Azərbaycanın milli maraqlarının təmin edilməsi dövlətimizin xarici siyasətinin prioritet istiqamətidir

 

 

Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan bir neçə il sonra, xüsusən, ümummilli lider Heydər Əliyev xalqın iradəsi və təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizin beynəlxalq aləmə inteqrasiyası istiqamətində qətiyyətli addımlar atıldı.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş daxili və xarici siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyat keçirilməsi ölkəmizin beynəlxalq münasibətlər sisitemində əlaqələrini daha da möhkəmləndirmişdir. Dövlətimizin başçısının həyata keçirdiyi xarici siyasət  bu gün ölkəmizin dünya birliyində yüksək reytinqə malik olmasında böyük rol oynamışdır. Respublikamızın yerləşdiyi region geosiyasi mövge, baxımdan dünyanın siyasi xəritəsində əhəmiyyət kəsb edir. Azərbaycan həm qonşuluq siyasətində, həm də digər region ölkələri ilə olan münasibətlərində balanslaşdırılmış siyasət yürütməkdədir. Ölkədə həyata keçirilən xarici siyasətin əsas prioritetlərindən birini də dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə sıx əməkdalıq təşkil etmişdir.

Bu gün Azərbaycan BMT  və digər mötəbər beynəlxalq qurumlarla  əlaqələrini daha da genişləndirir. Hazırda Azərbaycanın xaricdə 70-ə yaxın  diplomatik nümayəndəliyinin -  səfirliklərin, beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklərin və baş konsulluqların  fəaliyyət göstərməsi də bu sahədə əldə olunan nailiyyətlərdən xəbər verir.

Xarici siyasət sahəsində həyata keçirilən uğurları göz önündə canlandırdıqda bir daha aydın olur ki, respublikamız üçün il-ildən uğurlu, olub.  Hər il olduğu kimi, yola saldığımız 2013-cü ildə də daxili siyasətin və ölkəmizin hərtərəfli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsi və davamı olan xarici siyasət fəaliyyəti beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə uyğun olaraq, bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq, daxili işlərə qarışmamaq, çoxşaxəlilik, çeviklik və şəffaflıq prinsipləri əsasında həyat keçirilmişdir. Bu siyasi xətt  Azərbaycanın suveren, güclü, qətiyyətli, sabit və etibarlı tərəfdaş dövlət kimi mövqeyinin güclənməsinə xidmət etmişdir.

Dövlətimizin başçısı  İlham Əliyevin  ötən il ərzində xarici ölkələrin başçıları, habelə  diplomatları ilə keçirdiyi çoxsaylı görüşlər, mötəbər beynəlxalq tədbirlərdə çıxışları, xarici siyasət fəaliyyətinin əsas istiqamətləri üzrə verdiyi təlimatlar və qarşıya qoyduğu vəzifə və tapşırıqlar ikitərəfli əməkdaşlıq sahəsində əlaqələrimizi daha da şaxələndirmişdir.  Azərbaycan Prezidentinin ötən il Litva, Ukrayna, Avstriya, Türkiyə, Belarus, Belçika, Monteneqro, Xorvatiya, İsveçrə və digər ölkələrə dövlət, rəsmi və işgüzar səfərləri, Türkiyə, Rusiya, Gürcüstan, Latviya, Belarus, Sloveniya, Serbiya, Makedoniya, Rumıniya, İtaliya, Yunanıstan, Albaniya, Bolqarıstan, Xorvatiya, Rumıniya, Makedoniya və Litvanın dövlət və hökumət başçılarını, ATƏT, İSESCO, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Beynəlxalq Telekommunikasiya İttifaqının baş katiblərini, BMT Baş Məclisinin 67-ci sessiyasının prezidentini, Avropa Şurasının Parlament Assambleyasının sədrini , NATO-nun baş katibinin müavinlərini  və digər yüksək səviyyəli rəsmi şəxsləri  respublikamızda  qəbul etməsi ikitərəfli və çoxtərəfli əsasda xarici siyasət fəaliyyətinin strateji xətt üzrə uğurlu inkişafını təmin etmişdir.

 Azərbaycan Prezidentinin bir il ərzində  səfərləri, habelə xarici ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana rəsmi səfərləri, müxtəlif sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyaların  10-dan artıq iclasları, eləcə də digər səviyyələrdə baş tutmuş səfərlər nəticəsində 30-dan artıq dövlətlə 90-dan çox ikitərəfli beynəlxalq sənədin razılaşdırılaraq  imzalanması, sonradan bu sənədlərin  müvafiq qaydada qüvvəyə minməsi ölkəmizin dünya birliyində reytinqinin daha da yüksəlməsinin bariz nümunəsidir.  2013-cü ildə  BMT Təhlükəsizlik Şurasında fəaliyyətimizi uğurla  başa vurduq.  Onu da qeyd edək  ki, Azərbaycan  2011-ci ilin sonlarında BMT Təhlükəsizlik Şurası kimi mötəbər bir qurumun qeyri-daimi  üzvü olmuş, bu müddət ərzində nüfuzlu quruma iki dəfə sədrlik etmişdir. Bu, müstəqillik tariximizdə həyata keçirilən xarici siyasətimizin pik nöqtəsi olmuşdur.

 Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməmizi yüksək qiymətləndirərək demişdir: “Təhlükəsizlik Şurasına seçilməyimiz iki cəhətdən tarixi hadisədir. İlk növbədə, bu, bir tarixdir. Dünyanın bir nömrəli qurumu olan Təhlükəsizlik Şurasına Azərbaycan iki dəfə sədrlik etmişdir. İkinci tərəfi ondan ibarətdir ki, biz buna çətin mübarizə şəraitində nail olmuşuq. Biz bu çətin mübarizəyə öyrəşmişik. Burada da qeyd edildi ki, bəzi hallarda Azərbaycana qarşı aparılan qara piara baxmayaraq, bizim beynəlxalq nüfuzumuz da artır, ölkəmizin inkişafı da göz qabağındadır. Bizə qarşı olan hücumların arxasında bir neçə amil dayanır. Mən bu barədə demişəm, siz də bilirsiniz, dünyada prinsipial mövqe sərgiləyən ölkələrə qarşı, adətən, təzyiqlər olur ki, kimsə onları öz tərəfinə çəksin. Bu istiqamətdə mübarizə gedir. Xüsusilə, Azərbaycana – artıq geosiyasi mərkəz kimi formalaşan ölkəyə diqqət həddindən artıq böyükdür”.

Azərbaycanın xarici siyasətinin gündəmində duran ən ümdə vəzifələrindən biri də  Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılması, ölkəmizin ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının, qaçqın və məcburi köçkünlərin öz tarixi torpaqlarına qayıtmalarının təmin edilməsi olmuşdur. Bu məqsədlərə nail olmaq üçün Azərbaycan ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesində iştirakını davam etdirmişdir.

Xatırladaq ki, ötən il noyabrın 19-da ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Vyanada Azərbaycan Prezidenti İlham Əliyevin  Ermənistan prezidenti Serj Sarkisyanla  görüşü baş tutmuşdur.  Buna qədər isə il ərzində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında ATƏT-in Minsk qrupunun həmsədrləri və bu təşkilatın fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin iştirakı ilə görüşlər keçirilmişdir. Lakin hər dəfə Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe nümayiş etdirməsi və işğalçılıq siyasətindən əl çəkə bilməməsini gizlətməməsi qarşıya qoyulan məqsədlərə çatmağa imkan verməmişdir.

Ötən il  fevralın 6-7-də Qahirədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə toplantısında qəbul edilmiş yekun bəyannamədə dövlət və hökumət başçıları tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilmiş, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icrası və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilmişdir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2013-cü il avqustun 16-da Qəbələdə keçirilmiş III Zirvə görüşündə qəbul edilmiş bəyannamədə də  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında sülh yolu ilə həllinin vacibliyi vurğulanmışdır.

 Belə faktlardan biri də 2013-cü il oktyabrın 23-də baş vermişdir. Həmin gün  Avropa Parlamentinin plenar sessiyasında Avropa Qonşuluq siyasəti üzrə qəbul edilmiş qətnamədə Avropa Parlamenti tərəfindən “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən bir dövlətin digərinin ərazisini işğal etməsinin “Şərq Tərəfdaşlığı”nın fundamental prinsip və məqsədlərinin pozulması olduğu barədə mövqeyi xatırladılmış və bu xüsusda, Dağlıq Qarabağ münaqişəsinin həllinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri və ATƏT-in Minsk qrupunun 2009-cu il 10 iyul tarixli  birgə bəyanatında ehtiva olunan baza prinsipləri əsasında həll edilməli olduğu vurğulanmışdır.

Yola saldığımız illərdə qazandığımız nailiyyətlər bir daha təsdiqləyir ki, dövlətimizin apardığı uğurlu xarici siyasət 2014-cü ildə də davam etdiriləcəkdir. Biz artıq bunu ilk aylardan hiss edirik.

 

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında