2013-cü ildə keçirilən prezident seçkilərində sarsıdıcı məğlubiyyətə uğrayan radikal müxalifət nümayəndələrinin, demək olar ki, səs-səmirləri kəsilib. Söz yox ki, seçki başa çatandan sonra beş-on nəfər toplaşıb, guya, kimlərinsə onları dəstəklədiyini sübut etmək istəyirdi.
Bu aksiyanın əsas təşkilatçıları olan AXCP-Müsavat Partiyasının rəhbərlərinə elə öz həmfikirlərindən tutarlı cavablar gəldi. Ancaq sonrakı mitinq çağırışlarına səs verən olmadığından, onlar da susmaq məcburiyyətində qaldılar.
Beynəlxalq birlik, dünyanın nüfuzlu ölkələrinin liderləri seçkilərdə parlaq qələbə qazanmış Prezident İlham Əliyevi təbrik etdikdən sonra radikal müxalifətin arqumentləri də bitmiş oldu. Bundan sonra başları daxili çəkişmələrə qarışdı. Bu münaqişə əsasən AXCP-Müsavat Partiyası arasında oldu. Onları ifşa edən öz həmfikirləri açıq şəkildə bəyan edirdilər ki, son 20 ildə xalqı və müxalifəti yalan vədlərlə aldatmaqla məşğul olan Əli Kərimli, İsa Qəmbər və ətrafındakılar siyasət meydanından birdəfəlik çəkilməlidirlər.
Müxalifətdə olan siyasi partiya sədrləri də etiraf edirlər ki, AXCP - Müsavat qarşıdurmasında əsas məqsəd antiazərbaycan dairələrin ölkəmizdə çaşqınlıq yaratmaq üçün ayırdığı qrantdan daha çox qamarlamaqdır. Ölkəmizin inkişafını, beynəlxalq aləmə sürətli inteqrasiyasını və reytinqinin yüksəlməsini qəbul etmək istəməyən Müsavat Partiyası və AXCP rəhbərlərinin qarşıdurması artıq konstruktiv müxalifət nümayəndələrini də təngə gətirib. Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə bu iki partiya arasındakı münaqişənin yaranma səbəblərinə münasibət bildirərkən deyib ki, AXCP və Müsavat Partiyası rəhbərlərinin siyasi mədəniyyətləri olsaydı, çoxdan siyasətdən gedərdilər.
Müsavat Partiyasının “Milli Şura”dan çıxmasından sonra AXCP ilə münasibətlərinin kəskinləşməsinə münasibət bildirən A.Əlizadə bildirib ki, onlar bununla gündəmdə qalmağa çalışırlar: “Belə bir atalar misalı var: “Oğru elə qışqırdı ki, doğrunun bağrı çatladı”. Amma Müsavat ilə AXCP-yə gəldikdə, burada “oğru elə qışqırır ki, oğrunun bağrı çatlayır”. Yəni, burada doğru yoxdur, ikisi də oğrudur”.
ASDP sədri vurğulayıb ki, bu iki partiya arasında münasibətlərin bu cür olmasının çox sadə izahı var: “Bu insanların savadı, dünyagörüşü ambisiyalarından qat-qat aşağıdır. İndiki halda anlayırlar ki, heç bir ictimai dəstəkləri yoxdur. Bu səbəbdən gündəmdə qalmaq üçün min cür hoqqadan çıxırlar”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə AXCP və Müsavat arasında gərginliyi qrup və fərdi maraqların önə çəkilməsi ilə izah edir. Onun qənaətinə görə, belə olan halda ziddiyyətlər qaçılmaz olur. S. Cəlaloğlunun fikrincə, bu iki partiya daxilində gərginliyin son həddə çatması müxalifət düşərgəsində də çoxlarına bəllidir. Partiya sədri deyib ki, AXCP və Müsavatın həm İctimai Palatadakı, həm də “Milli Şura”dakı münasibətini “mehriban düşmən” kimi obrazlı xarakterizə etməsək də, bu birliyin qeyri-səmimi olduğu göz qabağındadır. Bu, cəmiyyətə də bəllidir. Müxalifətin bu qurumlarda birləşməməsinin əsas səbəbi də həmin gərginlikdir”.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orcuov da bu məsələ ilə əlaqədar açıqlama verərkən deyib ki, AXCP-Müsavat qarşıdurması birinci dəfə deyil və sonuncu da olmayacaq. AXCP ilə Müsavat Partiyası arasındakı münaqişənin diqqətçəkən məqamlarından biri də budur ki, bu iki partiya arasındakı ən gərgin münasibətlər məhz seçkilərin keçirildiyi dövrə təsadüf edir. Arxada qalan seçkilərin tarixinə nəzər salsaq görərik ki, bu partiyalar seçkilərə guya birgə qatılmaq üçün əvvəlcədən qondarma bir qurum yaradırlar. Seçki yaxınlaşanda isə hansı partiyanın birinci olacağı barədə mübahisələr başlanır. Birincilik davasında da heç də əsas məqsədin seçkilərdə qalib gəlməsi deyil. Seçkilər ərəfəsində radikal müxalifəti ortalığa atan ermənipərəst dairələr hakimiyyətin əleyinə daha çox iftira atanlara çirkli pullardan çox pay ayıracağını deyir. AXCP ilə Müsavat Partiyası rəhbərlərinin isə əsas davası bu çirkli pullardan kimin daha çox qamarlaması üstündə baş verir. Dünənə qədər birlik görüntüsü yaratmaq istəyən bu iki partiya mənsubları sonradan bir-birini ən kəskin şəkildə rüsvay edirlər. Hətta, kimlərinsə verdikləri pullar hesabına mövqelərini, simalarını tez-tez dəyişmələrini, dünən birinin, bu gün isə başqa birisinin arxasına düşdüklərini də açıq şəkildə bəyan edirlər.
Müsavat Partiyasının nümayəndəsi Azər Ayxanın AXCP sədrinin müavini Nurəddin Məmmədli haqqında yazdıqları buna parlaq misaldır.
A.Ayxan “Facebook” səhifəsində yazır: “AXCP sədrinin müavini Nurəddin Məmmədli kimi bir adamın müxalifətçilikdən, əqidədən, haqdan, ədalətdən danışmağa haqqı yoxdur. Nurəddin Məmmədli öz liderini, partiya sədrini 500 dollarlıq maaşa satıb aradan çıxanın birisidir. 2003-cü ildə Sərdar Cəlaloğlu türmədə ola-ola Nurəddin Məmmədli bütün mənəvi hədləri aşaraq, ADP-dən AXCP-yə gəldi. Bunun da bircə səbəbi var idi: seçkidən sonra Rəsul Quliyev buna verdiyi aylıq məvacibi dayandırmışdı. Bu 500 dollarlıq siyasət muzduru da ilk fürsətdəcə aradan çıxdı...Sabah Əli Kərimli bunun maaşını kəssin, görün nə biabırçılıqlar edir. Bu adama heç AXCP-də də hörmət qoymurlar. Kim kefini durultmaq istəsə, onu ələ salıb əylənir”.
Göründüyü kimi, AXCP - Müsavat qarşıdurması artıq ən gərgin mərhələyə qədəm qoyub. Müraciət etdiyimiz siyasi partiyaların funksionerləri də bunu təsdiqlədilər.Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov son günlər bu iki partiya arasında yaranan narazılıqlara münasibət bildirərkən dedi:
– Azərbaycan ictimaiyyəti şahiddir ki, istər həmin partiya funksionerləri, istər mətbu orqanları tərəfindən bir-birlərinə qarşı kəskin ittihamlar səsləndirilir. Bu, bir daha sübut edir ki, ümumi maraqlar deyil, şəxsi maraqlar hər şeydən üstün olduğuna görə həmin partiyalar arasında belə gərginlik yaşanır.
YAP icra katibinin müavini vurğuladı ki, AXCP və Müsavat Partiyası arasındakı qarşıdurmalar əbədidir. 1992-ci ildən başlayaraq, AXCP-Müsavat arasında bəzən gözlə görünməsə də, əslində daha kəskin xarakter alan qarşıdurma mövcuddur.
Vaxtilə AXC-Müsavat Partiyasının rəhbərləri ilə çox yaxın münasibətdə olan, Milli Azadlıq Hərəkatının üzvlərindən sayılan Ramiz Tağıyev də açıqlamasında bu iki partiya arasında yaranmış münaqişənin əsas səbəbini xarici düşmənlərimiz tərəfindən verilən çirkli pullardan daha çox əldə etməkdə gördüyünü bildirdi. Onun fikrincə, bu partiyaların ölkənin siyasi həyatında olan fəaliyyəti gözə dəymir. Onların özləri də bunu gözəl anlayır. Yalnız seçkidən-seçkiyə meydana çıxmaq imkanları olduğu üçün dava-dalaş da bu vaxta təsadüf edir. Siz mənə bir nəfər Müsavat və ya AXCP funksioneri göstərə bilərsinizmi ki, o, seçkiləri əhatə etməyən dövrdə gedib bölgələrdə əhali ilə demirəm, heç olmasa, öz partiya üzvləri ilə görüşsün? Bunlar iqtidarla mübarizədə gücsüz olduqlarını çoxdan qəbul ediblər. Öz aralarında didişmələrinin sirri isə ana müxalifət olmaq istəyi ilə bağlıdır. Hər iki partiya hakimiyyətə gəlmək uğrunda deyil, müxalifətdə liderlik uğrunda və xaricdən göndərilən qrantlardan daha çox qamarlamaq üçün mübarizə aparır. Onlar gözəl bilirlər ki, hakimiyyəti idarə etmək üçün heç bir qüvvələri, savadları və kadr potensialları yoxdur. Bəli, bu dava-dalaş hələ uzun sürəcək. O vaxta qədər ki, onlar siyasət meydanından birdəfəlik getməlidirlər. Bunun isə artıq vaxtı çatıb.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.