Uydurma əfsanədən siyasi terrorizmə gedən bir əsrlik yol

 

 

 

Erməni yalan və böhtanlarının yaşı bu millətin tarixi qədər qədimdir. Yəni, yalan, böhtan, uydurma ermənilərin yaranışdan bəri qanında, genindədir. Türklərin erməni xalqına qarşı törətdikləri “soyqırımı” adlandırdıqları ən böyük yalanlarından birinin yaşı artıq 99-a çatmışdır.

“Erməni məsələsi” tarixi istilah kimi XIX əsrin ikinci yarısından meydana gəlsə də, əslində, onun kökləri xeyli əvvələ gedir. Kökündə erməni saxtakarlığının dayandığı bu məsələ ermənilərin özləri, habelə onların havadarları üçün “böyük siyasət” olsa da, mahiyyətcə terror və soyqırımı aktları həyata keçirməkdən, silahlı münaqişə törətməkdən, tarixə saxta müdaxilə etməkdən, riyakarlıq, oğurlama və özününküləşdirmə, “erməni mütiliyi”, xəyanət və s. özündə ehtiva edən çürük nəzəriyyədən başqa bir şey deyildir. Xəstə ideyalar yığını kimi “Böyük Ermənistan” xülyasından qaynaqlanan bu  fəlsəfənin mənfur nəticələri göz qabağındadır: talan olmuş şəhərlər, öldürülmüş və ya şikəst edilmiş insanlar, öz ölkələrində qaçqına dönmüş yerli əhali, üzücü müharibələrin acı məhrumiyyətləri, aclıq, səfalət və s.

“Erməni məsələsi”nin mahiyyətində, qısaca desək, Qafqazda və Anadoluda türk birliyini parçalayan bir qılınc kimi erməni dövlətinin yaradılması dayanırdı. Bu gün Cənubi Qafqazın müasir siyasi xəritəsinə nəzər saldıqda bu mənfur siyasətin eskizləri aydın şəkildə nəzərə çarpmaqdadır. Müasir Ermənistanın  iki qardaş türk dövlətinin, Türkiyə Cümhuriyyətinin və Azərbaycan Respublikasının arasında bir maneə kimi süni şəkildə yaradılması, müxtəlif tarixi dövrlərdə isə bu “paz”ın eninə və uzununa tədricən genişləndirilməsi həmin siyasəti bütün çılpaqlığı ilə üzə çıxarır.

Hələ XIX əsrin ikinci yarısında “erməni məsələsi”nin əsasında formalaşan erməni terrorizminin xeyir-duasını məhz Avropa dövlətləri vermişdir. Mütəxəssislərin fikrincə, müasir erməni terrorçu qrupların və onların XIX əsrdəki, XX əsrin əvvəlindəki məsləkdaşlarının məqsədləri, hədəfləri, istifadə etdikləri taktika və təbliğat arasında böyük oxşarlıq vardır. Çox qədim tarixə malik olan terrorizm hazırda həm beynəlxalq miqyasda, həm də regionda baş verən mütəşəkkil cinayətkarlığın ən təhlükəli formasıdır. Osmanlı imperiyasında geniş vüsət almış erməni terrorizmini geniş müasir beynəlxalq terrorizmin banisi hesab etmək olar. Ermənilərin Türkiyə, Almaniya, ABŞ, İtaliya, Livan, Suriya, Rusiya və başqa ölkələrdə törətdikləri terror aktları onlara bu “hüququ” verir. Dünyanın müxtəlif ölkələrində terrorçuluq aksiyalarını yerinə yetirən 27 ən güclü təşkilatın  12-si məhz ermənilərə məxsusdur. Erməni terror təşkilatlarından “Hnçaq”, “ASALA”, “MAQ”, “Erməni Birliyi”, “Ermənistan Azadlıq Cəbhəsi”, “Dro”, “Njde” daha təhlükəli beynəlxalq fəaliyyətli terrorçu birliklərdir. Həmçinin erməni terrorizmi - siyasi məqsədlərə çatmaq naminə aparılan dövlət separatizmidir. Tarixən və hazırda erməni terrorizminin əsas hədəf obyektləri türklər və azərbaycanlılardır. Ermənistanda terrorçuluq dövlət siyasətinin tərkib hissəsi sayılır, bundan xarici və daxili məqsədlərin həyata keçirilməsində istifadə olunur.

Müasir dövrdə terror beynəlxalq münasibətlər sisteminin aktual problemlərindən birinə, beynəlxalq aktorun alətinə çevrilmişdir. Bu, ilk növbədə, terrorizmin və terrorçunun motivlərinin qloballaşma fonunda genişlənməsi, milli sərhədləri aşması, məqsədlərinin həm də beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlıdır. Ermənilərin əsrdən-əsrə keçərək ənənəyə çevrilən, ictimai şüurda həkk edilən şovinizm və ekstremizmlə birləşən terror ideologiyası və onu reallaşdıran qlobal şəbəkə qeyd edilən fenomenin səbəbləri kompleksində aparıcı yer tutur.

Keçən əsrin 90-cı illərinin əvvəllərindən Azərbaycanın ərazi bütövlüyü Ermənistanın terrorçu siyasi qüvvələri tərəfindən təcavüzə məruz qalmış, tarixi torpaqlarımızın 20 faizi işğal edilmiş, 20 mindən çox soydaşımız həlak olmuş, 50 mindən artıq adam yaralanmış, əlil və şikəst olmuş, dinc əhali girov götürülmüş, bir milyon həmvətənimiz öz yurdunda ağır qaçqın və məcburi köçkün həyatı yaşamaqdadır. Bununla belə, 20 ildən artıq keçməsinə baxmayaraq, bu siyasi terrorizmə dünya birliyi tərəfindən birmənalı və adekvat qiymət verilməmişdir.

Beynəlxalq səviyyədə heç bir sanksiyaya məruz qalmayan erməni qəsbkarlarının törətdikləri  kütləvi insan qırğını Azərbaycanın dövlət müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü siyasətin bir mərhələsi kimi, ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində oxşarı olmayan vəhşilik, birmənalı olaraq soyqırımı kimi dəyərləndirilməlidir.

Xüsusilə də ermənilərin 2015-ci ildə qondarma “erməni soyqırımının” 100 illiyinin qeyd edilməsinə ciddi  hazırlaşmasını nəzərə alsaq, bu problemin vacibliyi daha da artır. Bu gün də Ermənistanda dövlət səviyyəsində dəstəklənən terrorçuluğun başlıca hədəfi qismində Azərbaycan ilk sıradadır.

Azərbaycan dövlətinin mövqeyi bu məsələdə belədir ki, hansı ölkədə təbliğ edilməsindən asılı olmayaraq, terrorizmin ideologiyasına qarşı milli səviyyədə tədbirlərin görülməsi ilə yanaşı, beynəlxalq əməkdaşlıq daha da gücləndirilməlidir.

Dünya birliyinə, aidiyyəti beynəlxalq təşkilatlara müraciət edərək Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, terror siyasətinə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulacağına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə aradan qaldırılmasına dəstək veriləcəyinə, zəbt olunmuş torpaqların qaytarılacağına, yüz minlərlə qaçqın və məcburi köçkünlərin öz yurdlarına dönəcəyinə, onların konstitusion hüquqlarının bərpa ediləcəyinə inanırıq. Ölkəmizə qarşı təcavüzü, soyqırımını törədən erməni terrorçuları və onların havadarları cinayət məsuliyyətinə cəlb edilməlidir. Beynəlxalq təşkilatların məlum münaqişənin həllinə yönəlmiş səyləri ikili standartlara yol verilmədən, beynəlxalq hüquq norma və prinsiplərinə tam uyğun həyata keçirilməli, Ermənistan işğalçı, təcavüzkar siyasətdən, ərazi iddialarından əl çəkərək, bu münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalı, azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa edilməli, onlar öz doğma yurdlarına dönməli, əsir və girovlar azad olunmalı, terrorçu siyasət aparan Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyalar tətbiq edilməlidir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi dövlət başçısı İlham Əliyev tərəfindən ümummilli problem kimi bəyan edilmişdir. Bu baxımdan Azərbaycanda erməni terroruna və onun ideoloji əsaslarına qarşı mübarizə problemi, təcavüz və terrorçuluğa qarşı mübarizə də təbii olaraq vacib ümumdövlət vəzifəsi hesab olunur.  Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev tərəfindən başlanan və hazırda dövlət başçısı İlham Əliyev tərəfindən davam etdirilən antiterror siyasətini tərəfdaş ölkələr təqdir edirlər. Azərbaycan beynəlxalq terror təşkilatlarına qarşı mübarizəni nəzərdə tutan bir sıra konvensiyalara, müqavilələrə qoşulmuşdur və qanunvericiliyini həmin sənədlərə uyğunlaşdırmaq istiqamətində sistemli tədbirlər həyata keçirmişdir.

Ermənistan yalnız ərazisini işğal etdiyi Azərbaycana və Türkiyəyə deyil, qonşu Gürcüstana qarşı da ərazi iddiası qaldırır, Cavaxetiya problemini gündəmə gətirir. Nəticədə, bu gün Ermənistan geosiyasi baxımdan özü-özünü blokadaya alıb. Bir sıra region dövlətləri ilə mehriban münasibətlərin olmaması, qonşulara qarşı daimi ərazi iddiaları, dini məsələləri alver obyektinə çevirməyə göstərilən cəhdlər Ermənistanı təkcə Cənubi Qafqaz regionunun zəif bəndinə deyil, həm də bu regionda qeyri-sabitliyin səbəbkarına çevirir. Beləliklə, terrorizm Ermənistanın istənilən vaxtda həm daxili, həm də xarici siyasət ambisiyaları naminə münaqişə yaratmağa hesablanmış konkret dövlət siyasətidir.

Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə dövlətimizin bütün sahələrdə inkişafına, regionun lider dövlətinə, güc mərkəzinə çevrilməsinə nail olub.

Biz yaxşı bilirik ki, beynəlxalq qurumlar işğalçıya tərəfkeşlik edəndə, ədalətsiz mövqe tutanda bu qəbildən olan münaqişələr, ilk növbədə, güc amilinin köməyi ilə həll olunur. Buna görə də möhtərəm dövlət başçımızın dəfələrlə vurğuladığı kimi, biz daha da güclü olmalıyıq. Buna görə də hazırda əsas diqqət bu sahəyə yönəlmişdir.

Kamran BEHBUDOV, “ADA” Universitetinin professoru

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında