Prezident İlham ƏLİYEV: Biz beynəlxalq münasibətlərdə ikili standartlara qarşı öz etiraz səsimizi ucaldırıq

Son illərin müşahidələri  göstərir ki, beynəlxalq təşkilatlar və dünyanın aparıcı dövlətləri  həm müxtəlif ölkələrə münasibətdə ikili standartlardan əl çəkə bilmirlər, həm də bu mənfi tendensiyanı gizlətməyi bacarmırlar. Hətta, bir çox hallarda ikili standartlar və ya eyni  xarakterli məsələlərə müxtəlif aspektlərdən yanaşılması hansısa bir norma kimi qəbul edilir. Dünya və ya qitə miqyasında baş verən münaqişələrin, problemlərin həlli missiyasını öz üzərinə götürən qurumların hər hansı məsələyə münasibət bildirərkən ayrı-seçkilik nümayiş etdirməsi isə daha anlaşılmaz, daha bağışlanılmazdır.

 Heç kəsin yadından çıxmayıb. Liviyada insan hüquqları pozulanda — çox təəssüf ki, ümumbəşəri dəyərlərdən birini ifadə edən bu məfhum əksər vaxtlarda kimlərinsə iqtisadi və ya siyasi maraqlarının ödənilməsi üçün alətə, vasitəyə çevrilir – BMT  Təhlükəsizlik Şurası, haqlı olaraq, müvafiq qətnamə qəbul etmişdi. Sənəd imzalanandan sayılı dəqiqələr sonra beynəlxalq güclər Liviyada insan hüquqlarının qorunması üçün əməli fəaliyyətə, hətta, hərbi müdaxiləyə keçdi. Eləcə də, son günlər şahidi olduğumuz Krım böhranından dərhal sonra həm beynəlxalq təşkilatlar, həm də ayrı-ayrı dövlətlər Rusiyaya qarşı çeşidli sanksiyalar tətbiq etdilər. Amma, min illərdən bəri  Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağı işğal etmiş Ermənistan heç bir sanksiya və ya təzyiqlə üzləşmir.

Əksinə, Dağlıq Qarabağ məsələsi daha çox diqqət çəkməlidir. Çünki Krımdan fərqli olaraq Dağlıq  Qarabağ narkotik vasitələrin əkilib-becərildiyi,  narkotranzit ünvanı və  dünyanın hər yeri üçün terrorçuların hazırlandığı məkandır. Bundan başqa, bu gün Ermənistan bütün dünyada insan hüquqlarının ən çox pozulduğu ölkədir. Bunu dünyanın bütün qütblərində gün kimi aydın şəkildə bilirlər.

Qeyd etdiyimiz kimi, Liviyaya müdaxilə edilməsi tam başa düşülən proses idi. Həmin günlərdə başa düşülməyən məqam isə ondan ibarət idi ki, məhz BMT-nin həmin Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, XX əsrdə dəhşətli soyqırımı törətmiş, deportasiya, milli ayrı-seçkilik siyasəti yeritmiş,  müasir dünyanın heç bir yerində müşahidə edilməyən monoetnik dövlət qurmuş ( özü də özgə torpaqlarında - red.) Ermənistanın Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnamə qəbul etmişdir və artıq 20 ildir ki, həmin sənədlər icra olunmur. Üstəlik,  qeyd etmək zərurəti var ki, indi Ermənistana rəhbərlik edən cinayətkar, quldur dəstənin başçısı  Serj Sarkisyan bilavasitə Avropada, avropalı jurnalistlərin suallarını cavablandırarkən fəxrlə söyləmişdi ki, mən Qarabağ üçün yüzlərlə insanın qanını tökmüş, bir neçə kəndi və bir şəhəri tamamilə məhv eləmişəm. İndi məni devirib Ermənistanda hakimiyyətə gəlmək istəyənlər isə Ermənistanın bircə düşməninə bir güllə də olsa  atmayıblar.

 

Sarkisyanın həyasızcasına etiraf etdiyi bu həqiqətlər dünya ictimaiyyətinə məlum olduğu halda, Ermənistanın , ermənilərin və onların uşaq qatili olan barbar rəhbərlərinin heç bir beynəlxalq sanksiyaya məruz qalmamasını dünya ictimaiyyəti nə ilə izah edə bilər? Axı o, özü etiraf edir ki, mən şəhər yandırmışam. Dünya başbilənləri  isə rəsmi Bakıya deyirlər ki, gedin quldurla, qatillə, qaniçənlə, cani ilə danışıb razılığa gəlin. Bu təklifi verənlər söhbətin hansı razılıqdan getdiyini anlaya bilirlərmi? Anlaya bilməzlər. Çünki indiki məqamda heç bir razılıqdan və ya kompromisdən söhbət gedə bilməz. Bəs elə isə haradan qaynaqlanır bu ayrı-seçkilik? Nə üçün dünya siyasətçiləri bir neçə saatlığa da olsa, maskanı üzlərindən çıxarıb həqiqəti söyləməyə cürət etmirlər?

Dövlət başçımızın aprelin 13-də Nazirlər Kabinetinin iclasındakı nitqində səsləndirdiyi suallar, əslində, dünya birliyinə, ilk növbədə, Qərb ölkələrinin rəhbərlərinə ünvanlanmışdır: “Nə vaxta qədər biz bu ikili standartlarla üzləşəcəyik? Bunun səbəbi nədir? Nə üçün qondarma ”Dağlıq Qarabağ respublikası"nın rəhbərləri sanksiyalardan əziyyət çəkmir? Nə üçün onlara qarşı sanksiyalar tətbiq olunmur? Bu, ədalətsizlikdir, ikili standartlardır".

Prezident həmin nitqində beynəlxalq aləmdəki  tərəfdaşlarımıza müraciət edərək deyib: “Bizimlə əməkdaşlıq edən Qərb ölkələrinin rəhbərlərindən xahiş edirik ki, qondarma ”Dağlıq Qarabağ respublikası"nın “rəhbərləri”ni öz ölkələrinə buraxmasınlar. Onlara qarşı sanksiyalar tətbiq edilsin. Onlar gedib qanunsuz telemarafonlar keçirirlər, pullar yığırlar. Sonra o pulları bizim əleyhimizə istifadə edirlər. Onların “rəhbərləri”ni Qərbin aparıcı ölkələrində qəbul edirlər. Vizalar verilir, onlar orada “nümayəndəliklər” açırlar, gedib-gəlirlər. Nə üçün? Hesab edirəm, vaxt gəlib çatıb ki, biz bu məsələ ilə bağlı fikrimizi daha da açıq şəkildə ifadə edək. Biz bu ikili standartlardan yorulmuşuq. Bu qədər ədalətsizliyə dözmək mümkün deyil. Nə üçün təcavüzkar bu günə qədər qınaq obyektinə çevrilməyib?! Nə üçün Avropa Şurası Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin səlahiyyətlərini dayandırmaq məsələsi müzakirə edilmir?! Biz bu məsələni dəfələrlə qaldırmışıq. Yadımdadır ki, hələ 2001-ci ildə mən Azərbaycan Milli Məclisinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri kimi, dəfələrlə bu məsələni qaldırmışam. Buna heç kim heç bir reaksiya vermir. Deyirlər, gedin razılaşın, gedin danışın, sülh yolu ilə həll edin bunu".

Bu nə məntiqdir? Avropa və Qərb siyasətçiləri bu ikiüzlülüyü nə ilə izah edə bilərlər? Əlbəttə, heç bir əsas yoxdur. Sadəcə, bəzi adamlar ikili standartlardan əl çəkə bilmirlər. Biz də məhz bunu, dünyada mövcud olan ayrı-seçkiliyin və ikili standartların aradan qaldırılmasını tələb edirik.

Biz yuxarıda Liviyada baş verən hadisələr zamanı beynəlxalq aləmin məsələyə astronomik sürətlə reaksiya verdiyini yada saldıq. Sonradan da bu xarakterli bir sıra ikiüzlülüklərin  şahidi olduq və məsələyə öz münasibətimizi bildirdik.  Hər dəfə də qeyd etdik ki,  bizim üçün maraqlı olan kimin kimə himayədarlıq etməsi deyil, bizim istədiyimiz işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad edilməsidir.

Kimsə bizim bu haqlı səsimizə səs verməsə də,  xalqımız əmindir ki, biz öz gücümüzə ədalətin bərqərar edilməsinə nail olacağıq. Elə dövlət başçımız da adıçəkilən iclasda bu qənaətləri bölüşüb: “Azərbaycanlılar Dağlıq Qarabağdan qovulandan sonra orada dırnaqarası referendum keçirilmişdir. Hesab edilir ki, bu məqbuldur. Buna dözmək mümkün deyildir. Bizə qarşı olan ədalətsizliyi faktlarla, dəlillərlə ifşa etməliyik. Hesab edirəm ki, bu prinsipial mövqe həm ədaləti bərpa edəcək, həm də ki, riyakar siyasəti ifşa edəcək. Bizə qarşı riyakar siyasət, ikili standart siyasəti davam edir. Biz isə bununla heç vaxt barışmayacağıq. O ki, qaldı münaqişənin həllinə, heç kim üçün sirr deyil, bu gün dünyada əsas amil güc amilidir. Bu, reallıqdır. Ona görə biz daha da güclü olmalıyıq və ilk növbədə hərbi gücümüzü artırmalıyıq. Bir daha bu məsələni müzakirə edərkən görürük ki, biz nə qədər düzgün addım atmışıq, ordu quruculuğu prosesini daim diqqət mərkəzində saxlamışıq. Uzun illər ərzində alınan silahlar, texnikalar, sursatlar bu gün bizim gücümüzü böyük dərəcədə artırıb”.   Prezident İlham Əliyev bu günlərdə NATO-nun əsas üzvlərindən olan Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşərkən, sonra  Naxçıvana səfəri zamanı Milli Ordumuzun Muxtar Respublikadakı texniki imkanları ilə maraqlanarkən,  eləcə də İran İslam Respublikasına səfəri zamanı respublikamızın hərbi qüdrəti barədə söylədiyi fikirləri Nazirlər Kabinetinin adıçəkilən iclasında da davam etdirərək dedi ki,  bu gün Azərbaycan Ordusunda olan texnika ən güclü ordulardan da geri qalmır: “Eyni zamanda, bu yaxınlarda Naxçıvanda olarkən oradakı yeni texnikanın nümayişi də göstərir ki, Naxçıvan ordusu da bu gün dünya ordularında olan ən müasir texnikaya malikdir. Artıq orada həm müasir artilleriya qurğuları, döyüş və nəqliyyat helikopterləri, tank əleyhinə qurğular, hava hücumuna qarşı qurğular, ən müasir “T-72", “T-90” tankları və digər hərbi silah-sursat vardır, daha da artacaqdır. Biz daha da güclü olmalıyıq və olacağıq!”.

Xatırladaq ki, dövlət başçımız bu ilin birinci rübündə bilavasitə dünyada sabitliyin və əmin-amanlığın qorunmasında iştirak edən beynəlxalq təşkilatlardan birinin sammitinə qatılmışdı.  Bu barədə söz açan Prezident qeyd etmişdir ki,  mən bir neçə dəfə NATO-ya səfər etmişəm. Bu səfər də çox müsbət olmuşdur. Bizim ikitərəfli əlaqələrimiz müsbətdir. Gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıbdır. Enerji təhlükəsizliyində, sülhməramlı missiyalarda Azərbaycanın iştirakı və onun payı təqdirlə qarşılanır.

Azərbaycan beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edir. Biz müxtəlif beynəlxalq təşkilatların üzvüyük. Bir neçə təşkilatla sıx əməkdaşlıq edirik. Hesab edirəm ki, bu siyasət də bizə əlavə dividendlər gətirir. Eyni zamanda, ilin birinci rübündə mən Dünya Nüvə Sammitində iştirak etmişəm. Azərbaycanın bu sammitdə iştirakı xüsusi məna daşıyır. Çünki biz təbii ki, nüvə dövləti deyilik. Eyni zamanda, bizdə atom elektrik stansiyaları da yoxdur. Ancaq ölkəmizin önəmi, bölgədə və dünyada oynadığı rol, əlbəttə ki, Azərbaycana sammitdə iştirak edən ölkələrin sırasında olmaq üçün şərait yaratmışdır. Bu sammitdə həm açıq, həm qapalı hissələrdə də çox önəmli məsələlər müzakirə edilmişdir. Dünyada təhlükəsizliyin təmin edilməsi məsələləri, əlbəttə ki, indi dünya gündəliyinin birinci sıralarındadır. Azərbaycan bu sahədə də öz töhfəsini verir və verəcəkdir.

Son günlər həm Türkiyə, həm də İran rəhbərləri ilə görüşüb xalqımızın və dövlətimizin maraqları baxımından önəmli məsələləri müzakirə etdiyini söyləyən dövlət başçımız digər bir qonşumuz barədə söz açarkən daha maraqlı fikirlər səsləndirmişdir:  “Bizim beş qonşumuz vardır. Onlardan biri Ermənistandır - işğalçı dövlətdir, düşməndir. Dördü isə dostdur. Dost qonşularımızla əlaqələr bizim üçün prioritet məsələdir. Hesab edirəm ki, hər bir ölkə üçün onun qonşuları ilə münasibətləri xüsusi məna daşıyır. Bizi qonşularımızla tarix, keçmiş bağlayır. Bu gün biz müstəqil dövlətlər kimi ikitərəfli əlaqələrimizi dostluq, əməkdaşlıq, bir-birinin işinə qarışmamaq prinsipləri üzərində qururuq. Əminəm ki, bu münasibətlərin inkişafı hər bir ölkə üçün gələcəkdə böyük fayda verəcəkdir”.

  Təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalmasından  təkcə Azərbaycan və Ermənistan deyil, eləcə də regionun bütün ölkələri və Qafqazda maraqları olan dünya gücləri də  zərər çəkirlər. Ona görə də məntiqlə düşünəndə bu münaqişənin həllində bizdən başqa, daha bir çox ölkələr maraqlı olmalıydılar. Təəssüf ki, belə deyil : “Əfsuslar olsun ki, birinci rübdə bu istiqamətdə heç bir irəliləyiş olmamışdır. Baxmayaraq ki, keçən ilin sonlarında vasitəçilərin müəyyən nikbin fikirləri olmuşdur. Ancaq onlar özünü doğrultmur. Bu gün biz yenə də onun şahidiyik ki, Ermənistan, sadəcə olaraq, vaxt uzatmaqla məşğuldur. Nə hərb, nə sülh vəziyyətini saxlamaq istəyir və beynəlxalq vasitəçilər, əfsuslar olsun ki, onlara ciddi təzyiq etmirlər. Əslində, çoxdan Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilməli idi”.

Bir sözlə , Azərbaycan  siyasi, iqtisadi və hərbi qüdrətini artırdıqca dünya ictimaiyyətinə öz sözünü daha kəsərli, daha qətiyyətli, daha ucadan deyir. Dövlət başçımızın dediyi kimi,  “Ona görə də biz beynəlxalq münasibətlərdə ikili standartlara qarşı öz etiraz səsimizi ucaldırıq”.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında