Üzeyir Hacıbəyli ittifaq dövlətinin parlamentində Naxçıvanı təmsil etmişdir Naxçıvan Muxtar Respublikası – 90

 

 

 

 

 

Azərbaycanın ən qədim diyarlarından biri olan Naxçıvanın muxtar respublika kimi təşkilinin 90 illiyi ölkəmizdə təntənəli surətdə qeyd edilir. Bununla əlaqədar Prezident İlham Əliyevin imzaladığı sərəncamda deyilir: “Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır”.

Bugünlərdə Prezident İlham Əliyevin iştirakı ilə muxtar respublikada keçirilən təntənəli yubiley şənliklərində bu tarixi hadisənin milli suverenlik hərəkatında dəyəri bir daha vurğulandı, 5 min illik tarixi olan Naxçıvanın ən qədim türk yurdlarından biri kimi çatdığı çağdaş durum bir daha yüksək qiymətləndirildi. Dövlət başçısının söylədiyi “Naxçıvan sürətlə inkişaf edir. Naxçıvanda bütün məsələlər uğurla həll edilir...Sevinirəm ki, bu gün Naxçıvan çiçəklənən bir diyardır,” sözləri ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi yolda qazanılmış tarixi nailiyyətlərin mötəbər təsdiqi kimi səsləndi. Naxçıvanın tarixi yüksəlişində, xüsusən, son bir əsrdə burada aparılan sivil quruculuq proseslərində ötən nəsillərin gördüyü dəyərli işlər də yubiley tədbirlərində qədirbilənliklə yada salındı.

Bu əlamətdar hadisənin fonunda Naxçıvanın mədəni quruculuğunda fəal iştirak etmiş dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin bioqrafiyasının muxtar diyarla bağlı səhifələrinə nəzər salmağı özümüzə borc bildik. Azərbaycan professional musiqisinin banisi həm də yorulmadan xalqı üçün çalışan ictimai xadim idi. Məhz buna görə də sevimli sənətkara böyük etimad göstərilərək, o, 1925-ci ildə Bakı Şəhər Sovetinə, 1937-ci ildə birinci çağırış, 1946-cı ildə isə ikinci çağırış SSRİ Ali Sovetinə deputat seçilmişdir. Hər iki dəfə Üzeyir bəy ittifaq dövlətinin parlamentində Naxçıvan Muxtar Respublikasını təmsil etmişdir. Tariximizi gözəl bilən dahi sənətkar Naxçıvanın başına gələn bəlalardan yaxşı xəbərdar idi və bu diyarın yurdsevər insanlarına xüsusi rəğbət bəsləyirdi. O, coğrafi baxımdan Azərbaycandan aralı salınmış Naxçıvanın bədxah ermənilərin əhatəsində hərtərəfli inkişafı, xüsusən milli-mədəni dəyərlərə önəm verilməsi, musiqiçi kadrların yetişdirilməsi üçün əlindən gələni əsirgəmirdi. Elə buna görə də qədirbilən Naxçıvan camaatı dünya şöhrətli sənətkarın onların deputatı olmasından qürur duyurdular.

Azərbaycanı qarış-qarış gəzən, xalqla sıx təmasdan ilham alan Üzeyir bəy Hacıbəyli öz seçiciləri ilə də tez-tez görüşür, onların arzu- istəklərinə həssaslıq göstərirdi. Üzeyir bəy Naxçıvanda yaşayan həmvətənlərinə xüsusi qayğı göstərirdi. Onların yaşayışı, güzaranı, ehtiyacları həmişə bəstəkarı düşündürürdü. Üzeyir bəy onların problemlərinin həllinə, çözülməsinə yaxından köməklik göstərirdi.

Üzeyir bəy Hacıbəyli mütəmadi olaraq Naxçıvana gedərdi, sakinlərlə görüşərdi, onların arzularının gerçəkləşməsini təmin edərdi. Bu görüşlər adətən Üzeyir bəyin yaxın qohumu, şəxsi katibi Ramazan Xəlilovun iştirakı ilə olardı. R. Xəlilov həm də millət vəkilinin köməkçisi idi. Sonralar dahi sənətkarın ev-muzeyinin yaradıcısı və ömrünün sonuna qədər onun direktoru olan Ramazan Xəlilov o illərdən çox maraqlı söhbətlər edərdi.

Azərbaycanda elə adam tapılmazdı ki, Üzeyir bəyə müraciət etsin və onun xahişi cavabsız qalsın. Belə insanlardan biri də əslən naxçıvanlı olan sevimli şairimiz İslam Səfərli idi. Üzeyir bəy Hacıbəyli Naxçıvana seçiciləri ilə görüşə gedərkən onunla tanış olmuşdu. Professor Ramazan Xəlilov o illəri belə xatırlayırdı: “1945-ci il idi. Üzeyir bəy Naxçıvana seçiciləri ilə görüşə getmişdi. Biz orada ”Qonaq evi"ndə qalırdıq. Bir gün “Qonaq evi”nə əsgər paltarında cavan bir oğlan gəldi. Müharibədən yenicə qayıtmış bu gənc oğlan İslam Səfərli idi. O, Üzeyir bəylə görüşdükdən sonra yazdığı şeirləri göstərdi. Sərraf söz ustası olan böyük sənətkar onları oxudu və şeirləri bəyəndiyini söylədi. Sonra gənc oğlana Bakıya gəlməyi tövsiyə etdi və bildirdi ki, o, mütləq ali təhsil almalıdır. İslam utana-utana Bakıya gəlmək üçün maddi durumunun məhdud olduğunu dedi. Bu zaman Üzeyir bəy mənə işarə etdi ki, bu gənc oğlana pul verim. Mən də zərfə beş yüz manat qoyub ona verdim. Üzeyir bəy onu Bakıda gözləyəcəyini söylədi".

Çox keçmir ki, İslam Səfərli Bakıya gəlir və birbaşa Ü.Hacıbəylinin yanına gedir. Üzeyir bəy onu mehribanlıqla qarşılayır. Elə oradaca, gənc oğlanın yanında Azərbaycan Dövlət Universitetinin rektoru Abdulla Qarayevə telefon edir və bu istedadlı gəncin universitetə qəbul olunmasını xahiş edir. Qəbul imtahanlarının qurtardığına baxmayaraq, A.Qarayev Üzeyir bəyin sözünü yerə salmır. Beləliklə, İslam Səfərli Azərbaycan Dövlət Universitetinə imtahansız qəbul olunur, təqaüdünü isə hər ay Üzeyir bəy özü verir. Görkəmli şairimiz bu yaxşılığı ömrünün sonuna kimi unutmamışdır.

Üzeyir bəy Hacıbəyli on bir il Naxçıvandan SSRİ Ali Sovetinin deputatı olmuş, xalqın rifahı naminə, onun xoşbəxtliyi üçün var qüvvəsi ilə çalışmış, səlahiyyətli dairələrdə Naxçıvan və naxçıvanlıların mənafeyini qorumuşdur. O, Naxçıvanın mədəni həyatının, iqtisadiyyatının yüksəlməsinə var qüvvəsi ilə köməklik etmişdir. Naxçıvanda musiqi məktəblərinin, musiqi kollektivlərinin təşkilində, kadrlarının yetişdirilməsində, sənaye müəssisələrinin açılmasında onun müstəsna rolu olmuşdur.

Üzeyir bəyin tələbəsi, məşhur “Barı Naxçıvan” mahnısının müəllifi Məmməd Cavadov öz xatirələrində yazırdı: “1946-cı ildə Üzeyir Hacıbəyov seçicilərlə görüşmək üçün bir neçə günlüyə Naxçıvan Muxtar Respublikasına gəlmişdi. Onun gəlişindən xəbər tutan kimi getdim “Qonaq evi”nə. Üzeyir bəy və onunla gələn Ramazan Xəlilovla sevinclə görüşdüm. Üzeyir bəy gülərüzlə dedi:

– Ay Məmməd, sən burada neyləyirsən?

Dedim ki, 1943-cü il, fevralın 23-dən məni mədəniyyət nazirliyi Naxçıvana göndərib və elə o vaxtdan da burda işləyirəm.

Soruşdu ki, burda nə iş görürsən? Dedim ki, dram teatrda dirijor və musiqi məktəbində nəzəriyyə fənni üzrə müəllim işləyirəm.

Dedi ki, çox yaxşı. Nədən korluq çəkirsən? Dedim ki, müəllim, sağlığınıza heç nədən.

Bir neçə gündən sonra o, məni yerli təşkilatlara, o cümlədən, Naxçıvan MSSR İncəsənət Komitəsinə ( o vaxtlar komitənin sədri, Azərbaycanın əməkdar artisti İsa Musayev idi.) tapşırıb dedi:

– Məmməd istedadlı tələbələrimdən biridir. Musiqi sahəsində bacarıqlıdır. Ondan səmərəli istifadə edin. Üzeyir Hacıbəyov Naxçıvanda yerli maliyyə nazirliyi və incəsənət komitəsi ilə birlikdə söhbət aparıb, burda Azərbaycan xalq çalğı alətləri orkestrinin təşkil olunması üçün təşəbbüs irəli sürdü. Beləliklə, 47 nəfərdən ibarət orkestrin smetasını tərtib edib, Üzeyir bəyə verdilər. O, isə öz növbəsində Naxçıvan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin smetasını Moskvada Mədəniyyət Nazirliyində təsdiq etdirib, Naxçıvan İncəsənət Komitəsinə göndərdi. Üzeyir Hacıbəylinin tapşırığı ilə məni həmin orkestrə dirijor və bədii rəhbər təyin etdilər. Orkestrin fəaliyyəti haqqında o illərdə “Azərbaycan gəncləri” qəzetində məqalə dərc olunmuşdur".

Məmməd Cavadovun Naxçıvanda dərs dediyi şagirdlərdən ikisi indi Azərbaycanın xalq artistidir. Görkəmli bəstəkarlar Ramiz Mirişli və Nəriman Məmmədov vaxtilə Üzeyir bəy Hacıbəylinin təşəbbüsü ilə təşkil edilmiş musiqi məktəbində musiqinin sirlərinə yiyələnmişlər.

Naxçıvandanda yaşayan yaşlı nəslin yaddaşında Üzeyir bəylə bağlı belə xatirələr çoxdur.

Səadət QARABAĞLI, üzeyirşünas

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında