Beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərməlidir

 

Çexiyanın paytaxtı Praqa şəhərində bir sıra dövlət və hökumət başçılarının iştirakı ilə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitin plenar iclası müəyyən maraqlı və diqqətçəkən məqamlarla yadda qalmışdır. Belə ki, plenar iclasda iştirak edən Ermənistan prezidenti Serj Sarkisyan sammitdə qardaş Türkiyə dövlətinin nümayəndə heyətinin olmamasından istifadə edərək qondarma “erməni soyqırımı” məsələsini ortalığa atmış və rəsmi Ankaranın əleyhinə bir sıra əsassız ittihamlar səsləndirmişdir.

Sarkisyan Türkiyə hökumətini Ermənistanla sərhədləri açmamaqda ittiham edərək qardaş ölkənin Avropaya üzvlüyünün yolverilməz olduğunu söyləmişdir. Ermənistan rəhbəri çıxışında hər vəchlə iştirakçı ölkələrin nümayəndələrini və Avropa ictimaiyyətini qondarma “erməni soyqırımı” məsələsinə inandırmağa çalışmışdır. Bu, bir daha onu sübut edir ki, erməni xisləti sağalmayan bir yaradır.

Lakin Serj Sarkisyanın boş, mənasız ittihamları cavabsız qalmamışdır. Həmin sammitdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin Serj Sarkisyana cavabı çox tutarlı olmuşdur. Dövlət başçımız qondarma “erməni soyqırımı” və sərhədlərin açılmaması məsələsində qardaş Türkiyəni ittiham edən Ermənistan prezidentinə cavabında demişdir: “Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə - Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm. Türkiyə ilə Ermənistan sərhədi Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü ilin aprelində işğalından sonra bağlanıb. Bundan əvvəl isə bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulub. Dağlıq Qarabağ əhalisinin 30 faizi azərbaycanlılar idi. Kəlbəcərdən əvvəl - 1992-ci ildə ermənilər Şuşanı və Laçını işğal etdilər. Daha sonra Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl - Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda olan, ümumilikdə, 7 Azərbaycan rayonunu işğal etdilər ki, bu da Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini təşkil edir. Bizim əhali etnik təmizləməyə məruz qalıb və bu işğal BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, Avropa Parlamentinin qətnaməsi və Avropa Şurası Parlament Assambleyasının qətnaməsinə baxmayaraq, bu günədək davam edir. Ermənistan bu qətnamələrə məhəl qoymur və nə tarixən, nə də beynəlxalq hüququn normalarına əsasən onlara aid olmayan ərazinin işğalını davam etdirir”.

Prezident İlham Əliyev onu da əlavə etmişdir ki, Helsinki Yekun Aktında ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə prinsipləri çox aydın əks olunub. Öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünün pozulması hesabına əldə olunmamalıdır. Üstəgəl, ermənilər artıq öz müqəddəratını təyin ediblər, onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər hər yaşadıqları yerdə öz müqəddəratını təyin etməyi davam etdirsələr, nə baş verər. Onlar burada- Çex Respublikasında, Gürcüstanda, Rusiyada, Amerikada, yaşadıqları istənilən yerdə eyni yanaşma göstərə bilərlər. Onların öz dövləti var, onlar öz müqəddəratını təyin edib.

Bütün bunlar bir daha onu göstərir ki, tarixin bütün mərhələlərində Azəri - Türk millətinə zaman- zaman, fürsət düşdükcə zərbə endirən və daim xalqımızın ağır günlərində millətimizə qənim kəsilən ermənilər bəd niyyətlərindən əl çəkmirlər. Onlar fürsət düşdükcə, Azərbaycan və türk xalqlarını beynəlxalq arenalarda tənqid atəşinə tutaraq və ya hansısa uydurma, qondarma “soyqırımı” məsələsini ortalığa ataraq dünya ictimaiyyətinin gözündə özlərinə yazıq, günahsız, məsum xalq imici yaratmaq istəyirlər. Lakin həqiqət gec-tez yerini tutacaq. Tarix özü onların Dağlıq Qarabağda, Xocalıda azərbaycanlı əhaliyə qarşı törətdikləri vəhşiliklərə qiymət verəcək. Prezident İlham Əliyev Sarkisyana tutarlı arqumentlərlə və kəskin cavab verməklə, əslində, bütün dünyaya bəyan etmişdir ki, Azərbaycanla Türkiyəni birləşdirən ortaq dəyərlər var. Və bu dəyərlər hər iki dövlətin rəhbərləri üçün əzizdir. Möhtərəm Prezidentimiz Avropa rəhbərlərinin qatıldığı sammitdə Serj Sarkisyanı, əslində, yalançı kimi ifşa etmişd, dünyanın diqqətini Ermənistan dövlətinin millətçi, şovinist siyasətinə, öz qonşularına, xüsusən Azərbaycan və Türkiyəyə qarşı nifrət hissi təbliğ etməsi, beynəlxalq ictimaiyyəti uydurma “soyqırımı” cəfəngiyatı ilə çaşdırması faktlarına yönəltmişdir. Dövlət başçımız Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşan Avropanın və dünyanın bir sıra dövlətlərinin nümayəndələrinə BMT Təhlükəsizlik Şurasının, Avropa Parlament Assambleyasının və Avropa Parlamentinin qətnamələrini xatırlatmış və bu günə kimi Ermənistanın bunların heç birinə məhəl qoymamasına onların da göz yummasını xüsusi olaraq vurğulamışdır.

Cənab Prezident demişdir: “Azərbaycan xalqı bir sual verir: Niyə Ermənistana sanksiyalar qoyulmur? Niyə Avropa Şurasındakı Ermənistan nümayəndə heyəti səsvermə və söz hüququndan məhrum edilmir? Onlar digər bir ölkənin ərazilərini işğal ediblər, beynəlxalq hüquq normalarını pozurlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini kobud şəkildə pozurlar və heç bir sanksiya tətbiq edilmir, heç bir cəza verilmir. Qanunsuz, kriminal Dağlıq Qarabağ rejiminin qondarma nümayəndələri Avropa paytaxtlarına vizalar alırlar. Bu, dözülməzdir və buna son qoyulmalıdır”.

Təəssüf ki, məsələyə daim ikili standartlarla yanaşan, həmişə ermənipərəst mövqe tutan bəzi dövlət rəsmiləri yenə də bütün deyilənlər qarşısında səssiz qalmaqla özlərini xoşagəlməz duruma salmışlar.

Elçin ABBASOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında