Bakı növbəti beynəlxalq tədbirə ev sahibliyi edir

 

“Subtropik və mülayim iqlim qurşaqlarının meyvə və qərzəkli bitkilərinin

yabanı əcdadları” mövzusunda II Beynəlxalq simpozium öz işinə başlamışdır

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunda “Subtropik və mülayim iqlim qurşaqlarının meyvə və qərzəkli bitkilərinin yabanı əcdadları” mövzusunda II Beynəlxalq simpozium öz işinə başladı.

 Beynəlxalq Bağçılıq Elmləri Cəmiyyəti ilə AMEA-nın birgə keçirdiyi tədbirdə 15-dən çox xarici ölkəni və bir sıra beynəlxalq təşkilatları təmsil edən 80-dən artıq alim iştirak edir.

 Beynəlxalq simpoziumu giriş söz ilə açan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri, akademik Qərib Məmmədov bildirdi ki, Azərbaycanda cəmiyyət həyatının bütün sahələri ilə bərabər elmin inkişafı da dövlət qayğısı ilə əhatə edilmişdir. Prezident İlham Əliyev tərəfindən elm, xüsusən də, aqrar elm qarşısında çox mühüm vəzifələr qoyulmuşdur. Bu vəzifələrin səmərəli icrası üçün elmin maddi texniki bazasının yaxşılaşdırılması ilə yanaşı, elmi fəaliyyətlərin hərtərəfli canlandırılması, elmi tədqiqatların həm daxili, həm də xarici koordinasiyasının dövrün tələbləri səviyyəsində gücləndirilməsi, gənclərin elmə daha intensiv cəlb edilməsi vacibdir.

Akademik qeyd etdi ki, bu mənada bugünkü mühüm tədbirin – “Subtropik və mülayim iqlim qurşaqlarının meyvə və qərzəkli bitkilərinin yabanı əcdadları” üzrə II Beynəlxalq simpoziumun Bakıda keçirilməsi əlamətdar hadisə hesab edilə bilər. Həmçinin sevindirici haldır ki, bu mötəbər simpozium bütün dünya üzrə böyük nüfuza malik olan, minlərlə tanınmış alimi, elmi qurumları, jurnalları birləşdirən, bu cür tədbirlərin keçirilməsində böyük təcrübə qazanmış Beynəlxalq Bağçılıq Elmləri Cəmiyyəti ilə Azərbaycanın elm məbədi olan Milli Elmlər Akademiyası tərəfindən birgə təşkil edilmişdir.

Q. Məmmədov dedi: “Simpozium qlobal iqlim dəyişikliklərinin intensivləşdiyi, aqroekosistemlərin müxtəlif səbəblərdən deqradasiyaya uğradığı bir dövrdə dünya əhalisinin sağlam qida və təsərrüfat məhsullarına artan tələbatının ödənilməsi və ümumən, ərzaq təhlükəsizliyinin təmin edilməsində meyvə bitkilərinin genetik ehtiyatlarından səmərəli istifadə olunması kimi ümumdünya əhəmiyyətli bir mövzuya həsr olunmuşdur”.

Komitə sədri onu da əlavə etdi ki, iştirakçılar simpoziumun gedişində Azərbaycanda bitki genetik müxtəlifliyinin idarə olunması və inkişafı sahələrində akademik Cəlal Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş elmi və təşkilati fəaliyyətlərlə, qazanılmış uğurlarla da tanış ola biləcəklər. Akademik simpoziumun işinə uğurlar arzuladı.

Beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi tanınan Bakıda növbəti yüksək səviyyəli simpoziumun baş tutmasını yüksək qiymətləndirən  BBEC-nin qərzəkli və Aralıq dənizi iqlimi meyvələri üzrə bölməsinin sədri  Damiano Avanzato Cənubi Qafqaz regionunun coğrafi mövqeyi və bu bölgədə mövcud olan bitki müxtəlifliyindən söz açdı. Qeyd etdi ki, Azərbaycanda çox nadir bitkilər var və bunların bəziləri elmi baxımdan araşdırılmalı, onların digər ölkələrdə istifadə imkanları qiymətləndirilməlidir. Bakının sərt küləyinə davam gətirən zeytun bitkisini misal göstərən və bu kimi digər bitki növlərinin üstün xüsusiyyətlərinin öyrənilməsinin əhəmiyyətini vurğulayan D. Avanzato dedi ki, qlobal iqlim dəyişikliyinin sürətlə davam etdiyi günümüzdə planetimizin gələcəyi baxımından bu tədbir daha əhəmiyyətlidir. BBEC-in fəaliyyət istiqamətləri barədə konfrans iştirakçılarına ətraflı məlumat verən bölmə sədri Azərbaycanda baş tutan beynəlxalq simpoziumun müsbət nəticələrlə yekunlaşacağına əminliyini ifadə etdi.

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkbərov “Meyvə və qərzəkli bitkilərin Azərbaycanda genetik ehtiyyatları” mövzusunda çıxış edərək bildirdi ki, bu istiqamətdə respublikamızda məqsədyönlü iş aparılır. 11 iqlim qurşağından 9-nun ölkəmizdə olduğunu diqqətə çatdıran natiq Azərbaycanda meyvə və qərzəkli bitkilərin yabanı əcdadlarının mühafizə, idarəetmə və istifadə vəziyyətinin qənaətbəxş olduğunu diqqətə çatdırdı. Geniş elmi araşdırmaların davam etdiyini deyən Z. Əkbərov qeyd etdi ki,  bu istiqamətdə uğurlu nəticələr əldə edilib.   Aprelin 12-də başa çatacaq simpozium öz işini bölmə iclasları ilə davam etdirir. Xatırladaq ki, “Subtropik və mülayim iqlim qurşaqlarının meyvə və qərzəkli bitkilərinin yabanı əcdadları” mövzusunda I Beynəlxalq simpozium  2011-ci ildə ABŞ-ın Kaliforniya ştatında keçirilmişdir.

Rauf  KƏNGƏRLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında