Azərbaycan ilə Niderland arasında miqrasiya sahəsində əməkdaşlıqla bağlı “dəyirmi masa” keçirilmişdir

 

 

Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyində Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyevin, bu ölkənin Repatriasiya və Geri Qaytarma Xidmətinin baş direktoru xanım Rodia Maasın rəhbərlik etdikləri nümayəndə heyətlərinin iştirakı ilə “dəyirmi masa” keçirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, miqrasiya sahəsində əməkdaşlıq mövzusuna həsr olunmuş tədbiri açan səfir Mirhəmzə Əfəndiyev Azərbaycan ilə Niderland arasında münasibətlərin davamlı inkişafda olduğunu vurğulamışdır. Diplomat bu ilin yanvarında Davosda Azərbaycan Prezidenti İlham Əliyevin Niderlandın Baş naziri Mark Rutte ilə görüşünün, dövlətimizin başçısının cari ilin martında Niderlanda işgüzar səfərinin, eləcə də krallığın xarici işlər naziri Frans Timmermansın respublikamıza ilk rəsmi səfərinin, o cümlədən ölkələrimiz arasında təşkil olunan biznes forumların və yüksək səviyyəli digər tədbirlərin münasibətlərimizin inkişafına mühüm töhfə verdiyini demişdir.

Niderlandın Repatriasiya və Geri Qaytarma Xidməti ilə səfirlik arasında yüksək səviyyəli əməkdaşlığın mövcudluğunu diqqətə çatdıran diplomat əlaqələrimizin daha da inkişafında krallığın maraqlı olduğunu bildirmişdir. Həmçinin DMX-nin rəisi Firudin Nəbiyevin Niderlanda səfəri çərçivəsində keçirilən görüşlərin bu sahədə əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminlik ifadə edilmişdir.

Azərbaycan ilə Niderland arasında miqrasiya sahəsində əməkdaşlığın ikitərəfli münasibətlərdə mühüm əhəmiyyət daşıdığını bildirən Firudin Nəbiyev səfər çərçivəsində keçirilmiş görüşlərin məhsuldar olduğunu söyləmişdir. Xidmət rəisi, həmçinin qeyd etmişdir ki, sürətli sosial-iqtisadi inkişafla yanaşı, energetika və nəqliyyat sahələrində beynəlxalq əhəmiyyətli layihələrin reallaşdırılması, habelə Azərbaycanın əlverişli geosiyasi mövqeyi ölkəmizdə miqrasiya proseslərinin intensivləşməsinə gətirib çıxarmışdır. Nəticədə Azərbaycan miqrasiya nöqteyi-nəzərindən mənşə ölkədən təyinat ölkəsinə çevrilmişdir.

Daha sonra tərəflər Avropa İttifaqı ilə birgə həyata keçirilən Tvinninq layihəsinin növbəti mərhələsi, bu sahədə ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsi, eləcə də Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində keçirilən vacib görüşlərin nəticələri ətrafında fikir mübadiləsi aparmışlar. Qeyd olunmuşdur ki, Azərbaycan ilə Niderland arasında miqrasiya sahəsində əməkdaşlıq yüksək səviyyədə davam etməkdədir. Bu baxımdan qabaqcıl təcrübənin öyrənilərək müvafiq qaydada tətbiqi xüsusi əhəmiyyət kəsb edir.

Rodia Maas demişdir ki, ölkələrimiz arasında miqrasiya sahəsində əməkdaşlıq nümunəvi xarakter daşıyır. Bu səbəbdən miqrasiya sisteminin təkmilləşdirilməsi, ikitərəfli və çoxtərəfli əsasda beynəlxalq müqavilələrin bağlanması vasitəsilə digər ölkələrlə qarşılıqlı şəkildə miqrasiya siyasətinin müvafiq aspektlərinin əlaqələndirilməsi vacib məsələyə çevrilmişdir.

“Dəyirmi masa”da birgə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmış, qarşılıqlı əlaqələrə töhfə verməsi baxımından belə görüşlərin davamlı olmasının vacibliyi vurğulanmışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında