi. Çox baltaladı və anlamadı ki, oturduğu budağı kəsir. Anlamadığına görə kəsdiyi budaq və əlindəki balta ilə birlikdə kəlləmayallaq ayaq altına düşdü. Bu məqamda onun başına dəyən ancaq öz baltasıdır. İkinci, mən 16-17 ildir ki, onun əməlləri haqqında yazıram. Üçüncüsü, o, hələ yıxılmayıb, sadəcə, ifşa edilib. O, hələ ölkədəki digər havadarları da ifşa ediləndən sonra tamam – kamal yıxılacaq. Hamı yaxşı bilir ki, bir qadın yaşadığı ölkəyə qarşı bu qədər xəyanətləri təkbaşına reallaşdıra bilməzdi. Onun arxasında duranların da ifşa edilməsinin şahidi olacağıq. Çünki Azərbaycan artıq bütün cəhətlərdən elə qüdrətlənib ki, indi ona asanlıqla badalaq qurmaq mümkün deyil.
Üçüncü məqam. 2012-ci ilin may ayında Bakıda keçirilən “Auroviziya” mahnı müsabiqəsi ərəfəsində ölkə paytaxtında çoxsaylı əcnəbi mətbuat təmsilçilərinin olmasından istifadə edən Leyla Yunus və komandası böyük bir auditoriyada Azərbaycan əleyhinə çıxışlar və çağırışlar səsləndirirdilər. Biz—səkkiz-on nəfər həqiqəti söyləməyi bacaran qələm sahibləri “Azərbaycanda 200-dən çox siyasi məhbus var”-deyən leylakimilərin ağzını yummağa, şər, böhtan və iftiranın qarşısını almağa çalışırdıq. Həqiqətin qarşısında durmağı bacarmayan Leyla Yunus həmin məqamda zaldakı əcnəbilərə dedi ki, bu adamlar iqtidarın bizim tədbirə göndərdiyi agentlərdir. O, həmişəki kimi boş-boşuna dedi. Amma, zaman boş-boşuna deyil, təkzibolunmaz faktlar əsasında , konkret olaraq, qətiyyətlə dedi ki, agent məhz Leyla Yunusdur. Mən bu məqamı iki ildən artıq idi ki, gözləyirdim. O, mənə 200 adamın arasında “agent” demişdi. Qanun isə 50 milyonluq azərbaycanlılara elan etdi ki, Leyla Yunus bu xalqın və dövlətin düşmənidir. Hüquq – mühafizə orqanları hüquq müdafiəçisi adı altında gizlənən Vətən xainini ifşa etdi.
Dördüncü məqam. İndi deyirlər ki, Leyla Yunusu YAP-çılar və iqtidar təmsilçiləri tənqid edirlər. Mən isə onun haqqında tanınmış bir neçə şəxsin mətbuatdan oxuduğum rəylərini hörmətli oxuculara təqdim edəcək və müxalfətçilərdən soruşacağam ki, bunların hansı YAP-çı, hansı iqtidar təmsilçisidir?
Beləliklə, “Publika.az” saytından:
“Azərbaycan KP MK-nın 1-ci katibi (1988-1990) Əbdürrəhman Vəzirov Leyla Yunusla görüşdə ona demişdir: “Mən çox yaxşı bilirəm ki, sən MKİ-yə (ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi) işləyirsən və oranın çoxdankı agentisən".
Bunu Leyla Yunusun özü deyib. Lakin o, həmin vaxt Sülh və Demokratiya İnstitutunun direktoru deyildi. 1988-ci ildən 1991-ci ilədək Moskvada çap edilən “Ekspress-Xronika” qəzetinin müxbiri olan hüquq müdafiəçisi pulsuz çalışdığını bildirir. Onun qəzetdə “pulsuz” çalışması isə müəyyən suallar doğurmaya bilməzdi. Bu gün isə həmin suallara cavablar, demək olar ki, tapılıb”.
Həmin saytdan başqa bir yazı:
Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov da L.Yunusun ermənilərlə işbirliyindən 20 ildən sonra danışdı. Deyəsən, o da gecikmişdir:
“Mən uzaq 1991-ci ildə Xalq Cəbhəsinin təmsilçilərinin Pribaltikada ermənilərlə görüşləri barədə yaxşı bilirdim. Bu barədə mənə təkcə kəşfiyyat yox, həm də bu görüşlərin iştirakçılarının özləri məruzə edirdilər. Onlar hətta məndən xahiş edirdilər ki, danışıqların getdiyi bir vaxtda Qarabağdan erməni terrorçularının təmizlənməsinə yönələn “Üzük” əməliyyatını dayandırım”.
Eks-prezident may ayında mətbuata verdiyi müsahibəsində təsdiq edib ki, bu görüşlərdə təkcə L.Yunus yox, AXC-nin nümayəndələri də iştirak edirdilər: “Onların məqsədi bizim əməliyyatlara mane olmaq, sonra da bütün bunlarda şəxsən məni ittiham etmək idi. Yəni, onlar öz maraqları naminə məni pis qələmə verirdilər və birbaşa ”dinc ermənilərin öldürülməsində" ittiham edirdilər. Həmin dövrlər AXC təmsilçiləri həm mənə, həm dövlətimizə qarşı təxribatçı fəaliyyətlə məşğul idilər. Məhz həmin uğurlu “Üzük” əməliyyatından sonra Dağlıq Qarabağdan Bakıya beş nəfər gəldi və mənimlə görüş xahiş etdi. Mən onları qəbul etdim, onlar xahiş edirdilər ki, bu əməliyyatı dayandırım, əvəzində ermənilər mənim təkliflərimi qəbul edərlər. Qayıdanda onlardan Qriqoryan adlı birini Xankəndidə öldürdülər"— deyə Mütəllibov danışıb".
Yaxud, Teleqraf.com saytı yazır:
Daxili Qoşunların keçmiş komandanı Fəhmin Hacıyev öz Facebook səhifəsində yazıb ki, “surətçilər, sadvalçılar və 5-ci kolonun bütün nümayəndələri Leyla Yunusu müdafiə etməyə borcludurlar. Çünki Leyla xanım bu insanların ən yaxşı müdafiəçisidir!”
Bax belə. Faktlar və sübutlar göz qabağındadır. Leyla Yunusun Vətənə xəyanət etdiyi barədə faktlar. Göz qabağında olmayan isə Leyla Yunusun digər ortaqları və havadarlarıdır. Sonda onu da xatırlatmaq istəyirik ki, tutduğu vəzifənin böyük- kiçikliyindən, maskasının davamlılığından və möhkəmliyindən asılı olmayaraq, Azərbaycan dövlətinə, xalqımıza xəyanət yolu tutanların hamısının bu gününü görəcəyimizə tam əminik. Bir daha qeyd edirik, çünki dövlətimiz güclü, siyasətimiz ədalətli, hüquq – mühafizə orqanlarımız isə qətiyyətlidir.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.