Prezident İlham Əliyevin Praqa sammitində Ermənistan prezidenti Serj Sarkisyana kəskin cavabı Türkiyə ictimaiyyətində böyük sevinc və əks-səda doğurmuşdur

 

Ayyıldız GÜZEL: Şərəfli, mərd xasiyyət sahibi və qürur duyulmalı bir dövlət adamı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 24-də Praqada Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitinin beş illiyinə həsr olunmuş plenar icalsındakı çıxışı dünya mətbuatının diqqət mərkəzindədir. Dövlət başçımızın Ermənistan prezidenti Serj Sarkisyanın növbəti spekulyasiyasına cavab verməsi və düşmən ölkənin rəhbərinin  sammitdə Türkiyə təmsilçisinin iştirak etmədiyindən istifadə edərək rəsmi Ankaranın ünvanına hədyanlar söyləməsini və qondarma “soyqırımı” məsələsini qabardaraq heç bir tarixi fakta əsaslanmayan iddialar səsləndirməsini sərt qarşılaması Türkiyə mətbuatında və sosial şəbəkələrində özünəməxsus rezonans yaratmışdır. Türkiyə mediası İlham Əliyevin bu çıxışını və Sarkisyana birbaşa ünvanladığı “Türkiyə burada yoxdur, mən buradayam” ifadələrini manşetə çıxarıb.

Türkiyənin rəsmi informasiya agentliyi olan “Anadolu” bu xəbəri “Əliyevdən Ərdoğana dəstək” başlığı ilə təqdim edib.

Nüfuzlu “Sabah” qəzetində “Əliyevdən Ermənistana sillə kimi cavab” sərlövhəli məqalə dərc olunmuşdur. Müəllif məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından sitat gətirərək yazır: “Bu gün, təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”.

“Yenişafak” qəzetində də “Əliyevdən Sarkisyana Türkiyə dərsi”  başlıqlı məqalə dərc olunmuşdur.

“Ensonhaber” saytı isə xəbəri “Ermənistan prezidentinin gözlərinin içinə baxaraq, Türkiyə burada deyil, mən varam” kimi təqdim edib. Türkiyənin ən çox oxunan xəbər saytlarından olan “Milliyet” isə İlham  Əliyevin çıxışını “Türkiyəni ittiham edərkən elə bir tənqid eşitdi ki...” şəklində manşetə çıxardıb.

“Cumhuriyet”, “Yeni Şafak”,  “Sözcü”, “Star” “Radikal”, “Haber Türk” qəzetinlərində dərc olunmuş məqalələrdə də “Çexiyanın paytaxtı Praqada keçirilmiş “Şərq tərəfdaşlığı” Sammitində Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyənin ünvanına söylədiyi tənqidi fikirlərə Azərbaycan Prezidenti İlham Əliyevin sərt təpkisi qabardılmışdır.

Türkiyənin ingilisdilli “Todays Zaman” və “Hurriyet Daily News” saytları da prezident İlham Əliyevin Praqa sammitindəki çıxışına geniş yer ayırıblar. “Haber Türk” qəzetində dərc olunmuş məqalədə də Çexiyanın paytaxtı Praqada keçirilmiş “Şərq tərəfdaşlığı” Sammitində Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyənin ünvanına söylədiyi tənqidi fikirlərə Azərbaycan Prezidenti İlham Əliyevin sərt təpkisi qabardılmışdır. Prezident İlham  Əliyev isə Sarkisyana birbaşa səslənərək  “Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!” ifadəsini işlətmiş və Türkiyə-Ermənistan sərhədinin bağlı olmasının səbəbləri, eyni zamanda Ermənistana indiyə qədər nədən heç bir sanksiyanın tətbiq edilməməsi ilə bağlı geniş çıxış etmişdir.

Bundan savayı, Türkiyənin “TGRT”, “TRT Türk”, “TRT Avaz”, “TRT Haber” və digər televiziya kanallarında yayımlanmış, eləcə də “Doğan”, “İhlas” agentlikləri, “Haberler”, “Sondakika”, “Haber3”, “Haberciniz”, “f5haber” və s. xəbər portallarında yerləşdirilmiş şərhlərdə də qeyd edilir ki, Türkiyə nümayəndələrinin təmsil olunmadığı Praqa sammitində Ermənistan prezidenti fürsətdən istifadə edərək rəsmi Ankaranı qondarma “soyqırımı” ilə bağlı konstruktiv mövqe tutmamaqda, digər tərəfdən isə Ermənistanla sərhədlərini açmamaqda əsassız olaraq ittiham etmiş və bu ölkənin Avropa İttifaqına üzvlüyünün yolverilməz olduğunu demişdir. Azərbaycan Prezidenti İlham Əliyev bu çıxışdan dərhal sonra Ermənistan prezidentinə sərt cavab vermişdir. Prezident İlham Əliyevin çıxışından sitatların yer aldığı şərhlərdə diqqətə çatdırılır ki, bu sammitdə Azərbaycan dövlətinin başçısı Ermənistan prezidentinin səsləndirdiyi əsassız iddialar qarşısında Türkiyəni qətiyyətlə müdafiə etmişdir. Şərhçilər İlham Əliyevin bu addımını  Azərbaycan-Türkiyə qardaşlığının daha bir sarsılmaz nümunəsi kimi təqdir etmişlər.

Ən maraqlı məqamlardan biri isə hələ də sosial şəbəkələrdə Prezident İlham Əliyevin ermənilərin liderinə bu qətiyyətli cavabını yüzminlərlə insanın fəxrlə müzakirə etməsidir. Saysız-hesabsız Türkiyə və Azərbaycan vətəndaşları bu hadisəni xoş fikirlər və böyük sevinclə qarşılayaraq ölkələrimizin bir-birinə yüksək qardaş münasibəti kimi dəyərləndirmişlər. Minlərlə türk vətəndaşının yazdığı şərhlərdən bir neçəsini təqdim edirik:

Muhammet Şen: Eşq olsun cənab İlham Əliyevə. Ermənilər kim bilir nə qədər çox qısqanır Türkiyə ilə Azərbaycan arasındakı bu qardaşlığı.

Halil İbrahim Yay: Bütün  Türk dünyası, bax bu cür amal birliyi  içində olmalıdır. Birimizə edilən hücum, hamımıza edilmiş hücum kimi dəyərləndirilməlidir. Bizlər eyni atanın övladlarıyıq. İlham Əliyevi təbrik edirəm, əllərindən öpürəm.

Cahit Iltin: Azərbaycan, Türkiyə və digər türk cümhuriyyətləri, biz bax belə qardaş olmalıyıq... Qardaş qardaşı hər zaman belə qucaqlayar. Allah İlham Əliyevdən  razı qalsın.

Hüseyin Kilik:  Halal olsun hörmətli cümhurbaşqanımız İlham Əliyevə... Əsl millət adamı... Kökünü, milli dəyərlərini heç bir zaman unutmur... Biz həmişə bərabər bir millət iki dövlətik... 

Tahir Çoban: Türk millləti səninlə gürur duyur can qardaşımız Azərbaycan başkanı!

Bahattin Konuş: Eşq olsun hörmətli lider İlham Əliyevə... Bizlər ət və dırnaq kimi birik...Bizləri rəbbimizdən başqa kimsə ayıra bilməz.

Irfan Yek: Bir zamanlar biz də qadaşımız Azərbaycan üçün ermənilərə qarşı çiyin-çiyinə vuruşduğumuz tarixi xatırladım... Biz nə qədər iki dövlət olsaq da eyni millətik, qardaşıq. Hörmətli İlham Əliyev, Allah sizdən razı qalsın..!

Serhat Acar: İlham Əliyevə sonsuz təşəkkürlər...

Zeynep Burç Soysal: Qardaşlıq bax budur...  Hər zaman və hər şərtlə bərabər olmaq.

Hicabettin Sari: Cənab İlham Əliyev! Türklüyə qarşı duran qüvvəyə layiqincə cavab verməklə borcunuzu yerinə yetirərək bir daha nəcib bir Türk atası olduğunuzu isbatladınız! Sizi sevirik, Azərbaycanı sevirik!

Erol Akpınar: Bilsinlər ki, yaşadığımız bölgədə bizə arxasını heç vaxt döndərməyəcək qardaş Azerbaycan xalqıdır. Biz də əsla onlara arxa çevirmərik.

Ayyıldız Güzel: Şərəfli, mərd xasiyyət sahibi və qürur duyulmalı bir dövlət adamı.

Anar TURAN,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında