Azərbaycanın siyasi reytinqinin yüksəlməsi bunu gözü götürməyən beynəlxalq təşkilatları narahat edir “Freedom House”un respublikamıza qarşı yenə də qərəzli mövqe tutması bundan xəbər verir

 

Demokratiya yolunda qətiyyətlə irəliləyən Azərbaycanda müstəqil mətbuatın inkişafına əlverişli şəraitin  yaradılması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir-birinin ardınca mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsi, insan hüquq və azadlıqlarının qorunması dövlətin daim diqqət mərkəzində saxladığı prioritet sahələrdəndir. Bu sahələrə  xüsusi diqqət yetirilməsi dünyanın  nüfuzlu təşkilatları, ekspert və analitikləri  tərəfindən də yüksək qiymətləndirilir. Ölkəmizdə ardıcıl şəkildə imzalanan əfv fərmanları, azad sözün, fikir plüralizminin təmin olunması, mitinqlərə şərait yaradılması Azərbaycanın demokratik imicini daha da möhkəmləndirir, dövlətimizin mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT, Avropa Şurası və digər nüfuzlu qurumlarla münasibətlərinin intensivləşdirilməsindən xəbər verir. Bu istiqamətdə atılan addımlar Azərbaycanın demokratik və hüquqi dövlət quruculuğu sahəsində uğurlarını şərtləndirən mühüm amillərdəndir.

 Ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyması və dünya birliyinə uğurlu inteqrasiyası “Freedom House”, “Human Rights Watch”, “Sərhədsiz reportyorlar”, “Amnesty International”, eləcə də digər qərəzli, ermənipərəst təşkilatları narahat edir. Əsas vəzifələri böhtan və qarayaxmalardan ibarət olan bu təşkilatlar ölkəmizdəki radikal müxalifətin və beynəlxalq aləmdəki erməni lobbisinin sifarişləri əsasında qərəzli hesabatlar hazırlayaraq, respublikamızın getdikcə artan nüfuzuna xələl gətirmək istəyirlər.

Azərbaycana qarşı hər zaman qərəzli və qeyri-obyektiv mövqe nümayiş etdirən beynəlxalq qeyri-hökumət təşkilatları arasında “Freedom House” (“Azadlıq evi”) təşkilatı, bir qayda olaraq, ön sırada gedir. Bu təşkilat həmişə öz hesabatlarında Azərbaycanla bağlı həqiqəti əks etdirməyən məlumatlara daha geniş yer verir.

Əslində, bu qəbildən olan təşkilatların fəaliyyəti və hesabatları müəyyən siyasi maraqlara xidmət etdiyini və konkret olaraq sifariş yerinə yetirdiklərini göstərir. Bu təşkilatları beynəlxalq səviyyəli hüquq-müdafiə təşkilatları adlandırmağın özü insan haqlarına hörmətsizlikdir. Son illər Azərbaycan dünya birliyində azad sözə, müstəqil mətbuata yüksək diqqət yetirən ölkə imicini qazansa da, “Freedom House” təşkilatının bu günlərdə yaydığı hesabatında respublikamız mətbuatı azad olmayan ölkə kimi göstərilir. Əlbəttə, bu “fakt” “Freedom House” təşkilatının nə qədər qeyri - ciddi, qərəzli və böhtançı olduğundan xəbər verir.

Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, kütləvi informasiya vasitələrinin inkişafı, söz, mətbuat azadlığının təminatı sahəsində də yeni imkanlar açılmışdır. Məhz həmin vaxtdan başlayaraq Azərbaycanda demokratik proseslərin inkişafına xüsusi önəm verildi. Ölkədə azad, müstəqil mətbuatın fəaliyyətinə əlverişli şəraitin yaradılması demokratiyanın əsas atributlarından biridir. Ümummilli lider Heydər Əliyev müstəqil mətbuatın sərbəst fəaliyyəti üçün bütün süni əngəllərin aradan qaldırılmasına nail oldu. 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasının 50-ci maddəsində  də ölkə vətəndaşlarının söz, məlumat toplamaq, öz rəyini sərbəst ifadə etmək və digər azadlıqları təsbit olunmuşdur. Digər qanunvericilik aktlarında da  müstəqil mətbuatın inkişafı üçün mühüm və əhəmiyyətli maddələr öz əksini tapmışdır. 

Ümummilli lider Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanı ilə kütləvi informasiya vasitələri üzərində senzura ləğv olunmuş, bu sahənin inkişafını stimullaşdıran bir sıra zəruri tədbirlər həyata keçirilmişdir. Söz və mətbuat azadlığının inkişafı sahəsində belə mühüm əhəmiyyətli qərarların qəbul edilməsi və  bu sahədə zəruri qanunvericilik bazasının yaradılması ölkəmizin mötəbər təşkilatlara üzvlük arzusunu getdikcə reallaşdırırdı. 2001-ci il dekabrın 18-də  ümummilli lider Heydər Əliyev aparıcı  kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşəndən sonra milli mətbuatımızın üzləşdiyi bir sıra problemlərin aradan qaldırılması  ilə əlaqədar fərman və sərəncamlar imzaladı. Bu sənədlər mətbuata güzəştli kreditlərin verilməsini, onların maddi-texniki bazasının daha da gücləndirilməsini, çoxlu sayda qəzetin “Azərbaycan” nəşriyyatına olan borcunun 2005-ci ilədək dondurulmasını təmin edirdi.

Ulu öndər Heydər Əliyevin siyasi xəttini müvəffəqiyətlə davam etdirən Prezident İlham Əliyev  azad sözün, müstəqil mətbuatın inkişafını, bu sahədə qarşıya çıxan problemlərin aradan qaldırılması, kütləvi informasiya vasitələrinin maddi - texniki bazasının daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi üçün bütün imkanlardan istifadə etdi. Dövlət başçısının təşəbbüsü ilə 2005-ci ildən başlayaraq mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, jurnalist əməyinin qiymətləndirilməsi məqsədilə reallaşdırılan tədbirlərin miqyası genişləndirildi. Həmin ilin iyulunda – milli mətbuatımızın 130 illik yubileyi ilə əlaqədar mətbuat işçilərinin mükafatlandırılması haqqında Prezident sərəncamları imzalandı, 140-dan artıq jurnalist mükafatlandırıldı. Onlar  Prezident təqaüdünə, “Tərəqqi” medalına və fəxri adlara layiq görüldülər. 35 redaksiyaya  isə birdəfəlik maliyyə yardımı göstərildi.

Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə 2006-cı il fevralın 8-də imzalanmış “Qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının ödənilməsi barədə” ölkə başçısının sərəncamına əsasən redaksiyaların 450 min ABŞ dolları həcmində olan borcu dövlət büdcəsindən ödənildi. 2005-ci ildən bu günə kimi Azərbaycanda 300-ə yaxın jurnalist dövlət mükafatlarına və fəxri adlara layiq görülüb. Ölkə rəhbərinin sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu  ildə azı 2 dəfə ölkənin aparıcı qəzet və jurnallarının, jurnalist təşkilatlarının təqdim etdikləri layihələrin maliyyələşdirilməsinə vəsait ayırır. Bu cür yardımlar həm yazılı mətbuatın inkişafına yol açır, həm də yeni-yeni təkliflərin gündəmə gəlməsinə əsas yaradır.

2010-cu il iyulun 22-də Prezident İlham Əliyev mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərini nəzərdə tutan başqa bir sərəncam da imzaladı. Sərəncamla mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Dövlət başçısının bu sərəncamı ilə jurnalistlərin əsas problemlərinin birinin də həlli istiqamətində qətiyyətli addım atıldı. Dünyanın heç bir ölkəsində jurnalistlər dövlət hesabına mənzillə təmin olunmurlar. Azərbaycanda isə jurnalistlər üçün dövlət vəsaiti hesabına mənzillər tikilir. 2013-cü ildə artıq 156 nəfər həmkarımıza bu mənzillər pulsuz olaraq verilmişdir. Eyni zamanda, daha bir binanın tikintisinə başlanılmışdır.

Dövlət başçısının birbaşa himayəsi ilə Mətbuat Şurasının yeni binası istifadəyə verilib. Binanın açılış mərasimində Prezidentin şəxsən iştirak etməsi  və MŞ İdarə Heyətinin üzvləri ilə görüşü bu sahənin dövlətin diqqət mərkəzində saxladığı prioritet sahələrdən olduğunu bir daha təsdiqləyir. Həmin görüşdə Prezident İlham Əliyev mətbuatımızın bu günü, gələcəyi və həllini gözləyən problemlərlə bağlı proqram xarakterli çıxış edərək demişdir: “...Mən bundan sonra da çalışacağam ki, Azərbaycanda bu sahədə daha da böyük addımlar atılsın. Azərbaycan dövləti öz dəstəyini göstərsin. Ölkədə müasir jurnalistikanın formalaşması işində Azərbaycan dövləti və Prezident kimi mən səylərimi əsirgəməyəcəyəm”.

Bütün bunlar bir daha təsdiqləyir ki, jurnalistlər dövlət başçısı İlham Əliyevi ardıcıl olaraq bir neçə il “Jurnalistlərin dostu” seçməkdə heç də yanılmayıblar.

Bütün bunlar isə deməyə əsas verir ki, “Freedom House” təşkilatının dünyada media azadlıqlarının vəziyyətinə dair yeni “hesabatında” Azərbaycanın adının media azadlığı olmayan ölkələr sırasında yer alması tamamilə absurddur. Belə qərəzli, yalanla və böhtanla dolu “hesabatın” Azərbaycanın inkişafını gözü götürməyən dairələrin sifarişi əsasında hazırlandığı heç kimdə şübhə doğurmur.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da bu qeyri-ciddi  təşkilatın qərəzli hesabatına münasibət bildirərkən demişdir ki, “Freedom House” təşkilatının 2013-cü ildə dünya ölkələrində media azadlığının vəziyyətinə dair hesabatının Azərbaycanla bağlı hissəsi qərəzli, şübhəli mənbələrə əsaslanan subyektiv mülahizələrin məhsuludur. Ona görə də bu qiymətləndirmə qeyri-obyektiv səciyyə daşıyır. Hesabatdan görünür ki, bu təşkilatda Azərbaycan da daxil olmaqla bütün Avrasiya regionu haqqında qərəzli stereotiplər formalaşdırılıb.  

Əli Həsənov bildirmişdir ki, bu gün Azərbaycanda yüzlərlə kütləvi informasiya vasitəsi, o cümlədən televiziya, radio, qəzet, jurnal, elektron informasiya resursları, böyük jurnalist ordusu fəaliyyət göstərir. Həm ölkə qanunvericiliyi, həm də mövcud şərait medianın heç bir maneçilik olmadan, sərbəst fəaliyyətinə tam təminat verir. Azərbaycanda söz və məlumat azadlığının inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, medianın inkişafına maneçilik törədən problemlərin aradan qaldırılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Əlverişli fəaliyyət mühiti nəzərə alınmadan, hər hansı ölkədə baş verə biləcək ayrı-ayrı azsaylı halların məqsədyönlü şəkildə ümumiləşdirilməsi və əldə olunan “nəticələr” əsasında real vəziyyətin təhrif edilməsi heç bir təşkilata, o cümlədən “Freedom House”a başucalığı gətirmir. Bütün bunlar onu deməyə əsas verir ki, “Freedom House”un istifadə etdiyi metodologiya qüsurludur, subyektivdir, müəyyən maraqları ifadə edir və obyektiv reallığı əks etdirmir.

Ölkəmizdə internetin vəziyyəti ilə əlaqədar açıqlama verən Prezident Administrasiyasının rəsmisi qeyd edib ki,  bu gün informasiya-kommunikasiya texnologiyaları Azərbaycan iqtisadiyyatının ən sürətlə inkişaf edən sahələrindən biridir. Ölkəmizdə yüzlərlə internet saytı, portalı və s. fəaliyyət göstərir. Azərbaycanda əhalinin 70 faizi internet istifadəçisidir, sosial şəbəkə istifadəçilərinin sayı isə iki milyona yaxınlaşıb. Təkcə Facebook sosial şəbəkəsində Azərbaycandan 1,2 milyon nəfər istifadəçi var və sürətli illik artım dinamikası müşahidə olunur.

Əli Həsənovun təbirincə desək, “Freedom House” “qaranlıq otaqda qara pişik axtarmaq” əvəzinə, bu məsələləri araşdırsa və real nəticələr ortaya qoysa, bəlkə də, öz nüfuzuna daha müsbət calarlar gətirə bilər. Belə yalan məlumatlarla beynəlxalq aləmdə  ölkəmiz haqqında yalan və böhtan xarakterli hesabatlarla mənfi rəy yaratmağa çalışan “Freedom House” təşkilatı heç nəyə nail ola bilməyəcək. Çünki  dünya birliyi ağı qaradan seçməyi bacarır.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında