Bu gün qardaş Türkiyədə Çanaqqala zəfərinin 99-cu ildönümü dövlət səviyyəsində, böyük coşğuyla qeyd olunur. Min illərlə savaş təcrübəsi olan türk ordusu məhz bu gün - martın 18-də bir daha böyük şücaət göstərərək hərbi texnika və canlı qüvvə baxımından özündən qat-qat güclü olan düşmən ordularına və onun hərbi donanmasına qarşı qəhrəmanlıqla müqavimət göstərmişdir. Beləliklə, türkün Vətən sevgisi, qətiyyəti, cəsarəti, inadkarlığı qarşısında diz çökən düşmən də “Çanaqqala keçilməzdir!”- sözünü etiraf etmişdir.
Məsələnin hərbi-siyasi tərəfinə nəzər yetirsək, görərik ki, həmin dövrdə regionda vəziyyət elə də ürəkaçan deyildi. Bir sıra ölkələri fəth etmiş və 600 ildən artıq müddətdə, necə deyərlər, üç qitəyə hökm etmiş Osmanlı imperiyası XX əsrin əvvəlində süquta doğru gedirdi. Xaricdə və ölkə daxilində baş verən proseslər Osmanlı dövlətini çökdürür, ölkələr bir-bir əlindən çıxır, gücü zəifləyirdi. Trablus və Balkan savaşlarında məğlub olan imperiya Şərqi Trakiya xaricində Avropadakı bütün torpaqlarını əldən vermişdi. Artıq Osmanlı dövlətinin çöküşü qaçılmaz olmuşdu və ona görə də digər imperiya qüvvələri onun torpaqlarını öz aralarında artıq bölüşdürmüşdülər. Rusiya boğazları ələ keçirib “isti dənizlərə” çıxmağı hədəfləyərkən, İngiltərə Süveyş kanalı və Hind okeanına yolun təhlükəsizliyi üçün Fələstini ələ keçirmək planını hazırlayır, Fransa Livan, Suriya və Kilikiyanın idarəçiliyini arzulayır, almanlar Şərqə yiyələnmək siyasəti güdür, italyanlar isə Antalyaya sahib olmaq istəyirdilər. Çanaqqala zəfəri məhz belə bir vaxtda baş vermişdi. Ona görə də bəzi tarixçilər bu zəfəri Birinci Dünya müharibəsinin “məhvərini” dəyişdirən qələbə kimi də qiymətləndirirlər. Çünki Çanaqqala zəfəri müharibənin bir neçə il də davam etməsinə səbəb olan mühüm bir hadisə idi.
Hadisələr isə belə baş vermişdi: Osmanlı imperiyası 1914-cü il avqustun 21-də Almaniya ilə qarşılıqlı hərbi yardım və müttəfiqlik haqqında müqavilə imzalamışdı. Bu müqavilədən dərhal sonra ölkədə İttifaq (“Üçlər İttifaqı”-red.) dövlətlərinə qarşı müharibəyə hazırlıq başlandı. Çünki hələ 1914-cü il avqustun 10-da Aralıq dənizində ingilis donanması qarşısından geri çəkilən iki alman ağır kreyserinin Çanaqqala boğazını keçərək İstanbula gəlməsi böyük gərginlik yaratmışdı. 1914-cü il oktyabrın 27-də qəsdən “Yavuz” və “Midilli” adlandırılan həmin gəmilər alman admiral Sukonun əmri ilə Qara dəniz sahillərindəki Rusiya limanlarını bombaladı və bununla da Osmanlı I Dünya müharibəsinə qoşulmuş oldu.
1915-ci il fevralın 19-da Fransa və Britaniyaya aid 16 döyüş gəmisindən ibarət nəhəng donanma Osmanlı sahil qüvvələrini bombalayaraq Çanaqqala boğazına doğru irəliləməyə başladı. Lakin gecə yarısı “Nüsrət” adlı Osmanlı mina gəmisinin boğazın Asiya hissəsinə düzdüyü dəniz minaları onların yolunda maneəyə çevrildi. Ard-arda düşmənin üç döyüş gəmisi minalara toxunaraq batdı, bir neçəsi isə ciddi xəsarət aldı. Gelibolu yarımadasına yerləşdirilən Osmanlı artilleriyası da düşməni göz açmağa qoymurdu. Ağır itkilər verən İttifaq dövlətləri artilleriyanı susdurmadan Çanaqqala boğazını dəniz yolu ilə keçə bilməyəcəklərini anladılar və buna görə də adaya ən böyük ordu hissələrini yeritdilər. Hücum iki cəbhədən, Seddülbahir və Arıburnu cəbhəsindən həyata keçirildi. Osmanlı ordusu say baxımından az, təchizat baxımından zəif olsa da, düşmənin bütün hücumları qəhrəmanlıqla dəf edildi. Döyüşlərdə ordu 253 min şəhid verdi. Tarixi mənbələrdən belə məlum olur ki, Osmanlı ordusunun verdiyi şəhidlər arasında 3 minədək azərbaycanlı könüllü də var idi...
Həmin döyüşlərdə türk əsgəri öz qəhrəmanlığı, rəşadəti ilə tarix yazdı. Türk əsgərinin yenilməzliyini düşmənlər də öz xatirələrində etiraf ediblər. Müharibənin qızğın dövründə 10 nəfər türk əsgərinin 500-dən çox ingilis hərbçisinə qarşı müqavimət göstərməsi və onları geri çəkilməyə məcbur etməsi ingilis generalı Hamiltonu çox təəccübləndirib və o, qeydlərində tərəddüd etmədən hər bir osmanlı əsgərini yüz nəfərə bərabər tutaraq yazıb: “Bu hücumda ingilis əsgərlərinə min nəfər Osmanlı əsgəri müqavimət göstərir”.
Osmanlı ordusunda ən yüksək rütbəli zabitdən sıravi əsgərə qədər hamısı eyni ruh yüksəkliyi ilə döyüşmüş, ya şəhid, ya qazi olmuşlar. 57-ci alayın bütün əsgərləri düşmən qarşısında bir addım belə geri çəkilməmiş, şəhadətə qovuşmuşdur. Bu məqamda Geliboludakı döyüşlərdə komandan vəzifəsinə qədər yüksələn Mustafa Kamal Atatürkün “Mən sizə düşmən üzərinə hücuma keçməyi deyil, ölməyi əmr edirəm” -sözləri yada düşür...
İstənilən halda İttifaq dövlətləri Çanaqqala boğazını keçə bilmədilər və “Çanaqqala keçilməzdir!”- deyimi bu dəfə də öz təsdiqini tapdı. Onların əsas qayəsi imperiyanın paytaxtı İstanbul şəhərinə gedən yolu açmaq, bütün Anadolu torpaqlarını işğal etməklə türkün buradakı varlığına son qoymaq idi. Lakin bu istəklərinə nail ola bilmədilər. Osmanlı ordusunun qətiyyətlə müqavimət göstərməsi, daha sonra əks-hücuma keçərək düşmən ordu birləşmələrini darmadağın etməsi bir daha təsdiqlədi ki, nə qədər dünya var, türklər Anadoluya hakim olacaqlar. Tarixdə 16 imperiya qurmuş, 40-dək dövlət yaratmış bir millətin iradəsini qırmaq, onu kölə vəziyyətinə salmaq mümkün deyil. Bunu Çanaqqala döyüşləri də təsdiq etdi.
Birinci Dünya müharibəsində və daha sonra Qurtuluş Savaşında böyük hünərlər göstərən Türkiyə ordusu bu gün də özünün yüksək döyüş qabiliyyəti ilə diqqəti cəlb edir. Təsadüfi deyil ki, Türkiyə Silahlı Qüvvələri özünün döyüş hazırlığına görə Avropa ölkələri arasında birinci, NATO-da isə dünyanın supergücü olan ABŞ-dan sonra ikinci yeri tutur. Türkiyə iqtisadiyyatı da son illərdə xeyli güclənmiş və dövlət iqtisadi gücünə görə dünya ölkələri arasında 16-cı yerədək yüksəlmişdir. Bununla belə qardaş ölkə daim xarici bədxah qüvvələrin, onların himayəsində olan terrorçu təşkilatların təxribatları ilə mübarizə aparmaq məcburiyyətində qalmışdır. Təkcə bunu qeyd etmək kifayətdir ki, son 20 il ərzində ölkənin terrorizmlə mübarizəyə xərclədiyi vəsaitin miqdarı artıq 200 milyard ABŞ dollarını ötmüş, 30 mindən çox insan terrorçuların qurbanına çevrilərək şəhid olmuşdur. Ancaq ötən illər ərzində Türkiyə xalqı əzmini, iradəsini itirməmiş, inkişaf və yüksəliş yolunda dayanmadan irəliləmişdir.
Çanaqqala zəfərinin 99-cu ildönümünün qeyd olunduğu bu günlərdə bələdiyyə seçkiləri ərəfəsində olan Türkiyədə çox mühüm ictimai-siyasi hadisələr baş verir. Barışmazlıq mövqeyində dayanan qüvvələrin dövlət daxilində dövlət qurmaq sevdası özüylə bərabər bir sıra problemlər də gətirmiş, müəyyən həlledici məqamlarda hüquqi-inzibati idarəçilik sisteminin pozulmasına gətirib çıxarmışdır. Bəzi üzdəniraq qüvvələrin təhriki ilə ölkənin müxtəlif şəhərlərində mütəmadi şəkildə baş verən mitinqlər və təxribatlar da diqqətdən yayınmır. Buradan da görünür ki, qüdrətli Türkiyəni ordularla, terror aktları ilə məğlub edə bilmədiklərini anlayan xarici qüvvələr müxtəlif çirkin planlar həyata keçirərək, ölkəni daxildən zəiflətməyə, vətəndaş qarşıdurması yaratmağa çalışırlar. Bununla da şərəfli tarixi olan bir dövləti regional oyunçu kimi sıradan çıxarmağa və məlum qlobal güc mərkəzlərinin təsir dairəsinə salmağa cəhd edirlər. Bu məsələdə Türkiyənin daxilindəki xəyanətkar qüvvələrdən vasitə kimi istifadə edilməsi isə türk dünyasında təəssüf hissi doğurur. Çünki Türkiyə Cümhuriyyəti təkcə ölkədə yaşayan türklərin deyil, həm də türk dünyasının “ön cəbhəsi”, qürur mənbəyi və iftixarıdır.
Rauf KƏNGƏRLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.