Respublikamızın xarici siyasətində əsas hədəflərdən biri də Qərbə inteqrasiya, qarşılıqlı təcrübə mübadiləsi çərçivəsində qabaqcıl texnologiyalardan bəhrələnmək və ümumilikdə, Cənubi Qafqaz regionunu maraqların toqquşduğu məkana deyil, əməkdaşlıq, sülh və təhlükəsizlik məkanına çevirməkdir. Bu mənada, yeni qlobal tarazlaşma proseslərində böyük təsir imkanları olan Avropanın qabaqcıl ölkələri, həmçinin Avropanın ixtisaslaşmış qurumları ilə bölgənin lider dövləti səviyyəsinə yüksəlmiş Azərbaycanın əməkdaşlığının genişlənməsi böyük əhəmiyyət kəsb edir. Avropa Şurası ilə Azərbaycan əlaqələrinin inkişafı da bu baxımdan önəmlidir.
Azərbaycan Respublikası 1993-cü ilin yayından etibarən demokratiya, insan hüquq və azadlıqları kimi universal dəyərləri özünün daxili siyasətinin prioritetləri şəklində qəbul etmiş, bu istiqamətdə lazımi islahatlar həyata keçirərək beynəlxalq ictimaiyyət tərəfindən alqışlanan konkret addımlar atmışdır. Demokratik cəmiyyətin atributlarından olan vətəndaş cəmiyyətinin bərqərar edilməsini, xalqın iradəsini ifadə edən, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin edən qanunvericilik bazasının olması müstəqil dövlətimizin tarixi nailiyyəti kimi qiymətləndirilməklə yanaşı, onun Avropa Şurası kimi qurumlarla əməkdaşlığının inkişafına da müsbət təsir göstərmişdir. Proseslərin gedişi belə deməyə əsas verir ki, bu gün Azərbaycanın Avropa Şurasındakı mövqeləri getdikcə möhkəmlənir. Əvvəlcə onu qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının bu il yanvar ayının 27-də öz işinə başlayan qış sessiyasının ilk iş günündə xanım An Brassör qurumun sədri seçilib. Bu hadisə Azərbaycan ictimaiyyəti tərəfindən razılıqla qarşılanıb. Çünki digər qərəzli insanlardan fərqli olaraq daim obyektiv mövqedən çıxış edən xanım An Brassör ölkəmizə müsbət münasibət bəsləyir. Jurnalistlər üçün keçirdiyi brifinqdə də AŞPA sədri Azərbaycanla münasibətlərə toxunaraq deyib: “Mən neçə illər burada Azərbaycan nümayəndə heyəti ilə işləmişəm və onlarla çox yaxşı münasibətlərim var. Bundan başqa, 2012-ci ildə Azərbaycan parlamentinin sədri ilə görüşmə imkanım olub. Təbii ki, bəzi məsələlərdə fərqli baxışlarımız ola bilər, amma əsas olan dialoqun olmasıdır. Hər şey danışıqlardan keçir, danışmasaq, müzakirələr aparmasaq, bu və ya digər məsələlərdə irəliləyişə nail ola bilmərik. Eyni zamanda, hər hansı bir ölkəyə münasibətdə onun tarixini, mədəniyyətini də tanımalıyıq. Mənim assambleyada uzun illərdir tanıdığım Azərbaycan nümayəndə heyətinin rəhbəri ilə çox yaxşı münasibətlərim var və hesab edirəm ki, bu və ya digər məsələlərdə biz birgə işləməklə yavaş-yavaş hansısa irəliləyişlərə nail ola bilərik. Xüsusilə də qarşıdan Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik dövrünün gəldiyi bir vaxtda”.
Yeri gəlmişkən, bu ilin iyun ayında müstəqil ölkəmizin tarixində növbəti əlamətdar bir hadisə baş verəcək. Azərbaycan 2014-cü ilin iyun ayından başlayaraq altı ay müddətində Avropa Şurasının Nazirlər Komitəsinin sədri funksiyasını yerinə yetirəcək. Yəni ölkəmiz Avropa Şurası Nazirlər Komitəsinin sədri kimi 47 ölkəyə rəhbərlik edəcəkdir. Bu, tarixi bir hadisədir. Biz 2001-ci ildə Avropa Şurasının üzvü olmuşuq. 2014-cü ildə isə belə bir tarixi şans yaranıb. Bu məsələ rotasiya prinsipi əsasında həyata keçirilir. Növbəti belə bir rəhbərlik 22 ildən sonra olacaqdır. Artıq ölkəmizin sədrliyi çərçivəsində Avropa Şurası ilə Fəaliyyət Planı adlı sənəd geniş müzakirə olunur. Bununla əlaqədar AŞ yanında Daimi Nümayəndəliyimiz və AŞ yanında səfirimiz, o cümlədən deputatlarımız konsultasiyalar aparırlar. Bu, ona görə əhəmiyyətlidir ki, Azərbaycan üçün əhəmiyyətli olan məsələlər Fəaliyyət Planına daxil ediləcəkdir. Onu da deyək ki, bu il may ayının sonunda AŞPA-nın Daimi Komitəsinin iclasının Bakıda keçirilməsi üçün də hazırlıq işlərinə başlanılıb. Sevindirici digər bir məqam da ondan ibarətdir ki, AŞPA-nın yeni sədri xanım An Brassör Azərbaycanın AŞ-də sədrliyi zamanı Bakıya səfər edəcəyini də söyləyib.
Onu da qeyd edək ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da qış plenar sessiyasında yenidən qurumun vitse-prezidenti seçilib. Bu çərçivədə qurumun Monitorinq Komitəsinə sədr seçkiləri də keçirilib. Avstriyalı parlamentar Stefan Şennah böyük səs çoxluğu ilə 2 il müddətinə AŞPA-nın Monitorinq Komitəsinin sədri vəzifəsinə seçilib. S. Şennah bu postda estoniyalı parlamentar, AŞPA-nın Azərbaycan üzrə keçmiş həmməruzəçisi Andres Herkeli əvəz edib. Ümid edirik ki, cənab Stefan Şennah ölkəmizə münasibətdə ikili standartlara yol verməyəcəkdir.
Yanvarın 28-də AŞPA qış sessiyasının ikinci gününün plenar iclasında Avropa Şurasının baş katibi Tyorbörn Yaqland assambleya üzvləri qarşısında təşkilatın fəaliyyəti haqda hesabat verib. Bundan sonra Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynovun cənab Yaqlanda ünvanlandığı suala onun verdiyi cavab da göstərir ki, artıq Avropada Azərbaycanın haqq səsi daha gur şəkildə duyulmaqdadır. R.Hüseynov sualında Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycan ərazilərinin işğalı ilə bağlı məqamlara toxunaraq demişdir ki, nəyə görə AŞ 10 ildir Ermənistanın təcavüzkar siyasətinə dözür və işğalçı dövlətə qarşı heç bir sanksiya tətbiq etmir? T.Yaqland baş katib olduğu 5 il ərzində bu məsələdə heç bir irəliləyişin olmadığını etiraf etmiş və Avropada həll olunmamış münaqişələrin hələ də qalmasından təəssüfləndiyini bəyan edərək demişdir: “Bu problemin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur, ancaq bu məsələdə Avropa Şurasının da üzərinə böyük məsuliyyət düşür. Çünki bu məsələnin əsasını təşkil edən insan haqları problemi Avropa Şurası üçün prioritet olaraq qalmaqdadır. Avropada “qara nöqtələr” adlandırdığımız yerlər var ki, orada konvensiyamız təəssüf ki, qüvvədə deyil və biz oraya müdaxilə edə bilmirik”. Təbii ki, cənab Tyorbörn Yaqlandın insan haqları məsələsini vurğulaması heç də təsadüfi deyil. Məlumdur ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində bir milyon iki yüz min azərbaycanlının haqları kobud şəkildə pozulmuş, onlar ev-eşiklərindən didərgin salınmış, mülkiyyət hüquqları ayaqlar altına alınmış, bir çox azərbaycanlı isə insanlığa sığmayan vəhşiliklə qətlə yetirilmişdir. Bu mənada Avropa Şurasının bu məsələyə diqqət yetirməsi mühüm əhəmiyyətə malikdir.
AŞPA-nın qış plenar sessiyasında “İnternet və siyasət: yeni informasiya və kommunikasiya texnologiyalarının demokratiyaya təsiri” adlı hesabatın müzakirəsi zamanı Azərbaycanda internetin azad olduğu və ondan istifadəyə heç bir məhdudiyyət qoyulmadığı diqqətə çatdırılıb. Mövzu ətrafında çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qeyd edib ki, dövlət orqanları və vətəndaşlar arasında real vaxtda sabit ictimai-siyasi fikir mübadiləsi davam edir. Elektron hökumətin yaradılması təqdir olunur, insanlar və hökumət arasında daha güclü, daha şəffaf və daha asan əlaqələrin qurulmasında internet böyük bir töhfədir. İnternet vasitəsi ilə gənclər siyasi liderlər, siyasi partiya və bloklar, onların platforması haqqında məlumat əldə edir və bu onların əsas informasiya mənbələrindən birinə çevrilir.
S. Fətəliyeva çıxışında Azərbaycanda internetin azad olduğunu da diqqətə çatdıraraq deyib: “Müasir dünyada internet demokratiyanın, söz və ifadə azadlığının göstəricisidir. Azərbaycanda internet azaddır. Ölkəmizdə internet azadlığı bizim əsas nailiyyətlərimizdən biridir. Bu gün əhalinin təxminən 65 faizi internet istifadəçisidir. İstər bloqqerlər, istər media nümayəndələri internet vasitəsilə də öz fikirlərini azad ifadə edirlər, hər hansı daxili və ya xarici informasiya resurslarının istifadəsinə məhdudiyyət qoyulmur. Hər bir ölkədə olduğu kimi sosial şəbəkə həyatımızın ayrılmaz hissəsinə çevrilib. İfadə azadlığı, plüralizm və cəmiyyətin inkişafı üçün vacib olan digər şərtlər obyektiv məlumatın əldə edilməsində, tam demokratik idarəçiliyə nail olmaqda mühüm amillərdir. Vətəndaş cəmiyyətinin inkişafında və demokratik sistemlərin tərəqqisində internetdən və sosial şəbəkələrdən lazımınca istifadə vacibdir”. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvünün çıxışı diqqətlə dinlənilib və bu istiqamətdə Azərbaycanda gedən inkişaf prosesləri alqışlanıb. Təbii ki, bu da ölkəmizin imicinə müsbət təsir edən məqamlardandır.
Bu gün sürətlə inkişaf edən, siyasi və iqtisadi islahatlar apararaq böyük uğurlar qazanan, Cənubi Qafqaz regionundakı inkişafa, sabitliyə və təhlükəsizliyə böyük töhfələr verən Azərbaycan Avropa Şurasının dəyərli üzvü, onunla sıx əməkdaşlıq edən etibarlı tərəfdaşıdır. Lakin görünən odur ki, Azərbaycanın Avropaya inteqrasiyasında göstərdiyi qətiyyət islamafobiya, ksenofobiya xəstəliyinə düçar olmuş bəzi dairələri, erməni lobbisini, o cümlədən ölkəmizdə bu dairələrlə əməkdaşlıq edən bəzi üzdəniraqları ciddi narahat edir. Biz bunun təzahürlərini bəzi Avropa qurumları tərəfindən Azərbaycana qarşı çirkin kampaniya aparılarkən də, ölkəmizdəki bəzi mətbuat orqanlarında əsassız məlumatlar yayılarkən də görə bilərik.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bəzi mətbuat orqanlarında Azərbaycan-Avropa münasibətləri haqqında yayılan əsassız xəbərlərlə bağlı danışarkən demişdir ki, son vaxtlar bəzi mətbuat orqanlarında Avropa-Azərbaycan, Avropa Şurası-Azərbaycan münasibətlərinə dair yayılan məlumatların heç bir əsası yoxdur. Təbii ki, Azərbaycan-Avropa münasibətləri getdikcə möhkəmlənən və müxtəlif sahələri əhatə edən əlaqələr kimi qiymətləndirilməlidir. Bu nöqteyi-nəzərdən Azərbaycan-Avropa münasibətləri xüsusi diqqətə layiqdir. Bu yaxınlarda Prezident İlham Əliyev Azərbaycan-Avropa münasibətləri haqqında bir neçə dəfə ən yüksək tribunalarda və səviyyəli görüşlərdə demişdir ki, bu əlaqələr yeni bir mərhələyə yüksəlməli, hətta Assosiativ Sazişdən daha da yüksək, yəni, strateji tərəfdaşlıq səviyyəsinə qalxmalıdır. Əlbəttə, bu münasibətlərə həm mediada, həm də siyasətçilər arasında xüsusi diqqət vardır.
Səməd Seyidov qeyd etmişdir ki, bir müddətdən sonra Azərbaycan Avropa Şurasına sədrliyə başlayır. Buna görə də bəzi qüvvələr Azərbaycan-Avropa Şurası münasibətlərinə hansısa formada xələl gətirmək niyyətindədir. Məsələn, mətbuatda görürük ki, Avropa Şurası və Avropa Parlamenti məsələləri qəsdən qarışdırılır. Avropa Şurasında ümumiyyətlə olmayan və heç bir məntiqə sığmayan məsələlər, guya, Avropa Şurasında baş verirmiş kimi təqdim edilir. Bir müddət bundan əvvəl guya Avropa Şurasında separatçı qüvvələrin toplantısının keçiriləcəyi ilə bağlı məlumat verilmişdi. Sonra məlum oldu ki, Avropa Parlamentinin bir neçə deputatı tərəfindən Brüssel şəhərində təşkil olunmuş bir təxribatçı yığıncağa Avropa Parlamentinin təşəbbüsü kimi və hətta Avropa Parlamentinin əvəzinə Avropa Şurası kimi təqdim edilməyə cəhd göstərilmişdir. Görünür, Səməd Seyidovun qeyd etdiyi kimi, Azərbaycan-Avropa münasibətləri dərinləşdikcə, bu əlaqələrə xələl gətirmək üçün həqiqətə uyğun olmayan məlumatların yayılması cəhdləri çoxalacaqdır. Ancaq bütün bu cəhdlər nəticəsiz qalacaqdır. Çünki gedən proseslər belə deməyə əsas verir ki, növbəti illərdə də Azərbaycan ilə Avropa İttifaqı və digər Avropa qurumları arasındakı əlaqələr inkişaf edəcək və bu əlaqələr strateji xarakter alacaqdır. Ancaq təbii ki, bu əlaqələr qarşılıqlı maraqlar və hörmət üzərində qurulmalıdır. Hər bir halda hüquqi dövlət və açıq cəmiyyət quran Azərbaycan Respublikasının beynəlxalq aləmdə artan nüfuzu, beynəlxalq təhlükəsizliyə və əməkdaşlığa verdiyi əvəzsiz töhfələr heç bir nüfuzlu beynəlxalq təşkilatın diqqətindən yayınmır. Bu baxımdan, əminliklə demək olar ki, Azərbaycan ilə Avropa Şurası arasındakı əlaqələr bundan belə də inkişaf edəcəkdir.
Rauf KƏNGƏRLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.