Azərbaycan dünyanın təhlükəsizliyinə yönəlmiş bütün layihələrdə fəal iştirak edir

 

 

 

Cənubi Qafqaz regionunda sülhün, sabitliyin qorunmasında və davamlı inkişafda həlledici rol oynayan Azərbaycan Respublikası dünyanın qlobal təhlükəsizliyi istiqamətində bütün layihələrdə uğurla iştirak edir. ABŞ-da baş vermiş məlum 11 sentyabr terror aktından sonra ölkəmizin bu qanlı aksiyanı ilk pisləyən dövlətlər sırasında yer alması, beynəlxalq terrorizmə qarşı qətiyyətli mübarizədə daim ön sıralarda olması, Avropanın enerji təhlükəsizliyinin təminatında yaxından iştirak etməsi,  nəhayət, nüvə təhlükəsizliyinə diqqətlə yanaşması və bununla bağlı keçirilən tədbirlərdə,  zirvə görüşlərində fəal iştirak etməsi də dediklərimizin təsdiqidir. Azərbaycan Prezidenti İlham Əliyevin Niderland Krallığının Haaqa şəhərində  Nüvə Təhlükəsizliyi Sammitində iştirakı və burada dünya birliyini sülhə, təhlükəsizliyə çağıran geniş məzmunlu çıxışı bir daha göstərdi ki, rəsmi Bakı qlobal təhlükəsizliyin qorunmasında maraqlıdır və bu istiqamətdə göstərilən təşəbbüslərə həmişə dəstək verəcəkdir.

Əvvəlcə qeyd edək ki, dünya siyasətçiləri planetin gələcəyini qorumaq, Yer kürəsinin təhlükəsizliyinə müəyyən töhfələr vermək üçün dövri olaraq toplaşır, real təhlükə mənbəyinə çevrilmiş məsələlərin birgə müzakirəsinə çalışırlar. Məlum olduğu kimi, son zamanlar bu qəbildən olan ən ağrılı problemlərdən biri də dünyanın nüvə təhlükəsizliyi məsələsidir. Bu faktdır ki, planetdə baş vermiş ən dəhşətli təbii kataklizmlərin bəlalarının müəyyən müddətdən sonra aradan qaldırılması mümkündür. Ancaq insan əli ilə yaradılmış nüvə energetikasının törətdiyi fəsadlar, ümumilikdə, planetimiz üçün çox ağrılı nəticələr doğurur.  Bunu bəşər övladı İkinci dünya müharibəsinin sonunda Yaponiyada baş vermiş faciələr zamanı da gördü, 1986-cı ilin aprelində Çernobılda da, 2011-ci ildə Yaponiyanın Fukusimo şəhərində də. Ona görə də nüvə təhlükəsizliyi ilə bağlı beynəlxalq tədbirlərə bütün siyasətçilər maraqla və səmimiyyətlə qatılırlar.

Respublikamızın rəsmi dövlət agentliyinin yaydığı məlumatda deyildiyi kimi, 2010-cu ildən ABŞ Prezidenti Barak Obamanın təşəbbüsü ilə baş tutan Nüvə Təhlükəsizliyi Sammiti  həm də beynəlxalq birlik üçün ciddi təhlükə yaradan nüvə terrorçuluğunun qarşısını almağa həsr olunan yüksək səviyyəli zirvə görüşüdür. Əllidən çox ölkənin dövlət və hökumət başçılarının, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri sammitdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən, dünyada təhlükəli nüvə materiallarının sayının azaldılması, radioaktiv mənbələrin təhlükəsizliyinin təmin edilməsi, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi  və digər məsələlər müzakirə olunur. Nüvə Təhlükəsizliyi Sammitinə gələn mötəbər qonaqlar Azərbaycanın zirvə görüşündə fəal iştirakını həmişə yüksək qiymətləndirmişlər.  Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dünyada nüvə təhlükəsizliyinə dəstək verməsi beynəlxalq birlik tərəfindən təqdir olunur.  Haaqa şəhərində keçirilən III Nüvə Təhlükəsizliyi Sammiti də bu mənada yaddaqalan oldu.

Sammitin ikinci iş günü nüvə təhlükəsizliyi sahəsində milli və beynəlxalq tədbirlərin əhəmiyyətinə həsr olunmuşdu. Onu da deyək ki, bu sahədə dünya ölkələri arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi həmişə vurğulanıb. Bəlkə də, buna görə dünya liderləri bu zirvə görüşündə də nüvə terrorizminin qarşısının alınması üzrə uzunmüddətli və səmərəli beynəlxalq əməkdaşlıq məsələsini gündəmdə saxlayıblar. Onlar nüvə terrorizmi təhlükəsinin hələ də mövcud olduğunu bildirərək, bu təhlükənin qarşısının alınması üçün tədbirlərin davam etdirilməsinin vacibliyini önə çəkmişlər. Sammitin plenar iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev nüvə təhlükəsizliyi tədbirlərinin gücləndirilməsində Beynəlxalq Atom Enerjisi Agentliyinin mühüm rolunu qeyd etmişdir. Azərbaycan dövlətinin başçısı ölkəmizin nüvə təhlükəsizliyinin bir çox aspektləri üzrə bu agentliklə fəal əməkdaşlıq etdiyini və  iştirakçı dövlət olduğu Nüvə Terrorçuluğuna Qarşı Mübarizə üzrə Qlobal Təşəbbüsün nüvə təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində Birləşmiş Millətlər Təşkilatının göstərdiyi səyləri dəstəklədiyini, bu yaxınlarda respublikamızın nüvə, kimyəvi və bioloji silahların yayılmaması sahəsində gördüyü növbəti tədbirlər haqqında yeni hesabatını BMT-yə təqdim etdiyini diqqətə çatdırmışdır.  Prezident İlham Əliyev bildirmişdir ki, 2012-ci ildə BMT-nin Təhlükəsizlik Şurasında sədrliyi zamanı Azərbaycan beynəlxalq terrorçuluq, o cümlədən, nüvə terrorçuluğu məsələlərinə aid müzakirələr təşkil etmişdir.

Azərbaycan nüvə materiallarının qeyri-qanuni dövriyyəsində tranzit marşrutu kimi ölkənin ərazisindən istifadənin qarşısını almaq üçün böyük səylər göstərir. Bu məqsədlə biz beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək dünya standartlarına uyğun güclü qanunvericiliyə əsaslanan əhatəli milli ixraca nəzarət sistemi formalaşdırmışıq. Bu yaxınlarda qəbul edilmiş Azərbaycanın ilk “Dəniz Təhlükəsizliyi Strategiyası” da bu baxımdan diqqət çəkir. Sənəddə  nüvə və digər kütləvi qırğın silahlarının və onların çatdırılma vasitələrinin, eləcə də aidiyyəti materialların yayılması dəniz təhlükəsizliyinə ən böyük hədələrdən biri kimi müəyyən edilmişdir. Azərbaycan tərəfi nüvə və radioaktiv təhlükəsizliyin təmin edilməsi üçün əlavə tədbirlər görülməsinin vacibliyini dəfələrlə vurğulamış və dövlət başçımız sammitdəki çıxışında diqqəti bu məqama bir daha yönəltmişdir.

Prezident İlham Əliyevin təəssüflə qeyd etdiyi kimi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən davam edən işğalı və azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti səbəbindən ölkəmizin öz sərhədlərinin müəyyən hissəsinə lazımi səviyyədə nəzarət etmək imkanı yoxdur. Proseslərin gedişi isə bir daha  təsdiqləyir ki, Dağlıq Qarabağda təcavüzkar ölkənin hərbi birləşmələrinin işğalı nəticəsində yaradılan separatçı hərbi quldur rejimi artıq beynəlxalq terrorçu təşkilatlarla və narkomafiya ilə  sıx işbirliyi qurub. Bu gün həmin ərazidə terrorçuların hərbi düşərgələrinin, onlara məxsus xəstəxanaların və narkotik bitkilərin plantasiyalarının olması, narkotika və silah ticarətinin mövcudluğu da bunu təsdiq edir. Operativ məlumatlar və sübuta yetirilmiş faktlar göstərir ki, Dağlıq Qarabağ ərazisi, o cümlədən Azərbaycan – İran sərhədinin faktiki olaraq Ermənistan tərəfindən nəzarət edilən 132 kilometrlik hissəsi aktiv şəkildə narkotik maddələrin istehsalı, tranziti və ticarəti, silah və insan alveri, qeyri-leqal miqrasiya, terrorçular üçün sığınacaq, çirkli pulların yuyulması və transmilli cinayətkarlığın digər təhlükəli növləri üçün istifadə olunur. Torpaqlarımızın işğal altında qalması  transmilli mütəşəkkil cinayətkarlığa, nüvə və radioaktiv materialların qeyri-qanuni daşınmasına, həmçinin radioaktiv tullantı materiallarını basdırmaqla Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən zəhərləndirilməsinə şərait yaradır. Prezident İlham Əliyev III Nüvə Təhlükəsizliyi Sammitindəki çıxışında beynəlxalq ictimaiyyəti bir daha bu barədə xəbərdar etmişdir.

Azərbaycanın dövlət başçısı tədbirdə region və dünya üçün ciddi problemə çevrilə biləcək olan digər bir məsələyə də toxunmuş təxminən 40 il əvvəl tikilmiş və köhnəlmiş Metsamor Atom Elektrik Stansiyasının yaratdığı təhlükədən söhbət açmışdır. O qeyd etmişdir ki,  bu elektrostansiya bütün region və yaxın qonşular üçün böyük təhdiddir. Oradakı hər hansı qəzanın nəticələri faciəli olacaqdır. Lakin beynəlxalq narahatlığı aradan qaldırmaq və bu obyekti bağlamaq əvəzinə, Ermənistan həmin Atom Elektrik Stansiyasının fəaliyyətini 2026-cı ilə qədər davam etdirmək qərarına gəlib.Lakin bu AES yüksək seysmik zonada yerləşir və köhnəlmiş, olduqca təhlükəli texnologiyaya əsaslanır.

Əslində, dünya birliyi də müasir Avropa standartlarına qətiyyən uyğun gəlməyən, öz resurslarını tükətmiş və köhnəlmiş bir stansiyanın fəaliyyət göstərməsinin əleyhinədir. Hələ 2004-cü ildə Avropa İttifaqı təhlükəli obyektin bağlanması haqqında qərar qəbul etsə də, bu, həyata keçirilməyib. O zaman Böyük Britaniyanın Ermənistandakı səfiri də deyib ki, güclü zəlzələ olsa, bu stansiya darmadağın olacaq və nüvə fəlakəti bütün canlıları məhv edəcək. Təsadüfi deyil ki, Londonda dərc olunmuş bir hesabatda Metsamor AES dünyadakı 442 stansiya arasında 10 ən təhlükəli obyekt sırasına daxil edilmişdir. Bu barədə reportaj yayımlayan Almaniyanın nüfuzlu “Deutsche Welle” (Alman dalğası) radiosu bildirmişdir ki, 1970-ci illərə aid, köhnə sovet texnologiyası ilə fəaliyyət göstərən Metsamor AES-lə bağlı beynəlxalq aləmin narahatlığı günbəgün artır. Stansiyanın seysmik zonada yerləşməsi, xüsusən, diqqət çəkib. AES-in yaşı və yerləşdiyi məkan Ermənistan ilə Avropa İttifaqı arasında stansiyanın bundan sonrakı taleyi ilə bağlı mübahisələrə səbəb olmuşdur. Amma Ermənistan stansiyanın istismarı planlarından əl çəkmir. Avropa mətbuatı yazır ki, 2000-ci ildə Avropa İttifaqı stansiyanın bağlanması üçün Ermənistana 138 milyon avro təklif etmişdir. Lakin Ermənistan hökuməti bu məbləğin azlığından şikayətlənərək razılaşmamışdır.

Avstriya Tətbiqi Ekologiya İnstitutunun əməkdaşı Antonia Veniş mətbuata açıqlamasında vurğulamışdır ki, son illər stansiyada həyata keçirilən tədbirlərə baxmayaraq, təhlükəsizliyin ümumi səviyyəsi heç də əhəmiyyətli dərəcədə yaxşılaşmayıb. O xatırladıb ki, 1988-ci ildə 25 min insanın həyatına son qoyan dağıdıcı Spitak zəlzələsindən sonra Metsamor Atom Elektrik Stansiyasının işi dayandırılmış, lakin 1995-ci ildə bütün beynəlxalq etirazlara baxmayaraq, AES-in fəaliyyəti bərpa edilmişdir. Əlavə olaraq ikinci reaktor da işə salınmışdır. Son 10 ildə bu zonada xeyli miqdarda kiçik zəlzələlərin baş verdiyi və seysmoloqların araşdırmalarına görə, bu proseslərin intensivləşməkdə olduğu nəzərə alınarsa, Metsamorda böyük qəza törənəcəyi təqdirdə yalnız Ermənistan deyil, bütün Cənubi Qafqaz, Yaxın və Orta Şərq ölkələri də ciddi ziyan görəcəkdir. Fukusimadakı qəzadan sonra Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin mütəxəssisləri Metsamor AES-də yoxlamalar aparmışlar. ABŞ və Avropa İttifaqı təkrar istismara verilən stansiyanın fəaliyyətini dəfələrlə ciddi tənqid etmişdir.  Ermənistan isə bu gün də bunların heç birinə əhəmiyyət vermir.

Bütün bunların fonunda Qərb ölkələrində Azərbaycanın regionda təhlükəsizliyin və sabitliyin qorunmasında fəal rol oynadığınıartıq böyük əksəriyyət qəbul edir. III Nüvə Təhlükəsizliyi Sammitində isə Prezident İlham Əliyev bir daha bəyan etdi ki, biz regionda və bütün dünyada nüvə təhlükəsizliyinin gücləndirilməsinə aid məsələlər üzrə beynəlxalq təşkilatlar və tərəfdaşlarımızla apardığımız əməkdaşlığın davam etdirilməsi, nüvə və radioaktiv materialların qeyri-qanuni dövriyyəsindən irəli gələn təhlükələrin azaldılması işinə sadiqik. Azərbaycan tərəfi Birləşmiş Millətlər Təşkilatı başda olmaqla beynəlxalq ictimaiyyətin davamlı səyləri ilə bu sahədəki bütün problemlərin həll ediləcəyinə  və daha təhlükəsiz dünya qurulacağına inanır.

 

Rauf  KƏNGƏRLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında