MÜXALİFƏT faydalı rəqib, yoxsa qorxulu düşmən?

 

Dönməz ənənələri olan, sabit qayda-qanunun mövcud olduğu  istənilən demokratik cəmiyyətdə siyasi müxalifət, siyasi sistemin xarakterindən asılı olmayaraq, vətəndaşlarla siyasi hakimiyyət arasında əks əlaqə mexanizminin təkmilləşdirmə şərti kimi, cəmiyyətin normal həyat fəaliyyətinə və inkişafına yardım edən, təbii və qanunauyğun hadisədir. Bu o deməkdir ki, cəmiyyətdə siyasi-ictimai müxtəliflik stimullaşdırılır, müxtəlif siyasi partiyaların, hərəkatların və ictimai təşkilatların  yaradılması və fəaliyyəti qadağan olunmur. Siyasi qüvvələrin belə müxtəlifliyi sayəsində cəmiyyətdə zəruri olan  əksliklər  sistemi yaradılır,  bir-biri ilə rəqabət aparan müxtəlif siyasi inistitutlar arasında müəyyən balans əldə olunur ki, bu da bütövlükdə sosial tərəqqiyə yardım edir.

Siyasi müxalifətin mövcudluğunu şərtləndirən səbəblər çoxdur. Bu həm cəmiyyətin daxilində olan ziddiyyətlər, həm sosial disparitet yaradan sosial təbəqələşmə, həm sosial ədalət prinsiplərinin qəbul olunmaması, həm  əhali ilə hakimiyyət arasında böhran, əhalinin hakim quruluş haqqında ideallarından məyus olması, həm də elitanın özünün parçalanması və ayrı-ayrı xadimlərin ambisiyalarının təmin olunmamasıdır.

Müxalifətin varlığı siyasi münasibətlərin sabitliyinin və dəyişməzliyinin daimiliyini qoruyub saxlamağın mümkün olmadığını şərtləndirən cəmiyyətin rəngarəngliyi kimi, həm də insanın özünün xarakteri ilə orqanik bağlıdır. Axı sosial varlıq kimi insanın öz təbiətində də onun həyatının maraq sahələrinə toxunan alternativ layihələr təklif etmək, yeni axtarışlar etmək  səyləri var. Ona görə də, siyasi mənada müxalifətin varlığı cəmiyyətdə hakimiyyətin irəli sürdüyü məqsədlərə vahid, monolit, bir dəfə və həmişəlik müəyyənləşdirilmiş münasibətin, ziddiyyətlərin yaranması üçün hər hansı zəminin tamamilə ləğv edilməsinin prinsipial olaraq mümkünsüzlüyü ilə bağlıdır.

Bu vəziyyətdə həm müsbət, həm də mənfi tərəflər var. Müxalifət hakimiyyətin monopoliyalaşmasının qarşısını alır. Müxalifətsiz siyasi rejim özünüinkişaf imkanlarını itirir və hakimiyyətin bərkiməsinə çalışır. Demokratik rejimlərin hakim olduğu ölkələrdə isə müxalifətin varlığı hakimiyyətin mühüm atributlarından biri, onun “vizit kartıdır”. Bu tip dövlətlərdə müxalifətin öz statusu, hüququ, hakimiyyətə təsir imkanları var. Məsələn, İngiltərədə  “müxalifət ülyahəzrət Kraliçadır”. Bu əsas siyasi institutlardan biridir. Bununla belə, qeyd olunduğu kimi, müxalifət həm də ictimai qayda-qanunu pozan amil kimi çıxış edir.

“Velosipedi yenidən kəşf etmədən”  bildirək ki, siyasi müxalifətçilik mövcud dövlət hakimiyyətinə qarşı əks fəaliyyət, müqavimət, bu hakimiyyətin həyata keçirdiyi strateji kursu müxalifətdə olan siyasi təşkilatları təmin edən yeni kursla əvəz etmək üçün ona qarşı çıxmaqdır. Əlbəttə, söhbət partiyadaxili müxalifətdən yox, dövlətdaxili siyasi müxalifətdən gedir.

Dünya ölkələrinın siyasi tarixi göstərir ki, müxalifət heç də həmişə özünün cəmiyyətdə, müəyyən qanunvericilik qaydasında verilmiş statusu və hüquqları ilə sosial və siyasi inistitut kimi mövcvud olmur. Yəni, müxalifət heç də hər yerdə institut kimi mövcud deyil. Ancaq nə qədər olmasa da, o, hər yerdə rəsmi hakimiyyətin siyasətinə qarşı tənqidi münasibətlə bağlı olan müəyyən ideyalar və əhval-ruhiyyələrin cəmi kimi mövcuddur. Bu mənada inistitusional forma alıb-almamasından asılı olmayaraq, müxalifətə tənqidi “ruh” kimi də baxıla bilər.

Ölkəmizdə müxalifətin siyasi institut kimi cəmiyyətdə legitimləşməsi prosesi Sovet imperiyasının dağılması ərəfəsinə təsadüf etdi. Qısa müddətdə müxtəlif mərhələlərdən keçsələr də, demək olmaz ki, özlərini müxalifət elan etmiş qüvvələr  tam institutlaşmış forma almışdılar. Doğrudur, Azərbaycan Xalq Cəbhəsi həmin dövrdə müqavimət hərəkatına rəhbərlik edən yeganə formalaşmış bir müxalifət təşkilatı sayıla bilərdi. Ancaq hakimiyyətə gəldikdən az bir müddət sonra təşkilatın daxilindəki fikir ayrılıqları, ziddiyyətlər və xüsusilə, onun liderlərinin maraqlarındakı fərqlər AXC-nin institutlaşmış bir qurum olmadığını göstərdi, bu təşkilat parçalandı.

Müstəqilliyin bərpasından çox qısa bir zaman sonra dövrün tələbləri baxımından institutlaşmış yeganə müxalifətçi qüvvə kimi Yeni Azərbaycan Partiyası çıxış etməyə başladı. Lakin demokratik, azad ölkə qurmaq  şüarları və vədləri ilə hakimiyyətə gəlmiş AXC-nin idarəçiliyi dövründə yaranan YAP elə bu hakimiyyətin ciddi təzyiq və təqiblərinə məruz qalmağa başladı. Buna səbəb isə partiyanın cəmiyyətdə sürətlə böyük nüfuz qazanması və üzvlərinin sayının kəskin artması idi. Bir tərəfdən umümmilli lider Heydər Əliyevin partiyanın sədri olması, digər tərəfdən, partiyanın xalqın maraqlarından və ölkənin milli mənafeyindən çıxış etməsi, müstəqil dövlət quruculuğunun, Azərbaycanın siyasi, sosial-iqtisadi böhrandan çıxarılmasının konkret yollarını göstərən proqrama sahib olması  onun uğurlarını daha da artırırdı. Partiyaya rəğbət qazandıran digər səbəb isə onun elan etdiyi məram və məqsədlərə çatmaq üçün tam qanuni mübarizə metod və vasitələrdən istifadə etməsi idi.

Siyasi müxalifətin fəaliyyətinin səmərəli olması üçün həll olunmamış problemləri meydana çəkib dövlət orqanlarının işini tənqid etmək heç də əsas şərt deyil. Müxalifətçilik, eyni zamanda, hakimiyyətin sosial tərəqqiyə aparan yolundan fərqli,  özünün baxışının, proqramının olmasını nəzərdə tutur. Bəs Azərbaycan siyasi müstəvisində necədir? Siyasi müxalifət belə bir təşəbbüsdə olub və ya olurmu? Təbii ki, yox. 1992-ci ilin siyasi böhranını xatırlayın. Müstəqilliyin elə ilk ilindən başlayaraq hakimiyyət  buna qədər sovet imperiyasına qarşı müqavimət hərəkatına rəhbərlik edən Azərbaycan Xalq Cəbhəsinin təziyqləri qarşısında dayana bilməyərək siyasi səhnədən getdi. İlk seçkilərdən keçən az bir vaxtdan sonra məlum oldu ki, hakimiyyətə gələn AXC-nin ölkədəkı siyasi iflasın qarşısını almaq, ölkəni böhrandan çıxarmaq, Ermənistanın təcavüzünün qarşısını almaq üçün nə bir proqramı var, nə də buna qadirdir. Əslində bu hakimiyyətin dövlət idarəçiliyində də heç bir təcrübəsi yox idi. Elə bütün bunlara görə də siyasi böhran getdikcə dərinləşir, ölkə iflasa yuvarlanır, yeni hakimiyyət isə özünü möhkəmləndirmək üçün rəqiblərini, ilk növbədə isə yeni yaranmış və daha mütəşəkkil qüvvəyə çevrilməkdə olan Yeni Azərbaycan Partiyasını siyasi səhnədən çıxarmağa çalışırdı. Lakin siyasi reallıqları soyuq mühakimədən keçirən xalq kütlələri öz hökmünü yeni Azərbaycançıların xeyrinə verdi.

Dərk olunan bir gerçəklik var idi: tarix bizim XX əsrin bu məqamında edəcəyimiz səhvləri daha bizə bağışlamayacaqdı. Böyük siyasi oyunları anlamayanlar belə bu mühüm reallıq qarşısında düşünməli olduğu halda, bəzi qüvvələrin hakimiyyət şəhvəti bütün instinktləri üstələyirdi. Lakin xalqın özünü qorumaq instinkti ona səfərbər olunub bu qüvvələri siyasi səhnədən sıxışdırıb çıxarmağa, müstəqilliyi qorumağa və inkişaf etdirməyə imkan verdi.

Müstəqilliyin ilk illərində Heydər Əliyev ölkədə sabitliyi bərpa edəndə də, elə indinin özündə də barışmaz  radikal müxalifətin etdiyi reveranslar mahiyyətini anlamağa çalışdığım bir çox suallar doğurur: Yenicə müstəqillik əldə etmiş ölkədə güclü və səmərəli fəaliyyət göstərməyə qabil dövlət quruculuğuna qarşı çıxan siyasətçi, müxalifət olsa belə, məsuliyyətli ola bilərmi? Bu günün özündə belə hakimiyyətin olduqca səmərəli fəaliyyət göstərdiyinə şübhə ilə yanaşıb onun nə yolla olur-olsun devrilməsinə çağırış edənlər hansı arqumentlərə əsaslanırlar? Onların bu barışmaz, qatı radikalizmini hərəkətə gətirən nədir? Qəribə suallardır, deyilmi?!

Unutmaq olmaz ki, müxalifətçilik inistitutunun mövcudluğunun sosial şərtləri var. Müxtəlif maraqları və mövqeləri olan cəmiyyətdə siyasi müstəvidə möhkəmlənən müxalifət, eyni zamanda, bu cəmiyyətdəki sosial ziddiyyətləri legitimləşdirir. Məhz sosial konfliktlər, iqtisadi, milli, dini və digər təbəqələşmələr müxalifətyönlü partiya və hərəkatların meydana gəlməsi üçün münbit şərait yaradır. Bugünki  yeni Azərbaycan demokratiyasının tarix qarşısında xidməti də ondadır ki, cəmiyyətdə maraqların müxtəlifliyi qanunauyğunluğunu, siyasi müxalifətin leqallığını və fəaliyyətini  tanıyır.

Əlbəttə, bu konfliktlər heç də öz-özünə müxalifətin institutlaşmasına təminat vermir. Tarixdə bir çox nümunələr var ki, böhran vəziyyətində olan, konfliktlərə görə parçalanan cəmiyyətdə,  sonda  sərt avtoritar rejim qurulur və onlar da ilk fəaliyyətlərindəcə müxalifəti məhv etməyə çalışırlar. Bu nəticə və idarə edən rejimin özünü belə aparması tamamilə təbiidir, çünki sosial böhran şəraitində genişlənən qiyam və anomiya, yalnız rejimin sabitliyi üçün barışmaz və təhdidedici təhlükə olan müxalifət yaradacaq.

Müasir cəmiyyətdə konfliktlər və təbəqələşmə daha aydın şəkildə sosial-siyasi həyatın ayrılmaz aspekti, vətəndaş cəmiyyətnin mövcudluğunun özünəməxsus “ruhu” kimi qəbul edilir. Potensial siyasi həyat özündə konfliktləri ehtiva edir, axı o cəmiyyətdə olan mövqelərin və maraqların bütün spektrini, bütün rəngarəngliyini özünə çəkir. Məhz bu, dünyanın əksər ölkələrində mövcud olan belə şərait R.Darendorf, L.Kozer və başqaları kimi siyasi nəzəriyyəçilərə “konfliktlər məktəbi” siyasi fikrini formalaşdırmağa təkan vermişdir. Bu məktəbin nümayəndələri hesab edirlər ki, “sosial proseslərdə konfliktlərin olması təbiidir və onların saxlanması və dəyişdırilməsi zamanı sistemə təhlükə yaranacağı mütləq deyil”. Məsələn, K.Marksdan fərqli olaraq R.Darendorf iddia edir ki, müasir industrial cəmiyyətlərdə sinfi ziddiyyətlər mövcud olsa da, ancaq onlar institutlaşdırılmış, cəmiyyətin sosial-iqtisadi strukturlarına daxil edilmişdir. L.Kozer bu fikri davam etdirərək qeyd edir ki, “normal cəmiyyətdə konfliktlər sadəcə neytrallaşdırılmır, çünki onlar həm də bir sıra mühüm funksiyalar yerinə yetirirlər”.

Beləliklə, konfliktlər əvvəla, siyasi müxalifətin meydana gəlməsinə səbəb olur, ikinci tərəfdən isə onun inistitutlaşmasına kömək edir. Buna baxmayaraq, prinsipcə onlar nəinki müxtəlif sosial-siyasi qüvvələrin  əməkdaşlığını, onlarla kompromisdə olmasını rədd etmir, həm də onları nəzərdə tutur. Bunun əksinə olaraq o cəmiyyətlərdə ki, müxalifət var, amma leqallaşdırılmamışdır, konfliktlərin nəticələri destruktiv təsir göstərmək imkanındadır. Əməkdaşlıq və koflikt burada hər şeydən əvvəl bir-birini inkar edən yox, bir-birini tamamlayan başlanğıcdır. R.Darendorf bununla əlaqədar qeydlərində yazır ki, “ totalitar monizm - konflikt var və məhv edilməlidir,  homogen və unufikasiya edilmiş sosial-siyasi qayda işlərin arzu olunan vəziyyətidir əqidəsinə əsaslanır... Digər tərəfdən, azad cəmiyyətlərdə plüralizm sosial konfliktin etirafına və qəbul oluna bilməsinə söykənir. Azad cəmiyyətlərdə konflikt elə də  kəskin və intensiv olmaya bilər, ancaq prinsipcə o, qalır və gələcəkdə də mövcud olacaqdır”.

Özünün mövcudluğu modusu ilə konflikti və müxalifəti qovmaq təcrübəsini qəbul etmiş cəmiyyətin zaman keçdikcə özünütənzimləmə və özünüinkişaf mexanizmini itirməsi, dövlətin formalaşmış balansının tədricən dağılması qaçılmazdır. Sosial-siyasi qarşılıqlı təsir dinamikası burada ciddi şəkildə reqlamentləşdirilir. Siyasi rejim ona zəruri olan dinamizmdən məhrum olur, siyasi əlaqələr, strukturlar, normalar daha çox sərt və hərəkətsiz olurlar. Ona görə də, təbii ki, bu qəbildən olan rejimlər ətraf mühitin narazı hərəkətlərinə pis adaptasiya olunurlar. Adaptasiyanın son nəticəsi də, hər şeydən əvvəl,  əlbəttə ki, sistemin daxili təşkilatının islahatı deyil, əsaslı şəkildə dəyişməsi olur. Onu bu istiqamətə aparan proseslərə gəldikdə isə qeyd edilməlidir ki, onlar cəmiyyət üçün ağrılı nəticələrə aparıb çıxarır: indiki halda müharibələr və inqilablar belə nəticələrdəndir və hazırda bunların istisna olmadığı göz önündədir. Ərəb dünyasının hələ də müharibə girdabından qurtara bilməməsi, Ukraynadakı son hadisələr və sairə, cərəyan edən proseslərin acı nəticələridir. Amma etiraf etmək lazımdır ki, qeyd etdiyimiz konfliktlərin geniş forma almasında kənar təsirlər də istisna deyil və növbəti məqalələrimizin birində biz bu məsələni daha geniş təhlil etməyə, ən azından, demokratiya pərdəsi altında “rəngli müdaxilələrin” xalqları hansı fəlakətə sürüklədiyinə qiymət verməyə çalışacağıq.

Hakimiyyətin məqsədlərinə və dəyərlərinə loyallıq dərəcəsinə görə müxalifəti hakimiyyətyönlü, neytral və barışmaz tiplərə, həmçinin partiyaların, “kölgə kabinetlərinin” daxil olduğu inistitutlaşdırılmış və ideyaların tənqidi ilə məhdudlaşan institutlaşdırılmamış formalara ayırmaq olar. İstənilən tip müxalifətin başlıca xarakteristikası onun sıx birliyi, mütəşəkkilliyi, kütləviliyi, leqal və qanuni etiraz vasitələrinə münasibəti ilə ölçülür. Bəzən müxalifət hakim dairələrin öz içindən, məsələn, hakimiyyət sisteminin ideallarından məyus olmuş elitanın bir hissəsindən də formalaşır.

Siyasi müxalifətin xüsusi tipi mərkəzçi mövqeyə söykənir. Onun formalaşdırdığı vəzifələr aqressiv xarakter daşımır və prinsipal razılaşmaya istiqamətlənir. Bununla belə, onlarda innovasiyalar qarşısında sabitliyə üstünlük vermək, istər hakimiyyətin, istərsə də siyasi spektrın əks qanadlarının formalaşdırdığı pozitiv olan hər şeyə rasional-praqmatik yanaşma mövcuddur. Mərkəzçilərin siyasi tələbləri sıx şəkildə hakimiyyətin leqal mexanizmlərlə ötürülməsi,  zoru rədd etmək, qarşıdurma yaradan ritorikadan imtina etmək və hakimiyyətin qəbul etdiyi qərarlara real cavabdehliyinin əldə edilməsinə çalışmaqla bağlıdır. Lakin rasional və barışıq mövqeyi sərt mövqelərə istiqamətlənən seçicilərə heç də həmişə aydın olmur və bu da intensiv siyasi mübarizə gedən ölkələrdə barışıq strategiyasının imkanlarını məhdudlaşdırır.

Məlumdur ki, demokratik sistemin hakim olduğu ölkələrdə bir qayda olaraq müxalifətə münasibətdə mütəhərrik taktika həyata keçirilir və bu da onun hakimiyyətə loyallıq dərəcəsindən asılı olaraq müəyyənlləşdirilir. Bu zaman çox fəal şəkildə siyasi loqrollinq texnologiyasından (rəqiblərlə sövdələşmə, onlarla danışıqlar aparmaq) istifadə olunur, müxalifət dəstələrinin qismən qarşısı alınır və onlarla koalisiya yaradılır. Maraqların uyğunlaşdırılması üçün razılaşma komitələrinin, parlamentin arbitraj komissiyalarının yaradılması, dəyirmi masaların keçirilməsi kimi mexanizmlər daha  geniş hal alır. Belə yanaşmalar zamanı müxalifət heç vaxt axıra qədər vahid qüvvə kimi qala bilmir, ziddiyyətlər səngiyir,  hakimtiyyət  üçün təhlükə azalır və cəmiyyətin inteqrasiya səviyəsi yüksəlir. Müxalifətin loyallıq dərəcəsini müəyyənləşdirməkdə maraqlı olmayan  və birmənalı şəkildə onun bütün təbəqələrinə neqativ yanaşan totalitar və avtoritar rejimlərdə isə vətəndaşların istənilən etiraz fəaliyyətləri potensial təhlükə, onunla hər hansı qarşılıqlı fəaliyyət zora təşviq etmə  kimi qiymətləndirilir və bu da vətəndaşların siyasətdən və hakimiyyətdən kənarlaşdırmasını gücləndirir.

Müxalifət qüvvələri hakimiyyətin onların fəaliyyətinə reaksiyasına, dövlətin qəbul etdiyi qərarlara təsir dərəcələrinə, KİV-ə çıxışın həcminə, hakimiyyətə tənqidi münasibətə mütənasibət olaraq fərqlənirlər. Onlar hakimiyyətə qarşı dövlət üçün dağıdıcı nəticələrə səbəb ola biləcək qeyri-leqal silahlı müqavimətlər, inqilablar, üsyanlar, iğtişaşlar, vətəndaş müharibələri başlaya bilərlər. Buna baxmayaraq, müxalifət həm də hakimiyyətin sabitliyi məqsədilə etiraz dalğalarının təziyqini aşağı salmaq, necə deyərlər “qaynar qazandan buxarı buraxmaq üçün qapaq” rolunu oynaya və hətta xarici ictimai rəyi aldatmaq, hakimiyyətə demokratiya  donu geydirmək məqsədilə sadəcə dekorativ funksiya da daşıya bilər.

Hakimyyət üçün ən çətin problemləri hakimiyyətin dəyərlərini tanımayan, daim seçkilərin nəticələrinə yenidən baxılmasını tələb edən, siyasi oyunların normalarını tanımayan və etirazın silahlı formalarını seçmək tendensiyası olan barışmaz müxalifət yaradır. Barışmaz müxalifət tez-tez seçkilərdə iştirak etməkdən imtina edir, təxribatlara əl atır, kənar ölkələrdə özünə müttəfiqlər axtarır, öz tələblərinə beynəlxalq dəstək üçün müraciət edir, cəmiyyəti inandırmağa çalışır ki, hakim rejim xarici ölkələrin maraqlarına xidmət edir və hakimiyyəti də qanuna zidd fəaliyyəti və ya beynəlxalq gizli sui-qəsd nəticəsində ələ keçirmişdir. Barışmaz müxalifətin özünü aparmaq üslubunu xarakterizə edən tanınmış politoloqlar onun cəbbəxanasına aşağadakıları daxil edirlər: sistem yönlü partiyaları təmsil edən siyasi xadimləri gözdən salmaq üçün  sistematik olaraq onlara qara yaxmaq, ləkələmək, daim parlamentdə qaraşıqlıq salmaq, xüsusi olaraq böhranı dərinləşdirmək üçün hazırlanmış təklifləri dəstəkləmək, hökuməti nüfuzdan salmağa yönəlmiş fəaliyyət, hökumətlə danışıqlarda qabaqcadan qəbul edilməsinin mümkünsüzlüyü bəlli olan təkliflər irəli sürmək. Bu cür fəaliyyət obyektiv olaraq ideya-siyasi qütbləşməyə, cəmiyyətin parçalanmasına, hətta dağılmasına aparıb çıxarır. Bu mənada, təkcə hakimiyyətə qarşı deyil, həm də bütün cəmiyyətə qarşı çıxan separatçı hərəkatlar, radikal, ekstremist və anarxist qruplaşmalar xüsusilə böyük problemlər yaradırlar. Amma bütün bunlara baxmayaraq, prinsipcə rəqabətli demokratiya olan yerdə hətta barışmaz müxalifət belə siyasi sistemə düzlənəcək. Məsələn, XX əsrdə Avropadakı sosial- demokratlar kimi. Son illərin hadisələri, dünyada etiraz nümayişlərindən rəngli inqilablara aparan olaylar göstərir ki, barışmaz müxalifət etirazlara başçılıq edib  rejim əleyhinə müqavimət hərəkatının lideri kimi hakimiyyəti devirməyə də nail ola bilər. Biz XX əsrin bir çox mərhələlərində, ən azından gənc müstəqil Azərbaycanda müstəqilliyimizin bərpasının ilk illərində müxalifətçiliyin qatı radikalizminin şahidi olmuşuq.

Tarixən radikalizm əksər hallarda açıq bəyan etdiyi məqsədlərə uyğun olmayaraq,  zorla müşaiyət olunan metod və vasitələrə  daha çox meyllidir. Təbii ki, indiki şəraitdə bu Azərbaycan üçün məqbul sayıla bilməz. Çünki o ekstremizmə qoşula bilər və tədricən ona keçəcək ki, bu da özünün konkret, praktik-siyasi ifadəsini siyasi terrorizmin müxtəlif formalarında göstərəcək. Qeyd etdiyim kimi, ötən 20 ilin müxtəlif vaxtlarında biz bunun şahidi olmuşuq: 1994-cü il oktyabr, 1995-ci il mart dövlət çevrilişi cəhdləri, dövlət başçısının təyyarəsini vurmaq və ona qarşı sui-qəsd halları elə də uzaq keçmiş deyil. Bunların hər birində birbaşa radikal müxalifətin təşkilatçılığı faktının olması danılmazdır. Belə olan halda ortaya belə bir sual çıxır: Müxalifət faydalı rəqibdir, yoxsa qorxulu düşmən?!

Bugünkü radikal müxalifətin göstərdiyi cəhdlərin və fəaliyyətinin  məramları bəllidir: artıq iki onillikdir ki, siyasi  hakimiyyət elitadadır, müxalifət də gah hakimiyyət üçün növbəyə durur, gah da onunla bərabər şəkildə rəqabət aparmağa qadir olmadığından ən radikal şüarlara əl atır.

Ancaq bir tendensiya vətəndaş olaraq mənə bir rahatlıq gətirir ki, dövlət möhkəmləndikcə bu qəbildən olan siyasi qüvvələrin radikal cəhdləri ölkədə heç bir dəstək qazanmır və onlar cəmiyyətdəki mövqelərini itirməkdə davam edirlər. Bax, bu yerdə siyasət aləmində populyar olan belə bir deyim tam yerinə düşür: Hakimiyyətdə olmayan siyasətçi sadəcə məişət intriqaçısıdır. Bunu xalqımız indi daha yaxşı başa düşür.

 

 

Arzuman MURADLI,

 politoloq, iqtisadiyyat üzrə fəlsəfə doktoru 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında