Elmi təmələ əsaslanan inkişaf strategiyasının fundamental tədqiqi

 

 

Sürətli inkişaf yolunda inamla irəliləyən Azərbaycanın həyatın bütün sahələrində əldə etdiyi uğurlar əvvəlcədən müəyyənləşdirilən, dəqiq və konkret hədəfləri olan fəaliyyət strategiyasına əsaslanır. İqtisadi, siyasi, sosial və hüquqi islahatlar yolu ilə gerçəkləşdirilən  bu strategiya respublikamızı yaxın perspektivdə inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmağa xidmət edir. Sistemli və ardıcıl islahatların nəticəsi kimi keçid dövrünü geridə qoyan Azərbaycan modernləşmə mərhələsinə qədəm qoymuşdur.

İndi müstəqil dövlətimiz nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi məkanında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınır. Ümummilli lider Heydər Əliyevin sabitlik, islahatlar  və inkişaf xəttinin ən layiqli davamçısı Prezident İlham Əliyevin 2003-cü ildən yürütdüyü uğurlu siyasət ölkəni möhtəşəm quruculuq proqramları meydanına çevirmiş, başdan-başa yeniləşmə yoluna çıxartmışdır.

Keçid dövrünün geridə qaldığı son 5 ildə milli ideya səviyyəsində nəzərdən keçirilən strateji məqsədlərdən biri də məhz Azərbaycanın orta inkişaf etmiş ölkədən yüksək inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırılmasıdır. Son 10 ildə dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında ictimai həyatın bütün sahələrində qazanılan nailiyyətlər ölkəmizin belə yüksək iddia ilə çıxış etməsinə və strateji hədəfə doğru inamlı addımlar atmasına real tarixi imkanlar açmışdır.

Prezident İlham Əliyevin 29 dekabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası bu məqsədin həyata keçirilməsi ilə bağlı zəruri islahatları özündə ehtiva edir. İqtisadi modernləşmə prosesini sürətləndirməklə ümumi daxili məhsul istehsalının 2 dəfəyədək artırılmasını başlıca hədəflərdən biri kimi müəyyənləşdirən həmin sənəddə 2020-ci ilə qədər inkişafın digər təmayyülləri də dəqiq əksini tapmışdır. Qarşıya qoyulan məqsədlərə nail olunması üçün təbii resurslardan asılılığın azaldılması və qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə yanaşı, elmtutumlu istehsal sahələrinə, innovasiyalara diqqətin artırılması da nəzərdə tutulur.

İnsan kapitalının yüksək inkişaf səviyyəsinə çatdırılması, fərdin bilik və bacarıqların səmərəli tətbiqi mexanizmlərinin qurulması, qloballaşmanın üstünlüklərindən yararlanan önləyici inkişaf modelinə keçidin təmin olunması yaxın perspektiv üçün prioritetlər kimi qoyulmuşdur. Bütün bunlara biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, yeni təfəkkürlü gəncliyin formalaşdırılması yolu ilə nail olmaq  nəzərdə tutulur. Bu hədəflərin lokomotivi rolunda isə yeni dəyişikliklərə müvafiq kreativ elitanın intellektual səviyyəsi və yaradıcı qabiliyyəti çıxış etməlidir.

Prezident İlham Əliyev AMEA-nın 2011-ci il 23 aprelində keçirilmiş ümumi yığıncağında xüsusi vurğulamışdır ki, Azərbaycan dövləti iqtisadi inkişaf prosesində, ilk növbədə, cəmiyyətin intellektual potensialına istinad edir. Dövlət başçısı hazırkı mərhələdə elmi proqnozlardan iqtisadi inkişaf prosesində səmərəli istifadə olunmasının, elmlə iqtisadiyyatının uğurlu vəhdətinin təmin edilməsinin vacibliyini xüsusilə önə çəkmuşdir: “Bütövlükdə, Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı dünya miqyasında bir fenomendir. Son bir neçə il ərzində ölkəmizdə iqtisadi artım ən yüksək səviyyədədir və biz bu göstəriciyə görə dünya miqyasında birinci yerdəyik... Bununla bərabər, biz uzunmüddətli inkişaf strategiyamızı müəyyən edərkən mütləq güclü elmi bazaya arxalanmalıyıq. Biz iqtisadi inkişafımızın gələcək istiqamətlərini müəyyən edərkən güclü elmi əsaslara söykənməliyik. Burada düzgün proqnozlar verilməlidir”.

Son illər sürətli iqtisadi və sosiomədəni tərəqqi yolu keçən Azərbaycanda elmin inkişaf təmayüllərinin yeni reallıqlara əsasən müəyyənləşdirilməsi, bu sahədə mövcud problemlərin aradan qaldırılması mövcud reallıqlarla şərtlənir. Keyfiyyətcə yeni mərhələdə dünyadakı qlobal proseslər əsas götürülməklə, Azərbaycanın demokratik inkişaf strategiyasının nəzəri-politoloji əsaslarını müəyyənləşdirmək, milli inkişaf modelinin özünəməxsusluğunu konrkret elmi postulatlar əsasında ortaya qoymaq humanitar və ictimai elm sahələri qarşısında duran başlıca vəzifələrdəndir.

Cəmiyyət inkişaf etdikcə, elmin qarşısındakı prioritet vəzifələr də dəyişir. Yeni dövrün gerçəklikləri elmi tədqiqatların, bütövlükdə, iqtisadi-siyasi, mədəni-humanitar həyatla əlaqələndirilməsini zəruri edir. Elmi tədqiqatların insanın rifah və tərəqqisinə xidmət etməsi qloballaşma əsrinin diktə etdiyi qaçılmaz reallıqdır. Elmlə idarəçiliyin səmərəli vəhdəti, bu sahəyə yönəldilən vəsaitlərin səmərəliliyinə nail olunması yeni mərhələdə qarşıda ciddi vəzifələr kimi durur. Ölkənin hazırkı və gələcək sosial-iqtisadi inkişaf modelləri ilə bağlı sanballı elmi proqnozların irəli sürülməsi, elm-istehsalat təcrübələrinin dövrün tələbləri səviyyəsində həyata keçirilməsi, ali təhsilin müasirləşdirilməsi, dünya elminə çevik inteqrasiyanın təmin edilməsi alimlər qarşısına ciddi vəzifələr qoyur.

Azərbaycanda fəlsəfi, politoloji və humanitar düşüncənin düzgün məcrada inkişafına, yeni dövrün tələbi kimi ortaya çıxan aktual nəzəri məsələlərin həllinə böyük töhfələr vermiş Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri, akademik Ramiz Mehdiyevin son 15 ildə qələmə aldığı sanballı elmi əsərlər respublikamızın inkişaf yolunun elmi prinsiplər əsasında tədqiqi və öyrənilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Heydər Əliyev idarəetmə məktəbinin layiqli məzunlarından biri kimi böyük strateqin siyasi kursunda ehtiva olunan ideoloji-siyasi və iqtisadi-sosial konsepsiyaları dərindən mənimsəmiş akademik Ramiz Mehdiyev Azərbaycanın son 20 illik inkişaf yolunun elmi-nəzəri mənzərəsini yaratmışdır. Eyni zamanda, onun əsərlərində yeni dövrdə qloballaşma tendensiyasının müsbət və mənfi məqamları, müasir dünyanın əsas inkişaf vektoruna çevrilmiş demokratiyanın universal dəyərlərinin konkret məkanda suveren səciyyə daşıması, iqtisadi modernləşmənin əsas xüsusiyyətləri, totalitarizmdən demokratiyaya keçid problemi, milli ideya, siyasi elita və digər maraqlı məsələlər ətraflı və dərindən açıqlanmışdır.

Son 15 ildə görkəmli filosofun böyük zəhmət bahasına ərsəyə gətirdiyi “Azərbaycanın inkişaf dialektikası” (2000), “Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi” (2001), “Azərbaycan: qloballaşma dövrünün tələbləri” (2005), “Vətəndaş cəmiyyətinə yol açan ideyalar” (2006), “Demokratiya yolunda: irs haqqında düşünərkən” (2008), “Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti” (2008), “Modernləşmə xətti yenə də gündəlikdədir” (2008), “Yeni siyasət: inkişafa doğru” (2008), “Azərbaycan 2003-2008: reallığa çevrilən qeyri-adi zaman” (2008), “Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik və innovasiyalılıq” (2008), “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” (2009), “Azərbaycanın kursu: sabitləşmədən modernləşməyə doğru” (2011), “Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi” (2011), “XXI əsrdə Azərbaycan ideyası kreativ millət konteksində” (2012), “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” (2012), “İlham Əliyev yeni əsrin yeni lideridir” (2013) məqalə və monoqrafiyalar, digər konseptual səciyyəli əsərlər milli tariximizin son 20 illik mərhələsinin mükəmməl elmi mənzərəsini yaradır. Bütün bunlarla yanaşı, akademikin ideya müəllifliyi ilə son illər işıq üzü görmüş bir çox  kitablarda ictimai həyatın müxtəlif sahələrində uğurla həyata keçirilmiş islahatlara, habelə taleyüklü milli həqiqətlərə də nəzər salınmışdır.

Elmi aktuallığı, nəzəri-praktik səciyyə daşıması ilə diqqət çəkən həmin əsərlərdə ümumiləşmiş qənaət budur ki, dünyanın hansı qütbündə yerləşməsindən və iqtisadi potensialından asılı olmayaraq, dövlətlərin inkişaf səviyyəsini müəyyən edən başlıca meyarlardan biri də məhz milli lider amilidir. “Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi” əsərində müəllif göstərir ki, XX əsrin sonlarına yaxın dövlət müstəqilliyini əldə etmiş Azərbaycan demokratik və hüquqi cəmiyyət quruculuğu yolunu seçdiyini bəyan etsə də, yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdə mühüm addımlar atmışdır.

Ümummilli lider Azərbaycanın prioritet inkişaf yoluna çevrilmiş milli iqtisadi modelini özünəməxsus uzaqgörənliklə əsaslandırmışdır. Eyni zamanda, ulu öndər bu spesifik modelin yalnız demokratik tərəqqiyə əsaslanan möhkəm ictimai-siyasi sabitlik şəraitində davamlı nəticələr verə biləcəyini vurğulamışdır. Heydər Əliyevin rəhbərliyi altında iqtisadi sahədə həyata keçirilən islahatların başlıca qayəsini  iqtisadi cəhətdən güclü və müstəqil milli şirkətlərin yaradılması, insanların biznes təşəbbüskarlığının, özünüifadə və özünütəsdiq imkanlarının artırılması, demokratik dəyərlərin ictimai şüurda möhkəmlənməsi kimi mühüm prinsiplər təşkil etmişdir.

“Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr” əsərində siyasi memuar janrına istinad edən akademik ötən il 90 illik yubileyi ölkəmizdə və ondan kənarda təntənə ilə qeyd olunan ulu öndər Heydər Əliyevin zəngin ideya-nəzəri və əməli-təcrübi  baxışları, idarəçilik üslubu ilə bağlı maraqlı fəlsəfi-siyasi qənaətlərini açıqlamış, ümummilli liderin hakimiyyətdə olduğu illərin mühüm hadisə və proseslərini özünəməxsus şəkildə şərh etmişdir.

Müəllifin təhlilərindən doğan ümumi nəticələrdən biri də budur ki, postransformasiya dövrünün yeni cəmiyyətinin – dövlətin əsasını vətəndaşın siyasi və iqtisadi təşəbbüslərinin təşkil etdiyi cəmiyyətin bünövrəsini ulu öndər Heydər Əliyev qoymuşdur. Qloballaşan dünyanın inkişaf meyilləri və bu prosesdə lider fenomeninin rolu, ümumilikdə, Azərbaycanın getdikcə daha çox transmilli səciyyə daşımağa başlayan dünya iqtisadi-siyasi sisteminə nüfuz imkanları və digər aktual məsələlər isə akademikin “Azərbaycan: qloballaşma dövrünün tələbləri” əsərində yüksək elmi-nəzəri və praktik əsasda təhlil olunmuşdur.

Ulu öndərin layiqli davamçısı, ölkə başçısı İlham Əliyevin son 10 ildə reallaşdırdığı iqtisadi islahatlar nəticəsində Azərbaycan müasir dünyanın qabaqcıl ölkələrinin təcrübəsində müşahidə olunmuş “keyfiyyət inqilabı” mərhələsini yaşayır. “Keyfiyyət inqilabı” daimi, ardıcıl təkmilləşməni, daha dəqiq deyilsə, “məqsədlərin daimiliyini” elmi prinsip kimi önə çəkir. Prezident İlham Əliyevin iqtisadi modernləşməni davamlı və sonu görünməyən proses kimi dəyərləndirməsi isə yeni elmi yanaşma kimi böyük maraq doğurur: “Biz gələcəyə baxmalıyıq. Bizi gələcəkdə nələrin gözlədiyi bizdən asılıdır. Azərbaycan xalqından asılıdır. Biz seçimimizi etmişik. Azərbaycan artıq müasir ölkədir. Ancaq müasirləşmənin limiti, hüdudları yoxdur. Bu, əbədi bir prosesdir, sonsuz bir prosesdir”.

Bu gerçəkliklər fonunda akademik 2003-cü ildən sonrakı mərhələni Azərbaycanın inkişafında keyfiyyətcə yeni dövr kimi qiymətləndirməkdə tamamilə haqlıdır. “Modernləşmə xətti yenə də gündəlikdədir” əsərində müəllif vurğulayır ki, Prezident İlham Əliyevin iqtisadi məsələlərə xüsusi yer verməsi əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlir: “Hazırda həyata keçirilən siyasi və iqtisadi islahatlar bir qədər başqa çalar alır. Bu, ölkənin inkişafında artıq yeni mərhələ olacaqdır. Deməli, iqtisadi islahatların ünvanı da yeni məna kəsb edir və onların məqsədi postsənaye cəmiyyətinin səciyyəvi cəhətlərini tam şəkildə mənimsəməkdən ibarətdir. Bununla bərabər, siyasi və iqtisadi islahatlar paralel şəkildə həyata keçiriləcək, çünki növbəti illər üçün əsas vəzifə Azərbaycan cəmiyyətinin demokratik konsolidasiyasıdır”.

Akademik Ramiz Mehdiyevin “Yeni siyasət: inkişafa doğru” adlı IV və V kitabları da ensiklopetik səciyyə daşıması, yüksək elmi-fəlsəfi siqləti ilə seçilir. Əsərdə “Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında daha da möhkəmləndi və inkişaf etdi”, “İlham Əliyevin uğurlu prezidentlik fəaliyyəti Heydər Əliyev siyasi kursunun uzunömürlülüyünü təmin edir”, “Demokratiya Azərbaycanın inkişafının əsas istiqamətidir”, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı yeni milli strategiya xalqın rifahını yüksəldəcək”, “Qloballaşma dövründə dövlət və cəmiyyət”, “Azərbaycançılıq - milli ideologiyanın kamil nümunəsi kimi” əsərləri və onlar haqqında yazılmış rəylər toplanmışdır. Bu əsərlərin hər biri respublikanın çağdaş inkişaf vektorları, qloballaşan dünya iqtisadiyyatında və siyasətində yeri, modernləşmə xətti, innovasiya cəmiyyətinin qurulması xüsusiyyətləri ilə bağlı dərin elmi-fəlsəfi fikir və mülahizələrin məcmusu kimi mühüm aktuallıq kəsb edir.

“XXI əsrdə Azərbaycan ideyası kreativ millət konteksində” əsərində isə müəllif 2003-cü ildən etibarən Prezident İlham Əliyevin Heydər Əliyevin strateji kursunu uğurla davam etdirdiyini, yaradılmış sosial-iqtisadi bazaya əsaslanaraq, zamanın çağırışlarına uyğun yeni vəzifələri həyata keçirmək imkanı qazandığını yazır. Əsərdə xüsusi vurğulanır ki, sənaye cəmiyyətinin tələblərindən irəli gələn problemlərin sürətli həlli üçün postsənaye (informasiya) cəmiyyəti quruculuğuna keçid istiqamətində çoxşaxəli tədbirlər həyata keçirilmişdir: “Azərbaycanın inkişafı problemlərinin yeni, innovativ dərkinə keçid prosesinə təkan verən də məhz bu fərmanlar olmuşdur. Dünyanın ən inkişaf etmiş dövlətləri sırasına daxil olmaq üçün cəmiyyət həyatının bütün sahələrinin modernləşdirilməsi prioritetə çevrilmişdir”.

Əsərdə yer almış maraqlı qənaətlərdən biri də məhz budur ki, sosial modernləşmə olmadan, ölkənin məmur və idarəçi elitasını “cavanlaşdırmadan”, həmin elitanı texnokratlar, bu və ya digər fəaliyyət sahəsində uğur rəmzinə çevrilmiş, müvafiq praktik iş təcrübəsinə malik insanlar hesabına genişləndirmədən qarşıya qoyulmuş məqsədlərə nail olmaq mümkün deyildir. Bu fikrini “Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik və innovasiyalılıq” əsərində daha da genişləndirən akademik Azərbaycanda siyasi elitaların təkamül yolu ilə əvəzlənməsinin iqtisadi inkişaf proseslərinə təsirini tədqiq etmişdir.

Müəllif əsərdə haqlı olaraq yazır ki, kadrların yeni, intellektual və kreativ insanlarla əvəz edilməsinin təkamül xarakteri əvvəlki nəsillərin ənənələrinin, təcrübəsinin qəbul olunması, onlara hörmət edilməsi, müasir inkişafın və postmodernist demarşın tələblərinə uyğun olaraq yenilik gətirən ideyaların tətbiqi prinsipi əsasında qurulur.

Nəzəriyyəçi-filosof məhz bu reallıqdan çıxış edərək yazır ki, idarəçilik sistemində qəbul olunan siyasi qərarların elmi bazasının formalaşdırılmasında, gələcəklə bağlı iqtisadi proqnozların verilməsində, milli inkişaf modelinin əsaslandırılmasında alimlərin təşəbbüskarlığına və fəallığına ehtiyac var. Modernləşmə prosesi fonunda iqtisadçı alimlərimiz öz tədqiqatlarını gələcəyə yönəlik əməli işlər və araşdırmalar üzərində qurmalıdırlar. Belə elmi işlər üzərində çalışmaq, məsələn, nanotexnologiyalarla bağlı araşdırma aparmaq son dərəcə zəruridir. Elmi istiqamətlərin gələcək inkişaf tendensiyalarının proqnozlaşdırılması da xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev hələ 2010-cu ilin dekabr ayında işıq üzü görmüş “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” əsərində ictimai və humanitar elmlərlə bağlı bir çox problem məsələlərə toxunmuşdur. Alim haqlı olaraq qeyd etmişdir ki, Azərbaycanın davamlı tərəqqisi və iqtisadi sahədə keçid mərhələsini uğurla başa çatdırması elmi ictimaiyyət qarşısında yeni hədəflər müəyyənləşdirir: “Ölkəmizin iqtisadi inkişafının vahid konsepsiya çərçivəsində təqdimi məsələsi hələ də öz həllini tapmaq mərhələsindən çox uzaqdır. Məlumdur ki, həyata keçirilən iqtisadi islahatlar və dəyişikliklər məhz vahid iqtisadi siyasət çərçivəsində nəzəri cəhətdən təhlil olunmalıdır. Lakin bu istiqamətdə heç bir irəliləyiş gözə çarpmır. Bununla yanaşı, indiyədək sosial-iqtisadi inkişafımızın sürətləndirilməsinin nəzəri əsasları da işlənilməyibdir”.

“İctimai və humanitar elmlər: zaman kontekstində baxış” əsərində irəli sürülən ideyalara bu müstəvidən nəzər saldıqda elmi fəaliyyət sahəsində, xüsusən ictimai-humanitar elm sahələrində mövcud çatışmazlıqlar, qüsurlar fonunda Azərbaycan elmi mühitinin qarşısında duran vəzifələrin konturları daha aydın görünür. Milli cəmiyyətimizin ən müxtəlif problemləri ilə bağlı çoxsaylı əsərlərin müəllifi olan akademik Ramiz Mehdiyev cəmiyyətşünas filosof kimi məqalədə humanitar elmlərin real vəziyyətini ciddi konseptual təhlilə cəlb etmiş, elmin cəmiyyətin həyatına aktiv nüfuz edəbilmə imkanlarını dəyərləndirmiş, yüksək dövlətçilik, vətənpərvərlik və milli-intellektual təəssübkeşlik baxımından bu sahədə olan əsas problemləri göstərmiş, müvafiq institutların qarşısında duran vacib vəzifələri ayrıca vurğulamış, bütün bunlarla da ölkənin intellektual elitasını açıq fikir mübadiləsinə, müzakirələrə dəvət etmişdir.

Ölkənin davamlı inkişafının neft-qaz və digər təbii resurslarla deyil, məhz elm, bilik, güclü “insan kapitalı” ilə bağlı olduğunu dəfələrlə bəyan etmiş dövlət başçısı İlham Əliyev bu fikirdədir ki, yüksək ixtisaslı kadr potensialı bu gün hər bir dövlətin davamlı sosial-iqtisadi, mədəni-intellektual yüksəlişinin əsas şərtidir. Müasir dünyada elmi-informativ biliklər inkişafın mühüm katalizatoruna, innovasiya yeniliklərin başlıca təminatına, habelə iqtisadiyyatın lokomotivinə çevrilmişdir. Akademik “XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində” əsərində bütün bunlara diqqəti çəkərək yazır ki, Prezident İlham Əliyevin “qara qızılın” insan kapitalına çevrilməsi istiqamətində yürütdüyü siyasət məhz Azərbaycanın modernləşməsinə xidmət edir. Yeni əsrdə hər bir cəmiyyətin həyatında mütərəqqi texnologiyaların rolu artır, iqtisadi artımın xarakteri dəyişir, “ictimai tərəqqi” anlayışı və onun meyarları barədə yeni baxışlar meydana çıxır, bazarların qloballaşması prosesi baş verir. Belə şəraitdə müstəqil Azərbaycan dövləti dünya iqtisadiyyatının strategiyasına uyğun olaraq özünün innovasiya siyasətini həyata keçirməyə çalışır.

Filosof haqlı olaraq göstərir ki, ölkənin innovativ modernləşməsinə, müasir cəmiyyət quruculuğuna nail olmağın daha bir mühüm amili sosialyönümlü iqtisadiyyatın, sosial ədalətin və güclü prezident hakimiyyətinin mövcud olmasıdır. Güclü milli liderin təşkilatçı və istiqamətverici rolu olmadan ölkəni inkişaf etmiş dövlətlər sırasına çıxarmaq üçün göstərilən bütün cəhdlər uğursuzluğa düçar ola bilər. Əsərdə həmçinin vurğulanır ki, Prezident İlham Əliyevin innovasiya-kreativ sektorun inkişafını dəstəkləməsi ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması sahəsində atılan mühüm addımlardan biridir.

Ümumilikdə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin çoxsaylı əsərlərindən hasil olan ümumi qənaət belədir ki, Azərbaycanda təkamül yolu ilə gerçəkləşən, tədrici xarakter daşıyan modernləşmə prosesi, ilk növbədə, idarəçiliyə yeni ruh və müasirliyin, innovativ yeniliklərin gətirilməsi, elmin, təhsilin, yeni biliklərin inkişafı prinsipinə əsaslanır. Məhz bu transformasiya davamlı iqtisadi inkişafı şərtləndirməklə, ölkədə dövlətçilik ənənələrinin möhkəmlənməsini, siyasi-intellektual elita ilə xalqın yaxın mənəvi bağlılığını təmin edir.

Mönsüm ALIŞOV,

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İstitutunun elmi işlər üzrə prorektoru, pedaqoji elmlər doktoru

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında