Erməni millətçilərinin Cənubi Azərbaycanda törətdikləri vəhşiliklər

 

 

 

 

XX əsrin əvvəllərində ermənilərin xarici ölkələrdən Azərbaycana köçürülməsi  bölgədə demokratik vəziyyətin tamamilə dəyişməsinə səbəb olmuşdu. Erməni  avantüristlərinin “Böyük Ermənistan”  xülyasını həyata keçirmələri ilə bağlı yalançı təbliğatları Qafqaz bölgəsində milli qırğınların başlanmasına gətirib çıxarmışdı. 1905-1906-cı illərdə törədilmiş bu qırğınların miqyası xeyli genişlənərək  Bakı, Naxçıvan, İrəvan, Zəngəzur, eləcə də  Cənubi Azərbaycan ərazisini əhatə etmişdi.

Həmin illərdə erməni terror təşkilatına qoşulmağa səslənən intibahnamələr yayılırdı. Bu intibahnamələrdə azərbaycanlılar ruslara qarşı birlikdə mübarizə aparmaq adı ilə erməni terror təşkilatına qoşulmağa çağırılırdı. Buna qarşı çıxanlara isə  hədə-qorxu gəlinirdi. Senator  Kuzminski o dövrdə yazırdı: “Görünür, ermənilərin bu cür fitnəkar fəaliyyəti müsəlman dünyasında geniş yayılmışdır”. Yeri gəlmişkən, ermənilərin hədələyici intibahnamələri və onlara müsəlmanların mənfi cavabları İskəndəriyyədə  fars dilində çap olunan “Cohrənuma”jurnalında  dərc edilmişdi.

 “Daşnaksütyun” partiyasının idarə etdiyi erməni quldur birləşmələrinin 1905-ci il fevral ayının 20-21-də İranın müsəlman əhalisinə qarşı törətdikləri vəhşiliklər, qırğınlar və dinc sakinlərə qəddarcasına divan tutulması  şahidləri dəhşətə gətirmişdi. O vaxtlar Rusiyada nəşr olunmuş “Kavkaz”  qəzetində bu qətllərin “Parisdə” və ya “Venesiyada” çap edilmiş erməni dərsliklərindən tərbiyə almış adamlar tərəfindən törədilməsi qeyd olunurdu. Bu kitabların müəllifləri öz şagirdlərini bəşəriyyətə qarşı  gələcək cinayətlərə sanki qabaqcadan proqramlaşdırırdılar. Adıçəkilən rus qəzetinin yazdığına görə, həmin dərsliklərdə  Tanrının erməni xalqını sivilizasiyanı və  xristianlığı yaymaq üçün vasitəçi seçdiyi vurğulanırdı. Yeri gəlmişkən, ümummilli liderimiz Heydər Əliyev bu məsələyə  belə qiymət vermişdir: “Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhda böyüməsinə zəmin yaratmağı dövlət siyasəti səviyyəsinə qaldırır. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalır. Azərbaycan xalqının mənəviyyatına və milli qüruruna  yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradır”.

1905-ci il mayın 11-də Bakıda erməni terrorçuları Qafqaz xalqları arasında dostluq əlaqələri yaratmağa təşəbbüs göstərən knyaz M. A. Nakasidzeni və Q. Takayşvilini qətlə yetirdilər. Həmin hadisə baş verən gün general Alixanov da  öldürüldü. O dövrün məlumatlarına əsasən, qatillərdən biri “Dro” ləqəbli  Drastamat Kanayan olmuşdu. Bu hadisələrdən əvvəl Dro Zəngəzur bölgəsində müxtəlif erməni quldur dəstələrinin tərkibində dinc insanlara – türklərə, kürdlərə, azərbaycanlılara qarşı qırğınlarda yaxından iştirk etmişdi. Dasnak terrorçuları tərəfindən qətlə yetirilənlər arasında qəza rəisləri Pavlov, Nessanski, Boquslavski, vitse-qubernator Andreyev, polkovnik Bukov və başqaları da vardı.

Ulu öndər Heydər Əliyevin azərbaycanlıların soyqırımı haqqında fərmanında qeyd olunur: “Böyük Ermənistan” yaratmaq xülyasından  ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirirdilər. Onların Bakıdan başlanan vəhşilikləri Azərbaycan və indiki Ermənistan adlanan ərazidəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı qətlə yetirildi. Bunları törədən təşkilatlar hadisələrin açılmasına, ona düzgün hüquqi -siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların  mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişdilər".

Azərbaycan Xalq Cümhuriyyətinin fəallarından biri olan Mirzəbala Məhəmmədzadə 1920-ci il mayın 28-də müsavatçı adı ilə həbs olunur. Həbsdən azad edildikdən sonra İrana mühacirət edən M. Məhəmmədzadə bir müddət Ənzəli və Rəşt şəhərlərində yaşayır. O, 1923-cü ildə İstanbulda çap olunmuş “Yeni Qafqaz” dərgisində İran xatirələrini nəşr etdirir. Sonralar 1927-ci ildə  İstanbula gedir, orada “Ermənilər və İran ” adlı kitabını türk dilində çap etdirir. Müəllif faktlara istinad edərək daşnak partiyasının İrandakı işi  və  erməni millətçilərinin iddiasına görə onların ariyalılarla eyni irqdən olması və qan qohumluğu barədə bir sıra məsələlərə toxunurdu. M Məhəmmədzadə yazırdı ki, I Dünya müharibəsindən öncə bütün dünyada mövcud olan 3 milyon nəfər erməninin 1 milyon  100 mini  Qafqazda, 100 mini İranda, 400  min nəfəri isə Türkiyədə yaşayırdı.

Daşnak partiyasının fəaliyyətinin Afinadan Tehrana köçürülməsi, Xoy, Təbriz, Rəşt, İsfahan və s. şəhərlərdəki fəaliyyəti, eləcə də Xoyda və  Təbrizdə  erməni kilsələrinin işi bir daha təsdiq edir ki, daşnaklar İranda müstəqil Azərbaycan Cümhuriyyəti  və Türkiyə  əleyhinə müxtəlif təxribatlar həyata keçirməklə məşğul olmuşlar. Özlərini ariyalı iranlılarla bir irqdən bilib qan qardaşı adlandıran erməni daşnakları 1905-ci ilin fevral ayında Bakıda, Tiflisdə, Şuşada olduğu kimi,  Cənubi Azərbaycanda da qırğınlar törətməkdən  çəkinmirdilər.

1890-cı ildə Kristofor Mikailyan, doktor Jan Lorzis Məlikov, Simon Zavoryan  və Konstantin Xatisyanın iştirakı ilə Tiflisdə daşnak partiyası yaradılır. Rəsmi orqanı “Drujaq” qəzeti olan daşnak partiyası 1907-ci ildə Vyanada özünün IV qurultayında bütün təşkilatlarına və üzvlərinə tapşırıq verərək hamını “erməni məsələsini” həll etmək üçün İranda gedən azadlıq hərəkatında fəal iştirak etməyə çağırırdı...

Yepremin atdığı güllə ilə Tehranın Atabəy parkında “sərdari-milli” ləqəbli Səttarxan ayağından yaralandı. Bir ildən sonra o, həmin yaradan vəfat etdi. Yeprem Tehran şəhərinin polis rəisi vəzifəsini ələ keçirdikdən sonra onun başçılıgı altında yüzlərlə məşrutəçi  azərbaycanlı türkü Atabəy parkında odlu silahla qətlə yetirildi. Yeprem başda olmaqla çar Rusiyasının qoşunu Rəştdən Qəzvinə basqın etdi. Rusların ultimatumu 1911-ci il dekabrın 1-də İran parlamentinin müzakirəsinə çıxarıldı. Müzakirənin gedişində çıxış edən Şeyx Məhəmməd Xiyabani israrla deyir ki, “biz öz əlimizlə istiqlaliyyətimizi özgələrə təqdim etməyə haqlı deyilik”. Dekabrın 24-də İran parlamenti buraxılır və Səmsaus-Səltənə İranı çar Rusiyasının müstəmləkəsinə çevirən ultimatumu qəbul edir.

Sonralar Yeprem törətdiyi cinayətlər barədə belə qeyd edir: “1908-ci il fevralın 8-də Qiyas Nizami oğlu Nasir xanı müavini ilə birlikdə Qəzvində öldürdüm. Sonra onun fərraş başçısı Vəli xanı tapıb qətlə yetirdim.  Qəzvindən 35 kilometr aralıda—Xurzan adlı yerdə erməni dəstəsilə birlikdə Şahsevənlərdən 58 nəfəri öldürüb, 46 nəfəri isə yaraladıq. Qəsdən qadınları öldürdük. Çünki onlar çadralarının altında silah daşıyırdılar. Uşaqları qəsdən öldürmədik. Onlar təsadüfü güllələrin qurbanı oldular”. Qatı cani Yeprem daha sonra qeyd edir: “Aprelin 19-da 90 nəfərlik erməni dəstəsi ilə Qəzvinə hərəkət etdik. Qiyas Nizaminin 21 yaşlı oğlunu əsir götürdüm. Qəzvində 60-70 nəfəri öldürüb, 35 nəfəri yaraladıq. Sərdarı tutub güllələdim”. Türk qanına susamış Yeprem 1908-ci il aprelin 18-də  7 nəfər  erməni silahlısı ilə Şahsevənlərə hücum edib 8 nəfər kişi və bir qadını öldürdüyünü, Qəzvində isə kürd qəbilələrinin başçısı Qiyas Nizamini güllələdiyini bildirirdi. Yeprem 1908-ci il iyunun 24-də Tehran ətrafında – Qaratəpənin üç kilometrliyində Bəxtiyarilərdən 50-60 nəfərin öldürməsini lovğalıqla qeyd edirdi. Bu murdar xislətli şəxs quldur erməni dəstəsilə Tehranda  Sipəhsalar məscidinə hücum etməsini və ordakıların qaçmasından da ağızdolusu söhbət açırdı. Daşnak quldurlarının Tehrandakı hərbi qərargahı erməni məktəb binasi idi. Erməni millətçilərinin “sədaqət”  və “fədakarlığına” bel bağlayan İranın dövlət başçıları onlara xüsusi imtiyaz və üstünlüklər verirdilər.

Yeri gəlmişkən, ermənilərin Cənubi Azərbaycana ayaq açmaları rus imeratoru I Pyotrun hakimiyyəti dövrünə təsadüf edir. Belə ki, I Pyotr  1722-ci ilin noyabrında Gilanın mərkəzi  şəhəri olan Rəştə hərbi dəniz donanması və ordu yeridir. Həmin qəsbkar yürüşdə rus ordusundan savayı, erməni hərbi dəstələri də iştirak edirdi. 1723-cü il iyulun 26-da rus və erməni birləşmiş qüvvələri Rəşti işğal edir. Çar I Pyotr Dağlıq Qarabağ məliklərinə İrana qarşı üsyana qalxmağa və özlərini müstəqil idarə etməyə şərait yaradacağını bildirir. Gülüstan, Coraberd,  Xaçın, Vərəndə və Dizakın daxil olduğu Dağlıq Qarabağ məlikləri beş tayfadan ibarət idi. Hər tayfa başçısı fars sözü olan “məlik” (rəis ) ləqəbi ilə adlandırılırdı. 1730-cu ilə qədər həmin məliklərin varlığına son qoyulmuşdu. Bundan sonra ermənilər Dağlıq Qarabağa yiyələnmək üçün Rusiyaya əl açmışdılar. Çar Rusiyasının Qafqaz və İrana hücumları erməniləri öz məkrli planlarını həyata keçirməyə sövq edirdi.

1918-ci ildə rus qoşununun Cənubi Azərbaycanı  işğal etməsindən sevinən ermənilər hərbi ordu hissələri yaradıb Maku, Xoy, Urmiyada qanlı qırğınlar törətdilər. Urmiya gölü ətrafında öldürülən və yandırılan azərbaycanlıların sayı olduqca çox idi. Ermənilər məşrutə hərəkatına qarşı xəyanət edib rus döyüşçüləri ilə birlikdə azərbaycanlı əhalinin qırılmasında və yandırılmasında yaxından iştirak edirdilər. Çar ordusunun Cənubi Azərbaycandan çıxdığını bilən ermənilər bərk qorxuya düşdülər. Ruslar ərazidən çıxarkən öz silahlarını təmənnasız olaraq ermənilərə verdilər. Seyid Əhməd Kəsrəvi bu hadisələri belə qeyd etmişdir: “Biz dedik ki, ürək dağlayan Urmiya dastanını  ayrıca yazacağıq. Dey ayının 11-i (dekabrın 31-i) idi ki, ruslar Urmiyanı tərk etməyə başladılar. Onların ordusunun bir hissəsi sərhədə doğru geri çəkildi, sabahısı – ayın 12-də qalan qoşunlar da oranı tərk etdilər. Son 1-2 ay ərzində  qan töküb talançılıq edən ermənilər qorxub Urmiyada qalmaq istəmirdilər. 10 minə yaxın kişi və qadın uşaqları ilə birlikdə əşyalarını yığıb tələsik şəhəri tərk etdilər. Onlar könüllü surətdə əcnəbilərdən aldıqları silahla yerli günahsız əhalinin qanını tökdülər. Lakin əsas sözümüz ermənilərin iranlılarla düşmənçilik mövqeyində durması idi. O adamlar ki, əsrlərlə İranda yaşayıb və onun bütün nemətlərindən, rahatlıqlarından faydalanıb əcnəbilərin göstərişi ilə öz həmvətənlərinə  düşmənçilik etdilər”.

Özlərini ariyalılarla həmirq və qan qohumu adlandıran ermənilər Cənubi Azərbaycanın Urmiya, Xoy, Təbriz və Salmas şəhərlərində qanlı qırğınlar törətdilər. Erməni quldur dəstəsinin başçısı Ağa Petros, assurilərin rəhbəri Marsimon və digər şəxslər Salmasdan Urmiyaya gəldilər. Erməni dəstələri evlərə soxularaq talançılıq edir, evləri yandırırdılar. Toplarla şəhəri oda tuturdular. Seyid Əhməd Kəsrəvi yazır: “Onlar  Urmiyada 500 evə od vurub yandırdılar, kişi, qadın  və uşaqları öldürdülər. Belə zülm və vəhşilik heç bir əsrdə edilməmiş və heç bir qanunda görünməmişdi”.

Urmiyada 15 minə qədər əhali yaşayırdı. Erməni quldurları təkcə bir gündə 1500 nəfər azərbaycanlını qətlə yetirdilər. Osmanlı qoşunu Urmiyaya gələnə qədər erməni qaniçənləri tərəfindən 10 mindən artıq soydaşımız öldürüldü. Bu qırğınlar haqda Seyid Əhməd Kəsrəvi yazır: “1918-ci ilin martında ermənilər qapıları sındırıb, evlərə girib azyaşlı qız uşaqlarını zorladılar, sonra onlarla bərabər kişiləri və qadınları öldürürdülər. Evlərindən qaçmağa müvəffəq olanları isə küçələrdə güllələyirdilər... Analar uşaqlarını qana boyanmış vəziyyətdə görürdülər. Bu dəhşətli hadisələri, vəhşilikləri insan artıq şərh edə bilmir”. Ermənilərin törətdikləri kütləvi qırğında 10 min nəfərə yaxın azərbaycanlı öldürüldü,  əhalinin  mülkü, əmlakı  ələ keçirildi. 1918-ci il iyunun 24-də quldur dəstə başçısı Andronik Ozanyanın silahlı dəstələri Xoy şəhərini mühasirəyə aldılar. Topları işə salaraq bir neçə evi dağıtdılar, günahsız insanları qətlə yetirdilər. Xalqın köməyinə çatan osmanlılar  quldur Andronikin ordusunu geri çəkilməyə məcbur edirlər.

Ruslara  sığınan daşnaklar və onun hərbi başçısı Pertos topxana və hərbi qrupları ilə Urmiyadan Salmasa hərəkət etdilər və  burada çoxlu sayda insanın qanı axıdıldı. Andronik yenidən öz qüvvələrini qaydaya salaraq Xoya hücum etdi. Şəhərin müdafiəsinə qalxan xoylular ermənilərə ağır zərbə endirdilər.

1918-ci il  iyunun 26-da Xalxaldan olan yaşlı kişi  Mirməhəmməd Pişnamazın öz evində başını kəsib bədənini tikə-tikə etdilər. Rus və ingilis havadarlarına arxalanan ermənilər quldur Andronik Ozanyanın  başçılığı ilə Urmiyada, Xoyda, Salmasada və Təbrizdə görünməmiş qırğınlar törətdilər. Ermənilərin misli görünməmiş azğınlıqlarına dözməyən Salmas və Urmiyanın kəndlərində yaşayan sakinlər evlərini tərk etməyə məcbur oldular.  

Ermənilərlə farsların dil, irq və qan qohumluğu olduğunu İran alimi Pərviz Vərcəvəndin 1999-cu ildə Tehranda fars dilində nəşr etdirdiyi “İran və Qafqaz” (“aran şirvan”) kitabında Andronik Hoyanın “Erməni mədəniyyəti ilə İran mədəniyyətinin uzun sürən həmişəlik bağlılıqları” yazısı (səh. 361-389) çap olumuşdur. O yazır: “Ermənilərin dili hind-Avropa dilinin bir şaxəsidir ki, fars dili ilə yaxın qohumluq əlaqələri vardır. Parfiya çarlığı dövründə iranlılar və ermənilər bir-birinin dilini başa düşürdülər. Hazırda pəhləvi lüğətləri  erməni dilində müşahidə edilməkdədir. Andronikin kitabına görə ermənilərin təqvimi ilə farsların təqvimi eynidir.” Bütün bunlar barədə ameriklı tarixçi  haqlı olaraq qeyd edir: “...Bura  gələn ilk ermənilər fırıldaqçı, macəra axtaran olmuşlar. Onlar avantürist olmasaydılar, digər ölkələrdən ərazi qoparmaq xəyalında olub ”böyük hayastan" yaratmaq fikrinə düşməzdilər". Erməni millətçiləri bu gün də İranda Azərbaycan dövlətinə qarşı təxribatlarını davam etdirirlər.

 

Firudin CÜMŞÜDLÜ,
ADPU-nun Azərbaycan tarixi kafedrasının dosenti, tarix elmləri namizədi

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında