Azərbaycan ilə Avropa Şurasının əməkdaşlığında yeni əlamətdar mərhələ başlanır

 

Avropa Şurası Parlament Assambleyasının

(AŞPA) yaz sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov tərəfindən hazırlanan və bu mötəbər beynəlxalq təşkilat ilə Azərbaycan arasındakı səmərəli əməkdaşlığın retrospektivini və perspektivlərini əks etdirən sənəd yayılmışdır.

Azərbaycanın bu təşkilata üzv olduğu illər ərzində rəsmi Bakının demokratik cəmiyyət və hüquqi dövlət quruculuğu, insan hüquqlarının qorunması istiqamətində əldə etdiyi nailiyyətlərdən bəhs olunan sənəddə vurğulanmışdır ki, Azərbaycanın təmsilçiləri qurumun təkmilləşməsinə ciddi töhfələr vermişlər. Azərbaycan dövləti ilə Avropa Şurasının əməkdaşlığının uğurlu modelinin öyrənilməsinin və daha geniş tətbiq olunmasının zəruriliyinə diqqət ayıran R.Hüseynov qarşılıqlı əməkdaşlığın başlıca məqamları üzərində xüsusilə dayanmışdır.

Qeyd olunmuşdur ki, biz hamımız əlamətdar tarixi hadisənin ərəfəsindəyik. Bir ay sonra yalnız Avropanın deyil, dünyanın ən mühüm beynəlxalq təşkilatlarından biri olan Avropa Şurasının 65 yaşı tamam olacaqdır. Hər bir yuvarlaq tarix, ilk növbədə, arxada qalan yolu təhlil etmək, gələcək haqda düşünmək üçün bir fürsətdir. Avropa Şurası yaranana qədər artıq dünya iki qlobal müharibə yaşamış və bu müharibələrdən daha uzun sürmüş soyuq müharibə başlamışdır. Avropa Şurasının qitəmiz və bütün bəşəriyyət qarşısındakı ən başlıca xidməti ondan ibarətdir ki, məhz həmin soyuq müharibənin başa çatmasına və daha demokratik bir dünyanın qurulmasına əvəzsiz töhfələr vermişdir. Nəticə isə bu gün Strasburqda - Avropa evinin qarşısında dalğalanan milli bayraqlardır.

Avropa Şurası təşkil edilən vaxtlarda üzv ölkələrin bir çoxu üçün dövlət müstəqilliyi əlçatmaz arzu idi. Avropa Şurası ailəsinin üzvü olan ölkələrin əksəriyyəti çox da uzaq olmayan tarixdə soyuq müharibə “səngərinin” əks tərəflərində idilər. Bu gün isə birlikdə mübarizə aparırıq ki, qitəmiz və dünyamız hər növ “isti” və “soyuq” müharibələrdən uzaqda qalsın.

May ayı Azərbaycan üçün də əlamətdar olacaqdır. Artıq 13 ildir ki, Azərbaycan Avropa Şurasının üzvüdür və mayda bu mötəbər təşkilatın Nazirlər Komitəsinə Azərbaycan rəhbərlik edəcəkdir. XXI əsrin ötən 13 ili əslində göründüyündən daha uzun tarixin bir parçasıdır. 1918-ci ilin mayında Azərbaycan xalqı Şərqdə ilk dəfə olaraq demokratik respublika qurmuşdur. Lakin Azərbaycan xalqı həmin müstəqilliyi xarici təcavüz nəticəsində itirmişdir. XX əsrdə Azərbaycan müstəqilliyini ikinci dəfə bərpa etmiş və 23 ildir ki, azad yaşayır. Bəlkə də bir dəfə itirdiyimizə görə də bu müstəqilliyin qiymətini daha yaxşı anlayır, suverenliyin dəyərini böyük müstəqillik tarixi olan ölkələrdən də daha artıq tuturuq.

Müstəqilliyimizin XXI əsrdə çətin yollardan keçərək möhkəmlənməsində, ölkəmizdə demokratik təsisatların bərqərar olmasında, insan hüquqlarının daha geniş şəkildə təmin edilməsində, hüquqi dövlət quruculuğunda Avropa Şurasının misilsiz rolu vardır. Biz də Avropa Şurasına gənc müstəqil dövlətlərin ən böyük sərvəti olan suverenliyin başlıca zirehlərindən, qoruyucularından biri kimi baxırıq. Bu inam həm də zənnimcə, Avropa Şurasının ən böyük məsuliyyətini yaradır. Avropa Şurasının həmin ümidi və inamı qırmağa haqqı yoxdur və üzv ölkələrin müstəqilliklərinə qarşı ortaya çıxan istənilən situasiyada mütləq sinəsini qarşıya verməli, öz sözünü deməlidir.

Bir ay sonra Avropa Şurasının Nazirlər Komitəsinə rəhbərlik etməyə başlayacaq Azərbaycan 13 il əvvəlki Azərbaycan deyildir. Azərbaycan artıq iqtisadi, siyasi, mədəni cəhətdən qat-qat irəliləmiş, güclənmiş, müsbət dünya təcrübələrini əxz etmiş, sabaha inamla addımlayan bir dövlətdir. Bu inkişafda Avropa Şurasının haqqı böyükdür və bunun üçün biz həmişə minnətdar olacağıq. Lakin Azərbaycan Avropa Şurasından yalnız öyrənməmiş, həm də bu təşkilatın inkişafına öz layiqli töhfələrini vermişdir. Azərbaycan nümayəndə heyəti ilk gündən Avropa Şurası Parlament Assambleyasında daim fəallıq göstərmiş, ümumavropa problemlərinin müzakirələrinə həmişə həssaslıqla yanaşmışdır. Nümayəndə heyətinin üzvlərinin hazırladıqları çoxsaylı sənədlər, mühüm məruzələr, irəli sürdüyü faydalı ideyalar buna əyani sübutdur.

Avropa Şurasının 65 yaşının tamam olması kimi əlamətdar bir tarixin Daimi Komitənin Bakıda keçiriləcək iclası, Azərbaycanın bu qurumun Nazirlər Komitəsinə rəhbərlik dövrünə təsadüf etməsini də mən bir tarixi qanunauyğunluq hesab edirəm. Bu görülmüş işlərin yaxşı nəticəsi, həm Avropa Şurasının, həm Azərbaycanın uğurunun göstəricisidir. Bu, səmərəli əməkdaşlığın, qarşılıqlı inam və etibarın sübutudur. Məhz belə bir model gələcəkdə Avropa Şurasının fəaliyyət modeli olaraq qalarsa, söz yox ki, təşkilatın beynəlxalq aləmdəki nüfuzu da indikindən də artıq olacaqdır".

Qeyd etmək lazımdır ki, bu ilin may ayında Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi qəbul etdikdən sonra təşkilatın növbəti yay sessiyasında Strasburqda Azərbaycan dövləti adından ayrıca təqdimatın olacağı nəzərdə tutulmuşdur.

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Strasburq

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında