“Milli Şura” AXCP - nin filialına çevrilib

 

 

 

Prezident seçkisindən sonra radikal müxalifət düşərgəsində qarşılıqlı ittihamlar səngimək bilmir. Onlar məğlubiyyətlərinin səbəbini özlərində axtarmaq əvəzinə, günahı bir - birinin üstünə atır, özlərinə bəraət qazandırmaq istəyirlər. AXCP - Müsavat qarşıdurması isə getdikcə daha da gərginləşir. Bu partiyaların funksionerləri öz aralarında satqın və agent axtarmaqla məğlubiyyətlərini ört-basdır etməyə çalışırlar. Kənardan baxana elə gəlir ki, guya onlar bütün seçkilərdə qalib gəliblər və yalnız sonuncu prezident seçkilərində məğlub olublar.

Son 20 ildə ölkədə keçirilən bütün seçkilərdə radikal müxalifət seçicilərdən “rədd” cavabı alıb. Bu da xalqın radikalizmə nifrətindən irəli gəlir. Sonuncu prezident seçkilərindən sonra siyasi səhnədən birdəfəlik uzaqlaşmaq əvəzinə, yenidən gündəmdə qalmaq üçün min oyundan çıxan xəyanətkar dairələr bir-birlərinin satqınçılıqda ittiham edirlər. AXCP funksionerləri müsavatçıları, qarşı tərəf  isə cəbhəçiləri hakimiyyətə işləməkdə ittiham edirlər. Əslində isə hakimiyyətin radikal müxalifətə və ölkəmizin uğurlarını gözü götürməyən  ünsürlərə heç bir ehtiyacı yoxdur. İndi təkcə hakimiyyət nümayəndələrinə deyil, cəmiyyətə də bəllidir ki, ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzundan təlaş keçirən və  bəzi ermənipərəst beynəlxalq təşkilatlara “fakt” ötürən elə radikal müxalifət nümayəndələridir. Onlar bir-birlərini iqtidarın agenti adlandırmaqla, əslində, bundan xoşhal olurlar və yenidən gündəmə gəlmək istəyirlər.

Aydın məsələdir ki, ermənilərlə əməkdaşlıq edən, hakimiyyəti ələ almaq üçün mənfur düşmənlərimizlə danışıqlar aparan və ya saziş imzalayanlar nifrətə layiqdirlər. Xalq zaman - zaman  AXCP və Müsavat Partiyasının rəhbərlərinin belə çirkin yolun yolçusu olduğunu dəfələrlə görüb. Belə xəyanətkarların “xidməti” nə iqtidara, nə də ictimaiyyət nümayəndələrinə lazımdır. Odur ki, AXCP və Müsavat Partiyası funksionerlərinin bir-birlərini iqtidarın agenti adlandırmaları yalnız özlərinin iç üzlərini bəyan etməkdən başqa bir şey deyi. Bu mövzu son zamanlar yenidən gündəmə gəlib. Daha dəqiq desək, bir vaxtlar “Milli Şura” adlı qurumda toplaşıb “ölkənin taleyini həll edənlər” indi bir-birlərinə satqın damğası vururlar.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Müsavat Partiyası ilə qarşılıqlı ittihamların dayandırılmasının səbəbi barədə “Yeni Müsavat” qəzetinə verdiyi açıqlama ilə yenidən sükutu pozub. Qeyd edək ki, bir qədər əvvəl İsa Qəmbər öz tərəfdarlarına AXCP funksionerləri ilə “söz atışmasına” son qoymaq barədə göstəriş vermişdi. Həmin göstərişin əsas səbəbi radikal müxalifətin antimilli əməllərinin özləri tərəfindən açıqlanması olmuşdu. İ.Qəmbər demişdi ki, siz artıq camaatın bilmədiyi sirlərimizin də üstünü açırsınız. O,  Əli Kərimli ilə də danışacağanı və cəbhəçilərin də səsini kəsdirəcəyini bildirmişdi. Ancaq  cəbhəçilər səslərini kəsmədilər və müsavatçıları satqın adlandırdılar. Hətta, AXCP sədrinin müavini İsa Qəmbərin bu çağırışını artıq ifşa olunmaları ilə əlaqələndirdi.  F.Qəhrəmanlı  deyib ki, Müsavat Partiyasının  “Milli Şura”dan çıxması  kimlərinsə sifarişi idi və əvəzində müsavatçılar yaxşı hədiyyə də alıblar. Sonra isə  İsa Qəmbər deyir ki, artıq cəmiyyətə hər şey aydın olduğu üçün polemikalara ehtiyac yoxdur. AXCP sədrinin müavini müsavatçıların kimlərinsə sssenarisi üzrə hərəkət etdiyini bildirib və onları xəyanətkar adlandırıb.  Guya Müsavat Partiyasının  “Milli Şura”nı hansı səbəbdən tərk etməsi xalqa bəlli deyil?

AXCP sədrinin müavininin müsavatçıları satqınçılıqda ittiham etməsi özünü çox gözlətmədi. Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı da  “Yeni Müsavat”a açıqlamasında F.Qəhrəmanlının bu sözlərinə cavab olaraq bildirib ki, “ AXCP funksionerləri öz keçmişlərinə baxsalar, kifayət qədər şübhəli və qaranlıq məqamlar görə bilərlər. Adama deyərlər, öz gözündə tiri görməyən, başqasının gözündə tük axtarmaz. Yəni, satqınçılıqda və xəyanətdə  cəbhəçilərin tayı - bərabəri yoxdur. Onlar başqalarını ittiham etməkdənsə, özlərinin yaramaz əməllərindən danışsınlar.”

Müsavatçıların “Milli Şura”nı tərk etməsinə aydınlıq gətirən T.Abbaslı deyib ki, bu qurum artıq ölü bir təşkilatdır və  yaddaşlardan da tamamilə silinmək üzrədir. Əslində müxalifət nümayəndələrinin “Milli Şura” haqqında söylədikləri fikirlər hələ bu qurum yaranan vaxtlarda irəli sürülmüşdü. Əksər müxalifət nümayəndələri bu təşkilatı “bic uşaq”, “ölü doğulmuş uşaq” adlandırırdılar. İndi isə AXCP - nin filialına çevrilib. “Milli Şura”nın sədri Cəmil Həsənli bu qurumu qapı - qapı gəzdirib ona sahib axtarır. Ancaq ona sahib duran yoxdur. Cəmil Həsənlinin “EL” hərəkatına müraciətindən sonra da bir şey alınmadı. O, indi REAL adlı bir qurumun qapısını döyür. Ancaq Cəmil Həsənlini “Milli Şura” ilə görənlər onun üzünə qapı açmır. C.Həsənli İsa Qəmbərin oğlunu “Milli Şura”nın idarə heyətinə üzv seçməklə müsavatçıları bu yolla ələ almaq istədi. Lakin AXCP sədri  Ə.Kərimlinini  bu “ssenarisi də bir nəticə vermədi. Adı olub özü olmayan bir qurumun idarə heyətini yaratmaq gülünc qarşılandı.

“Milli Şura”nı qapı - qapı gəzdirən Cəmil Həsənliyə məsləhət verənlərdən biri də eks-spiker Rəsul Quliyev olub. O deyib: “Milli Şura”nın AXCP-nin filialı olduğu artıq sirr deyil. Cəmil Həsənli yaxşı olardı ki, şələ-küləsini yığışdırıb, Əli Kəriminin yanından uzaqlaşsın. Az-çox hörməti var idi, onu da “Milli Şura”da vurdu yerə.”

 Müxalifətdə olan siyasi partiyaların nümayəndələri də C.Həsənlini “Milli Şura”nı qapı-qapı gəzdirməyə son qoymağa çağırıblar. Onların fikrincə, bu qurum artıq yoxdur.  Məsələn, ADP sədrinin I müavini Həsrət Rüstəmov  açıqlamasında “Milli Şura”nın gələcək perspektivi ilə bağlı  fikirlər səsləndirərkən deyib ki, “Milli Şura”nın heç bir ciddi perspektivi yoxdur. Bu qurum artıq keçmişdə qaldı.  Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri Rafiq Manaflının fikrincə  isə, bu qurum sanki  kimlərinsə reklamı üçün yaranmışdı. Onlardan biri də reneqat Eldar Namazov idi.

R.Manaflı  siyasi riyakar Eldar Namazovun rəhbərlik etdiyi “El” hərəkatını sabun köpüyünə bənzədərək deyib ki,  bu qurum nə qədər şişsə də,  ortada heç nə olmayacaq. Çünki sabun köpüyünün sonu hamıya bəllidir. Reneqat Eldar Namazovun da “Milli Şura”dan  getməsi, əslində, sabun köpüyünə bənzəyir. Onun sözlərinə görə, E. Namazovun “Milli Şura”ya qatılmaqda məqsədi özünü reklam etmək olub və bu prosesdən siyasi çəki qazanmaq üçün yararlanıb. Ancaq sonda heç nəyə nail ola bilmədi. Çünki keçmişi hamıya bəlli idi. Belə riyakarların arxasınca heç kim getməz.  VHP rəsmisi  E. Namazovun rəhbərlik etdiyi “El” hərəkatının da yalnız adının olduğunu vurğulayıb: “”El” hərəkatı mövcuddur ki? Necə fəaliyyət göstərir? Hansı qurumu, təşkilatı var? Nə iş görürlər? Guya, bir ildən çoxdur yaranıblar, ancaq heç bir  fəaliyyətləri yoxdur. Ümumiyyətlə,bu adda hərəkat tanımıram". 

Göründüyü kimi, radikal müxalifət düşərgəsində qarşılıqlı ittihamlar getdikcə daha geniş vüsət alır. AXCP - nin filialına çevrilmiş “Milli Şura” adlı qurum isə tamamilə iflasa uğramışdır.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında