Müsavat Partiyasında başqanlıq iddiası qarşıdurmaya səbəb oldu

 

 

 Veteranlar özlərinə rəqib hesab etdikləri gəncləri partiyadan uzaqlaşdırırlar

Müsavat Partiyasının qurultay keçirmək məsələsi yenidən gündəmə gəlib. Uzun illərdir ki, partiyanın rəhbərliyi müxtəlif bəhanələrlə qurultayı təxirə salır. Bəhanə də bu olurdu ki, guya qurultay keçirmək üçün Azərbaycanda müvafiq yer tapa bilmırlər. Hətta İsa Qəmbər “qurultay şousu” yaratmaq məqsədilə gah Gürcüstana, gah da Türkiyəyə getmişdi. Həmin ölkələrdə də Müsavat Partiyasına qurultay keçirmək üçün “yer tapılmamışdı”. Sonradan məlum oldu ki, İsa Qəmbərin qonşu ölkələrə səfərlərinin arxasında başqa məqsədlər gizlənilirmiş.

Müxtəlif mənbələrdən verilən məlumatlara görə, İsa Qəmbər Türkiyəyə köhnə bank hesablarını yeniləməyə (bu barədə Türkiyədə nəşr olunan kütləvi informasiya vasitələrində də məlumat yayılmışdı), Gürcüstana isə Erməni Ümummilli Hərəkatının sədri Aram Manukyanla əməkdaşlıq barədə saziş imzalamağa gedibmiş. Artıq “qurultay” adı ilə xarici ölkələrə üz tutmağa əsas qalmayıb. Ona görə də Müsavat Partiyasının rəhbərliyi qurultayı Bakıda keçirməyi qərara alıb. Əgər keçirsələr, bu qərar da təsadüfən qəbul olunmayıb. Çünki İ.Qəmbər həm Türkiyədə, həm də Gürcüstanda partiyanın qurultayını keçirmək üçün yer axtardığını bildirəndə, onun bu sözlərini gülüşlə qarşılayaraq demişdilər ki, son illər dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları öz tədbirlərini Azərbaycanda keçirir, Müsavat Partiyasının başqanı isə zal axtarmağa qonşu ölkələrə üz tutub. Təbii ki, onun dediklərinə inanan olmamışdı. Sonradan - Türkiyə və Gürcüstan səfərlərinin əsas səbəbi bəlli olanda isə İ.Qəmbər susmağa üstünlük verdi. Axır vaxtlar bu sükut yenidən pozulub və müsavatçılar yenə də “qurultay şousu”nun oyunçusuna çevriliblər.

Əslində, siyasi partiya rəhbərləri Müsavat Partiyasının qurultay keçirmək istəklərinə inanmırlar. Əgər qurultay keçirilsə belə, partiyadakı qruplaşmalar “nizamnamayə dəyişiklik” etməklə İsa Qəmbəri yenidən başqan “seçəcəklər”. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da bu fikirdə olduğunu bildirib: “Düzü, mən Müsavat Partiyasının budəfəki qurultayında böyük dəyişikliklərin baş verəcəyini gözləmirəm. Düzdür, hamı Müsavat başqanlığına seçkidən danışır. İddialılar ortaya çıxıb, rəsmən elan olunmasa da, namizədlər də bəllidir. Amma mən Müsavatın qurultayının keçiriləcəyinə, keçirilsə belə, İsa Qəmbərin başqanlıqdan gedəcəyinə inanmıram. Çünki müəyyən bir qrup qurultayda təşəbbüslə çıxış edə bilər ki, nizamnamədəki məlum maddə dəyişdirilsin və İsa Qəmbər partiya başqanı olaraq qalsın”.

Eks-spiker Rəsul Quliyev də açıqlamasında Müsavatda başqan seçimi ilə əlaqədar gedə biləcək proseslərin nə xalq, nə də müxalifət üçün heç bir əhəmiyyəti olmayacağını bildirib. Qeyd edilib ki, gənclərin namizədlikləri olmasa, ümumiyyətlə, kimin o vəzifəyə keçməsinin nə mənası ola bilər? O partiyada maksimum 30 nəfər aktiv ola biləcək üzv var. Onlar parçalansa nə olacaq, bir yerdə olsa nə əhəmiyyəti var?! Onsuz da, İsa Qəmbər yenə də başqanlığında qalacaq.

R.Quliyev müsavatçıların demokratik başqan seçkisi keçirməsinə qətiyyən inanmadığını bildirib. O deyib ki, əgər İsa Qəmbər bir qədər abır - həya edib başqanlığa namizədliyini irəli sürməsə, o zaman özünə daha çox yaxın olan Arif Hacılı və ya Qubad İbadoğlunu qabağa verəcək. Rəsul Quliyev onu da qeyd edib ki, əgər sadaladıqları baş verməsə, partiya dağılacaq. Onun qənaətinə görə, İ.Qəmbərin istəmədiyi adam başqan seçilsə, o zaman idarələrinin qapısını bağlamalı olacaqlar.

Eks-spiker müsavatçılara tövsiyə də verib. O, İ.Qəmbərin və ərtafındakıların vaxtının çoxdan bitdiyinə işarə edərək deyib ki, bunlar artıq siyasət meydanından çoxdan getməli idilər. Çünki onların siyasəti yalan üzərində qurulub. Hərəsi də bir təşkilata agentlik edir. Bu adamlar bütün seçkilərdə məğlub olublar. Görünür, hələ də başa düşmək istəmirlər ki, onların cəmiyyətdə heç bir nüfuzu yoxdur.

R.Quliyev deyib ki, yeganə çıxış yolu odur ki, İsa Qəmbər, Arif Hacılı, Qubad İbadoğlu və ya bu əqidədə olanlar öz yerlərini gənclərə versinlər.

Bütün bunlara baxmayarq, Müsavat Partiyasında başqanlıq uğrunda savaş getdikcə daha kəskin xarakter alır. Son vaxtlar isə bu qarşıdurma daha ciddi xarakter alıb və artıq müsavatçılar 3-4 qrupa parçalanıblar. Xeyli müsavatçı özünü başqan görməkdə israrlıdır. Başqanlığa iddialı olan gənclər isə güclü təzyiqlərlə üzləşiblər. Özünü “təcrübəli müxalifətçi” adlandıran Arif Hacılı başqanlığa iddialı olan partiyanın Gənclər Təşkilatına “öz həddini” bilməyi tapşırıb. Ancaq gənclərin, xüsusilə Tural Abbaslı və onun tərəfdarlarının iddialarından əl çəkməmələri onlara baha başa gəlib. Bundan sonra Müsavat Partiyası Gənclər Təşkilatında qalmaqal yaşanıb. A.Hacılının sifarişi ilə keçirilmiş Gənclər Təşkilatının qurultayında Tural Abbaslı sədrlikdən kənarlaşdırılıb və onun yerinə daha çox sözəbaxan gənc seçilib. T.Abbaslının arxasınca isə daha 8 nəfər gənc müsavatçı qurumdan xaric olunub. Kütləvi informasiya vasitələri yazırlar ki, bu günlərdə daha iki müsavatçı partiyanın Gənclər Təşkilatından hər hansı bir səbəb göstərilmədən çıxarılıb. Müsavatçı gənclərdən biri - Cavanşir Abbaslı bu barədə məlumat verərkən deyib ki, Gənclər Təşkilatında “təmizləmə” işləri Arif Hacılının tapşırığı əsasında aparılır. Onun dediyinə görə, başqanlığa ən real namizəd Arif Hacılıdır. Cavanşir Abbaslı üzvü olduğu partiyanın rəhbərliyini antidemokratiklikdə ittiham edərək deyib ki, Müsavat Gənclər Təşkilatında gənclərin kütləvi şəkildə təşkilatdan çıxarılması prosesi günü-gündən artmaqdadır. Həftədə bir iclas keçirmək, bizimlə rəqabət aparmaq gücündə olmayan “zavallılar” gəncləri partiyadan çıxarmaq üçün yalnız iclas keçirirlər. O, “təmizləmə” siyasətini sadəcə bir qorxaqlıq adlandırıb. C.Abbaslı Müsavat Partiyası rəhbərlərinin diktatorluğunu partiyanın yaradıcısı görkəmli ictimai-siyasi xadim M.Ə. Rəsulzadənin prinsiplərinə ən böyük xəyanət adalandıraraq deyib: “Səbr etdik, bunlar səbrimizdən sui-istifadə etdilər. Artıq bunlara “dur!” deməyin zamanıdır. Yaxın günlərdə bizim verəcəyimiz qərarı bütün mətbuat görəcək. Tapdalanan haqqımız uğrunda sona qədər mübarizə aparacağıq. Müsavat Partiyası rəhbərliyinə müraciət edib, gələcəkdə partiyanı gözləyəcək təhlükələri qarşılamağa çağırıram. Əks halda, bunun sonu heç də yaxşı olmayacaq”.

Müsavat Gənclər Təşkilatının üzvü Samir Poladovun partiyadaxili ziddiyətlərin son həddə çatdığını və bu qarşıdurmanı yaradanlardan birinin başqanlığa namizəd Arif Hacılı olduğunu deməsi, onun partiya üzvlüyündən azad edilməsilə nəticələnib. O, gənclərə qarşı edilən bu ədalətsizliyin və haqsızlığın, əslində, başqanlıq mübarizəsi ilə bağlı olduğunu, gənclərin namizədini sıradan çıxarmaq istədiklərini bildirib. Müsavatçı gənclər partiyanın Gənclər Təşkilatında tələm - tələsik saxta seçki keçirilməsi ilə əlaqədar əllərində olan bütün faktları ortaya qoyurlar. Onlar iddia edirlər ki, əgər partiyanın qurultayı keçirilərsə, başqan da belə “demokratik yolla seçiləcək”. Müsavat Partiyasının gəncləri qurultayın formal xarakter alacağını bildirir və elə indidən saxta seçki keçiriləcəyini iddia edirlər. Onlar deyirlər ki, qurultayda seçki saxtakarlığının qarşısını almaq üçün bütün imkanlardan istifadə edəcək və buna yol verməyəcəklər.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında