Neçə vaxtdır ki, radikal müxalifət nümayəndələri öz aralarında casus axtarışına çıxmışdılar. Onların seçki öncəsi xarici kəşfiyyat orqanlarının, antiazərbaycan dairələrin, habelə ermənipərəst beynəlxalq təşkilatların nümayəndələri ilə görüşləri və ölkəmizdə qarşıdurma yaratmaq üçün aldıqları külli miqdarda qrantlar barəsində məlumatların yayılmasında bir - birindən şübhələnirdilər. Hətta, bəziləri israrla bildirirdilər ki, aldıqları qrantları yalnız özlərinə sərf edəndə bilməli idilər ki, bu işin üstü əvvəl - axır açılacaq.
Dəfələrlə şahidi olmuşuq ki, xarici himayədarlarından daha çox qrant qoparmaq üçün min oyundan çıxan dağıdıcı müxalifət mitinq adı ilə hər hansı bir toplantı keçirəndə yersiz səs - küy yaratmaq üçün tüfeyli həyat tərzi keçirən adamlara 10 - 15 manat verəcəklərini vəd edərək onları meydanlara çağırmışlar. Mitinq başa çatar - çatmaz pul üstündə dava - dalaş başlamış, meydana gələnlər aldandıqlarını başa düşmüş və onları buraya dəvət edənləri söyə - söyə dağılışmışlar. Belə narazılardan biri də müxalifətin daha çox güvəndiyi Xədicə İsmayılova idi. O, bir dəfə onsuz da üzüqara olan müxalifəti daha da alçaltdı və milli adət - ənələrimizə yaraşmayan hərəkətlərini ört - basdır etmək üçün hakimiyyəti şantaj etməyə başladı. Bununla diqqəti özündən yayındırmağa çalışan X.İsmayılova, əslində, AXCP sədri Əli Kərimli və radikal müxalifətin digər nümayəndələrinin sifarişlərini yerinə yetirirdi.
Hadisələrin gedişi göstərir ki, jurnalist X.İsmayılova müxalifətin içərisinə daxil olmaqla Əli Kərimlinin tapşırıqlarını yerinə yetirirmiş. Bunu müxalifətdə olan siyasi partiyaların nümayəndələri də təsdiqləyirlər. Məsələn, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı bu məsələ barəsində açıqlama verərkən deyib ki, jurnalist Xədicə İsmayılovanın hazırladığı “hakimiyyətə işləyən” siyasətçilərin və ictimai fəalların siyahısı AXCP sədri Əli Kərimlinin siyası maraqlarını təmin etməyə yönəlib. N. Orduxanlı bildirib ki, Xədicə İsmayılova daim Əli Kərimlinin tapşırıqlarını yerinə yetirən və onun siyasi maraqlarından çıxış edən jurnalist olub və bu gün də onun nəzarətindədir. BAXCP sədrinin müavini X.İsmayılovanı uzun illərdir ki tanıdığını və ona yaxından bələd olduğunu bildirib. Deyib ki, 1997-98-ci illərdə Xədicə İsmayılova ilə eyni qəzetdə işləyiblər. O, həmin illərdən indiyə qədər Əli Kərimlinin gizli “Yurd” təşkilatının üzvüdür.
X.İsmayılovanın ABŞ tədqiqatçılarına hesabat təqdim etməsinə və bu zaman Azərbaycanın müxalifət düşərgəsində bir sıra siyasətçilərin, jurnalistlərin, ictimai fəalların hakimiyyət tərəfindən idarə olunduğu barədə məlumatlar ötürməsinə münasibət bildirən N.Orduxanlı deyib ki, Xədicə öz mənəvi və siyasi lideri olan Əli Kərimlinin maraqlarını təmin etmək üçün istənilən gedişi etməyə, istənilən xüsusi xidmət orqanı ilə əməkdaşlıq etməyə hazır olanlardan birisidir: “Bu baxımdan Xədicə İsmayılovanın yerli və xarici xüsusi xidmət orqanlarına işləməsi də istisna deyil. Xədicə İsmayılova Əli Kərimlinin önə çıxması, onun ölkədə yeganə müxalifət lideri imicini formalaşdırması üçün İsa Qəmbəri də, digərlərini də ayaqlar altına atmağa qadir olan bir insandır. Yəni, Xədicə bunun üçün istənilən siyahını da verə bilər. Bu baxımdan birmənalı olaraq hesab edirəm ki, onun təqdim etdiyi siyahının təşəbbüskarı Əli Kərimlidir”.
Hüquq müdafiəçisi Eynulla Fətullayev də Xədicə İsmayılovanın qərəzkar və araqarışdıran , xarici kəşfiyyat orqanları ilə əlaqəli olduğunu bəyan edərək deyib ki, bu adamın kiminlə münaqişəsi varsa, onun adını casusluqda hallandırır. E.Fətullayev bildirib ki, Azərbaycan hökumətinə, dövlətinə qarşı hansısa təzyiq siyasətini həyata keçirmək istəyənlər, bir qayda olaraq, kompromatları Xədicəyə ötürür və o da ağlına gələni yazır. Hüquq müdafiəçisi deyib: “Bu jurnalistin nə analitik qabiliyyəti var, nə təfəkkürü, nə də publisistik istedadı. İndiyə qədər bir tutarlı məqalə yazmayıb. O, xarici ölkələrin casus və kəşfiyyat orqanlarının mənafeyinin müdafiəçisi qismində çıxış edir. Bir sözlə, satqındır. X.İsmayılova düşünür ki, guya ABŞ hökumətinin bəzi təmsilçiləri, kəşfiyyat orqanları tərəfindən etibarlı şəxs kimi tanınır. Amma yanılır. O, kompromatlar vasitəsilə sevmədiyi insanlara zərbə vurur”.
X.İsmayılovanın daha bir “qabiliyyəti” də var. Ölkəmizdə hər hansı bir hərbi xidmətçi şəhid olursa, dərhal onun valideynlərini qızışdıraraq hakimiyyətə qarşı qaldırmağa, beynəlxalq təşkilatlara müraciət etməyə cəhd göstərir. Şəhidin valideynləri buna razılıq verməyəndə isə X.İsmayılova həmin valideynləri təhqir edir, onları “hakimiyyətlə bazarlıqda” ittiham edir. X.İsmayılovanın “Oğlunun meyiti üzərində bazarlıq etməyən anaya ehtiyacı var bu məmləkətin” məqaləsi də cəbhədə şəhid olmuş əsgərimizin anasının bu satqın jurnalistin təklifləri ilə razılaşmadığından sonra müxalifət mətbuatında yer almışdı. Milli Məclisin deputatı Jalə Əliyeva “əsgər anasını təhqir etmək Azərbaycan qadınına yaraşmaz” - deyərək X.İsmayılovanın bu çirkin fikirlərini kəskin tənqid etmişdi. Deputat bildirmişdir ki, oğlu şəhid olan ananı bu şəkildə təhqir etmək Azərbaycan qadınına yaraşmaz. Onun sözlərinə görə, X.İsmayılovanın bu fikirləri heç bir halda qəbul edilə bilməz: “Qadın nə qədər analıq duyğusundan məhrum və vicdansız olmalıdır ki, belə addım atsın?”.
Oğlu şəhid olmuş ana vətəndaşlıq borcunu yerinə yetirərək xalqdan rica etdi ki, oğlunun ölümü üzərindən siyasi məqsədlər üçün istifadə edilməsin. Buna baxmayaraq, bir qrup “vətənpərvər” bu ananı oğlunun meyiti üzərində bazarlıq edən qadın kimi qələmə vermək istəyir. X.İsmayılova isə əsgər ölümü üzərindən ucuz spekulyasiyalar edir. Belələri sanki unudurlar ki, şəhidlik mövqeyi əlçatmaz bir zirvədir. Onlar Vətənimizin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban veriblər. Xədicə və onun kimilər üçün isə xalq, Vətən, millət xarici düşmənlərimizdən aldıqları külli miqdarda çirkli pullardır.
Bu günlərdə Xədicə İsmayılovanın daha bir casus əməli ortaya çıxıb. O, ABŞ tədqiqatçılarına “hesabat” verərək hər gün can - bir qəlbdə olduğu siyasi həmfikirlərini casus adlandırıb. Onun ABŞ tədqiqatçılarına təqdim etdiyi hesabatda satqın və xəyanətkarlar siyahısında yer alan müxalifət nümayəndələri barədə məlumat yayılıb. Hesabatda Azərbaycanın müxalifət düşərgəsində bir sıra siyasətçilərin, jurnalistlərin, ictimai fəalların, guya hakimiyyət tərəfindən idarə olunduğu bildirilir.
Xədicə İsmayılovanın “hesabat”ında “hakimiyyətlə əməkdaşlıq” edən aşağıdakı müxalifətçilərin və vətəndaş cəmiyyəti sektoru təmsilçilərinin adları göstərilir: “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Müsavat başqanı İsa Qəmbər, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, jurnalist Eynulla Fətullayev,reneqat Eldar Namazov, Erkin Qədirli, jurnalistlər Babək Bəkir, Mehman Əliyev, Əbülfəz Elçibəyin ailəsi , KAXCP sədri Mirmahmud Fəttayev, Real Hərəkatı İdarə Heyətinin üzvləri Natiq Cəfərli, Zöhrab İsmayıl, Xalid Bağırov və ADP sədri Sərdar Cəlaloğlu, hüquq müdafiəçiləri Çingiz Qənizadə, Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı, Arzu Abdullayeva, Eldar Zeynalov və Elçin Behbudov .
Görürsünüzmü, onun tərtib etdiyi “satqın siyahısı” nə qədər “zəngindir”? Bu “zənginlikdə” təkcə AXCP sədri Əli Kərimli və onun yaxın adamlarının adları yoxdur. Belə yerdə xoruzun quyruğu görünməyə başlayır. Deməli, Xədicə İsmayılova AXCP sədrinin sifarişlərini yerinə yetirir. Kim bilir, bu “fədakarlığına” görə o, AXCP sədrinə ötürülən çirkli pullardan nə qədər pay alıb. Hər halda, radikal müxalifət nümayəndələri aralarındakı casusun ən azı birini tapa bildilər. Xədicə İsmayılovanın ABŞ tədqiqatçılarına təqdim etdiyi “hesabat” radikal müxalifətin bütün şübhələrinə son qoydu.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.