Müxalifətin siyasi mədəniyyət problemi

 

 

 

Siyasi mədəniyyət insanların müəyyən normaları, standartları, ənənələri mənimsəməsi vasitəsilə formalaşıb inkişaf edir. İnsanlar mədəni dəyərləri,  demokratik siyasi mübarizə metodlarını mənimsəyib, siyasətdə müəyyən yer və rol əldə etdikdən sonra bu mədəniyyət sosial əhəmiyyət kəsb edir. Digər tərəfdən, siyasi mədəniyyətin mühüm funksiyalarından biri onun sosiallaşdırma funksiyasıdır ki, bu, hər şeydən əvvəl insanın yaşam tərzini və mövqeyini şərtləndirir .

Siyasi institutlar bir çox vasitələrlə siyasi düşüncənin və davranışın müəyyən stereotiplərinin formalşmasına yardım edir, onları sonrakı nəsillərə ötürür ki, bu da mövcud siyasi sistemi möhkəmləndirir. Başqa cür desək, siyasi sistem siyasi mədəniyyətin inkişaf səviyyəsinə uyğun olur və ya o, müəyyən siyasi mədəniyyət çərçivəsində fəaliyyət göstərir.

Təbii-tarixi proseslərin gedişində insanların müəyyən siyasi sistemə olan  baxışları, ideyaları, təsəvvürləri, istiqamətləri və yolları onların davranışında üzə çıxır. Məsələn, müəyyən siyasi institutlara və onları təmsil edən liderlərə etimadsızlığın ifadəsi, müxalifətin təsirinin güclənməsi, siyasi fəallığın artması. Ona görə də siyasi düşüncənin və davranışın stereotiplərinin dəyişməsi həm də siyasi sistemin müvafiq transformasiyasını tələb edir. Başqa sözlə desək, əvvəl siyasi mədəniyyət,  bundan sonra isə siyasi sistem dəyişir.

Sual oluna bilər: Əgər siyasi institutlar siyasi düşüncənin və davranışın formalaşmasına, onların sonrakı nəsillərə ötürülməsinə və bununla siyasi sistemin sosial bazasını yaratmağa  yardım edirlərsə,  onda niyə siyasi mədəniyyətdə dəyişiklikər gedir? Axı bu dəyişikliyi törədən mənbə siyasi sistemin özündədir. Zaman fərqləri ilə dünyanın müxtəlif ölkələrində iqtisadi böhranlar baş verir ki, bu da iqtisadi qanunların təsirindən yaranır.  Ancaq istehsalın inkişafı  daha çox siyasi sistemin səmərəli fəaliyyətindən asılı olduğundan, siyasi liderlərin əksəriyyəti siyasi xəstəliklərin müalicəsini onun təkmilləşdirilməsindən, yaxşılaşdırılmasından, hətta bütünlüklə dəyişdirilməsindən başlayırlar.

Fikrimizin təsdiqi kimi 1929-1933-cü illərin iqtisadi böhranını və F.Ruzveltin ABŞ-dakı siyasətini, Hitlerin hakimiyyətə gəlişini xatırlayaq. Bu göstərilən və göstərilməyən bir çox nümunələrdə iqtisadi problemlərin həlli dövlətin və onun siyasi institutlarının rolunun gücləndirilməsi ilə bağlıdır. Belə şəraitdə istər siyasi lider, istərsə də hər hansı konkret şəxs özünün komandası, bir qrup şəxs və ya siyasi təşkilatı ilə olsun, siyasi sistemin quruluşunu dəyişməklə bağlı öz təkliflərini verməyə başlayır və onları kütləvi informasiya və kommunikasiya vasitələrinin, təhsil sisteminin vasitəsilə cəmiyyətə təlqin etməyə başlayırlar.

Tədricən, siyasi düşüncə və davranış stereotiplərinin əvəzlənməsi prosesi gedir, cəmiyyət də dəyişikliklərin zəruri olması, siyasi sistemdə müəyyən islahatlar aparılması anlamına gəlir. Adətən, əgər siyasi sistemdə dəyişiklikləri siyasi lider planlaşdırırsa, onda onlar xalqın narazılıq ifadə edəcəklərini də hesaba alırlar. Siyasi sistemin transformasiyası isə siyasi mədəniyyətdə gedən dəyişikliklərdən sonra baş verir. Beləliklə, geniş kütlələrin islahatlar aparmaq razılığı əldə olunur. Əgər bu islahatlar iqtisadiyyatın canlanmasına gətirib çıxarırsa, o zaman mövcud siyasi sistemin sosial bazası güclənir, onun sabitliyi möhkəmlənir. Demokratik dövlətlərdə siyasi mədəniyyətin dəyişməsinə yalnız dövlətin liderləri deyil, müxalifət də yardım edir. Belə hallarda müxtəlif tərəflər kompromisə gəlir və onun əsasında siyasi sistemdə müvafiq dəyişikliklər gedir.

Qeyd etmək lazımdır ki, bu dəyişikliklər siyasi sistemin əsas təməl prinsiplərinə xələl gətirmədən edilir. Totalitar dövlətlər kimi, demokratik dövlətlərdə də siyasi sistemi kökündən dəyişməyi qarşısına məqsəd qoymuş və bu istiqamətdə fəal iş aparan siyasi təşkilatların fəaliyyəti qadağan olunur. Ancaq istər bu və istərsə digər halda siyasi mədəniyyətdə dəyişikliyə səbəb olan əsas mənbə siyasi sistemdir.

Tarixin inkişaf prosesində istənilən cəmiyyətin siyasi mədəniyyətində də ciddi dəyişikliklər baş verir. Sosium ciddi böhran yaşayan dövrdə, öz inkişafının dönüş mərhələsində bu dəyişikliklər özünü daha qabarıq göstərir. Etiraf etmək lazımdır ki, buna, ilk növbədə, SSRİ-nin siyasi elitası tərəfindən elan edilmiş “ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, sosializmin yenilənməsi və təmizlənməsi” kursu səbəb oldu.

Elan edilmiş “yenidənqurma və aşkarlıq” Azərbaycanın siyasi həyatında gur bir canlanma yaratmaqla yanaşı, siyasi elita sayıla biləcək yeni bir qüvvənin meydana gəlməsinə və ölkənin siyasi mədəniyyət sisteminə, cəmiyyətin alışmadığı və ilk vaxtlar ehtiyatla yanaşdığı yeni münasibət formaları daxil etməyə başladı. Müstəqillik illərində, siyasi sistemin dəyişməsindən sonra isə bu yenilənmə daha sürətlə getməyə, cəmiyyətin bütün təbəqələrinə nüfuz etməyə başladı. Bu illər ərzində siyasi sistemlə bərabər konstitusiya, hakimiyyət institutu,  siyasi elita, rəsmi siyasi dəyərlər sistemi də dəyişdi ki, bu da cəmiyyətin siyasi mədəniyyətindən yan keçə bilməzdi.

Ona görə də siyasi mədəniyyət mürəkkəb bir hadisədir. O özündə tanınma, emosional-həssas, dəyərləndirmə və davranış elementləri ehtiva edir. Bundan əlavə, ona siyasi stereotiplər, siyasi miflər, siyasi simvollar, siyasi rituallar daxildir. Siyasi mədəniyyət siyasi sistemin keyfiyyət tərəflərini, fəaliyyət spesifikasını və bu fəaliyyətin səmərəliliyini müəyyən edir. Partiyaların, qeyri-hökumət təşkilatlarının  çoxluğu hələ respublikada nə tam mənada siyasi müxalifətin, nə də müxalifət mədəniyyətinin formalaşmasını göstərən  arqument deyil.

Ümumiyyətlə, müasir Azərbaycanın siyasi mədəniyyəti çox mürəkkəb və ziddiyyətlidir. Burada cəmiyyətdəki siniflərin, sosial təbəqələrin və qrupların bir-birinə əks olan müxtəlif siyasi subyektiv mədəniyyətləri  mövcuddur. Müxtəlif yönlü demokratizm-avtoritarizm, mərkəzləşmə-regionlaşma, qloballaşma-təcridolunma kimi siyasi tendensiyaların mübarizəsi gedir, radikal-liberal, millətçi- vətənpərvər, hətta kommunist-subyektiv mədəniyyətləri öz aralarında toqquşurlar. Uzun onilliklər mövcud olan siyasi təsəvvürlər, baxışlar, əqidələr yenisi ilə əvəz olunur. Əvvəlki siyasi dəyərlər yenidən fikir süzgəcindən keçirilir, saf-çürük edilir və bəzən real nailiyyətlər belə qəbul olunmur.

Politoloqların qeyd etdikləri bu fikirlə razılaşmamaq olmur ki, bütövlükdə, Azərbaycan cəmiyyətində siyasi mədəniyyətin transformasiya mərhələsi tam başa çatmamışdır. İdarəçilik münasibətləri mədəniyyətinin, idarə edənlərin və idarə olunanların həyat fəaliyyətinin iqtisadi, sosial, siyasi və mənəvi sahələrindəki bacarıqlarının təkmilləşdirilməsinə ehtiyac var.   Partiyaların, təşkilatların, hərəkatların və s. münasibətlərində siyasi mədəniyyətin inkişafına isə xüsusi zərurət duyulur.

 Müasir Azərbaycan cəmiyyətinin siyasi mədəniyyətinin modernləşməsi prosesində onun dəyərlərinin və istiqamətlərinin siyasi məzmunu probleminin həlli böyük əhəmiyyət kəsb edir. Azərbaycanın siyasi mədəniyyətinin əsasında hansı dəyərlər olmalıdır: əxz edilənlər, yoxsa milli dəyərlər? Hər bir xalq siyasi quruluşla bağlı öz ideallarını irəli sürmək hüququna malikdir və onları özü üçün daha məqbul sayır.

Bu onu göstərir ki, siyasi mədəniyyətin modernləşməsi prosesi mövcud ənənələrə varislik prinsipini rədd etməməlidir. Bundan əlavə, siyasi mədəniyyətə tarixi təcrübə, ölkənin ərazisi, nəsillərin dəyişməsi, etnik və dini münasibətlər böyük təsir göstərir.

Siyasi mədəniyyətin modernləşməsi müxalifət, əks-fəaliyyət, kompromis, dialoq mədəniyyətinin formalaşması ilə birbaşa bağlıdır. Siyasi müxalifət siyasətdə  rəsmi xəttə əks olan ideologiya və təcrübədir. Siyasətdə müxalifət siyasi hakimiyyətin müxtəlif  səviyyələrində, partiya və dövlət hakimiyyətinin müxtəlif  formalarında həyata keçirilə bilər və onların hər birinin içindədir. Müxalifət onu göstərir ki, cəmiyyətdə və dövlətdə rəsmi nöqteyi-nəzərdən, mövqedən, fəaliyyət proqramından fərqlisi də var və əgər konstruktivdirlərsə, onlarla hesablaşmaq, onlara diqqət yetirmək və icra etmək lazımdır.

Siyasi sistemin iştirakçılarının davranışı da siyasi mədəniyyətin ayrılmaz tərkib hissələrindəndir. Siyasi davranış şəxsiyyətin, insanların sosial birliyinin siyasi hakimiyyətdə, özlərinin siyasi maraqlarının  həyata keçirilməsində iştirak formasıdır.

Siyasi mədəniyyətin modernləşməsi prosesində Azərbaycan cəmiyyətinin üzvlərinin, onun bütün sosial qruplarının mədəniyyətinin yüksəlməsi təmin olunmalıdır. Siyasi mədəniyyətin yüksək olması siyasətdə birbaşa iştirak etməyi, həm də kifayət qədər fəal iştirak etməyi nəzərdə tutur.

Müxalifətçilik fəaliyyəti sosial, siyasi, iqtisadi münasibətlərin bütün sahələri kimi, müəyyən qaydalar əsasında, son nəticədə, iqtisadiyyatda sabitliyə, vətəndaşların hüquq və azadlıqlarına əməl olunmasına gətirib çıxaran siyasi bazarın qanunlarına uyğun həyata keçirilməlidir. Müxalifət mühiti təkcə hakimiyyətə gəlmək üçün imkanları olmaq və buna hazır olmaq deyil, həm də bütün cəmiyyətin və dövlətin demokratik islahatları üçün güclü təşkilati və insani resurslardır.

Siyasi plüralizm, həmçinin müxalifətin varlığı, demokratiyanın mövcudluğunun əsas şərtləridir. Tam mənada desək, müxalifət ölkənin inkişafı ilə bağlı, fəaliyyətdə olan hakimiyyətin reallaşdırdığı siyasətdən fərqli olan, alternativ konsepsiyanın daşıyıcısıdır. Başqa sözlə, müxalifət potensial hakimiyyətdir.

Məram bəllidir: xalqın etimadını qazanmaq və hakimiyyətə gəlmək. Onun əsas əlaməti konstruktiv proqramın varlığı və əgər müxalifət hakimiyyətə gələrsə, bu proqramı reallaşdırmaq üçün praktik fəaliyyətə qabil və hazır olan komandanın olmasıdır.

Qeyd etmək lazımdır ki, istənilən inkişaf etmiş demokratiya əsasən “aşağıların” təşəbbüsü ilə deyil, daha çox siyasi elitaların irəli sürdüyü, əsas məsələlərdə konsensusun əldə edildiyi alternativ proqramlar əsasında işləyir. Əlbəttə, bu zaman elitalar da insanların əhvalına, onların mövqeyinə söykənirlər.  Demokratik şəraitdə insanların və ölkənin taleyinə cavabdeh olan siyasi qüvvələrin həyati əhəmiyyətli əsas vəzifələrindən biri mənəvi, fərdi, kadr və proqram məsələsində alternativlər irəli sürən demokratik müxalifət yaratmaqdır.

Bəs bizdə nə var?

O qruplar və partiyalar ki, daha yüksəkdən qışqıraraq özlərinin siyasi müxalifət olduğunu bəyan edirlər, indiki vəziyyətdə onlar Azərbaycan tarixinin tələblərinə heç bir parametrdən cavab vermirlər. Onların fəaliyyəti yaxın keçmişdə xalqın məyus olmasına necə səbəb olmuşdusa, gələcəkdə də onun pozitiv dəyişikliklərin dinc yolla və ardıcıl həyata keçirilməsi kimi istəklərinə cavab verməyəcək. Çünki onların hazırki fəaliyyəti və öz aralarındakı rəqabət onu göstərir ki, populist və radikal qüvvə olaraq onların əsas məramı etiraz təşəbbüsünü ələ almaq və bunu heç kimə verməməkdir.

Bu vəziyyəti heç bir vəchlə “mürəkkəb şəraitlə” və ya zamanla əlaqələndirmək doğru deyil. Təcrübə göstərir ki, real siyasətdən qopan eyni personajlar yorulmaq bilmədən ölü doğulmuş kvazisiyasi strukturlar yaradırlar. Milli Şura, Demokratik Alyans, Koordinasiya Şurası və s. Bu gün siyasi müxalifətin lideri adlandırılan adamların xudpəsəndlikləri və səriştəsizlikləri artıq bir neçə dəfə onların tam biabırçı iflasına səbəb olmuşdur. Lakin onlar təkidlə eyni səhv fəaliyyətlərini təkrar edirlər.

 Xatırlayırsınızsa, çox da uzaq olmayan keçmişdə  müxalifət partiyalarının yaratdıqları Koordinasiya Şurası az bir müddətdən sonra faktiki olaraq dağıldı, çünki o, heç vaxt həqiqi koordinasiya şurası, yəni müxalifət partiyalarının fəaliyyətini əlaqələndirmə meydanı ola bilmədi. Bu, olsa-olsa, media fiqurlarının və siyasi kuluarlarda adları tez-tez çəkilən hay-küylü müxalifət nümayəndələrinin aldıqları qrantların hesabatının qəbul olunması üçün xarici havadarlarına nümayiş etdirdikləri müvəqqəti ittifaqı idi. Qəribə burasıdır ki, onların, demək olar, tam əksəriyyəti kütləvi etirazların gedişində etirazçılara aydın siyasi strategiya təklif edə bilməyib, siyasi çəhətdən iflasa uğramış insanlardır.

Ondan heç nə ilə fərqlənməyən Milli Şuranın tərkibinə də heç zaman  geniş elektoriat dəstəyi olmayan, tarixi proseslərdə özlərinin siyasi yetkinliklərini təsdiq edə bilməyən, adı müxtəlif siyasi qalmaqallarda hallanan  və az bir müddətdən sonra nüfuzdan düşmüş həmin liderlər daxildir. Aparılan təhlillər göstərir ki, bu qurumu siyasi iflasa aparan əsas səhvlər aşağıdakılardır:

– Müxtəlif növlü və müxtəlif yönlü siyasi qüvvələrin mexaniki birliyinə çalışmaq, el gözünə “həmrəyliyi” imitasiya etmək;

– demokratik alternativi formalaşdırarkən, uzunmüddətli siyasi strateji iş qabiliyyətinin olmaması;

– tərəfdarlarının dairəsini genişləndirmək və güc nümayiş etdirmək naminə siyasi iflasa uğramış müxalifətçi qüvvələrlə ittifaqa girmək;

–  hakimiyyətin narazı olan “liberal qanadı” tərəfindən uydurulmuş “elitanın parçalanmasına”, hakimiyyətdə dəyişikliklərə bəslənən perspektivsiz gözləntilər;

– qeyri-siyasi, “ümumvətəndaş” etirazlarına bel bağlamaq, siyasi mübarizədə qara piyarın qüvvələr nisbətini dəyişəcəyinə ümid etmək;

– seçkilərdə real proqramlar və təkliflərlə çıxış etmək əvəzinə, hakimiyyətin gördüyü gerçək işlərə belə qara yaxmaq, ağ yalan söyləmək.

Bu səhvlərin əksəriyyəti artıq iki onillikdir ki, təkrarlanır və məğlubiyyətlərdən heç bir nəticə çıxarılmır. Nəhayət, Milli Şura, vətəndaşlara tam bacarıqsızlıq nümayiş etdirməklə dağılır və müxalifət tarixinin arxivinə atılır.

Bu gün Azərbaycanın barışmaz müxalifətinin bayraq etdiyi Qərb demokratiyasında siyasi müxalifətin əsas parametrlərini təhlil edən politoloqların fərqləndirdikləri dörd əsas modelə nümunə kimi diqqət yetirək; “Britaniya”, “Kontinental”, “Skandinav” və “Amerika - İsveçrə” modelləri. Klassik və ya “vestministr” adlandırıla biləcək birinci model kifayət qədər yaxşı təşkil olunmuş iki əsas partiyanın mövcudluğu ilə səciyyələnir və ona görə də müxalifət bir partiyada cəmləşir. Bu partiyalar istər parlamentdə, istərsə də seçkilərdə çox ciddi rəqabət aparırlar. Müxalifət o qədər aşkar seçilir ki, onu birmənalı şəkildə fərqləndirmək olur. Müxalifətlə hökumət arasında əsas mübarizə parlament seçkilərində və milli parlamentlərdə gedir.  Parlament  bu ökələrdə gündəlik qarşıdurma yeridir. Hətta, parlamenti növbəti seçkilərdə qalib gəlmək üçün istifadə olunan forum adlandırmaq daha doğru olardı. Çünki burada parlament debatlarının əsas məqsədi bir o qədər deputatlar yox, daha çox publika – gələcək seçkilərdir.

Kontinental modelin olduğu  Qərbi Avropa  ölkələrinin bir çoxunda isə müxalifət daha çox partiya ilə təmsil olunur və ona görə də onlar arasında  mübarizə ciddi şəkildə yarış xarakteri daşımır. Qarşıdurmanın həlledici müstəvisi, seçkilərdən sonra icra hakimiyyətini formalaşdırmaq məqsədilə koalisiya alış-verişi edilən yerdir.  Buna uyğun olaraq, müxalifətin strategiyası da, bu şəraitdə mümkün olmayan  parlament çoxluğunu əldə etməyə deyil, parlamentdə yerlərin sayını artırmağa yönəlir. Bu da ona koalisiya alış-verişində əlavə üstünlük qazandırır.

Sadalanan üçüncü model – skandinav modeli bir qədər süni görünə bilər. Burada da siyasi  alış-veriş böyük rol oynayır, ancaq əsas fərq ondan ibarətdir ki, onun əhatə dairəsi bir qədər genişdir. Bir çox mühüm məsələlərdə, əvvəlki modellərdən fərqli olaraq, danışıqlar prosesi, sahibkarların və iş adamlarının nəhəng assosiasiyaları, həmkarlar ittifaqları və s. daxil olmaqla, iştirakçıların geniş dairəsini əhatə edir. Beləliklə, müxalifətin bu modeli sosial əməkdaşlıq mexanizmini daxil etməyi nəzərdə tutur.

Nəhayət, dördüncü model “klassik” modeldən daha çox uzaqdır. Burada siyasi partiyalar müqayisəli şəkildə zəif  daxili birlikləri və dağınıqlıqları ilə fərqlənirlər. Bu modelə aid olan ölkələrin fərqli xüsusiyyəti ondadır ki, bu ölkələrdə, ümumiyyətlə, müxalifətlə hakimiyyət arasında qarşıdurmanın həlledici yeri mövcud deyil. Müxalifətlə hakimiyyət arasında ayırıcı sədd partiyalar arasından deyil, onların öz içindən keçir.

Ölkəmizdə, qatı müxalifətçilərdən heç də az fərqlənməyənləri liberallar da, Azərbaycan reallıqlarına, guya, bizdə siyasi rəqabətin və hakimiyyətin cavabdehliyinin olmadığına işarə edib Qərbin siyasi mədəniyyətindən, ənənələrindən danışmağı sevirlər. Unutmaq lazım deyil ki, Qərbin siyasi ənənələrində siyasətçilərin öz hərəkətlərinə görə cavabdehliyi çox ciddi ənənə halı almışdır. Yaxın keçmişin bəzi nümunələrinə diqqət yetirək:

Karl Teodor  Quttenberq – böyük gələcəkdən xəbər verən  gənc, perspektivli siyasətçi, müdafiə naziri, Alman Mühafizəkarlar Partiyasının ümid bəslədiyi və çoxlarının gələcəkdə kansler kimi gördüyü insan doktorluq işində səhvən istinad  etdiyi müddəalara görə istefaya getmək məcburiyyətində qaldı. ABŞ-a gedib memuar yazmağa başladı və sonra Avropa Komissiyasında məmur vəzifəsində çalışdı. İndi siyasətdə izi-tozu belə yoxdur.

Norbert  Ryötgen – hakim partiyanın gənc siyasətçisi, Angela Merkel hökumətində Ətraf Mühit Nazirliyinə rəhbərlik edirdi. Şimali Reyn-Vestfaliya torpaqlarında seçkilərdə hakim partiyanın siyahısına rəhbərlik edirdi.  Uğursuz keçirdiyi bir neçə seçkiqabağı kampaniyadan sonra seçkilərdə sosial demokratlara uduzdu və bundan sonra hakimiyyətdə tutduğu nazir postundan istefa vermək məcburiyyətində qaldı. O vaxtdan səsi-sorağı yoxdur və yəqin, bağ evində meyvə-tərəvəz yetişdirməklə məşğuldur. Bu siyahını artırmaq da olar.

Bu gənc və böyük gələcək vəd edən siyasətçilərin gedişinin səbəbi aydındır: partiyaya uğursuzlar, rəhbər orqanlarda reputasiyası şübhəli olan adamlar lazım deyil. Məsuliyyətli siyasətçilər bunu özləri də yaxşı başa düşürlər.

Azərbaycanda iyirmi ildən artıqdır ki, müxalif düşərgədə eyni adamlar öz tərəfdarlarını bir məğlubiyyətdən digərinə çəkib aparırlar.

Seçkidən – seçkiyə hər dəfə müxtəlif hiyləgər kombinasiyalarla meydana atılıb ən çoxu üç gedişdən sonra “mat” olmağınız və məğlubiyyətləri sıralamağınız istənilən düşüncə sahibinə aydındır. Qəribə orasıdır ki, taxta arxasında əyləşən bütün oyunçular bəlli olsalar da iflasın günahkarlarının – İsa Qəmbər, Əli Kərimli, Eldar Namazov, Rüstəm İbrahimbəyov və digərlərinin adları çəkilmir. Niyə bu biabırçı məğlubiyyətlərin səbəbləri açıqlanmır? Hanı o müxalifət elitalarının dəyişməsi kimi qanunauyğun ardıcıllıq?  Niyə etiraz liderləri indiyə qədər öz məğlubiyyətlərini etiraf etməyə cəsarət etmirlər? Bəlkə, ona görə ki, müxalifət liderləri kimi onların güzəranı daha xoş keçir?

Bəs siyasi mədəniyyət deyilən bir ənənə, Qərb demokratiyasından ağızdolusu danışan bizim müxalifət elitalarına hələ tanış deyil? Tanışdırsa, onda demək bu mədəniyyət sizə yaddır.

Qəribə orasıdır ki, məğlubiyyəti etiraf edib, siyasi iflasın məsuliyyətini üzərlərinə götürmək əvəzinə, günahkarlar təbliğat maşınını daha böyük sürətlə işə salır və demokratik prosedura imitasiya edib öz günahlarını ört-basdır etməyə çalışırlar.

Üzümü Qərb dəyərlərinin və inkişaf etmiş siyasi mədəniyyət tərəfdarlarına tutub soruşmaq istəyirəm ki, nə vaxt Azərbaycan ictimaiyyəti İsa Qəmbərin, Əli Kərimlinin memuarlarını oxuyacaq, onların yeni müxalifət elitasını təmsil edən nümayəndələrində siyasi mədəniyyət nümunəsini görəcək?

 

 

Arzuman MURADLI,

 politoloq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında