ABŞ dövləti erməni uydurmalarına görə türk dünyası ilə münasibətləri pozmadı

 

 

 

Senatın Xarici  Əlaqələr Komitəsinin bu məzmunlu qərar layihəsinin gündəliyə salınması baş tutmadı

 

 

Xəbər verildiyi kimi, ABŞ Senatının Xarici Əlaqələr Komitəsi  qondarma “erməni soyqırımı” iddialarını dəstəkləyən qərar layihəsini qəbul etmişdi. Ermənipərəst senatorlar  Robert Menendezin və Mark Kirkin təklifi ilə gündəmə gətirilən qərar layihəsinin lehinə 12, əleyhinə isə 5 senator səs vermişdi. Türkiyədə, Azərbaycanda və ümumilikdə, türk dünyasında  birmənalı şəkildə “böyük tarixi səhv” adlandırılan bu qərar Senatın gündəliyinə salınmadığına görə dünya erməniliyi kifayət qədər məyus olub. Doğrudur, bu məsələ aprelin sonlarında yenidən gündəliyə gətirilə bilər. Ancaq aprelin 24-dək nəyəsə nail olmaq istəyən Amerika erməniləri hələlik böyük peşmançılıq içərisindədirlər.

Senatın Xarici Əlaqələr Komitəsinin qəbul etdiyi qərarın mahiyyətinə və həmin qərarın ABŞ - Türkiyə münasibətlərinə göstərəcəyi təsirə gəlincə isə, ümumi fikirlər belədir ki, bu hadisə Amerikanın imicinə ciddi zərbədir. Çünki əgər söhbət xalqlara qarşı ədalətin bərpa olunmasından gedirsə, senatorlar öncə 1992-ci ildə  Xocalıda baş verən soyqırımı faktına  diqqət yetirməli idilər. Real faktları bir tərəfə qoyub, tarixin qaranlıq səhifəsində “baş verən” hadisələri “soyqırımı” kimi təqdim etmək məsələyə ikili standartla yanaşmanın nəticəsidir.  Ekspertlər  hesab edirlər  ki, ABŞ Senatının rəhbərliyi qondarma erməni soyqırımı iddialarını dəstəkləyən qərar layihəsinin qəbul olunmasına göz yummaqla ikili standarta yol verib. 

Maraqlıdır ki,  Vaşinqton ilə Ankara il ərzində, demək olar ki, bütün diplomatik-siyasi, hərbi məsələlərdə eyni mövqedən çıxış edir, bir-birinə açıq və dolayı yolla dəstək verirlər. Ancaq  hər il aprel ayı gələndə, necə deyərlər, münasibətlərdə “fırtına” qopur. Bunun əsas  səbəbi ermənilərin  qondarma soyqırımı  məsələsini hər il  gündəmə gətirməsidir. Bu məsələ gündəmə gələn kimi, ABŞ və Türkiyə qarşılıqlı olaraq biri-birini təhdid edir, bir-birinə eyhamla dolu  mesajlar göndərirlər.  Bu mənada, Vaşinqtonda yol verilən ikili standartlara qarşı Ankaranın  “səs tonunu”  yüksəltməsi və cavab xarakterli addımlar atması qəbul edilən diplomatik gedişlərdir.

Budur, Türkiyə Xarici İşlər Nazirliyi ABŞ Senatının Xarici Əlaqələr Komitəsində  “erməni soyqırımı” ilə bağlı qəbul olunan qətnaməyə kəskin reaksiya verib.  Türkiyə XİN-in bəyanatında bildirilir ki, Senat komitəsi tələskənliklə və qeyri-peşəkarlıqla hazırlanmış qeyri-ciddi qərar layihəsini qəbul etməklə öz səlahiyyətləri və cavabdeh olduğu sahə ilə ziddiyyət təşkil edən bir addım atıb: “Tarixi təhrif edən bu siyasi məqsədli addımı rədd edir, qeyri-hüquqi və qərəzli təşəbbüsə müəlliflik edənləri qınayırıq. İnsanlığa böyük acılar yaşadan Birinci dünya müharibəsi sırasında cərəyan edən faciəvi 1915-ci il hadisələrinə dair ədalətli bir mövqeyə bu ortaq tarixin sahibləri olan türklər və ermənilər tərəfindən birgə dialoq və etimad yolu ilə necə nail oluna biləcəyi hərtərəfli araşdırılmaqdadır. Türkiyə – Ermənistan protokollarında da əksini tapmış, tarixçilərdən ibarət birgə komissiyanın qurulması təklifimiz bu çərçivədə hələ gündəmdədir. Önümüzdəki dönəmdə ABŞ Konqresinin bu cür qeyri-konstruktiv təşəbbüslərlə ABŞ – Türkiyə əlaqələrinə zərbə vurmaq  yerinə, mövcud konyukturda hər zamankından daha çox önəm kəsb edən müttəfiqlik və ortaqlığımızı möhkəmləndirməyə yönəlmiş cəhdlər göstərməsi, bənzər qərar layihələrinin qanunvericilik planında irəliyə aparılmaması önəm daşıyır”.

Türkiyə XİN-in bəyanatında işarə edildiyi kimi, Ermənistan,  Türkiyə, Rusiya, Fransa və digər dövlətlərin arxivlərində olan tarixi sənədlər araşdırılarsa, ermənilərin idialarının heç bir əsası olmadığı ortaya çıxacaqdır.  Əslində, dünyadakı əksər tarixçilər də, siyasətçilər də yaxşı anlayırlar ki, ermənilər “soyqırımı” iddiasını məqsədli şəkildə ortaya atıblar və bəzi dövlətlər həmin iddialardan öz çirkin məqsədləri üçün istifadə edirlər. Faktlara müraciət etsək görərik ki, bu iddiaların tarixi hətta Birinci dünya müharibəsindən əvvələ gedib çıxır.

“Erməni soyqırımı” iddiasını ilk dəfə İngiltərə gündəmə gətirib və Osmanlı imperiyasına qarşı təbliğat məqsədi ilə istifadə edib. Buna “müharibə təbliğatı” da demək olar. Təbliğatın müharibə boyu davam etməsi də bunu göstərir. Yəni iddialar Osmanlı imperiyasında 1915-ci il aprelin 24-də verilən təhcir qərarından (“təhcir” sözü ərəbcə olub, insanları bir yerdən başqa yerə köçürmək, yer dəyişdirmək mənasına gəlir – R.K.) əvvəl meydana çıxmışdı.

Qondarma soyqırımı iddilarının məhz 1950-ci ildən sonra dünyada daha tez-tez gündəmə gətirilməsi də maraqlı məqamlardan xəbər verir.  Belə ki, Türkiyənin Şimali Atlantika Alyansına – NATO-ya tamhüquqlu üzv olmaq üçün müraciət etməsi həmin dövrə təsadüf edir.  1952-ci il fevralın 18-də bu müraciətə müsbət cavab verildi. Məhz bu ərəfədə NATO-ya üzv olan dövlətlərdə rəsmi Ankaraya qarşı  erməni təbliğat maşınının işə düşməsi düşündürücüdür. Bir sıra ekspertlər bunun keçmiş Sovet İttifaqı rəhbərliyinin göstərişi ilə baş verdiyini iddia edirlər. Guya, bu yolla Moskva Türkiyənin NATO-ya yaxınlaşmasının qarşısını almağa çalışıb. Digər ekspertlər isə belə bir fikir yürüdürlər ki, uydurma erməni iddialarının gündəmə gətirilməsində məhz Şimali Atlantika Alyansına üzv olan bəzi ölkələrin rəhbərləri maraqlı olublar. Guya, islamafobiya, ksenofobiya xəstəliyinə düçar olmuş siyasətçilər  əhalisi müsəlman olan Türkiyənin xristian ölkələrindən ibarət NATO-ya üzv olmasını həzm edə bilməyiblər. Bu yolla, həm də  Ankaranı əsaslı güzəştlərə getməyə vadar etmək də mümkün idi.

Bəlkə də bu iddiaları səsləndirənlər haqlıdırlar. Çünki proseslərə nəzər salanda görürük ki, Türkiyə 1963-cü ildə Avropa İqtisadi Birliyi ilə  (indiki Avropa İttifaqı-R.K.) sıx əməkdaşlıq etmək barədə müqavilə imzalayandan qısa vaxt sonra,  yəni 1965-ci ildə ilk dəfə Uruqvayda “erməni soyqırımı” tanındı. Maraqlı burasıdır ki, 1987-ci ildə quruma tamhüquqlu üzv olmaq üçün müraciət etdikdən sonra rəsmi Ankaraya qarşı erməni təbliğatı daha geniş miqyas aldı. Əgər 1987-ci ilədək qondarma soyqırımını Uruqvay və Cənubi Kipr tanımışdısa, bundan sonrakı illərdə 20-dək ölkə bu iddiaları dəstəklədi. Rusiya və Livan istisna olmaqla, həmin ölkələrin demək olar ki, hamısının Avropa və Amerika qitəsindəki dövlətlər olması isə onu deməyə əsas verir ki, erməni lobbisi, həmçinin Qərb müasir, demokratik, qüdrətli  Türkiyənin dünyanın güclü siyasi-iqtisadi, hərbi qurumlarına üzvlüyündən və burada aparıcı mövqedə olacağından narahatdır.

Bu gün Ermənistan Respublikası və dünya erməniliyi Qərbdə Tükiyəyə qarşı qısqanc münasibətdən meydana gələn ikili standartların mövcudluğundan maksimum dərəcədə faydalanaraq, Ankaranı  “4 T” adlanan tələbləri yerinə yetirməyə vadar etməyə çalışır. Bu tələblər isə  qondarma erməni soyqırımının dünyada və  Türkiyədə tanınması,  guya  “soyqırımı”na məruz qalmış ermənilərin varislərinə təzminat ödənilməsi, qardaş ölkənin Şərq vilayətlərində ermənilərə torpaq verilməsidir.

Təbii ki, bu, baş tutan sevda deyil. Birincisi, ona görə ki, iddialar heç bir tarixi fakta söykənməyib. İkincisi, 1915-ci ildə Osmanlı imperiyasının Şərq vilayətlərində baş verən erməni üsyanları zamanı yüzlərlə türk-müsəlman, hətta, yəhudi qətlə yetirilib. Hər bir dövlət əlinə silah alıb ona qarşı döyüşən, onun vətəndaşlarını vəhşiliklə qətlə yetirən hərbi dəstələri zərərsizləşdirmək hüququna malikdir. Osmanlı imperiyası da dövlətə qarşı yaranmış təhlükəni dəf etmək və  əhalini qorumaq üçün bu hüquqdan istifadə edib. Yəni, necə deyərlər, əlində silah olan quldur dəstələrini heç bir dövlət gül-çiçəklə qarşılamadığı kimi, Osmanlı imperiyası da haqlı olaraq, çar Rusiyası, İngiltərə və Fransa tərəfindən silahlandırılan erməni quldur dəstələrinə qarşı mübarizə aparıb. Müharibənin sərt qanunlarından biri də budur ki, əlində silah olan, döyüşən heç bir əsgərin və ya döyüşçünün ölümü soyqırımı sayıla bilməz.

Digər tərəfdən, Osmanlı imperiyası tabeliyindəki bütün millətlərin nümayəndələrinə eyni  münasibət göstərib. Tarixə nəzər yetirsək görərik ki, imperiyada erməni paşaların, saray məmurlarının, nazirlərin, hətta, baş nazirlərin belə sayı az olmayıb. Bu, həm də osmanlının erməni azlığa göstərdiyi diqqətin, etibarın,  münasibətin nəticəsində mümkün olmuşdur. Ona görə də 1915-ci il aprelin 24-də Osmanlı sultanının “təhcir” fərmanını “soyqırımı fərmanı” kimi qiymətləndirmək ən azı cahillikdir. Çünki bu addımın atılmasının digər bir səbəbi də, erməni ailələrini qəzəblənmiş kütlələrdən qorumaq olub. Məsələ burasındadır ki, erməni silahlı dəstələri türk-müsəlmanlara qarşı kütləvi qırğınlar törətmişdilər və bundan qəzəblənmiş  kütlə qisas almaq məqsədi ilə yaxınlıqdakı erməni kəndlərinə hücum edə bilərdi. Buna görə də erməni ailələrinin daha təhlükəsiz vilayətlərə köçürülməsi zərurətə çevrilmişdi. Bu isə həmin dövr üçün, necə deyərlər, qanın su yerinə axdığı bir vaxtda çox humanist bir addım hesab edilməlidir, nəinki, “soyqırımı”.

Belə olan halda, Türkiyəyə qarşı aparılan bu kampaniyanın siyasi müstəviyə çıxarılması və ona hüquqi don geyindirilməyə çalışılmasının səbəbi nədir? Diqqət etsək görərik ki, hər il aprel ayında bu şəkildə davam edən hər prosesin sonunda Ankara Vaşinqtona “borçlu”  qalır.  Yəni  Türkiyə “soyqırımı” bəlasından xilas olmağın müqabilində bir sıra güzəştlərə getməli olur. Ankara rəsmi sənədlərlə, imzalarla təsdiq edilməsə də, Vaşinqton qarşısında bəzi öhdəliklər götürür.  Ancaq bu zaman münasibətlər də əvvəlki kimi isti olmur. Sonralar isə sanki heç bir şey olmamış kimi yenidən əlaqələr normallaşır.

 Son illər  bəzi qlobal güc mərkəzləri “soyqırımı” məsələsindən istifadə edərək  Türkiyəyə  daha ağır zərbələr vurmağa çalışırlar.  Ermənilərin dünyanın müxtəlif ölkələrində qurduqları lobbilər üçün şərait yaradılır və buna görə də  onlar cəsarətlə hərəkət edirlər.  ABŞ-dakı ermənilər də hər il Vaşinqtona  təzyiqləri artırırlar. Bunun qarşılığında Vaşinqtonun lobbiyə qarşı “müqaviməti”, guya,  getdikcə azalır. Ancaq ABŞ-dakı siyasi dairələr deyəsən, bəzi məsələləri diqqətdən qaçırırlar. Bu məsələlər hansılardır?

Əvvəlcə onu qeyd edək ki, dünyanın tək supergücü ilə strateji tərəfdaşlıq qurmaq hər ölkəyə nəsib olmur. Türkiyə – ABŞ münasibətləri də bu baxımdan çox əhəmiyyətlidir. ABŞ-ın dünyaya səs salan güclü ordusu və geniş siyasi-diplomatik, iqtisadi imkanları var. Ancaq işin bir başqa tərəfi də var: Vaşinqton – Ankara arasındakı əlaqəlirin  iqtisadi tərəfini araşdırsaq, onda çox qəribə bir mənzərə ilə qarşılaşarıq. Görərik ki, dünyanın ən varlı ölkəsi ilə Türkiyə arasındakı ticarət əlaqələri 19  milyard ABŞ dollarından bir az çoxdur.  Xarici ticarət dövriyyəsi 400 milyard dollara çatan  Türkiyə üçün bu, o qədər də böyük rəqəm deyil.

Digər tərəfdən, Türkiyənin Rusiya ilə ticarət əlaqələrinə diqqət yetirək.  Görərik ki, Rusiya ilə ticarətin həcmi 40 milyard dolları ötüb və yaxın perspektivdə bu rəqəm 60 milyarda çatacaq. Onda fikirləşirsən ki, əcəba, hansı dövlətlə əlaqə daha önəmlidir.  Belə olan halda, kağız üzərində qalan və hər gün “içi boşalan” strateji tərəfdaşlıq daha önəmli olur, yoxsa 50-100 milyard dollar həcminədək artma potensialı olan ticarət əlaqələri?  Burada Türkiyənin ABŞ və ya Rusiya ilə əlaqələrinin əhəmiyyətini azaltmaq və ya artırmaq fikrimiz yoxdur.  Bu dəqiqdir ki, 19 milyard dollardan bir az çox Amerika – Türkiyə ticarət əlaqələri bir gün gələr 50 milyardı da ötə bilər. Ancaq hər halda sadaladığımız bu faktlar Amerika rəhbərliyinin diqqətindən yayınmamalıdır. Vaşinqton unutmamalıdır ki, Rusiya coğrafi baxımdan  Türkiyəyə Amerikadan daha yaxındır. Avropa İttifaqının “öhdəliklər”, ABŞ-ın isə “soyqırımı” oyununu davam etdirməsi nəticəsində, Rusiya ilə coğrafi yaxınlıq amili hərbi-siyasi münasibətlərdə də özünü göstərə bilər. Suriya, İran, Ukrayna məsələləri kimi ciddi problemlərin yaşandığı bir regionda etibarlı  tərəfdaşa çox ehtiyac var. Bu tərəfdaş isə, birmənalı şəkildə, diz çökmüş Ermənistan deyil, qüdrətli Türkiyədir. 

Rauf  KƏNGƏRLİ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında