Ölkəmizdə keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumu ekspertlər tərəfindən yüksək qiymətləndirildi

 

 

Aprelin 28-də Bakıda II Qlobal Açıq Cəmiyyətlər Forumunun rəsmi açılışı olmuşdur.  2015-ci il və ondan sonrakı mərhələdə dünyanın davamlı inkişafı proqramına həsr olunan beynəlxalq forumda 57 ölkədən 200-ə yaxın tanınmış ictimai və siyasi xadim iştirak etmişdir.  Bu forum   Azərbaycanın beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsi fikrini növbəti dəfə təsdiqləmiş oldu.  Həyatın bütün sferalarını əhatə edən məsələlərin müzakirə edildiyi İkinci Qlobal Açıq Cəmiyyətlər Forumunun əhəmiyyəti və  siyasi imicimizin formalaşmasında rolunu ekspertlər bu cür dəyərləndirdilər :

Rauf Zeyni, Milli-Qeyri Hökumət Təşkilatları Forumunun prezidenti:

– Bu forumun əhəmiyyəti barədə onu deyə bilərəm ki, müstəqillik dövründə, xüsusilə də, son 10 ildə ölkə rəhbərliyi tərəfindən aparılan mütərəqqi  siyasət Bakını, Azərbaycanı regionun və dünyanın mədəniyyət, fəlsəfə, tolerantlıq və düşüncə mərkəzinə çevirməkdədir. Belə beynəlxalq tədbirlər xalqımızın və dövlətimizin yeni bəşəri imicini formalaşdırır, dünya miqyasında ölkəmizin yerini möhkəmləndirir, rolunu artırır və bizim haqqımızda erməni lobbisinin indiyə qədər formalaşdırdığı rəyin dəyişilməsinə xidmət edir.

Vüqar Zifəroğlu, Geosiyasi analitik, Bakı Dövlət Universitetinin dosenti:

– Bildiyiniz kimi, ölkəmiz mütəmadi olaraq bir sıra beynəlxalq forumlara ev sahibliyi edir. Artıq üç dəfə ardıcıl olaraq ölkəmizdə keçirilən Beynəlxalq Humanitar Forum bunun ən bariz nümunəsidir. Adətən, belə forumlar qloballaşan dünyada bəzi problemləri elmi baxımdan müzakirə edərək, onların  həlli istiqamətində əhəmiyyətli rol oynamış olurlar. Bakıda öz işinə başlayan II Qlobal Açıq Cəmiyyətlər Forumu da bu cür ciddi əhəmiyyətə malikdir. Forumun gündəliyində duran açıq cəmiyyətlərin əhatə dairəsi və əsasları, iqtisadi dayaqlar, mürəkkəb vəziyyətlərdə münaqişələrin həlli üsulu, davamlı inkişaf prosesinin təmin edilməsi üçün multi idarəetmə və institusional çərçivəyə olan ehtiyac və digər mühüm məsələlərin müzakirəsi bizim üçün də əhəmiyyət kəsb edir. Bu cür tədbirlər təkcə Azərbaycanın beynəlxalq imicinin daha da yüksəlməsinə deyil, eyni zamanda regionda olan problemlərin və qlobal cəmiyyətlə bağlı mühüm sosial məsələlərin həlli və müzakirəsində qəbul edilən tərəf kimi iştirak etdiyimizin də bariz nümunəsidir. Bakı artıq beynəlxalq mərkəzə çevrilib və  Prezident İlham Əliyevin də forumdakı nitqində qeyd etdiyi kimi, Azərbaycan multikulturalizm və tolerantlıqla bağlı tədbirlərin təşkil edilməsinə xüsusi diqqət yetirir.

Məzahir Əfəndiyev, BMT-nin Bakı ofisinin proqramlar meneceri:

– Açıq Cəmiyyətlər Forumunun Bakıda keçirilməsi həm ölkəmiz, həm də dünyada multikulturalizmin əsasları ücün çox vacibdir.  Müxtəlif elmi, siyasi, iqtisadi, mədəni sahələrin ünlü nümayəndələrinin, habelə, öz fəaliyyətləri və şəxsiyyətləri ilə dünyanın inkişafına, insanlarin rifahına müsbət təsir edən alimlərin, mütəxəssislərin, keçmiş dövlət və hökumət başçılarının Bakida bu forumda iştirakı xalqımızın ədalət prinsiplərinə və dünyada sülhün qorunmasına verdiyi töhfələri bir daha nümayiş etdirir. Bakının bu forum çərçivəsində Nobel mükafatı laureatlarının eləcə də, dünya siyasətinin idarəçiliyində iştirak etmiş dövlət xadimlərinin iştirakı ilə bir möhtəşəm tədbirə ev sahibliyi etməsi, zənnimcə, Azərbaycanımızın növbəti uğurlarında və qələbəsində öz izini buraxacaqdır. Ölkə rəhbərliyinin gərgin, prinsipial, milli əsaslara söykənən siyasəti nəticəsində bu gün Bakıda dünyanın gələcək taleyüklü məsələlərinin həlli yolları müzakirə olunur. Bu siyasət öz növbəsində dünyada Azərbaycanı demokratik, sivil, dünyəvi ölkə kimi tanıtdırır və beynəlxalq birliklərdə  öz dəsti-xəttini müəyyən edir.

Nailə İsmayılova, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri:

– Bu forumun ölkəmizdə keçirilməsi Azərbaycanın artıq dünyada vacib əhəmiyyətli ölkə olduğunu bir daha sübut etdi. Hörmətli Prezidentimizin əhatəli nitqində də söylədiyi kimi, iyirmi iki il öncə biz bunu sadəcə arzulaya bilərdik. Biz anladıq ki, möhkəm iqtisadi əsaslar olmasa, müstəqilliyimiz tam ola bilməz. Buna görə də siyasi islahatlarla, iqtisadi islahatları paralel həyata keçirdik. II Qlobal Açıq Cəmiyyətlər Forumunun Bakıda keçirilməsi bir növ həm iqtisadi yüksəlişimizin, həm də siyasi sabitliyimizin bariz nümunəsidir. 57 ölkədən 200-ə qədər tanınmış ictimai-siyasi xadimin bu forumda iştirak etməsi, həyatın bütün sferaları üzrə gələcəyimizi müzakirə etməsinin özü belə Azərbaycanın həm keçmişinə, həm bu gününə, həm də gələcəyinə verilən dəyərdir. Deməli, bu insanlar Azərbaycanda özlərini tam təhlükəsiz hiss etməklə yanaşı, həm də ölkəmizin bu vacib problemlərin həllində böyük bir missiya daşıyıcısı, sülh ölkəsi olduğunu görürlər. Bu, uzun müddət bizim üçün həqiqətən əlçatmaz olmuşdur. İndi isə bu uğurlar bizimdir.

Anar TURAN,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında