Qabil Hüseynli: Müxalifətin birliyini gah İsa Qəmbər, gah da Əli Kərimli heçə endirir
Milli dövlətçilik maraqlarımıza qarşı çıxan, xaricdəki antiazərbaycan, antimilli qüvvələrlə daim sıx əməkdaşlıq edən radikal müxalifət düşərgəsində qarşıdurmalar, ziddiyyətlər, qarşılıqlı ittihamlar fonunda davam edən siyasi qeyri-müəyyənlik davam edir. Düşərgə sözün həqiqi mənasında ciddi böhranla üz-üzədir. Bir müddət də belə davam edərsə, qondarma liderlərin ətrafına toplaşan beş-üç aldadılmış şəxs də onları tərk edəcək və müxalifət partiyalarında, həmçinin yaratdıqları qondarma qurumlarda “bir üzv, bir lider” anlayışı özünü “doğruldacaqdır”.
Təbii ki, bunun əsaslı səbəbləri vardır. Məsələn, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov belə hesab edir ki, özlərini cəmiyyətə radikal düşərgənin aparıcı siyasi partiyaları kimi təqdim etməyə çalışan Müsavat və AXCP siyasi təşkilat kimi deyil, zavod, müəssisə kimi fəaliyyət göstərir və onların rəhbərləri bura siyasi qurum kimi deyil, gəlir mənbəyi kimi baxır. Siyavuş Novruzov qeyd edib ki, Müsavat Partiyası ilə AXCP arasında heç vaxt birlik olmayıb: “Onların bir yerdə olması gözdən pərdə asmaq üçün oyun idi və burada da xalq, dövlət maraqları deyil, şəxsi maraqlar rol oynayırdı. Bu yolla onlar xarici qüvvələrdən hansı təminatlar ala, nə qopara biləcəkləri haqqında düşünürdülər”. O, vurğulayıb ki, son nəticədə hamı bu iki təşkilatın bir-birinə nə qədər nifrət etdiyinin bir daha şahidi oldu: “Çünki bunların marağı Azərbaycanda ictimai-siyasi sabitlik, inkişaf yox, öz şəxsi maraqlarıdır. Bunlar siyasəti gəlir mənbəyinə, maddi təminatlarının həll olunması üçün bir vasitəyə çeviriblər. Burada da maraqlar toqquşanda, bunlar təbii ki, öz maddi maraqlarını ümumi siyasi maraqlardan üstün tuturlar”.
Müsavat Partiyası başqanının sabiq müavini, politoloq Qabil Hüseynli də hesab edir ki, Müsavat ilə AXCP arasında baş verən gərginlik partiya rəhbərlərinin qarşısıalınmaz ambisiyalarından qaynaqlanır. O bildirib ki, sıravi üzvlərdən fərqli olaraq, bu liderlərin əsas məqsədləri müxalifət düşərgəsində liderliyi ələ keçirmək, özlərinin birinciliyini təsdiq etmək və yerdə qalanlara öz iradələrini diqtə etməkdir: “Bu, artıq neçə illərdir ki, davam edir və neçə illərdir ki, müxalifətin ayağa qalxmasına və özünü möhkəmləndirməsinə ciddi surətdə əngəl törədir. Onların içərisində ikisi xüsusilə seçilir — İsa Qəmbər və Əli Kərimli. Bu iki şəxsin gah açıq, gah da gizli siyasi rəqabəti, bu rəqabəti bəzən təşkilatlar üzərindən bütün müxalifət düşərgəsinə yaymaları nəticə etibarilə müxalifətin gücünü heçə endirir və müxalifət bir-birinin ardınca məğlubiyyətlərə düçar olur. Əvəzində isə bunlardan heç biri nə baş verənlər üçün məsuliyyət daşıyır, nə də mənsub olduqları partiyanın üzvləri qarşısında hesabat verirlər. Çünki partiyanın üzvlərinin əksəriyyəti onlara sadiq adamlardır və hər hansı alternativ düşüncəni yaxına buraxmırlar”.
Qabil Hüseynli əlavə edib ki, bu iki şəxs 20 ildən çoxdur ki, həmin partiyalara rəhbərlik edir, ortada isə heç bir uğur yoxdur: “Uğur təkcə hakimiyyətə yiyələnmək deyil, həm də yaxşı nizam-intizama, geniş elektoral bazaya malik partiyanın qurulması ilə müəyyən edilir. Amma bunların sıraları get-gedə əriməkdə olduğundan partiyaların gəncləşməsinə, yeni gənc qüvvələrin partiyada rəhbər vəzifələrə gətirilməsinə ehtiyac duyulur və xüsusilə, bir-biri ilə rəqabət edən siyasilərin istefa vermələrinə ciddi ehtiyac var”. O əlavə edib ki, “Milli Şura”nın özündə də vəziyyət ürəkaçan deyil, eyni zamanda, qurumdan istefalar davam edir: “Milli Şura”nın ətrafında da güc yoxdur. Cəmi bir neçə partiyadan ibarət olan “Milli Şura” belə bir güclə, elektoral baza ilə qarşısına qoyduğu məqsədlərə çatmaqda ciddi çətinliklərlə qarşılaşacaq. Ona görə də Azərbaycanda müxalifətin böyük siyasi inteqrasiyasını həyata keçirmək mümkün olmur və hər dəfə də bəlli bir miqyasda bu inteqrasiyanı həyata keçirdikdən sonra bu iki şəxsdən biri mütləq aranı qataraq müxalifətin birliyini heçə endirir”.
Onu da qeyd etmək lazımdır ki, Müsavat Partiyası ilə AXCP arasındakı gərginlik Müsavatın “Milli Şura”dan istefa verməsindən sonra ən son həddə çatıb. Hətta AXCP yalnız “Milli Şura”da təmsil olunan təşkilatlar ilə əməkdaşlıq edəcəyini əsas gətirərək, Müsavat Partiyasının müttəfiqlik sazişi təklifindən imtina edib. Bu məqamda yada salaq ki, “El” hərəkatı da Müsavat Partiyasının əməkdaşlıq sazişi təklifindən imtina edib. Məsələyə münasibətini açıqlayan “El” hərəkatı sədrinin müavini Zəfər Quliyev deyib ki, hər iki qurumun rəhbərliyi görüşüb, söhbət aparıb, hətta ilkin razılıq da bildirilib. Lakin sonra baş verən proseslər, “Milli Şura”dakı böhranlı vəziyyət, Müsavat Partiyası ilə AXCP arasında gedən kompromat müharibəsi, qarşılıqlı ittihamlar istər-istəməz əməkdaşlıq məsələsini ikinci plana çəkib. AXCP ilə əməkdaşlığın mümkünlüyü məsələsinə toxunan Z.Quliyev qeyd edib ki, bu məsələ AXCP-nin mövqeyindən də asılıdır: “Milli Şura”da yaranan böhranlı vəziyyətdə də AXCP-nin məsuliyyəti az deyil. Dəfələrlə deyilmişdi ki, “Milli Şura” bütün demokratik qüvvələrin bərabər hüquqlu birliyi kimi yaranır. Burada heç kimin dominantlıq iddiası olmamalıdır, başqalarının maraqlarına qarşı addımın atılması bu birliyin fəlsəfəsini, missiyasını dağıda bilər. Lakin sonrakı proseslər, istefalar göstərdi ki, bizim həm “Milli Şura”da, həm də AXCP-də bəzi dostlarımız istefalara çox qısqanclıqla, dözümsüzlüklə yanaşdılar. Hesab edirəm ki, AXCP funksionerlərinin bu cür yanaşması siyasi münasibətlərdə də yaxşı əlamət deyil”.
“El” hərəkatının “Milli Şura”nın hazırkı durumu ilə bağlı mövqeyi belədir ki, bunlar şuranın öz konsepsiyasından, fəlsəfəsindən xeyli uzaqlaşdığı qənaətindədirlər. Belə hesab edirlər ki, qondarma qurum əvvəllər fərdlər birliyi kimi düşünülmüşdü, lakin seçki prosesində iki partiya hegemonluq iddialarını ortaya qoydular və seçki qərargahı da məhz o iki partiyanın üstünlüyü ilə yaradıldı. Məhz bu zaman “beşikdəcə boğulan” “Milli Şura”nın gələcəyi üçün daha təhlükəli məqamlar yarandı. Doğrudan da üstünlük iki partiyada saxlandı və sonra o iki partiya arasında sanki “Milli Şura” uğrunda rəqabət gücləndi. Sonda belə alındı ki, Müsavat Partiyası da sıxışdırıldı, oradan çıxmağa məcbur edildi və “Milli Şura” AXCP-nin dominantlığı üzərində quruldu. “Milli Şura”nın sonradan seçilən dublyor sədri Cəmil Həsənli də bu məsələlərdə prinsipial mövqe ortaya qoymadı və qurum belə bir böhranlı vəziyyətə düşdü. Bunu nəzərə alan reneqat Eldar Namazovun dəstəsi belə hesab edir ki, hər bir sahədə olduğu kimi, müxalifət daxilində də bir yeniləşmə prosesi getməlidir. Onların fikrincə, müxalifət düşərgəsində yeniləşməyə də qısqanc münasibət var.
Bir sıra köhnə müxalifət liderləri, fəalları yeni təşkilatlar, iddialı gənclər ortaya çıxanda qısqanclıqla qarşılayırlar. Bu, düzgün deyil və yeniləşmə üçün şəraitin yaradılmasına imkan vermir. Götürək, “Milli Şura”nın yeni yaradılan koordinasiya şurasını. Koordinasiya şurasının üzvlərinin orta yaşını müəyyənləşdirəndə məlum olur ki, onların əksəriyyəti yaşlı nəslin nümayəndələridirlər. Ancaq burada gənclərə üstünlük verilməli idi. “Milli Şura”da isə nəinki gənclərə yer verilir, onlar üçün lazımi şəraitin yaradılmasına da qısqanc münasibət göstərilir. Bunu bəhanə edən “El” hərəkatı bu qurumdan uzaqlaşdı.
Ermənipərəst xarici dairələrin beşinci kolonu kimi çıxış etməyə meyilli olan bu qüvvələr nə yaradırlar yaratsınlar, nə edirlər etsinlər, heç vaxt cəmiyyətin rəğbətini qazana bilməyəcəklər. Dövlət başçısı İlham Əliyev fevralın 5-də regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransdakı çıxışı zamanı qeyd etdiyi kimi onlar antiazərbaycan mövqedə olduqları üçün uğur qazana bilməzlər: “Bəzi satılmış müxalifət qruplarının fəaliyyəti heç bir səmərə vermir. Bizim ayağımıza dolaşmaq istəyənlər yenə də rəzil olurlar. Son prezident seçkisi də bunu göstərdi. Xalqın böyük əksəriyyəti onların çirkin kampaniyasına uymadı. Xalq reallığa, inandığı adama səs verdi. Ona görə xaricdən ianə alan, vicdanını xaricilərə satan ünsürlərə Azərbaycan siyasətində yer yoxdur. Bunu son seçki də göstərdi. Son seçki müxalifətin sonu idi. Bu, onların rəzalət zirvəsi idi”.
Rauf KƏNGƏRLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.