Prezident İlham Əliyev: Bu gün bizim təcrübəmiz dünya miqyasında artıq bir nümunə kimi qəbul edilir

 

 

 

 

Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir. İdarəetmə sisteminə dinamizm və müasirlik çalarları gətirən dövlət başçımız hökumətin həyata keçirməli olduğu tədbirlərin icra prosesini daim şəxsi nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər edir. Bu baxımdan son illərdə regional inkişaf və qeyri-neft sektorunun tərəqqisi istiqamətində reallaşdırılmış tədbirləri xüsusi vurğulamaq olar.

Regionlarda aqrar sahə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuş, respublikamızda ərzaq təhlükəsizliyinin yaradılması prosesində mühüm uğurlar əldə edilmişdir. Bu da təsadüfi deyil. Çünki ölkəmizin bazar iqtisadiyyatı sisteminə transformasiyası ilk əvvəl aqrar sahədən başlamış, kənd təsərrüfatında 90-cı illərin əvvəllərində özünü qabarıq büruzə verən tənəzzül meylləri dayandırılmış, iqtisadi artıma və inkişafa nail olunmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yuxarıda qeyd edilən məsələlərlə bağlı geniş danışılmışdır.

Prezident İlham Əliyev giriş nitqində demişdir: “Ölkəmiz bütün sahələrdə uğurla irəliyə gedir. İqtisadiyyat 2,5 faiz artmışdır. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Ümumi daxili məhsulumuzun strukturu da yaxşılaşır. Əlbəttə ki, son illərdə bizim üçün iqtisadi inkişafı göstərən əsas göstərici qeyri-neft sektorunun parametrləridir. Keçən ildə olduğu kimi, bu il də biz bu sahədə sürətli inkişafa nail ola bilmişik.

Keçən il qeyri-neft sektorumuz 10 faiz, bu ilin birinci rübündə isə 8,8 faiz artmışdır. Əlbəttə ki, bu artım son illərdə Azərbaycanda aparılan islahatların nəticəsidir. İqtisadiyyatla bağlı aparılan siyasət bizi bax bugünkü reallığa gətirib çıxarmışdır”.

Dövlət başçımız daha sonra bildirmişdir ki, iqtisadiyyatın şaxələndirilməsi bizim əsas prioritetimizdir. Hesab edirəm ki, biz buna nail ola bilmişik. Çünki artıq uzun müddət ərzində qeyri-neft sektorumuz sürətlə artır.

Sosial məsələlərin həllindən danışan ölkə prezidenti qeyd etmişdir ki, bu siyasət artıq illər ərzində aparılır və sınaqdan çıxmışdır. Əhalinin pul gəlirləri 4,5 faiz artmışdır. İnflyasiya isə cəmi 2 faiz təşkil edir. Beləliklə, həmişə olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı 2 dəfədən çox üstələyir. Bu da insanların sosial məsələlərinin həlli üçün əsas şərtdir. Eyni zamanda, bu, Azərbaycanda iqtisadi və sosial islahatların düzgün istiqamətdə aparılmasını göstərir. Çünki köklü iqtisadi islahatlar, eyni zamanda, çox ciddi sosial proqramlarla da təmin edilməlidir. Kənd təsərrüfatında artım 3 faizdən bir qədər çoxdur. Bu da müsbət hal kimi qiymətləndirilə bilər...

İclasda bildirilmişdir ki, son illər maliyyə sabitliyi indeksinin dünyanın əksər ölkələrində mənfi saldo üzrə qeydə alınmasına baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanılmış, hesabat dövründə iqtisadiyyatın davamlı inkişafı nəticəsində ÜDM-in həcmi 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artaraq 13 milyard 150,7 milyon manat, qeyri-neft sahəsi üzrə isə 8,8 faiz artaraq 7 milyard 204,3 milyon manat təşkil etmişdir. Əhalinin ümumi gəlirlərinin 4,5 faiz artması fonunda inflyasiyanın səviyyəsi cəmi 2 faiz olmuşdur.

Hesabat dövründə dövlət büdcəsinin mədaxili 106,1 faiz yerinə yetirilməklə büdcəyə köçürülmüş 4 milyard 482,7 milyon manat vəsaitin 1 milyard 762,9 milyon manatı Vergilər Nazirliyinin, 330,4 milyon manatı Dövlət Gömrük Komitəsinin, 2 milyard 342,6 milyon manatı isə Dövlət Neft Fondunun hesabına təmin edilmişdir. Dövlət Neft Fondundan edilən transferlər istisna olmaqla dövlət büdcəsinə daxilolmaların 36,7 faizi neft-qaz, 63,3 faizi isə qeyri-neft-qaz sektorunun payına düşmüşdür.

İclasda qeyd edilmişdir ki, ölkədə uğurlu investisiya siyasətinin aparılması nəticəsində bütün maliyyə mənbələrindən əsas kapitala 3 milyard 125,9 milyon manat vəsait yönəldilmişdir ki, bu da 2013-cü ilin birinci rübü ilə müqayisədə 7 faiz çoxdur. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 1014 sahibkara 44,7 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlər hesabına da 2400-dən çox yeni iş yeri yaradılmışdır. Ayrılan güzəştli kreditlərin 76,5 faizi aqrar sektorun, 23,5 faizi isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilmişdir.

Regionların sosial-iqtisadi inkişafına dair əvvəlki iki dövlət proqramının uğurla icra olunduğunu xatırladan vergilər naziri Fazil Məmmədov 10 il ərzində regionlarda qeydiyyata alınan sahibkarlıq subyektlərinin sayının 7,2 dəfə, vergi daxilolmalarının 12,7 dəfədən çox artmasını diqqətə çatdırmışdır. Natiq demişdir ki, respublikanın şəhər və rayonları üzrə vergi gəlirlərinin artımı artıq Sumqayıt, Şirvan, Mingəçevir şəhərlərinə, eləcə də Abşeron və İmişli rayonlarına öz xərclərini tamamilə yerli gəlirlər hesabına təmin etməyə imkan yaratmışdır.

İclasda bildirilmişdir ki, hesabat dövründə dövlət başçısının müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” ölkəmizin bütün bölgələrinin hərtərəfli inkişafı sahəsində məqsədyönlü siyasətin davamı olmaqla, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində müstəsna rol oynayacaqdır. Təkcə bu ilin birinci rübündə regionlarda 100-ə yaxın sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 500-dək müəssisənin isə tikintisi davam etdirilir.

Bütün bunlarla yanaşı, iclasda maliyyə kapitalının insan kapitalına çevrilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə də ətraflı danışılmışdır. Qeyd edilmişdir ki, gənc nəslin sağlam böyüməsi yolunda Heydər Əliyev Fondunun əvəzsiz fəaliyyəti, habelə ən müasir standartlar səviyyəsində yeni uşaq bağçaları və körpələr evlərinin tikintisi və köhnələrinin təmiri xüsusilə təqdirəlayiqdir. Ölkə rəhbəri tərəfindən həyata keçirilən təhsil və inkişaf strategiyasının davamı olaraq bu ilin yanvarın 1-dən məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evləri 10 il müddətinə bütün vergilərdən azad edilmişdir.

Əhalinin sosial problemlərinin həlli, o cümlədən vətəndaşlara geniş çeşidli xidmətlərin göstərilməsi, bürokratik əngəlləri aradan qaldırmaqla vətəndaş-dövlət münasibətlərində şəffaflığın və “vətəndaş məmnunluğunun” təmin edilməsi məqsədilə “ASAN xidmət” konsepsiyası müasir Azərbaycanın brendinə çevrilmişdir. Adıçəkilən xidmət mərkəzlərinin səmərəli fəaliyyəti dövründə 1 milyondan çox vətəndaşa keyfiyyətli xidmətlər göstərilmişdir.

Bir sözlə, ölkəmizdə aparılan məqsədyönlü siyasət nəticəsində daha yüksək inkişaf göstəricilərinə malik olan iqtisadiyyatımız əhalinin etibarlı sosial müdafiəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etmişdir. Bir sıra inkişaf etmiş ölkələrdə işsizliyin sayının artımı fonunda Azərbaycanda iş yerlərinin bağlanması kimi mənfi meyil olmamış, əksinə hesabat dövründə 29 minə yaxın yeni iş yeri açılmışdır. Təsadüfi deyil ki, Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə Azərbaycan “yuxarı orta gəlirli” ölkələr kateqoriyasına aid edilmişdir.

İslasda dünyada hökm sürən iqtisadi və maliyyə böhranı dövründə iqtisadiyyatımızın daha da güclənməsi, ölkəmizin enerji sahəsində yeni uğurlara imza atması, Azərbaycanda təhsil sahəsində bir sıra uğurlar qazanılması barədə də ətraflı danışılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev yekun nitqində ölkədə infrastruktur layihələrinin uğurla reallaşdırılmasını diqqətə çatdıraraq qeyd etmişdir ki, bu layihələr proqram üzrə aparılır və aparılmalıdır. Hələ ki, Azərbaycanda infrastruktur layihələri tam şəkildə başa çatdırılmamışdır. Ancaq bu istiqamətdə müsbət irəliləyiş vardır.

Ölkə rəhbəri yekun nitqində özəl bölmənin inkişafı ilə əlaqədar mühüm tədbirlər həyata keçirildiyini xatırlatmış, bildirmişdir ki, sahibkarlarların aldıqları güzəştli kreditlərdən daha səmərəli şəkildə istifadə etmələri üçün onlara həm maliyyə resursları, həm də məsləhət, tövsiyə xarakterli yardımlar göstərilir. Məhz bunun nəticəsidir ki, emal sənayesinin, kənd təsərrüfatının inkişafında artıq bir sıra uğurlar özünü qabarıq büruzə verir.

Azərbaycan Prezidenti İlham Əliyevin ətraf mühitin qorunması ilə bağlı fikirləri də diqqət çəkmişdir. Dövlət başçısı demişdir:" Bir neçə il bundan əvvəl Azərbaycanda “Ekologiya ili” elan edilmişdi. Xatırlayıram, o vaxt biz “Ekologiya ili”ndə görülən işləri müzakirə edərkən mən demişdim ki, “Ekologiya ili” hər il olmalıdır. Çünki ətraf mühit, xüsusilə Bakı və Abşeron yarımadası üçün əsas məsələlərdən biridir. Burada illər, əsrlər boyu neftlə çirklənmiş gölməçələr, yerlər, ekoloji cəhətdən məqbul olmayan mənzərə vardır. Biz son illərdə bu istiqamətdə çox böyük işlər görmüşük... Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdirE".

Beləliklə, bu ilin ilk üç ayı da əvvəlki dövrdə olduğu kimi, əhalinin sosial müdafiəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və maddi rifah halının yaxşılaşması, neft gəlirlərini qeyri-neft sektoruna yönəltməklə və modern texnologiyalara əsaslanmaqla yeni və qabaqcıl sənaye sahələrinin yaradılması, iqtisadi və sosial infrastrukturun, yol-nəqliyyat sektorunun davamlı inkişafı, eyni zamanda, dövlətimizin hərbi qüdrətinin yüksəldilməsi ilə əlamətdar olmuşdur. Bu müddət ərzində ölkə boyu nəhəng tikinti-quruculuq və abadlıq işləri davam etdirilmiş, bir sıra sosial obyektlər tikilmiş, təhsil, mədəniyyət, səhiyyə, idman, turizm, ekologiya sahələrində böyük irəliləyiş baş vermişdir. Ölkə rəhbərliyi səviyyəsində qəbul olunan və ictimai-siyasi, sosial-iqtisadi, humanitar-mədəni həyatın çoxşaxəli spektrini əhatə edən 60-a yaxın konseptual-strateji mahiyyətli sənəd və dövlət proqramları hazırda icra edilməkdədir. Görülən işlər və nəticələr bu gün deməyə əsas verir ki, Azərbaycan dünyaya özünün uğurlu inkişaf modelini təqdim edə bilmiş və qısa zaman kəsiyində ölkəmizdə, sözün əsl mənasında, inqilabi yeniləşmə və tərəqqiyə nail olunmuşdur.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında