Tarixinin silinməz və möhtəşəm səhifələrindən birini yazan müstəqil Azərbaycan Respublikası hər zaman müxtəlif xalqlara, millətlərə və dinlərə mənsub insanların birgə yaşadığı ölkə olub. Bu gün də respublikamız mədəniyyətlərin qovuşduğu müqəddəs məkan kimi bütün dünyada şöhrət qazanmaqdadır.
Bunun nəticəsidir ki, beynəlxalq ictimaiyyət bu gün “sivilzasiyalararası dialoqun Azərbaycan modeli” üzərində ciddi diskussiyalar aparır, bu məsələdə xalqımızın adət-ənənələrindən irəli gələn yüksək dəyərlərin öyrənilməsi və onun tətbiq olunması məsələsinin elmi şəkildə araşdırılmasının əhəmiyyətini vurğulayır. Təsadüfi deyil ki, bu gün Azərbaycan sivilizasiyalararası qarşıdurmanın təzahürləri kimi meydana çıxan qlobal problemlərin həlli yollarında qarşılıqlı əməkdaşlıq çağırışları edən elm, din, siyasət xadimlərinin görüş ünvanına çevrilmişdir.
Sirr deyil ki, sivilizasiyalararası dialoqu gücləndirən, ayrı-seçkiliyin qarşısını alan, fərqli mədəniyyətləri təmsil edən xalqların sülh şəraitində birgəyaşayışını təmin edən amillərdən biri və ən önəmlisi multikulturalizmdir. Bu amil mədəni bərabərliyin təmin edilməsində, tolerantlığın inkişafında, çoxkonfessiyalı və çoxmillətli Azərbaycanda sosial-ictimai münasibətlər sisteminin sağlam zəmində qurulmasında xüsusi rol oynayır. Bu gün sivilizasiyalararası dialoq, multikulturalizm dünyada sabitliyin qorunması, cəmiyyətlərin inkişafı və münaqişələrin qarşısının alınması baxımından çox əhəmiyyətlidir. Çünki Yer kürəsində gedən ağlasığmaz proseslər, xüsusilə, sivilizasiyalar və mədəniyyətlər arasında heç də rəvan olmayan, əksinə, gündən-günə gərginləşib düşmənçilik həddinə çatan münasibətlər dərin həyəcan və narahatlıq yaradır. Buna görə də dünyada mədəniyyətlərarası dialoqun rolunun dominantlıq təşkil etməsi və qlobal problemlərin intellektual, mədəni, tolerant müstəvidə həlli olduqca önəmlidir. Öz növbəsində bu sahədə potensialı və dəyərləri güclü olan ölkələrin dialoq məsələlərində təşəbbüslərinin və rolunun artırılması da məqsədəuyğundur. Azərbaycan isə dünya intellektualları tərəfindən bu baxımdan güclü ənənələrə, potensiala və əzmə malik bir ölkə kimi dəyərləndirilməkdədir. Bu mənada sivilizasiyalararası dialoqun, multikulturalizmin Azərbaycan modeli bütün dünyanın diqqətini cəlb edir.
Ölkəmizdə tolerantlığın hökm sürdüyünü və dövlətlə din arasında münasibətlərin yüksək səviyyədə olduğunu müxtəlif dinlərin nümayəndələri də yüksək qiymətləndirirlər. Məsələn, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr Azərbaycanda dövlətlə din arasında münasibətlərin nümunəvi xarakter daşıdığını xüsusi vurğulamışdır. O, hətta dinlərarası dialoqun Bakıda yüksək səviyyədə təşkilinə, hərtərəfli dəstəyinə və dinlərarası dialoqun daha da möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Prezident İlham Əliyevə Rus Pravoslav Kilsəsinin “Müqəddəs Apostol Varfolomey” qızıl medalını təqdim etmiş və bundan sonra da ölkəmizdə dinlərarası dialoqun davam etdiriləcəyinə əminliyini bildirmişdir. Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Semyon İxiilov azərbaycanlılarla yəhudilər arasında tarixən dostluq münasibətlərinin olduğunu qeyd etmiş, respublikamızda bütün millətlərin mehriban ailə kimi yaşadığını, heç bir zaman antisemitizmlə qarşılaşmadıqlarını vurğulamışdır.
Bu gün dinlər və sivilizasiyalararası dialoqun təşkilində, tolerantlıq ənənələrinin təbliğində, mədəni irsimizin qorunmasında və tanıdılmasında böyük rolu olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti də yüksək qiymətləndirilir. Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdə böyük işlər görülür. Fondun maliyyə dəstəyi ilə Bakıdakı Pravoslav və Müqəddəs Məryəm kilsələrində təmir-bərpa işləri aparılmış, yəhudi uşaqları üçün təhsil və mədəniyyət mərkəzinin tikintisinə dəstək verilmişdir. Strasburq Kafedral kilsəsinin şüşələrinin təmirinə ayrılan maliyyə yardımı səxavətli bir jest və Azərbaycanın Avropaya, onun mədəni irsinə verdiyi layiqli töhfədir. Bu məqamda yada salaq ki, keçən il iyun ayının 17-də bütövlükdə müsəlman aləminin ən qədim ibadətgahlarından olan Şamaxı Cümə məscidi milli-mənəvi dəyərlərimizin təbliğində böyük əmək sərf edən Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun xidmətləri sayəsində əsaslı bərpa və yenidənqurmadan sonra xalqın istifadəsinə verilmişdir. Ümumiyyətlə, buradan da göründüyü kimi, Heydər Əliyev Fondu İslam dini ilə yanaşı digər dinlərə məxsus tarixi abidələrin bərpasında yaxından iştirak edir ki, bu da bizim tolerant və sülhpərvər xalq olduğumuzun əyani sübutudur.
Onu da qeyd edək ki, bu gün ölkəmizdə yaranmış davamlı ictimai-siyasi sabitlik, dinlərarası xoş münasibət müstəqil dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətin və Azərbaycanda fəaliyyət göstərən dini qurumların faydalı işinin nəticəsidir. Ölkəmizdə tarixi abidələrin və mədəniyyət abidələrinin, xristian, yəhudi və digər dinlərə məxsus məbədlərin bərpası və təmiri, dilindən, dinindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarının etiqad azadlığının qorunması, dini ehtiyaclarının təmin olunması yüksək səviyyədə həyata keçirilir. Diqqətə çatdıraq ki, Azərbaycanda yüzlərlə məscid, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir. Bütün bunlar bir daha təsdiq edir ki, bu gün öz tarixinin silinməz, möhtəşəm səhifələrindən birini yazan müstəqil Azərbaycan Respublikası müxtəlif xalqların, millətlərin və din xadimlərinin birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu məkan olmuşdur.
Maraqlı burasıdır ki, Azərbaycan xalqı tarixdə dəfələrlə milli ayrıseçkilik ucbatından haqsızlığa məruz qalsa da, özünün ali milli keyfiyyətlərinin tərkib hissəsi olan tolerantlıq, dözümlülük, multikulturalizm kimi yüksək dəyərlərini daim yaşatmış, bu keyfiyyətlərini itirməmişdir. Məhz bunun nəticəsidir ki, bəzi ölkələrin nüfuzlu ictimai, siyasi, elm xadimləri, müxtəlif dinlərin rəhbərləri və təmsilçiləri, əldə etdiyimiz böyük nailiyyətləri, din-dövlət münasibətlərində qazanılmış dəyərləri və bu sahədəki zəngin təcrübəni öyrənmək, yaymaq, qlobal problemlərin həlli yollarında bizimlə birgə əməkdaşlıq nümayiş etdirmək üçün Bakıda keçirilən beynəlxalq miqyaslı mötəbər tədbirlərdə yaxından iştirak edirlər. Bu, bizim üçün böyük şərəfdir. Digər tərəfdən, mədəniyyətlərarası dialoqun praktiki nöqteyi-nəzərdən gücləndirilməsi işinə Azərbaycan öz töhfəsini verir. Ölkəmiz bütün dünyanı humanizm dəyərlərinə sədaqətli olmağa səsləyir. Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin məqsədi də budur. Məlum olduğu kimi, 2008-ci ilin dekabrından “Bakı prosesi” başlanılmışdır. Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin iştirak etdiyi bu konfransda ilk dəfə olaraq 10 İslam ölkəsinin də iştirakı ilə yeni bir formanın əsası qoyulmuşdur. Ümumilikdə, 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin qatıldıqları bu konfransda Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edilmiş, beləliklə də sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin uğurla davam etdirilməsi məqsədilə Azərbaycan tərəfindən təklif edilən “Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyulmuşdur. Konfransda Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu nitqi, irəli sürdüyü təkliflər və tövsiyələr “Bakı prosesi”nin qlobal bir təşəbbüsə çevrilməsinə səbəb olmuşdur.
Bu, dünya miqyasında çox mühüm bir hadisə idi. Çünki ilk dəfə idi ki, həm Avropa Şurasına, həm də İslam Əməkdaşlığı Təşkilatına üzv olan dövlətlər birgə humanitar xarakterli beynəlxalq tədbirdə iştirak edirdilər. Həmin tədbirin hər iki qurumun fəal üzvü olan Azərbaycanda baş tutması isə, təbii ki, böyük siyasi məna daşıyırdı. Respublikamız bu məsələdə liderliyini ötən illərdə də qoruyub saxlamışdır. “Bakı prosesi”nin davamlılığını təmin etmək məqsədilə 2009-cu ildə Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransına Azərbaycanın təşəbbüsü ilə İslam ölkələri ilə yanaşı, 10-dan çox Avropa dövlətinin təmsilçiləri də dəvət olunmuşdur. Konfransda Avropa Şurasına və İslam Konfransı təşkilatına üzv dövlətlərin iştirakı ilə “Mədəniyyətlərarası dialoq” mövzusunda “dəyirmi masa” keçirilmiş və birgə rəsmi bəyanat qəbul edilmişdir. 2010-cu ildə isə bu regional təşəbbüs qlobal hərəkata çevrilməyə başlamış və BMT-nin Baş Məclisinin 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsü elan edilmişdir.
Ölkəmiz ötən illər ərzində sivilizasiyalararası dialoq təşəbbüslərini davam etdirmişdir. 2010-cu ilin aprelində Bakıda dünya dini liderlərinin sammitinin keçirilməsi, noyabrda isə “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda tədbirin yüksək səviyyədə təşkili Azərbaycan dövlətinin və onun Prezidenti İlham Əliyevin ölkədə dini tolerantlığa xüsusi önəm verməsindən irəli gəlirdi. 2011-ci ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə Bakıda növbəti möhtəşəm tədbir — Mədəniyyətlərarası Dioloq Forumu keçirildi. Keçən il də baş tutan forumun əsas tərəfdaşları dünyanın nüfuzlu beynəlxalq təşkilatları və onların əlaqədar qurumları — YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatı idi. Forumun əhəmiyyətini artıran məqamlardan biri də o idi ki, nüfuzlu tədbirdə beynəlxalq qurumların rəhbərləri, bir neçə ölkənin keçmiş prezidentləri, dünyanın 100-dək ölkəsindən gələn nazirlər, beyin mərkəzlərinin rəhbərləri, alimlər və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələri iştirak edirdilər.
Beynəlxalq tədbirlərin məkanına çevrilən Azərbaycanda 2011-ci il oktyabr ayından başlayaraq “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə keçirilən birinci, ikinci və üçüncü beynəlxalq humanitar forumları da göstərir ki, Azərbaycan Şərqin və Qərbin ortaq məxrəcə gəlməsi üçün hazırda kəskin ehtiyac duyulan dialoq tribunasına çevrilmişdir. Bu gün sivilizasiyalararası yaxınlaşmalarada oynadığı mühüm rol baxımından Azərbaycan nəinki Cənubi Qafqazın, eləcə də bütün regionun parlaq mayakıdır və onun nuru dünyanın hər bir tərəfinə yayılır, insanlığa yol göstərir.
Rauf KƏNGƏRLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.