Prezident İlham ƏLİYEV: “Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində regional proqramların çox böyük rolu olmuşdur”

 

 

 

 

Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir. İdarəetmə sisteminə dinamizm və müasirlik çalarları gətirən dövlət başçımız hökumətin həyata keçirməli olduğu tədbirlərin icra prosesini daim şəxsi nəzarətində saxlayır, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər edir. Bu baxımdan son illərdə regional inkişaf və qeyri-neft sektorunun tərəqqisi istiqamətində reallaşdırılmış tədbirləri xüsusi vurğulamaq olar.

Bütün bunlar barədə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda ətraflı danışılmışdır. Ölkə Prezidenti İlham Əliyev demişdir: “Birinci beşillik proqram, demək olar ki, regionlarda böyük dönüş yarada bilmişdir. Ondan sonra ikinci proqram qəbul edildi. 2009-2013-cü illəri əhatə edən proqram başa çatdı. Deyə bilərəm ki, regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində bu proqramların çox böyük rolu olmuşdur.

Azərbaycanda aparılan islahatlar, düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafına təkan verdi. Bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə, nikbinliklə baxır. Bunun əsas səbəbi iqtisadi müstəqillikdir, iqtisadi gücümüzdür və siyasi iradədir”.

Prezident İlham Əliyevin diqqət və dəstəyi sayəsində son 10 ildə regionların inkişafı, ölkə əhalisinin sosial problemlərinin həlli, o cümlədən bölgələrdə nəqliyyat xidmətlərinə olan tələbatın ödənilməsi məqsədilə müvafiq işlər görülmüş, yerli və regional əhəmiyyətli layihələr həyata keçirilmişdir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda bildirilmişdir ki, müvafiq Dövlət Proqramı çərçivəsində ölkənin avtomobil yollarında 3017 kilometr, o cümlədən 1103 kilometr respublika əhəmiyyətli və 1914 kilometr yerli əhəmiyyətli yol çəkilmiş, yenidən qurulmuş və təmir olunmuşdur. Bu yollarda 164 yeni körpü və yol ötürücüsü tikilmiş, 47 körpü isə əsaslı təmir olunmuşdur.

Ötən 10 ildə ölkəmizdə sürətlə aparılan tikinti-quruculuq işləri dəmir yolu infrastrukturunun yeniləşlməsinə də öz təsirini göstərmişdir. Belə ki, dəmir yolu üzrə 318 kilometr yol, Saatlı-Becar və Çarxı-Sarvan mənzillərində 2 dəmir yolu körpüsü tam yenidən qurulmuş, Ağstafa rayonunda Kür çayı üzərində yeni dəmir yolu körpüsünün tikintisi, Yevlax rayonunun ərazisində isə mövcud körpünün bərpası yekunlaşmaq üzrədir.

Regionun ən böyük nəqliyyat layihələrindən olan Avropa və Asiya arasında Azərbaycan ərazisindən keçməklə daha etibarlı nəqliyyat bağlantısını təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yanaşı, Ələt qəsəbəsində bu bağlantının tərkib hissəsi olan Yeni Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi sürətlə davam etdirilir. Uzunluğu 7,5 kilometr, dərinliyi 7 metr və eni 165 metr olan kanal açılmışdır. Hazırda bərə və quru yük terminallarında işlər sürətlə aparılır. Bərə terminalı cari ildə istismara hazır olacaqdır. Bundan əlavə, limanın magistral avtomobil və dəmir yollarına bağlantısı üzrə işlər yerinə yetirilir.

Konfransda diqqətə çatdırılmışdır ki, ümumilikdə 2004-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı üzrə qəbul edilmiş iki dövlət proqramı və əlavə tədbirlər daxilində 8332 kilometr, o cümlədən 2622 kilometr respublika əhəmiyyətli, 5710 kilometr yerli əhəmiyyətli avtomobil yolları çəkilmiş və təmir olunmuş, ümumi uzunluğu 10087 metr təşkil edən 222 körpü və yol ötürücüsü tikilmiş, 85 körpü əsaslı təmir olunmuşdur. Bundan əlavə, 400 kilometrdən çox dəmir yolu əsaslı təmir olunmuş, regionlarda yeni 4 hava limanı tikilmiş, 2 liman tam yenidən qurularaq istismara verilmiş, yeni hava gəmiləri alınmışdır. Bu dövr ərzində 16 avtovağzal tikilmiş, 9 avtovağzal yenidən qurulmuş, iri və orta tutumlu 2760 yeni avtobus, 1800 taksi vətəndaşlarımızın istifadəsinə verilmişdir.

Bu gün ölkəmizdə regional inkişaf strategiyasının prioritetlərindən olan sahibkarlığın inkişafı da əhəmiyyətli rol oynayır. Dövlət başçımızın “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq son 10 ildə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilmişdir. Bu baxımdan qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi, 400-dən çox xidmətin elektron qaydada göstərilməsi, “bir pəncərə” prinsipinin tətbiqi və digər tədbirlər nəticəsində regionlarda güclü özəl sektor formalaşmışdır.

Ötən 10 ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 19 mindən çox sahibkarın ümumi dəyəri 2 milyard manat olan layihələrinin maliyyələşməsinə, 45 faizi qaytarılmış vəsait olmaqla, 1,2 milyard manat güzəştli kredit verilmiş və bu layihələr hesabına 110 minədək yeni iş yeri yaradılmışdır. Kreditlərin 78 faizi, açılan iş yerlərinin isə 81 faizi regionların payına düşür.

Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda demişdir: “Biz son on il ərzində, eyni zamanda, sahibkarlığın inkişafına çox böyük diqqət göstərmişik. Xüsusilə sahibkarların ölkə iqtisadiyyatına sərmayə qoyuluşunu təmin etmək üçün dövlət tərəfindən konkret proqramlar icra olunmuşdur, maliyyə resursları cəlb edilmişdir. Sahibkarlığa Kömək Milli Fondu hesabına bir milyard 200 milyon manat investisiya qoyulmuşdur. Sahibkarlara güzəştli şərtlərlə kreditlər verilmişdir. Sahibkarlığın inkişafı üçün xüsusi tövsiyə planları da tərtib edilmişdir. Ölkə iqtisadiyyatında ən çox lazım olan sahələri inkişaf etdirmək üçün artıq Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kreditlər ayrılır...

Mən sahibkarlarla mütəmadi qaydada görüşürəm. Sahibkarlara öz dəstəyimi həmişə göstərmişəm, göstərəcəyəm. Bu dəstək həm siyasi, eyni zamanda, maddi dəstəkdir. Yəni dövlət tərəfindən güzəştli şərtlərlə ayrılan kreditlər sahibkarlığın inkişafına böyük təkan vermişdir və verir”.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda son illər ərzində aqrar sahədə görülən işlərə də toxunulmuşdur. Bildirilmişdir ki, aqrar sektorun çoxsahəli sabit inkişafının təmin olunması istiqamətində əhəmiyyətli nəticələr əldə edilmişdir. Belə ki, 2004-2013-cü illərdə kənd əhalisinin sayının 10,2 faiz artımı ilə müqayisədə ümumi kənd təsərrüfatı məhsulları istehsalının həcmi 3,3 dəfə artmışdır. Kənd təsərrüfatının mühüm bölməsi olan bitkiçilikdə 2004-2013-cü illərdə əkin sahələrinin 64,2 min hektar artması ilə yanaşı, əksər bitki növləri üzrə məhsuldarlıq səviyyəsində də əhəmiyyətli artımlara nail olunmuşdur. Bu amillər hesabına həmin dövrdə bitkiçilik məhsulları istehsalı 3 dəfə artaraq 2 milyard 627 milyon manat təşkil etmişdir. Heyvandarlıq məhsulları istehsalı isə 2004-cü ildəki 697 milyon manata qarşı 2013-cü ildə 2 milyard 617 milyon manat təşkil edərək və yaxud təxminən 3,8 dəfə artaraq ümumi kənd təsərrüfatı məhsulunun strukturunda payı 49,5 faizə çatmışdır.

Son 10 ildə torpaqların istifadə vəziyyətinin statistik təhlili göstərmişdir ki, 2004-cü ildə mövcud olan 1 milyon 635 min hektar əkin yerinin 79,2 faizində əkin aparıldığı halda, 2013-cü ilə 1 milyon 695 min hektar əkin sahəsinin 99,4 faizində əkin aparılmışdır ki, bu da əkin sahəsinin demək olar tam həcmdə dövriyyəyə cəlb olunduğunu göstərir.

Konfransda Azərbaycan Prezidentinin sərəncam və tapşırıqları əsasında I və II dövlət proqramları çərçivəsində Azərbaycanın elektrik enerjisi sistemində 17 yeni elektrik stansiyasının istismara verilməsi, 10 min kilometrdən çox elektrik verilişi xətləri və 1500-dən çox yarımstansiya inşa edilməsi və yenidən qurulması barədə məlumat verilmişdir. Bundan başqa, 2006-cı ildən başlayaraq, hər il iki yeni elektrik stansiyası istifadəyə verilmişdir. Bu, Azərbaycan energetikası tarixində rekord göstəricidir.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində böyük işlər görülmüşdür. Dövlət büdcəsi vəsaiti və beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına ümumilikdə 52 şəhəri və 730 kəndi əhatə edən layihələr üzrə işlər icra olunur. Həmin şəhərlərin 38-də tikinti işlərinə başlanılmış, 14-də isə layihə-smeta işləri başa çatdırılmışdır və tikintiyə hazırlıq görülür.

Artıq 8 şəhərdə su təchizatı və kanalizasiya sistemlərinin yaradılması yekunlaşmış, 12 şəhərə yeni mənbələrdən suyun verilməsi təmin edilmişdir. Nəticədə rayon mərkəzlərində yaşayan 330 min nəfərin su təchizatı əsaslı şəkildə yaxşılaşmışdır ki, onların da 125 mini ilk dəfə mərkəzləşdirilmiş qaydada su alanlardır.

Regional dövlət proqramının icrası dövründə Bakı şəhəri və Abşeron yarımadasının su təminatında müstəsna əhəmiyyət daşıyan, memarı ulu öndərimiz Heydər Əliyev olan Oğuz-Qəbələ-Bakı su kəməri tikilərək istifadəyə verilmişdir. Bununla da Bakı şəhərinin su təchizatında stabillik təmin edilmiş, fasiləsiz su alan əhalinin xüsusi çəkisi əhəmiyyətli dərəcədə artmışdır. Nəticədə Kür sutəmizləyici qurğularından Abşeron yarımadasına verilən suyun həcminin azaldılmasına və yaranan əlavə ehtiyatın su təchizatı zəif olan bölgələrə yönəldilməsinə imkan yaranmışdır. Beləliklə, 1970-ci illərdə ulu öndər Heydər Əliyevin kənd və qəsəbələrin mərkəzləşdirilmiş qaydada su təminatının həyata keçirilməsi üçün irəli sürdüyü qrup su kəmərləri ideyasının reallaşması mümkün olmuşdur. Kür sutəmizləyici qurğularının imkanlarından istifadə edilərək Şirvan-Muğan və Saatlı-Sabirabad qrup su kəmərləri layihələndirilmişdir.

Göründüyü kimi, həyata keçirilən ardıcıl və sistemli sosial-iqtisadi islahatlar nəticəsində sabit və dinamik inkişaf edən, etibarlı tərəfdaş bir ölkə kimi tanınan Azərbaycanın nüfuzu daha da artmışdır. Dövlət başçısı tərəfindən təsdiqlənmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyənləşdirilmiş hədəflər bir daha göstərir ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün sahələri əhatə edən irimiqyaslı tədbirlərin həyata keçirilməsi bundan sonra da Azərbaycanın davamlı inkişafını, onun dünyada mövqeyinin daha da möhkəmlənməsini və xalqımızın sosial-iqtisadi vəziyyətinin davamlı olaraq yaxşılaşmasını təmin edəcəkdir.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında