Prezident İlham Əliyevin Praqadakı nitqi işğalçı Ermənistana və onu himayə edənlərə ağır zərbə olmuşdur

 

 

Xəbər verdiyimiz kimi, dövlət başçımız İlham Əliyev bu günlərdə daha bir beynəlxalq təşkilatın sammitində iştirak etməklə dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərinin növbəti dəfə olduğu kimi çatdırılması istiqamətində  uğurlu addım atmışdır.

Cənab Prezidentin bir neçə gün əvvəl  Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi uğurları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında dünyanın bəzi dairələrinin Azərbaycana münasibətdə  nümayiş etdirdiyi ikili standartları kəskin tənqid etməsi Qafqazda və xüsusən, respublikamızda maraqları olan dairələri ciddi şəkildə narahat etmişdi. Ekspertlər yazırlar ki,   dövlət başçımızın həmin tənqidi fikirlərindən sonra bəzi dairələr açıq şəkildə bəyan etmişdilər ki, Azərbaycanın yeganə problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır.  Xüsusən, müasir dünyada baş verən ictimai-siyasi proseslər bu münaqişənin  ədalətli həllini daha da  zəruri edir. Prezidentin Praqadakı adı çəkilən nitqi isə politoloq, siyasi ekspert və konfliktoloqların diqqətini yenidən Azərbaycana cəlb etmişdir.

Dövlət başçımız Praqadakı nitqində Azərbaycanın Avropa dəyərlərinə xüsusi önəm verdiyini  xatırladaraq demişdir ki, biz siyasi islahatlara böyük əhəmiyyət veririk və bu baxımdan Avropa İttifaqı ilə əməkdaşlığımızı önəmli hesab edirik. Demokratik inkişaf, insan hüquqlarının qorunması, qanunun aliliyinin və fundamental azadlıqların təmin olunması bizim əsas prioritetlərimizdəndir.  Təbii ki, demokratik inkişafa nail olmaq üçün ilk növbədə Avropaya inteqrasiya genişləndirilməli, cəmiyyət yeniləşdirilməlidir.

 

Bu prinsipi əsas tutan dövlət başçımız demişdir: “Biz ölkəmizi müasirləşdiririk. Müasir iqtisadi sistem müasir siyasi sistemlə tamamlanmalıdır. Bu baxımdan Avropa İttifaqının nümunəsi yaxşı nümunədir”.

Məhz həmin nümunənin ölkəmizdə tətbiq olunması nəticəsində gənc müstəqil dövlətimizin kifayət qədər uğurlar əldə etdiyini vurğulayan dövlət başçımız avropalı həmkarlarının və sammitin qonaqlarının nəzərinə çatdırmışdır ki, Azərbaycan iqtisadiyyatı son on ildə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı olmuş, 3 dəfədən çox artmışdır. Biz yoxsulluğu, işsizliyi aradan qaldıra bilmişik. Yoxsulluq Azərbaycanda 5 faiz, xarici borcumuz isə ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir.

Ölkəmizin təbii resurslarının, xüsusən, karbohidrogen ehtiyatlarının təkcə respublikamız üçün deyil, eləcə də bütövlükdə, Avropa üçün xüsusi önəm kəsb etdiyini nəzərə çatdıran Azərbaycan Prezidenti Avropa siyasətçiləri üçün daha maraqlı olan bir məqamı yada salaraq demişdir: Nəhəng qaz yatağı olan “Şahdəniz”in işlənməsi, Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi Avropanın enerji xəritəsini dəyişdirəcəkdir. Bununla da, qarşıdan gələn 4-5 il ərzində Avropa üçün yeni qaz mənbəyi açılacaqdır”.

Bütün bunlarla yanaşı, dövlət başçımızın Praqadakı nitqi müasir tariximizin ən önəmli məsələlərindən olan türk xalqları birliyinin möhkəmləndirilməsinə  xüsusi töhfə verən tarixi hadisə kimi də yaddaşlara yazılmışdır. Prezidentin adı çəkilən sammitdəki nitqinin həmin məqamlarını region ölkələrinin bütün kütləvi informasiya vasitələri məhz siyasi hadisə kimi qiymətləndirirlər. Ermənistan prezidenti Serj Sarkisyan sammitdə Türkiyə təmsilçisinin iştirak etmədiyindən “yararlanaraq”, rəsmi Ankaranın ünvanına növbəti dəfə cəfəng və böhtanlar yağdırmışdır. Türkiyənin Ermənistanla sərhədləri  bağlamasını tənqid edərək bu addımın beynəlxalq prinsiplərə uyğun olmadığını sübut etməyə çalışan Sarkisyan sammitdə belə zərbə alacağını gözləmirdi. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsinin günün reallığı olduğunu  bir daha sübut edən Azərbaycan Prezidenti Avropa İttifaqının rəhbərlərinin qatıldığı sammitdə Ermənistan Prezidentinə öz yerini göstərən qətiyyət nümayiş etdirərək demişdir: “Ermənistan Prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”.

Prezident xatırlatmışdır ki, Türkiyə ilə Ermənistan sərhədi Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü ilin aprelində işğalından sonra bağlanıb. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizi işğal olunub. Bizim əhali etnik təmizləməyə məruz qalıb.

Dövlət başçımız Bakıdakı nitqində olduğu kimi Praqada da Ermənistanın işğalçı siyasətini və beynəlxalq ictimaiyyətin bu ölkəyə münasibətdə ikili standartlardan əl çəkə bilmədiyini nəzərə çatdırmaq üçün konkret faktlara istinad etmişdir:  “İşğal faktı BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin və Avropa Şurası Parlament Assambleyasının qətnaməsinə baxmayaraq bu günədək davam edir. Ermənistan bu qətnamələrə məhəl qoymur və nə tarixən, nə də beynəlxalq hüququn normalarına əsasən onlara aid olmayan ərazinin işğalını davam etdirir”.

Adı çəkilən işğala bəraət qazandırmaq istəyən ermənilərin müxtəlif bəhanələr uydurduğunu yada salan dövlət başçımız həmin uydurmaların tamamilə əsassız olduğunu söylədi: “Öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünün pozulması hesabına əldə olunmamalıdır. Üstəgəl, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər, onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər hər yaşadıqları yerdə öz müqəddəratlarını təyin etməyi davam etdirsələr, nə baş verər?”

Azərbaycan Prezidenti son günlər daha çox gündəlikdə olan uydurma “erməni soyqırımı” haqqında həqiqəti bilmək istəyənlərə də doğru yolu göstərmişdir: “Türkiyənin Baş naziri Ərdoğan bir neçə il öncə bəyanatla çıxış edərək Ermənistanın rəhbərliyinə bütün arxivləri açmağı təklif etmişdi ki, tarixçilər iki xalq arasındakı münasibətlərin tarixi məqamlarını nəzərdən keçirsinlər. Ancaq bu təklif adekvat cavabla qarşılanmadı. Dünən isə Baş nazir Ərdoğan erməni əsilli insanlara başsağlığı verdi, ancaq təəssüf ki, buna da Ermənistan tərəfindən müvafiq reaksiya verilmədi. Bu, aydın göstərir ki, regionda sülh istəməyən kimdir”.

Xatırladaq ki, Azərbaycan Prezidentinin “Nə üçün Ermənistana qarşı sanksiyalar tətbiq olunmur?” - sualı artıq bütün kütləvi informasiya vasitələrinin aparıcı mövzularından birinə çevrilir. Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə isə bu məsələyə daha geniş şəkildə toxunulur:"Beynəlxalq birlik Ermənistana ciddi təzyiq göstərəndən sonra bu məsələ dinc yolla həll olunacaq və işğalçı dövlət geri çəkiləcək. Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həlli prinsipləri mövcuddur. Bu prinsiplər ilk növbədə Azərbaycanın ərazi bütövlüyü, eyni zamanda Dağlıq Qarabağda yaşayan ermənilərin öz müqəddəratını müəyyən etməsi hüququndan ibarətdir. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağda yaşayan erməni əhalinin öz müqəddəratını təyin etmək hüququ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində reallaşdırıla bilər. Ona görə də biz beynəlxalq aləmdən ciddi iradə, Ermənistana təzyiq gözləyirik. Bununla yanaşı, qeyd etmək istərdim ki, bu problemin həllində fəallaşma da müşahidə olunur. Son zamanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq aləmdə də aktuallaşıb. Çünki bu münaqişə həll edilmədikcə, dünyada buna bənzər münaqişələrin sayı da artır və belə münaqişələr həm regional, həm də beynəlxalq sülhü və təhlükəsizliyi təhdid etməkdə davam edir".

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında