Müstəqil Azərbaycan Respublikası ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş elmi əsaslara söykənən xarici siyasət strategiyasını böyük uğurla davam etdirir. Bu strategiya ilk növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə və möhkəmləndirməyə yönəlmişdir.
Qarşıya qoyulan əsas vəzifələrdən biri də dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən ibarətdir. Suverenliyimizin, ərazi bütövlüyümüzün və beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin bərpa edilməsi və qorunması, ölkənin davamlı inkişafı üçün əlverişli xarici mühitin yaradılması, diplomatik vasitələrlə xaricdən olan hədə və təhdidlərin qarşısının alınması, müasir dövrün çağırışlarının çevik və effektiv şəkildə cavablandırılması, dünya birliyi ilə qarşılıqlı faydalı əməkdaşlığın, həmçinin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və digər bir sıra mühüm məsələlər bu strategiyanın tərkib hissəsidir.
Bu bir həqiqətdir ki, son illər gənc müstəqil Azərbaycan dövləti təkcə xarici siyasət strategiyasında deyil, bütün sahələrdə dünyaya səs salan böyük uğurlara imza atır. Ancaq xarici siyasət xəttimizin reallaşdırılması beynəlxalq aləmdə daha böyük əks-səda yaradır. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin təkcə keçən il baş tutan səfərləri, habelə xarici ölkələrin dövlət və hökumət başçılarının ölkəmizə rəsmi səfərləri, müxtəlif sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyaların 10-dan artıq iclası, eləcə də digər səviyyələrdə baş tutmuş səfərlər nəticəsində 30-dan çox dövlətlə 90-dan artıq ikitərəfli beynəlxalq sənəd razılaşdırılıb imzalanmış və sonradan müvafiq qaydada qüvvəyə minmişdir. Eyni zamanda, Azərbaycan ilə Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclası, Azərbaycan və Ukrayna Prezidentlərinin Şurasının dördüncü iclası keçirilmiş, həmin yüksək səviyyəli tədbirlərin yekun sənədləri imzalanmışdır.
Heç şübhəsiz, ötən iki il ərzində Azərbaycanın BMT Təhlükəsizlik Şurası kimi mötəbər bir qurumun qeyri-daimi üzvü qismində fəaliyyəti müstəqillik tariximizin çox mühüm və şərəfli bir səhifəsi kimi yaddaşlarda qalacaqdır. Azərbaycan 2012-ci ilin may və 2013-cü ilin oktyabr aylarında dünyanın təhlükəsizlik siyasətini müəyyənləşdirən bir quruma sədrlik etməklə beynəlxalq aləmdə söz sahibi olduğunu və bütün məsələlərə yalnız ədalətli mövqedən yanaşdığını sübut etmişdir. Ölkəmiz bu qurumda çox səmərəli fəaliyyət göstərmiş, Təhlükəsizlik Şurasında hər iki sədrliyi müddətində qurumun 59 açıq və qapalı iclası keçirilmiş, 7 qətnamə, Şura sədrinin 3 bəyanatı və 13 mətbuat bəyanatı qəbul edilmişdir.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi və BMT-nin Baş katibi Pan Ki-Munun iştirakı ilə 2012-ci il may ayının 4-də “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhdidlər: Terrorçuluqla mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirilmiş və yekun sənəd kimi Təhlükəsizlik Şurasının sədrinin bəyanatı qəbul edilmişdir. Bəyanatda terrorçuluğun bütün forma və təzahürləri pislənmiş və terrorçuluğa qarşı bütün vasitələrlə mübarizənin vacibliyi bildirilmişdir. Bundan əlavə, dövlətlərin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etməmək prinsipi vurğulanmış, habelə terrorçuluğun qarşısının alınması və onunla mübarizədə dinlər və mədəniyyətlər arasında hörmət və dialoqun təşviq edilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd edilmişdir.
Ölkəmizin Təhlükəsizlik Şurasında ikinci sədrliyi də çox səmərəli keçmişdir. Əsas mövzu kimi keçən il oktyabrın 28-də ölkəmizin təşəbbüsü ilə BMT tarixində ilk dəfə “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda qurumun yüksək səviyyəli iclası təşkil edilmişdir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sədrliyi ilə baş tutan iclasda BMT-nin Baş katibi Pan Ki-Mun və İƏT-in Baş Katibi Ekmələddin İhsanoğlu iştirak etmişlər. İclasın yekun sənədi kimi qəbul edilmiş Təhlükəsizlik Şurasının sədrinin bəyanatında BMT və İƏT arasında əməkdaşlığın hazırkı vəziyyəti alqışlanmış və onun gücləndirilməsinin vacibliyi, həmçinin, münaqişələrin BMT Nizamnaməsi və TŞ-in qərarları əsasında həll edilməsinə dair hər iki təşkilatın eyni mövqedən çıxış etdiyi qeyd edilmişdir ki, bu da ərazisinin iyirmi faizi Ermənistan tərəfindən işğal altında saxlanılan ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edir. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı olan BMT ilə üzvlərinin say çoxluğuna görə seçilən İƏT-in bu mövqedən çıxış etməsi, Azərbaycanın haqq işinin dəstəklənməsi və Ermənistanın beynəlxalq arenada təklənməsi baxımından önəmlidir.
Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü dövründə Azərbaycan dövlətimizin milli maraqlarının qlobal səviyyədə irəli aparılması istiqamətində fəal səylər göstərmişdir. Ölkəmizin üzləşdiyi ən böyük problem olan Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün müxtəlif aspektləri Şuranın müvafiq iclaslarında mütəmadi olaraq diqqətə çatdırılmışdır. Bundan əlavə, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət, həmçinin münaqişələr zamanı müharibə və insanlığa qarşı cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyi ardıcıl olaraq qaldırılmış və müvafiq müddəalar şuranın qəbul etdiyi sənədlərdə əks etdirilmişdir. Bu kontekstdə, 2012-ci il mayın 30-da Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən təşkil edilmiş “Mübahisələrin dinc yolla nizamlanması, münaqişələrin qarşısının alınması və həlli: vasitəçilik, məhkəmə həlli və ədalət” mövzusunda Təhlükəsizlik Şurasının qeyri-rəsmi müzakirələri (“Arria” formulası çərçivəsində) böyük maraq doğurmuşdur. Tədbirdə Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərlə yanaşı, BMT-nin digər üzv dövlətləri, BMT Katibliyi, beynəlxalq hökumətlərarası təşkilatları, vətəndaş cəmiyyəti və elmi dairələrin 120-dən artıq nümayəndəsi iştirak etmişdir.
XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsindəyik. Bu ərəfədə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün doğurduğu acı fəsadların, Azərbaycan xalqına qarşı törətdiyi qanlı etnik təmizləmə və soyqırımı siyasətinin beynəlxalq aləmdə tanıdılması məsələsi bir daha aktuallıq qazanır. Sevindirici haldır ki, keçən ilin fevral ayında Qahirə şəhərində keçirilmiş İƏT zirvə toplantısında qəbul edilmiş “Qahirə bəyannaməsi”ndə təşkilata üzv olan ölkələrin dövlət və hökumət başçıları tərəfindən 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda mülki Azərbaycan əhalisinə qarşı törədilmiş soyqırımı əməlləri insanlığa qarşı cinayət kimi qiymətləndirilmiş və bu soyqırımı əməlinin milli və beynəlxalq səviyyələrdə tanıdılması üçün səylərin artırılmasına dair çağırışlar edilmişdir. Ötən ilin dekabr ayında isə Qvineyanın paytaxtı Konakri şəhərində keçirilmiş İƏT-in Xarici işlər nazirləri şurası tərəfindən qəbul edilmiş qətnamədə “Xocalıya ədalət” kampaniyasına dəstək ifadə edən xüsusi bənd öz əksini tapmışdır. Xocalı soyqırımı Çexiya, Bosniya və Herseqovina, Peru parlamentlərinin, ABŞ-ın Nyu-Meksiko, Arkanzas, Oklahoma, Tennessi, Pensilvaniya, Vest Virciniya, Konnektikut və Florida ştatlarının qanunverici orqanlarının qəbul etdiyi sənədlərdə də pislənmişdir.
Müasir dünyada qloballaşma prosesləri dərinləşdikcə, dönməz xarakter aldıqca regional əməkdaşlıq amili daha qabarıq şəkildə reallığa çevrilir. Bir sıra məşhur strateqlərin ifadə etdiyi bu fikirlər əsassız deyil. Təsadüfi deyil ki, hazırda dünya birliyində hər bir dövlətin eyni istiqamətli dəyərlər ətrafında birləşməsi üçün çağırışlar edilir və bu çağırışlar cavabsız qalmır. Yəni ölkələr qloballaşmanı dəstəkləyir və inteqrasiya proseslərinə töhfə verməyə çalışmaqla yanaşı, özünün əsas maraq və mənafelərini daha yüksək səviyyədə qorumaq, təmin etmək üçün səylərini əsirgəmir, birgəlik, çoxşaxəlilik, qarşılıqlı, faydalı, bərabərhüquqlu əməkdaşlıq prinsiplərini üstün tutur.
İkitərəfli əsasda həyata keçirilmiş tədbirlər nəticəsində keçən dövr ərzində Azərbaycanın qonşu dövlətlərlə əməkdaşlığı daha da dərinləşmişdir. Xüsusən şimal qonşumuz, postsovet məkanının ən böyük ölkəsi olan Rusiya ilə münasibətlər qarşılıqlı hörmət əsasında inkişaf etmiş, bir sıra məsələlərin həllində razılıq əldə olunmuşdur. Qəbələ radiolokasiya stansiyasının bağlanılması ilə əlaqədar daşınar və daşınmaz əmlakın inventarlaşdırılması və təhvil-təslim edilməsinin həyata keçirilməsi üzrə Azərbaycan-Rusiya birgə komissiyasının keçən il fevralın 28-dən martın 1-dək davam edən iclası nəticəsində Rusiya və Azərbaycan arasında təhvil-təslim aktları imzalanmışdır. Bundan başqa, keçən il may ayının 14-15-də Moskva şəhərində Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının ilk iclası keçirilmişdir. İclasda komissiya haqqında əsasnamə imzalanmışdır. Bakıda Azərbaycan Respublikası və İran İslam Respublikası arasında sərhəd məsələləri üzrə müştərək komissiyanın ilk iclası da keçən ilin yaddaqalan hadisəsidir.
Azərbaycan ilə Gürcüstan arasındakı dostluq əlaqələrinin inkişafı da regional inkişafa, sülhə və təhlükəsizliyə böyük töhfə verir. Ona görə də bu il fevralın 12-də Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin ölkəmizə rəsmi səfəri böyük maraqla qarşılandı. Bu səfər həmçinin, xalqlarımız və ölkələrimiz arasında qardaşlıq, dostluq münasibətlərini bundan sonra da inkişaf etdirmək üçün çox böyük əhəmiyyət kəsb edirdi. Azərbaycanla Gürcüstan hazırda müstəqil dövlətlər kimi, bütün sahələrdə fəal əməkdaşlıq edir, ərazi bütövlüyü məsələsində və beynəlxalq tədbirlərdə - BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar daxilində birgə işləyir və hər zaman bir-birinə dəstək verirlər. Məlum olduğu kimi, hər iki ölkənin ərazi bütövlüyü, eləcə də beynəlxalq hüquq normaları kobud şəkildə pozulub.
Qlobal iqtisadi potensial mərkəzinin Atlantik okeanından Sakit okeana keçməsi səbəbindən türk dünyasının geoiqtisadi əhəmiyyəti daha da artmışdır. Türkiyənin, Azərbaycanın, Türkmənistanın, Qırğızıstanın, Qazaxıstanın və Özbəkistanın iqtisadi və demoqrafik potensialı bütünlükdə 4, 8 milyon kvadrat kilometrlik sahədə dünyada yeddinci, 140 milyon əhalisi ilə doqquzuncu, 1,5 trilyon ABŞ dolları dəyərində ümumi hasilatı ilə 13-cü yerdədir. Bununla bərabər, 6 müstəqil türk dövlətinin bəzisi tranzit ölkə, bəzisi isə enerji mənbəyi və təbii ehtiyatlarla zəngin məkan kimi Avropanın, dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Yəni türkdilli ölkələrin böyük siyasi, iqtisadi, elmi, mədəni və digər sahələrə aid güclü potensialı vardır. Azərbaycanın yürütdüyü uğurlu xarici siyasətin əsas istiqamətlərindən biri də məhz həmin potensialı birlikdə işə salmaq, ümumtürk sivilizasiyası tarixinə yeni töhfələr verməkdir. Məmnuniyyətlə deyə bilərik ki, biz bu prosesdə xüsusi fəallıq nümayiş etdirir, daim öndə gedirik. Keçən il avqust ayının 16-da Qəbələdə baş tutan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üçüncü zirvə toplantısının nəticələri dediklərimizi təsdiq edir.
Həyata keçirilmiş möhtəşəm xarici siyasət strategiyası nəticəsində Azərbaycanın Avropa İttifaqı, ərəb-İslam dünyası, Şimali Amerika, Uzaq Şərq, Cənub və Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələri inkişaf etmiş, Latın Amerikası, Afrika, Avstraliya və Okeaniyada tərəfdaşlarının sayı artmışdır. Son bir il ərzində Azərbaycanın Avstraliya İttifaqında, Vyetnam Sosialist Respublikasında səfirlikləri, Çexiya Respublikasının Karlovı Varı şəhərində və Rumıniyanın Konstansa şəhərində fəxri konsulluqları, Azərbaycanda isə Sudanın səfirliyi, Monteneqronun fəxri konsulluğu, Gəncə şəhərində Gürcüstanın Baş konsulluğu fəaliyyətə başlamışdır. Bu, həmin ölkələrlə əlaqələrin inkişafında yeni bir mərhələnin başlanması mənasına gəlir.
Beləliklə, gənc müstəqil dövlətimizin beynəlxalq aləmə sürətli inteqrasiyasını təmin edən Heydər Əliyev siyasi kursu cəmiyyət həyatının bütün sahələrində olduğu kimi xarici siyasətdə də öz uğurlu nəticələrini verməkdədir.
Rauf KƏNGƏRLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.